Qarabağ həqiqətləri İtaliyada təqdim olunub

 

İtaliyada Xurşidbanu Natəvanın şərəfinə istehsal edilən yaylığın perimetrində Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin adları əks edilib

 

Dağlıq Qarabağ özünün zəngin milli-mənəvi dəyərləri ilə də məşhurdur. Dağlıq Qarabağın bu dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması ən ümdə vəzifədir. Bu günlərdə İtaliyada Xurşidbanu Natəvanın anılması və onun şərəfinə yaylıq istehsal edilməsi Qarabağ həqiqətlərinin dünyaya yayılması baxımından atılan mühüm addımdır.

İtaliyanın “Andrew’s Ties” ticarət markasının Azərbaycandakı rəsmi təmsilçisi Yavər Məmmədov bildirib ki, “Banu” kolleksiyasından olan bu yaylıq XIX əsr Azərbaycan xalqının görkəmli şairi, rəssamı, ictimai xadimi, xeyriyyəçisi, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, "Xan qızı” ədəbi təxəllüsü ilə tanınan Qarabağın şahzadəsi Xurşidbanu Natəvanın xatirəsinə ithaf olunub.

Onu da deyək ki, bundan əvvəl bu ticarət markası tərəfindən “Qarabağ”, "Xarı bülbül”, "Qarabağ xalçası”, “Qarabağ kilimi”, “Qobustan”, “Azərbaycan narı” qalstuk və yaylıqları ictimaiyyətə təqdim edilib.

Nəzərə çatdıraq ki, yaylığın perimetrində Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin adları və bölgəyə məxsus kilim elementləri əks edilib.

Yaylıq 90 santımetr ölçüdə olmaqla kvadrat formadadır, İtaliyada yüksəkkeyfiyyətli ipəkdən istehsal edilib. Yaylığın nəfis tərtibatlı qutusu və yaylıq üzərində olan bütün elementlərin ətraflı izahı verilmiş kitabçası var.

Banu” kolleksiyası artıq “Andrew’s Ties” ticarət markasının Səməd Vurğun küçəsi 56-da yerləşən butikində satışa çıxarılıb.

Xurşidbanu Natəvanla xatirəsinə həsr olunaraq hazırlanan yaylıq Qarabağla bağlı 8 tarixi hadisəni təmsil edən illüstrasiyadan, Qarabağı simvolizə edən elementlərin əks olunduğu 4 səkkizguşəli medalyondan, məşhur Qarabağ xalçalarından birini, eləcə də Azərbaycan xanımını simvolizə edən qadın şəklinin əks edildiyi mərkəzi rəsmdən ibarətdir.

Yavər Məmmədov yaylığın künclərində əks edilən 4 medalyonun izahını belə verib: “Tar, kamanqaval – Azərbaycan klassik muğam triosu, Qarabağın Azərbaycanın musiqi, muğam beşiyi olduğunu bildirir. “Xarı bülbülgülüOphrys caucasica - səhləbkimilər (Orchidaceae) fəsiləsindən bitki növü, Şuşanın və bütövlükdə Qarabağın rəmzidir. “Xarı bülbülyer üzündə yalnız Qarabağda - Şuşada bitir. Qılınc və qalxanQarabağ uğrunda döyüşən qazilərimizi (igidlərimizi) və şəhidlərimizi simvolizə edir. Qarabağ atları - AsiyaQafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir”.

 

“Kürəkçay müqaviləsi Qarabağın Azərbaycan xalqına məxsusluğunu sübut edir

Yavər Məmmədov yaylıqda Qarabağla bağlı 8 tarixi hadisəni təmsil edən illüstrasiyaların da izahını verib: “Bunlardan biri Qarabağ Xanı ilə Rus generalının saziş imzalaması səhnəsidir. Bildiyimiz kimi, XIX əsrin əvvəllərində Rusiya imperiyası Cənubi Qafqazın işğalının son mərhələsinə başladı. Böyük imperiyaya təkbaşına müqavimətin çətinliyi, dinc əhalinin qətl və qarətlərdən qorunması üçün Qarabağ xanı İbrahimxəlil xan sülh yolunu seçdi. 1805-ci il mayın 14-də İbrahimxəlil xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı knyaz Sisianov arasında Qarabağda - Kürəkçay sahilində müqavilə imzalandı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı məhz müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Kürəkçay müqaviləsi Qarabağın Azərbaycan xalqına məxsusluğunu sübut edir. Belə ki, diplomatikhüquqi əhəmiyyət daşıyan bu sənədin heç bir maddəsində Qarabağda erməni əhalisinin mövcudluğu barədə hər hansı bir məlumat yoxdur. Bu müqavilə sübut edir ki, Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib, ermənilər isə bu bölgəyə Türkiyə və İran ərazilərindən köçürülüblər. Müqavilədə Qarabağ xanlığı daxili idarəetmə hüququnu saxlayır, İbrahimxəlil xanonun varisləri xanlığın yeganə sahibi kimi təsdiq edilirdi”.

Yaylıqda daha bir illüstrasiya Xurşidbanu Natəvanla Aleksandr Dümanın görüşüdür. Natəvan 1858-ci ildə məşhur fransız yazıçısı Aleksandr Düma (Ata) ilə görüşüb. O dövr üçün Şərq qadınından dərin bilik, şairlik və rəssamlıq qabiliyyətləri gözləməyən Düma onunla görüşdən valeh olub. Xan qızı ilə şahmat oynayan Düma mat vəziyyəti ilə üzləşib. O, Natəvana nəfis fiqurlu şahmat dəsti və Napaleonun kiçik büstünü hədiyyə edib. Natəvan isə öz əl işlərindən bir neçəsini fransız yazıçısına bağışlayıb”.

Yaylıqda Qarabağ xalçalarının ticarəti səhnəsi də təsvir olunub. Yavər Məmmədov deyib ki, Qarabağ xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biridir: “ Qarabağda xalçaçılıq əhalinin gəlir mənbələrindən biri olub. Qədim tarixə, zəngin naxış tərtibatına və ahəngdar rəng quruluşuna malik olan Qarabağ xalçaları əsrlər boyu bu diyara səfər etmiş səyahətçi, tacir və tədqiqatçıların diqqətini cəlb edib.

Qarabağ xalçaları sıx, hündüryumşaq xova malikdir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağda da xalçalar xovluxovsuz texnika ilə toxunmaqla iki qrupa bölünür. Birinci qrupa xovsuz texnika ilə toxunan həsir, çətən, buriya, palaz, cecim, kilim, vərni, şəddə, zili, sumax və ladı adlı xalçalar daxildir. İkinci qrup xovlu xalçalardır. Bu qrupa xalı və xalçalar daxildir. Qarabağ xalçaları mürəkkəb kompozisiya quruluşuna malikdir. Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu xalçaların rəngləri şuxparlaq olur. Bir çox Qarabağ xalçaları hazırda dünyanın məşhur muzeylərində saxlanılır. Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına daxil edilib. Yaylığın mərkəzi şəklində xanımın arxa tərəfində verilən xalça Qarabağ qrupuna aid XIX əsr Bəhmənli (Füzuli) xalçasıdır”.

 

Yaylıqda diqqətçəkən illüstrasiyalardan biriQarabağa, Şuşaya böyük qayıdış səhnəsidir: “Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməsi üstün və dəyişməz meyil kimi qəbul edilib. Müstəqil Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur.

BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çəkilməsini tələb edən 822 (30.04.1993), 853 (29.07.1993), 874 (14.10.1993), 884 (12.11.1993) nömrəli dörd qətnamə qəbul edilib. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilib və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunub. Qətnamələrdə ermənilər tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi pislənilir.

Azərbaycan Ordusunun döyüş və müdafiə qabiliyyətinin artırılması öz torpaqlarını, nəyin bahasına olursa-olsun, işğaldan azad edəcəyinə dair əminlik yaradır. 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə hərb tarixinə daha bir şanlı səhifə yazdı. Azərbaycan əsgər və zabitləri qəhrəmanlıq göstərdilər. İşğal edilmiş torpaqlarımızın bir hissəsi azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində strateji mövqelərin işğaldan azad olunması Şuşaya, Xankəndinə – Qarabağa Böyük Qayıdışın başlanğıcıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək”

Yaylıqda Cıdır yarışması, çövkən oyunu, Qarabağda, Cıdır düzündə Novruz şənliyi, Qarabağ muğam üçlüyü səhnələri də təsvir olunub.

Xatırladaq ki, yaylığın vizual görünüşütexniki dəstək “Trade mark Leo Burnett Azərbaycan” tərəfindən edilib. Bədii tərtibat işləri və qablaşdırma isə “Stamperia Print”ə məxsusdur.

 

Fuad Hüseynzadə

Palitra  2017.- 6 iyun.- S.11.