“Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz qəti və dəyişməzdir“

 

Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edənlər arasında müstəqil ekspertlərlə yanaşı, rəsmi şəxslər də var

 

Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq beynəlxalq müstəvidə diqqət mərkəzindədir. Əsas məqam ondan ibarətdir ki, bu məsələdə Azərbaycanın dostlarının sayı gündən- günə artmaqdadır. Bu baxımdan Azərbaycanın mövqeyini müdafiə edənlər arasında müstəqil ekspertlərlə yanaşı, rəsmi şəxslər də var. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İƏT-in Baş katibi Yusif Əl-Useymini qəbul edərkən Qarabağ mövzusunda söhbətin olması bunu bir daha sübut edir. XİN-ə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və İƏT arasında yüksək səviyyəli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Bu xüsusda nazir E. Məmmədyarov Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, islam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2017-ci ilin İslam Həmrəyliyi ili elan edildiyini xatırladan nazir ölkəmizin ev sahibliyi ilə 12 may tarixində IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminin keçiriləcəyini deyib.

Azərbaycanın İƏT-in beynəlxalq arenada rolunun artmasında maraqlı olduğunu bildirən nazir E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclasının keçirildiyini diqqətə çatdırıb. Bunun İƏT-Azərbaycan arasında əlaqələrin artıq strateji tərəfdaşlıq xarakteri daşımasına bariz nümunəsi olmaqla yanaşı, İƏT-BMT arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verdiyini də əlavə edib.

E. Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyinin, həmçinin “Xocalıya ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyasına dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O həmçinin 10-15 aprel 2016-cı ildə İstanbulda keçirilmiş İƏT zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt qrupu təsis edilməsinin vacibliyindən danışıb.

Baş katib isə Azərbaycanın dinlərarası dözümlülük və mədəniyyətlərarası dialoq üçün nümunəvi bir məkana çevrildiyinibu sahədə keçirilən tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, ölkəmizin İslam dininin sülh, əməkdaşlıqdostluq dini kimi təşviqi və İslamın əsl dəyərlərini təqdimatı istiqamətində fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

E. Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus İslam mədəniyyət abidələrinin və dini ibadət ocaqlarının dağıdılması və məhv edilməsi siyasətini həyata keçirdiyinibununla əlaqədar İƏT-in müvafiq qətnamələr qəbul etdiyini xatırladaraq, bütün üzv dövlətlərin Ermənistanın bu vandalizm əməllərinə son qoyması üçün səylərini artırdığını qeyd edib.

Yusif Əl-Useymi İƏT-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəti və dəyişməz dəstəyini bir daha diqqətə çatdırıb.

Görüşdə İƏT çərçivəsində sahəvi əməkdaşlığın inkişafı, təşkilatın struktur islahatı, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ən davamlı və ciddi vasitəçidir”

 

Rusiyalı politoloq, sosioloqfilosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin isə deyib ki, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması vacib arqumentdir. Onun sözlərinə görə, əgər yaxın zamanlarda tərəflər Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması barədə razılıq əldə edə bilsələr, bu Rusiya-Azərbaycan münasibətlərində vacib məqam olacaq: “Bununla belə, Qarabağın özü və digər iki rayonla bağlı vəziyyət daha mürəkkəbdir və bunun üçün daha çox vaxt lazım ola bilər”.

Beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov isə bildirib ki, Cənubi Qafqaz Moskvanın birbaşa maraqları dairəsindədir və digər ölkələrin bu bölgədəki münaqişənin həllində fəal iştirak edəcəyini fikirləşmək sadəlöhvlük olardı. Ekspertin sözlərinə görə, Moskva tarixi olaraq Ermənistanın təhlükəsizliyinin təminatçısı olub: “Ona görə də təəccüblü deyil ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ən davamlı və ciddi vasitəçidir. Rusiyanın ən böyük qələbəsi ondan ibarətdir ki, o münaqişənin həlli prosesini tam nəzarətdə saxlayır və Ermənistanın təxribatlarına uymur”.

Ekspert qeyd edib ki, münaqişə tərəflərinin barışması yalnız diplomatik danışıqlar nəticəsində Azərbaycan ərazilərinin qaytarılması təqdirində mümkündür.

Ukraynalı hüququ müdafiəçisi Anton Alekseyev isə Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqda bəyanat verib. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh razılaşması çərçivəsində mümkündür. Bununla belə mən, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bir daha qeyd edirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin icrasının çox vacib olduğunu qeyd etmək istəyirəm. Həmçinin ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə dəstəyimi bildirirəm. Münaqişədən əvvəl Erməni və Azərbaycan xalqlarının sülh içində birgə yaşayışlarının şahidiyəm. Bu münasibətlər əsrlərlə formalaşıb. Lakin çox böyük təəssüf hissi ilə onu qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində hər iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşır. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin sülh yolu ilə həlli ideyasını tam dəstəkləyirəm. Bu səbəbdən, mən bu unikal təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

 

“ABŞ-ın yeni administrasiyası Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü öz üzərinə götürmək üçün uzunmüddətli plan hazırlamalıdır”

Qubada səfərdə olan İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fanani isə deyib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili problemidir. O bildirib ki, Azərbaycan öz torpaqlarını nəyin bahasına olur-olsun, işğaldan azad etməlidir: “Biz həmişə sülh yolunu dəstəkləmişik. Beynəlxalq təşkilatlarda Qarabağ mövzusunda Azərbaycana dəstək vermişik və verəcəyik”.

İki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərinə toxunan səfir, əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləyib. O, İndoneziya adamlarının Azərbaycana investisiya yatırmaları vaxtaşırı məlumatlandırıldığını vurğulayıb.

Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutu və “İpək yolu” Tədqiqat Proqramının direktoru Svante KornellinThe American Interest” jurnalında dərc olunan məqaləsində Qarabağ məsələsinə də toxunub. Yazıda bildirilir ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz kimi Rusiya, Türkiyə və İran arasında yerləşmiş narahat regionda təsir və etimad rıçaqlarını bərpa etməlidir.

Müəllif qeyd edir ki, aralarındakı kəskin fikir ayrılıqlarına baxmayaraq, üç Cənubi Qafqaz ölkəsi ABŞ-la sıx əlaqələrin yaradılmasına çalışır: "Bu amil Vaşinqtonun diqqətini regiona cəlb etməli və bununla bağlı ardıcıl siyasət həyata keçirməyə vadar etməlidir. Amma son onillik ərzində bunun əksi baş verib: hələ on il əvvəl ABŞ Cənubi Qafqaz ölkələrinə böyük təsir qüvvəsinə malik idisə, indi Vaşinqton bu regionla bağlı heç bir siyasətə malik deyil”.

Məqalədə vurğulanır ki, ABŞ-ın yeni administrasiyası bu regionla bağlı, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü öz üzərinə götürmək üçün uzunmüddətli plan hazırlamalıdır.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-4 may.-S.7.