“Mədəniyyət Mərkəzində təşkil edilən kurs Azərbaycan dilini öyrənmək üçün yeni imkanlar açır”

 

Samir Abbasov: “Ötən il Özbəkistan KİV-də ölkəmizin mədəniyyəti, turizmi, tarixi, iqtisadiyyatı, son illər əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr barədə 298 məlumat dərc olunub

 

Müsahibimiz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

 

(Əvvəli ötən sayımızda)

-Azərbaycan milli mədəni irsinin tanıdılması, təbliği istiqamətində hansı işlər görülür?

-Ötən müddət ərzində səfirlik və onun nəzdindəki Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanda Azərbaycan kəlağayılarına həsr olunmuş "Azərbaycan kəlağayı sənəti və onun təqdimatı" adlı geniş tədbir keçirilib.

Bildiyiniz kimi, Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələr çərçivəsində Azərbaycan kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun reprezentiv siyahısına daxil edilib.

Keçirilən təqdimat mərasimində iştirak edən Bakı Dövlət Universitetinin professoru, Basqal İpək Mərkəzinin direktoru, tanınmış mütəxəssis Rəna İbrahimbəyova Azərbaycan kəlağayı sənətinə dair məruzə ilə çıxış edib. Qonaqların iştirakı ilə kəlağayının naxışlanma prosesi canlı olaraq həyata keçirilib.

Ötən ilin sentyabr ayında YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Özbəkistan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Fərqanə Vilayət Hakimiyyətinin birgə təşkilatçılığı ilə Özbəkistanın Margilan şəhərində "Atlas Festivalı" keçirilib.

Festivalda Özbəkistanın müxtəlif regionlarında ipəkçilik sahəsində fəaliyyət göstərən sənətkarlar, habelə Margilanın ipəkdən hazırlanmış parçamilli geyimləri nümayiş olunub.

Qeyd edək ki, tədbirdə iştirakçı kimi Özbəkistanda fəaliyyət göstərən bir sıra xarici ölkələrin nümayəndəlikləri iştirak ediblər.

Atlas Festivalında Səfirlik və Mədəniyyət Mərkəzi Azərbaycan kəlağayılarını və ipəkdən hazırlanmış Azərbaycan geyimlərini nümayiş etdirib. Bununla əlaqədar Margilan şəhər Mərkəzi Muzeyində Azərbaycan sərgisi təşkil olunub. İpəkdən hazırlanmış Azərbaycan kəlağayıları iştirakçıların böyük marağına səbəb olub.

Mütəmadi olaraq Özbəkistan kitabxanalarına və elmi müəssisələrə ölkəmizin təbliği məqsədi ilə Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilir.

Son illər Özbəkistanda Azərbaycana dair nəşr olunmuş kitablar Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına hədiyyə edilib.

-Son illər Özbəkistan mətbuatında Azərbaycana dair çoxsaylı məqalələrin verilməsinin şahidi oluruq.

-Səfirlik və onun nəzdindəki Mədəniyyət Mərkəzi 2013-cü ildə Özbəkistan mətbuatında monitorinq aparıb və məlum olub ki, özbək mətbuatında Azərbaycan mövzusu çox az sayda işıqlandırılıb, verilən məlumatlar isə Rusiyabir sıra xarici ölkələrin informasiya agentliklərindən götürülmüş məlumatlardır. Qeyd olunan informasiya boşluğunun aradan qaldırılması, dostluq əlaqələrimizin, mətbuatda Azərbaycanın dostları qrupunun yaradılması, bu mövzuda məqalələrin verilməsi, stimul yaratmaq məqsədi ilə 2013-cü ildən hər il Özbəkistan KİV-lərində Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilir.

Müsabiqə elan edildikdən sonra özbək mətbuatında Azərbaycan haqqında yüzlərlə məqalə çap edilib. İlk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair obyektiv məqalələr dərc edilib.

Ümumilikdə 2016-cı il ərzində Özbəkistanın nüfuzlu xəbər agentliklərində, qəzetlərində, mətbu orqanlarında ölkəmizin mədəniyyəti, turizmi, tarixi, iqtisadiyyatı, son illər əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr barədə 298 məlumat dərc olunub.

Hər ilin yekununda Mədəniyyət Mərkəzimizdə Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilir.

-Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycana dair çoxsaylı kitablar nəşr olunur. Bu barədə nə deyə bilərsiniz?

-Müasir cəmiyyətimizdə təbliğat vasitəsi kimi kitabın və digər nəşrlərin əhəmiyyəti olduqca böyükdür.

Tərəfimizdən Azərbaycan və Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin dərinləşdirilməsi və bu istiqamətdə elmi araşdırmalar daim dəstəklənir.

2016-cı ildə özbək alim, professor Saodat Muxammadovanın tərtibçisi olduğu “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab çap olunub.

Qeyd edək ki, kitabın əsas üstün cəhəti Azərbaycan şairlərinin şeirlərinin özbək dilində, özbək şairlərinin şeirlərinin isə Azərbaycan dilində tərcümələrinin verilməsidir.

Bundan başqa, yeni layihəmizlə Azərbaycanın tanınmış yazarı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, otelefon" adlı kitabı Daşkənddə çapdan çıxıb.

Kitabda yazıçının seçilmiş əsərləri - "Dantenin yubileyi", "Qarderobçu xanımın hekayəsi", "Mən, sən, otelefon", "Gürcücə familiya", "Yaxşı padşah haqqında nağıl", “Dədə Qorqud" əsərləri verilib.

Bundan başqa, Anarın hikmətli sözləri, həyat və yaradıcılığının mühüm dövrləri, habelə tanınmış yazıçının yaradıcılığı haqqında görkəmli şəxslərin fikirləri yer alıb.

Bu bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anarın yaradıcılığı haqqında fikirləri, habelə Azərbaycan və dünyada tanınmış şəxsiyyətlərin yazıçı haqqında söylədikləri fikirlər öz əksini tapıb.

Özbəkistanda ilk dəfə olaraq özbək tərcüməçi Olimcan Buriyevin özbək dilinə tərcümə etdiyi Nizami Gəncəvi: "Xəmsə" (ixtisarlarla) kitabı çapdan çıxıb. Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Daşkənddə çap olunub. Kitabda Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin beş əsəri öz əksini tapıb.

Bildiyiniz kimi, Nizami Gəncəvinin əsərlərinin özbək dilinə tərcümə edilməsi məqsədilə mütəxəssis, tərcüməçi, Özbəkistanın xalq şairi Camal Kamalla danışıqlar aparılıb və Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan 5 əsərin ayrı- ayrılıqda özbək dilinə tərcümə olunmasına dair razılıq əldə olunub.

Artıq Camal Kamal Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan 2 əsəri - "Sirlər xəzinəsi" və "Leyli və Məcnun" özbək dilinə tərcümə edilib.

TÜRKSOY təşkilatının layihəsi ilə işıq üzü görən "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabında şairin digər türk dillərində olduğu kimi, özbək dilinə tərcümə olunmuş şeirləri də yer alıb. Layihəyə Azərbaycan Mədəniyyət Mərkəzi də qoşulub və kitabın hazırlanmasında, materialların toplanmasında iştirak edib.

Kitabda Bəxtiyar Vahabzadənin özbək dilinə tərcümə olunmuş "Azərbaycan", "Latın dili", “Ana dili", "Vətəndaş", “Tilsimli olma", "Əlvida", "Zindanda" və s. şeirləri yer alıb. Özbək dilində verilən şeirlərin tərcüməçiləri - tanınmış özbək şair və tərcüməçiləri olan Cumaniyaz Cabbarov, Nəsrəddin Muhammadiyev, Polat Mumindir.

Bundan başqa, Azərbaycan şairi Məhəmməd Füzulinin özbək dilində "Kalb gövxari" kitabının çapına də dəstək göstərilib və Daşkənddə geniş ictimaiyyətin iştirakı ilə təqdimat mərasimi keçirilib.

-Mədəniyyət Mərkəzinin əsas fəaliyyətlərindən biri də Azərbaycan filmlərinin tanıdılması və təbliğidir. Bəs bu istiqamətdə hansı işlər görülür?

-Sovet dövründə bir sıra Azərbaycan bədii filmləri özbək dilinə dublyaj olunub. Sözügedən filmlər - "Arşın mal alan", "Əhməd haradadır", "Qaynana" hər il Özbəkistan Dövlət Televiziyasında nümayiş etdirilir. Biz Özbəkistan Dövlət Televiziyasına məktubla müraciət edərək sözügedən filmləri Mərkəzimizin arxivi üçün əldə etmişik.

Özbəkistanda Azərbaycan bədii filmlərinə olan böyük marağı nəzərə alaraq, tərəfimizdən "Bəxt üzüyü" kinokomediyası özbək dilinə dublyaj olunub.

18 oktyabr tarixində Daşkənddə geniş ictimaiyyətin iştirakı ilə kinokomediyanın təqdimat mərasimi keçirilib. "Bəxt üzüyü" kinokomediyası çoxsaylı tamaşaçı marağına səbəb olub.

Hazırda yeni layihəmizlə Azərbaycanın məşhur "Yol əhvalatı" kinokomediyasının özbək dilinə dublyajı başa çatdırılıb. Yaxın günlərdə filmin Mədəniyyət Mərkəzində təqdimatını planlaşdırırıq.

Ötən illər ərzində Azərbaycan cizgi filmləri də özbək dilinə dublyaj olunub və Mərkəzimizdə geniş ictimaiyyətin iştirakı ilə təqdimatı keçirilib.

Gələcəkdə bu istiqamətdə çoxsaylı layihələrimiz var.

- Samir müəllim, Mədəniyyət Mərkəzində dərnək və kurslar fəaliyyət göstərir. Əsas hansı sahələrə üstünlük verirsiniz?

-Mədəniyyətin müxtəlif sahələrinə dair kurs və dərnəklərimiz hazırda uğurla aparılır. Mədəniyyət Mərkəzində təşkil edilən kurs və dərnəklər azərbaycanlılara və digər millətlərə Azərbaycan dilini öyrənmək üçün yeni imkanlar açır, habelə ölkəmizin zəngin mədəniyyətinin təbliğinə xidmət edir.

2013-cü ildə Mədəniyyət Mərkəzində xarici ölkə mərkəzləri arasında ilk dəfə olaraq Azərbaycan dili kursları təşkil edilib. Kurslar Azərbaycandan gəlmiş və uzun müddət bu sahədə çalışmış təcrübəli pedaqoq tərəfindən aparılır. Kurslara Özbəkistanda yaşayan azərbaycanlılar, yerli özbəklər və digər millətlər də böyük maraq göstərirlər. Artıq ana dilini mükəmməl öyrənən bir çox müdavimə sertifikatlar verilib. Kurslarda iştirak edən tələbələr Mərkəzin kitabxanasında olan əyani vasitələrdən geniş istifadə edir, Mərkəz tərəfindən kitab və digər vəsaitlərlə təmin edilir.

Mərkəzimizdə kompüter kursları da təşkil edilib və artıq kompüter kurslarına maraq xeyli artıb. Uşaq və yeniyetmələr, gənclər kurslarda iştirak edirlər. Kurslarda yaş məhdudiyyəti yoxdur, gənclər özlərinə tapmaq, habelə bu sahədə biliklərini artırmaq üçün kursların imkanlarından yararlanırlar.

"Microsoft" proqramları ilə yanaşı, yeni dizaynqrafika proqramlarının kurslarda tədrisinə start verilib.

Mərkəzimizdə bu gün Azərbaycan və Şərq rəqslərini öyrədən xüsusi "rəqs dərnəyi", "Əl işləri və naxıştikmə", habelə "rəsm dərnəyi" fəaliyyət göstərir ki, bu dərnəklər də ölkəmizin mədəniyyətini təbliğ edir.

Tural Tağıyev

Palitra.-2017.-16 mart.-S.6.