Milli Azərbaycan
qadın geyiminin qədim atributu - kəlağayı
Nə yaşından xəbərimiz var, nə də rənglərinin
sehrindən, cazibəsindən. Yüz illərdi bizimlə
yol gəlir. Ən xoş, şən
günümüzdə qiymətli sərvətimiz kimi
üstümüzdə gəzdirmişik. Gah
başımıza bağlamışıq, gah da boynumuzdan
asmışıq. Nədənsə
heç vaxt onun harada yarandığını, niyə məhz
kəlağayı adlandırıldığını və
bizə bu qədər xoş, məhrəm gəldiyini
düşünməmişik. Amma sən
demə milli qadın geyiminin qədim atributu olan kəlağayı
özündə ümumbəşəri mənalar daşıyan
bir-biri ilə bağlı anlayışlar aləmini əks
etdirir, əsrlər boyunca təkmilləşdirilmiş estetik
qanunlara tabedir. Kəlağayı - hər
qadın üçün xüsusi olaraq hazırlanan,
tayı-bərabəri olmayan, valehedici örpəkdir. Kəlağayı şərdən və mənfi təsirlərdən
qoruyan əsl talismandır, onu yüksək dəyərləndirərək
yalnız sevdiyin insanlara bağışlamaq olar. Araşdırdıqca görürsən ki, zərif,
zərifliyi qədər də incə olan bu gözəlliyin
özündə, mahiyyətində, fəlsəfəsində
çox sirlər gizlənib. Bakı Dövlət
Universitetinin kafedra müdiri, "İnkişaf" Elmi Mərkəzinin
üzvü Rəna İbrahimbəyova ilə söhbətdən
sonra isə tam əmin olduq ki, adidən-adi
baxdığımız kəlağayı rəngi,
hazırlanma texnologiyası, daşıdığı məna
və məzmununa görə
düşündüyümüz qədər də adi bir sənət
nümunəsi deyilmiş.
Rəna İbrahimbəyovanın sözlərinə
görə, kəlağayı əsrlər boyu Azərbaycanda
geniş yayılmış qadın geyiminin ayrılmaz hissəsi
olan baş örtüyünün adıdır ki, bu da ən
müxtəlif şəraitlərdə - xeyirdə, şərdə,
təntənəli və adi günlərdə istifadə
edilib. Bu xalqın məişətinin xüsusiyyətlərini,
dünyaya baxışını, mənəvi və estetik dəyərlərini
özündə cəm eləmiş və beləliklə də
mədəniyyətimizin müstəqil qatı olan Azərbaycan
qadının milli geyiminin bir hissəsinə
çevrilmişdir. Kəlağayıdan
bineyi-qədimdən istifadə edilib. Hər
bir hadisə üçün, bu və ya digər
situasiyanın xüsusiyyətinə və əhəmiyyətinə
uyğun olaraq, kəlağayının örtülməsinə
dair konkret göstərişlər mövcud olub. Eyni zamanda, kəlağayı sosial fərqləri
aradan qaldırıb, belə ki, varlı qadınların kəlağayısı
yoxsul qadınların kəlağayısından heç nə
ilə seçilməyib.
Tədqiqatçılığı
ruhunda yaşadan alim
Kəlağayı sənətinin tədqiqi ideyası Rəna
İbrahimbəyovanın BMT-nin "Gender inkişafı"
layihəsində iştirakından sonra yaranıb. O xatırlayır:
"Gender layihəsi çərçivəsində xaricə
gedib-gəlir və əcnəbilərə kəlağayı
bağışlayanda onların buna böyük maraqla
yanaşdığını görürdüm. Hətta BMT-nin 37-ci sessiyasında moderator çəhrayı
rəngdə kəlağayını çiyinə atıb
iclası aparırdı. Layihənin
davamlılığını təmin etmək
üçün həm qadınların, həm də kişilərin
bərabər fayda götürə biləcəkləri sahə
tapılmalı idik. Xarici məsləhətçilərin
də iştirakı ilə bu sahəni tapdıq. Bu kəlağayı sənəti idi. Bundan sonra, bu zərif ipək məmulatını
daha dərindən tədqiq etmək qərarına gəldik.
Araşdırmalarım seçimimizin düzgün
olduğunu təsdiqlədi".
Bütün bu çətin və maraqlı işlərdə
Rəna xanıma ömür-gün yoldaşı,
inşaatçı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Cəlil Tarıverdiyev hər
zaman dəstək olur. Biz yeri gəldikcə C. Tarıverdiyevin də
fikirlərini oxucularımızla bölüşəcəyik.
Kəlağayı
- sülh və əmin-amanlıq rəmzi
Bu baş örtüyü mütləq ipəkdən,
kvadrat formasında olmalı, hazırlandıqdan sonra rənglənməli
və naxışlanmalıdır. Kəlağayı məxsusi
ipəkdən hazırlanır. Bu ipəyin
sapları çox incə, eyni zamanda çox davamlı,
yüngül və uzunömürlüdür.
Kəlağayının kənarları (yeləni) və
ya mərkəzi (xonça), adətən nabati, geometrik
ornamentlərlə bəzədilir və hər biri təkrarolunmazdır.
Tarixən
sosial, ictimai həyatımızın, münasibətlərimizin
bir hissəsinin kəlağayı ilə tənzimləndiyini
qeyd edən R.İbrahimbəyova deyir: "Ənənəyə
görə uşaq dünyaya gələndə onu
anasının gəlin gedərkən başına
örtdüyü qırmızı kəlağayıya
bükərdilər. Sonradan isə həmin kəlağayını
zahı qadın 40 gün belinə bağlayardı ki, təzədən
öz formasına qayıtsın. İnsan
dünyanı tərk edəndə isə mafənin
üstünə kəlağayı atırlar. Kəlağayı qadınlarımızın isməti,
sülhün, əmin-amanlığın rəmzidir. Müharibənin, qan tökülməsinin
qabağını almaq istəyən analarımız, nənələrimiz
döyüşən tərəflərin arasına kəlağayı
atanda onlar dayanırdı. Qızlar sevdikləri
oğlanın elçi göndərməsinə
razılıqlarını ona kəlağayısını
verməklə bildirərdilər. Vaxtilə
qadınlar bölmə kəlağayı (kəlağayının
dörddə bir hissəsi) ilə başlarına "dingə"
bağlayır, sonra iri kəlağayını örtərdilər".
Kəlağayını
kişilər hazırlayır
Xanımlar bilməlidirlər ki, kəlağayını
kişilər hazırlayır. Hər kəlağayıda
rənglərin, naxışların dili ilə kişilərin
qadınlara münasibəti, hissləri, duyğuları əks
olunur.
Cəlil Tarıverdiyev deyir ki, boyaqçılıq
möcüzəli işdir. Burada rənglərlə
elə işləməlisən ki, onlar qarışmasın.
Boyaqçı bu sirləri bilir. Deyilənə görə, boyaqçı Allaha daha
yaxın insandır. "Boyaqçıya
nəzir düşür" atalar sözü bəlkə də
burdan qaynaqlanır.
Bu ipək baş örtüyü basmanaxış
üsulu ilə bəzədilir və həyatda baş verən
hadisələrin ruhuna uyğun şəkildə rənglənir. Məmulatın rənglənmə
ardıcıllığı var. Boyaqçının işi
isə xüsusidir, belə ki, küpxananın açarı
ancaq onun özündə olur və sirrin
açılmaması üçün iş vaxtı heç
kəsi içəri buraxmır. Beləliklə
də, kəlağayı göz oxşayan, solmayan, müxtəlif
rənglərlə boyanılır. Azərbaycan
əhalisi bir yerdən digər yerə köçəndə
də kişilər yeni məkanda birinci olaraq kəlağayı
hazırlayıblar. Çəkisi cəmi
130 qram olan kəlağayı üzükdən rahatlıqla
keçir. Naxışlarına, rənglərinə
görə fərqlənən kəlağayıların zirvəsi
isə "Yeddirəng kəlağayı"dır. Onu doqquz dəfə qaynadır, rəngləyir,
qurudurlar.
Onun sözlərinə görə, kəlağayı
hazırlanması mürəkkəb, çox zəhmət tələb
edən və olduqca spesifik bir prosesdir. Bu proses dörd tamamilə fərqli
fəaliyyət növlərindən ibarətdir. Birincisi, ipək parçanın hazırlanması,
toxunmasıdır. İkincisi, ştamplar-qəliblərin
hazırlanmasıdır. Üçüncüsü,
parçanın səthinə naxışların
vurulması-basma və nəhayət dördüncüsü
boyamadır.
Neftə
qədər Azərbaycanı dünyada məşhurlaşdıran
ipək olub
Kəlağayının tarixi, Böyük İpək
Yolunda şimalla cənub, qərblə şərq arasında əlaqələndirici
hissə olan və əsrlər boyu ipəkçilik ölkəsi
kimi məşhur olan Azərbaycanda ipəkçiliyin
inkişaf tarixi ilə sıx bağlıdır. Tarixi faktlar təsdiqləyir
ki, Azərbaycanda baramaçılıqla təxminən iki min
ildən artıqdır məşğul olunur, çox qədim
zamanlardan bəri burda barama yetişdirilmiş, onlardan olduqca
nazik ipək saplar əyrilmiş ki, bunlardan da gözəl
parçalar toxunulmuş və əsrarəngiz gözəlliyə
malik nəfis məmulatlar istehsal edilmişdir.
Bu barədə antik məxəzlərdə deyilirdi. Azərbaycana gəlmiş
Əl-İstəxri, Əl-Müqəddəsi (
X)və Marko Polo (XIII) kimi orta əsr səyyahlarının
yol qeydlərində ipək və ondan hazırlanan məhsullar
barədə yazılara rast gəlinir.
İpəkçilik Azərbaycanda tarixən nüfuzlu, gəlirli
sahə hesab olunub. Nahaq yerə demirlər ki, harada ipək
var, orada zənginlik var.
1873-cü
ildə çar II Nikolay Şəkiyə baramadan sap almaq və
toxumaq üçün 32 avadanlıq göndərib. Bu avadanlıqlarla işləməyi öyrətmək
üçün İtaliyadan 12 ailə
köçürülüb bura. Hər baramadan 500-600
metr sap almaq olar. Lakin elə baramalar var ki,
1200-1400 metr sap verir. Ən yaxşı
baramalar Ordubadda, ən gözəl ipəkdən toxunan
xalçalar isə Şuşada idi. Kəlağayıları
Gəncədə, Bərdədə hazırlasa da ən
gözəli Basqala məxsusdur. Basqal kəlağayının
vətənidir.
Cəlil
Tarıverdiyev deyir ki, bu gün "Basqal" İpək Mərkəzində
interaktiv muzey fəaliyyət göstərir ki, ziyarətçi
orada həm kəlağayının hazırlanması prosesi
ilə tanış olur, həm də onun
tarixinə dair biliklər alır. Ən
maraqlısı isə odur ki, bu muzeydə ziyarətçiyə
kəlağayının hazırlamasında şəxsən
iştirak etmək imkanı yaradılır.
Artıq
kəlağayının konsepsiyası
yaradıldığını qeyd edən R.İbrahimbəyova
isə deyir: "Kəlağayı sırf azərbaycanlılara
məxsusdur. Biz tarixi kəlağayını bərpa
etmişik. Çox istərdim ki, bu baş
örtüyündən gənc qızlar da istifadə etsinlər.
Bu məqsədlə bölmə kəlağayılar,
şərflər da hazırlanır. Çalışırıq
ki, kəlağayını müasir şəraitə
uyğunlaşdıraq".
Azərbaycanın hər bir bölgəsində kəlağayı
hazırlanıb. Harada bu işlə məşğul
olurdular, o yerin xüsusiyyətləri də o kəlağayıya
nüfuz edirdi. Məsələn, Gəncədə
hazırlanan kəlağayının bir, Qarabağda
hazırlanan ayrı, Ordubadda olanın başqa bir xüsusiyyəti
var. Ordubad kəlağayıları beynəlxalq sərgilərdə
həm ipək baxımından, həm də naxışlar
baxımından birinci yerə çıxırdı. Hələ XVIII-XIX əsrdə Ordubad kəlağayıları
13 mükafat almışdı.
Rənglər
necə seçilir
Məlum olduğu kimi, naxış mədəni markerdir
(əlamətdir), yəni naxışa baxıb onun hansı mədəniyyətə
məxsus olduğunu, nəyə həsr olunduğunu və nə
vaxt hazırlandığını kifayət qədər
inamla müəyyən etmək olar. Kəlağayının
rəngləri və naxışları ünsiyyət
zamanı müəyyən əhval-ruhiyyənin yaranmasına
kömək edir. Misal üçün, qəribə
arabesk şəkilli xaşiyə ilə qırmızı kəlağayı,
qaynana və qaynata tərəfindən gəlinə
bağışlanan vacib hədiyyələrdən idi və məhz
həmin kəlağayını gəlin toyda örtməli
idi, qonaqlar isə bəyin çiyninə müxtəlif rəngli
kəlağayılılar salardılar. Adi günlərdə
evdən eşiyə çıxarkən və ya qonaq qəbul
edərkən qadınlar başlarına mülayim, sakit rəngli,
"soğanı", "soldurma", "qəhvəyi"
və s. rəngli kəlağayılar örtərdilər. Astetik haşiyəli qara kəlağayı qəmgin
hadisənin əhval-ruhiyyəsini ifadə edir, parlaq rənglərlə
bolluca naxışlanmış kəlağayı isə sevinc
və şadlıq hissləri doğururdu.
Kəlağayının rəngi və ya rəng ahəngi,
naxışın növü, şəklin quruluşu,
bağlama üslubu, kəlağayı sahibənin yaşı
nəzərə alınardı.
Rəna
İbrahimbəyovanı deyir: "Kəlağayının 6
xüsusiyyəti var ki, heç bir örpəkdə bu bir yerdə
olmur. Deyirlər ki, Basqal kəlağayısında
olan sistem kainatın mənzərəsidir. İnsanın həyatı çox mürəkkəbdir.
Onu ən yaxşı qoruyan dağlardır.
Kəlağayının kənarlarındakı
naxışlar dağ kimi qəbul olunur. Dağların
arxasında insanlar sakit yaşaya bilərlər. Buta naxışları insanları təmsil edir.
Medanxil ilə qeyd olunan hissə isə insan həyatının
qurtaracağını təsvir edir. Ondan
sonra insanın daha zəngin və əlvan ruhi həyatı
başlanır. Bu həyat mərkəzə
doğru olan hissədir. Kainatın mərkəzinə
getdikcə naxışlar sıxlaşır. Çünki kainatın mərkəzi enerji
baxımından ən sıx yerdir".
Həmsöhbətimiz qeyd edir, kəlağayının
xüsusi bükmə qaydası var. Onu iki yerə bölüb
bükürlər. Ona görə ki, dünyada hər şey ikidir: həyat-ölüm,
gecə-gündüz. Sonra yenə iki yerə
bükürlər. Hər bir insanın özü
üçün seçdiyi yola uyğun: xeyir və ya şəri,
məhəbbət və ya nifrəti üstün
götürür. Sonda kitab formasında
bükülür. Kəlağayıda hər
bir işin, hər bir nöqtənin adı var".
Kəlağayı-UNESCO-nun
reprezentativ siyahısında
Ölkəmizin mədəniyyət siyasəti, Prezidenti
İlham Əliyevin və Heydər Əliyev Fondunun Azərbaycan
mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri,
kəlağayını əsl mənada yox olmaqdan qorudu və
onun gələcəyinə inam doğurdu. Nəticədə
minilliklər boyu tarixin sınaqlarından alnıaçıq
çıxan xalqımız daha bir uğura imza atdı.
2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı
sənəti "Kəlağayı simvolizmi və ənənəvi
sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Beləliklə, bu sənət Azərbaycan
xalqının milli mənəvi dəyərlər sisteminin ən
mühüm mədəniyyət nümunələrindən
biri kimi beynəlxalq səviyyədə təsdiq olundu.
Kəlağayıya aid ilk sərgi ölkəmizdə
2005-ci ildə keçirilib. Sonralar Azərbaycan kəlağayısı
Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya,
İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə
müxtəlif sərgilərdə nümayiş olunub.
Yuxarıda söylənilənləri ümumiləşdirərərk,
belə bir nəticəyə gəlmək olar ki, kəlağayı
Azərbaycan mədəniyyətinin səciyyəvi etnik
xüsusiyyətlərinə malik bir məfhumdur, xalq tətbiqi
sənətinin nümunəsi, Azərbaycan cəmiyyətində
sosial münasibətlərinin əhəmiyyətli tənzimləyicisidir.
Kəlağayı, dəqiq müəyyən edilmiş
xüsusiyyətlərin məcmusu ilə, yalnız baş
yaylığının özünə xas xüsusiyyətlərini
səciyyələndirən və həm Azərbaycanda, həm
də bütün dünyada onu istənilən digər
yaylıqlardan fərqləndirən cəhətlərlə
birlikdə təyin edilir.
Rəna İbrahimbəyovanı və onun
ömür-gün yoldaşını dinlədikcə təkcə
onların kəlağayıya və bu sənətə sonsuz
sevgisini görmürsən, həm də bu zərif ipək
parçasında nə qədər sirlərin
yaşadığını dərk edirsən. Bir daha anlayırsan
ki, demək doğurdan da heç nə səbəbsiz yerə
yaradılmayıb və hələ öyrəniləsi,
araşdırılası çox şeylər var.
Palitra.-2017.-3
mart.- S.15.