Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Pekində forum işə başlayıb

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Pekin Universitetinin, Azərbaycanın Çindəki səfirliyinin və Panqoal İnstitutunun birgə iştirakı ilə Pekində “Çinin beynəlxalq münasibətlərdə rolu: Bir kəmər, bir yol təşəbbüsünün perspektivləri” mövzusunda forum işə başlayıb.

İki gün davam edəcək forumda dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib Çinin beynəlxalq münasibətlərdəki rolu, qloballaşma proseslərinə təsiri, “Bir kəmər, bir yol” strategiyasının regionaldünya səviyyəsində əməkdaşlığa verə biləcəyi töhfələr və digər mövzular müzakirə olunur.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Mərkəzin İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, habelə Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Albaniyanın sabiq Prezidenti Rexhep Meydani, Çexiyanın sabiq Baş naziri Yan Fişer və başqaları, Çinin nüfuzlu beyin mərkəzlərinin rəhbər şəxsləri, alimlər, tədqiqatçılar iştirak edir.

Forum çərçivəsində Çinin qloballaşan dünyada, dünya iqtisadi sistemində, qlobal təhlükəsizliyin təminatında, qlobal idarəetmədə iştirakına, “Bir kəmər, bir yol” startegiyasına həsr olunan panel müzakirələr aparılacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb.

 

Mahmud

Palitra  2017.- 22 iyun.- S.13.