Dağlıq Qarabağ və ətraf ərazilərdəki abidələr dağıdılıb

 

“İşğal altındakı ərazilərdəki mədəni irs nümunələrinin ermənilər tərəfindən dağıdılması və mənimsənilməsi Azərbaycanın mədəni həyatında çox ciddi problemlər yaradır”

 

Erməni yağıları tərəfindən Azərbaycan ərazilərinin zəbt edilməsi nəticəsində mənəviyyatımıza da olduqca ağır zərbə endirilib. Belə ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, qədim xalça məmulatları işğalçı erməni quldurları tərəfindən ya qarətə, ya da dağıntıya məruz qalıb./i>

Azərbaycan Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bu istiqamətdə daimi araşdırma aparır. Onun sözlərinə görə, işğal olunmuş ərazilərdəki abidələrin sayı dəqiq yazılmır: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın xeyli sayda qiymətli mədəni irs nümunələri, o cümlədən daşınan və daşınmaz tarix və mədəniyyət abidələri qalıb. Məlumdur ki, sovet dövründə Azərbaycanın indiki işğal olunmuş ərazilərində abidələrin qeydiyyatı səthi aparılmışdır, məhz bu səbəbdən də bu ərazilərdə böyük sayda abidələr dövlət qeydiyyatından kənarda qalıbdır. Ona görə də Azərbaycanın işğal altındakı abidələrinin sayı rəsmi məlumatlarda gah 679, gah da 898 göstərilir. Ermənistan hökuməti Azərbaycan ərazilərini işğal etdikdən sonra o ərazilərdə abidələrin rəsmi qeydiyyatını aparmış və bunun da nəticəsində erməni tərəfin rəsmi məlumatlarında Dağlıq Qarabağ və ətraf ərazilərdəki abidələrin sayı çox göstərilir. Bu iki sənəd arasındakı say fərqi istər-istəməz işğal altındakı abidələrimizin sayının dəqiqləşdirilməsini tələb edir. Bunun ölkəmiz üçün vacibliyini nəzərə alaraq Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarixi və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi, işğal altındakı ərazilərdəki abidələrin sayını dəqiqləşdirməyə çalışdı”.

 

Azərbaycanın işğal altındakı ərazilərində olan abidələrin erməniləşdirilməsində məqsəd nədir?

 

Faiq İsmayılov bildirir ki, abidənin nə olduğunu bilmədən, onun əhəmiyyətini dərk etmədən abidəni mühafizə etmək, onu qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq mümkünsüzdür: “Tarix və mədəniyyət abidələri, arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) kimi iki qrupa bölünürlər. Daşınar abidələr muzeylərdə, kolleksiyalarda, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğuinşa edildiyi yerlərdə qorunmalıdır. Ümumilikdə abidə xalqın mövcudluğunu özündə ehtiva edən bir elementdir. Bir xalqı məhv etmək istəyirsənsə, onun tarixini və mədəniyyətini məhv etməyin bəs edər.

Xalqın tarixinin, mədəniyyətinin yüz illər boyu yaşaması abidələrin mühafizə edilib, qorunub saxlanmasından asılıdır. Məhz bu həqiqətləri dərk edən ermənilər, Azərbaycanın işğal altındakı ərazilərdə olan abidələrini birmənalı şəkildə erməniləşdirməklə, orada azərbaycanlıların izlərini itirmək üçün yer-yurd adlarını və toponimlərini dəyişdirməklə məşğuldurlar. Belə ki, islam dövrü və türkçülüklə bağlı olan abidələr ermənilər tərəfindən məhv edilərək yer üzündən silinir, bir qisim xristian dövrü abidələri erməniləşdirilərək istismar edilir, ucqarlarda yerləşən bir qisim abidələr isə baxımsızlıqdan məhv olma təhlükəsi ilə üz-üzədirlər”.

 

İşğal olunmuş ərazilərdəki abidələrin elektron məlumat bazasının yaradılmasına ehtiyac var

Faiq İsmayılovun fikrincə, İşğal Olunmuş Ərazilərdəki Tarixi və Mədəniyyət Abidələrinin elektron məlumat bazasının yaradılmasına ehtiyac var: “Bu araşdırmaların nəticələri əsas verir deyək ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni dəyərlər haqqında məlumatların toplanmasına ciddi ehtiyac var. Tarixi və mədəniyyət abidələrinin qeydiyyata alınması, katoloqda yerləşdirilərək sistemləşdirilməsi və inventarlaşdırılması, bir qayda olaraq bütün ölkələrdə həyata keçirilir. Bir çox hallarda isə bu məlumatlar elektron məlumat bazalarda saxlanılır. Azərbaycanın da hərbi təcavüz nəticəsində taleyi problemlər yaşayan mədəni dəyərlərinin elektron məlumat bazasının elektron kataloqunun yaradılması, bu abidələrin taleyi barədə toplanmış məlumatların gələcək illərdə kompleks şəkildə tədqiqat işlərinə şərait yaradacaq. Ermənistanın silahlı təcavüzü nəticəsində mədəni dəyərlərə dəymiş zərərlər, abidələr üzərində baş vermiş dəyişikliklər barədə, eləcə Azərbaycanın dövlət qeydiyyatında olmayan daşınmaz tarixi mədəniyyət abidələrinin quruluşu mövcud vəziyyəti barədə məlumatlar tərtib edilərək vahid bazada görüntülərin məlumatların yerləşdirilməsi, gələcəkdə bu abidələrin tədqiqində çox mühüm əhəmiyyət daşıyacaqdır. Müasir tələblərə cavab verən elektron məlumat bazasının yaradılması, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 195 saylı sərəncamı ilə təsdiq edilmişDaşınmaz Tarixi Mədəniyyət Abidələrinin bərpası, qorunması, tarixi mədəniyyət qoruqlarının fəaliyyətinin rəsmilləşdirilməsi inkişafına dair 2014 - 2020 -ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilə bilər”.

Faiq İsmayılovun apardığı tədqiqatların yekunu olaraq gəldiyimiz nəticəyə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların sırasına sənət abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalmışdır: Daha dəqiq desək, 23 muzey, 4 şəkil qalereyası, 927 kitabxana, 13 arxiv, 7904 tarixi və mədəniyyət abidəsi, 2261 arxeoloji abidə, 24831 incəsənət abidəsi, o cümlədən 86 307 muzey eksponatı, 371 rəsm əsəri, 4,6 milyon kitab, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədəd vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni irs nümunələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsi və mənimsənilməsi Azərbaycanın mədəni həyatında çox ciddi problemlər yaradır”.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-11 mart.-S.11.