Erməni xisləti – insanlığa sığmayan cinayət

 

Elə bir zamanda və elə bir məkanda dünyaya göz açmışam ki, uşaqlıqdan “erməni” sözü, erməni obrazı, erməni vəhşiliyinin uşaq zəkamda yaratdığı xof, demək olar ki, hər gecə yuxularımın kabusuna çevrilib. Məkan cəhətdən birbaşa qaynar nöqtədə yaşamasaq da, müharibə gedən bir ölkədə, üstəlik də müharibənin getdiyi regionda yaşamaq, hər dəfə təbiətin özünəməxsus ahəngini pozan top səslərinə diksinmək dünyanı hələ təzə-təzə dərk etməyə çalışan uşaq üçün bir “vəhşət fenomeni” yaradırdı – erməni vəhşəti. Şüuraltında davam edən bu qorxunun təsiri yuxularımda kabus kimi “maddiləşirdi”, mən hər gördüyüm yuxuda özümü və yaxınlarımı ermənilərdən qorumaq üçün evimizin ətrafında yeni-yeni gizli sığınacaqlar kəşf etməkdəydim. Səhərlər isə ilk işim həmin yerlərin nə dərəcədə təhlükəsiz ola biləcəyini dəqiqləşdirmək idi.

Bu hadisələrin uşaq dünyama ikinci bir yan təsiri də vardı: mən özüm üçün ilin ermənisiz, qansız-qadasız “sevimli aylarını” müəyyənləşdirmişdim. Təbii ki, seçim şərtlərim mənim o zamankı bilik səviyyəmlə məhdudlaşırdı. Yanvarın “qanlı yanvar” faciəsi var, fevralın “Xocalı yarası” var, aprelin Kəlbəcər, mayın Şuşa, Laçın, iyunun Ağdərə, iyulun Ağdam, avqustun Cəbrayıl, Füzuli, Qubadlı, oktyabrın da Zəngilan dərdi var. Yalnız mart, sentyabr, noyabr, birdekabr qalırdı. Mart da bu siyahıda 31 mart 1918-ci il hadisələri haqqında məlumatlar bizim dərsliklərimizdə yer alanadək qaldı.

1804-1813 və 1826-1828-ci illər Rusiya-İran müharibələrinin xalqımız üçün faciəvi yekunları olan Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər XX əsrin əvvəllərindən başlayaraq “dənizdən dənizə Böyük Ermənistan” yaratmaq xülyalarını reallaşdırmaq yolunda cinayətkar fəaliyyətlərini reallaşdırmağa başladılar. 1917-ci ilin oktyabrında Rusiyada baş vermiş dövlət çevrilişindən sonra Azərbaycanda hökm sürən siyasi vəziyyətdən istifadə edən S.Şaumyan bolşeviklərin dəstəyi ilə Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Bundan istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnakstyün” partiyası əks-inqilabçılarla mübarizə adı altında Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı təxribat xarakterli tədbirlər həyata keçirməyə başladılar. Əsas məqsəd Bakının türk-müsəlman əhalisinin soyqırımı idi. Lakin bunun üçün bəhanə lazım idi. Bəhanə də məqsədli şəkildə yaradılan “Evelina” münaqişəsi oldu.

Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş və müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər “Evelina” gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, esermenşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guyaEvelina” ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr “Evelina” gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafıə Komitəsi yaradıldı. İnqilabi Komitənin təşəbbüsü ilə “Evelina”nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi. Müsəlman əhalisi məscidlərə toplanaraq, silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib, alınmış silahları “Hümmət” müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da N.Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi.

1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsinin müsəlmanlara atəş açmasından sonra 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri Bakının azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Şaumyanın xahişiLeninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Təpədən dırnağadək silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər: şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədə pulemyotlar qoyulmuşdu. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri insanları diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolu idi. Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb bu barədə kitab yazan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının miqyasını təyin etmək olardı: “Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yarasınayan böylə qəbahətlərin icrasına qədər varmışlar”. Hamilə övrətlərin bətnində olan məsum səbilləri (uşaqları) belə çıxarıb tüfəng cüdalarına taxmışlar. Pojarnı komanda tərəfidən vaqe bir məscidin divarlarında neçə uşağın mıxlandıqlarını sonra görmüşlər və o tərəfdə yaşayan müsəlmanların həyatına birdəfəlik qələm çəkmişlər”.

Sonralar N.Nərimanov bu hadisələri belə xatırlayırdı: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Daşnaklar: “Bolşevikliyinizi tanımırıq. Bir halda ki, müsəlmansınız-bu yetər”,- deyirdilər. Bolşevik adı altında müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar bunlardan canlarını qurtara bilmədilər”.

Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra, martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı fövqəladə istintaq komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşagıdakı faktlar göstərilir:Nikolay (indiki İstiqlaliyyət) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstərdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdi. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini “Dağıstan” mehmanxanasının alovu içinə atmışlar…”.

Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31 -də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər. Ermənilərin 3 gün davam edən vəhşilikləri nəticəsində Bakının böyük bir hissəsi xarabalığa çevrilmiş, məktəblər, xəstəxanalar, məscidlər, evlər yerlə yeksan edilmişdi. A.Mikoyanın başçılıq etdiyiİnqilabi müdafiə” adlı quldur dəstəsi Bakının memarlıq simalarından olan “İsmailiyyə” binasını yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetlərinin redaksiyaları dağıtmış, “Təzə pir” məscidinin minarələrini top atəşi ilə dəlik-deşik etmişdilər.

Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bu insanlar sadəcə millidini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilmişdilər. Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Lakin mart 1918-ci il soyqırımı bununla yekunlaşmır, daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağ, Quba, Naxçıvan, Şamaxı, Zəngəzur bölgələrində, həmçinin, Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər. Ümumilikdə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Mart soyqırımı mahiyyət etibarilə bolşevik hökümətinin və ermənilərin azərbaycanlılara dair niyyət və məqsədlərinin indikatoru idi. Özlərini fağır və yazıq göstərən, dotasiya və ianələr hesabına dolanan erməni “parazitlər” fürsət düşən kimi öz çirkin niyyətlərini həyata keçirmək üçün heç nədən çəkinmədən hər cür vəhşilik və qəddarlıq törədəcək qədər şovinist və faşistdirlər. Bu ermənilərin bizə və dünyaya bütün tarixi dönəmlərdə dönə-dönə xatırlatdıqları, unutmağa qoymadıqları əsil üzləridir.

Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər tərəfindən məhv edilməsi məsələsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-də Nazirlər Şurası mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və digər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə ADR Xarici İşlər Nazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırıma məruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğradı.

Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya faktlarının törədilməsinə, 20 faiz torpaqlarımızın işğalına, bir milyondan çox soydaşlarımızın ata-baba torpaqlarından didərgin düşüb qaçqın və məcburi köçkünə çevrilməsinə, dinc, əliyalın azərbaycanlıların dünyanın gözü baxa-baxa bir əsrdə ikinci dəfə soyqırımı yaşamasına səbəb oldu. Halbuki erməni xislətini, erməni millətini tanımaq üçün XX əsr Azərbaycan tarixinə nəzər salmaq kifayətdir.

Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. Həmin vaxtdan etibarən 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilirdünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.

Biz bu dünyanın bir mizanının, bir tərəzisinin olmasına inanmaq istəyirik. Bu yer üzündə, göy altında yaşayan bəşər övladlarının vicdan, mərhəmət duyğusu, ədalət hisslərindən məhrum olmadıqlarına, ən azı ana bətnindəki körpələrin yaşama haqlarının əlindən alınmasına, həm də vəhşiliklə, qəddarlıqla alınmasına susmayacaq qədər insan olmalarına inanmaq istəyirik. Biz insanın və insani duyğuların yaşadığı dünyada yaşamaq istəyirik, sülh istəyirik, dinclik istəyirik. Açılan toplara diksinməyən bəşəriyyətdən artıq qulaqlarını açıb haqqın səsinə qulaq vermələrini, dünyaya doğulmadan ölən körpələrin nalələrini eşitmələrini və ədalət mühakiməsini tələb edirik. Biz qisas deyil, ƏDALƏT TƏLƏB EDİRİK!

Qorxulu o deyil bir insan ölə,

Biz ona: taleyin hökmüdür,- deyək.

Qorxulu odur ki, ölənin hələ

Əsil qatilini tapa bilməyək...

 

 

Fərqanə Həsənova

Ədliyyə Nazirliyi

Məhkəmə ekspertizası mərkəzinin əməkdaşı

Palitra.-2017.-29 mart.-S.10.