İslam Həmrəyliyi İli” ilə əlaqədar səyyar mühazirələrə başlanılıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi İli” ilə əlaqədar səyyar mühazirələr keçirilir.

 

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, səyyar mühazirələr Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun təşkil edilir.

 

İslam Həmrəyliyi İli” çərçivəsində “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi”, “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzularında keçirilən mühazirələrdə IX-XI sinif şagirdləri iştirak ediblər.

 

Tədbirlərdə çıxış edənlər ölkəmizdə “İslam Həmrəyliyi İlielan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinin böyük tarixi əhəmiyyət daşıdığını söyləyiblər.

 

Mühazirələrdə gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb, dini radikalizmekstremizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, mehriban şəraitdə yaşayan çoxlu sayda xalqların həyatından, multikultural dəyərlərin inkişafından da bəhs edilib.

 

Qeyd edək ki, mart-aprel aylarında “İslam Həmrəyliyi İli” ilə əlaqədar səyyar mühazirələrin paytaxtın 34 ümumi təhsil məktəbində keçirilməsi nəzərdə tutulub.

 

Palitra.-2017.-3 mart.-S.13.