Qarabağ həqiqətləri yeni təqdimatda

 

Azərbaycan xalqının ağrılı yeri olan Qarabağ probleminə, Ermənistanın total təcavüzü nəticəsində yurd-yuvasından, doğma el-obasından didərgin düşmüş milyondan artıq qaçqın və köçkünümüzün problemlərinə dünya ictimaiyyətinin, özlərini demokratiya, ədalət fədailəri kimi qələmə verən beynəlxalq qurumların etinasız münasibəti artıq aradan qaldırılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın apardıqları səmərəli və düşünülmüş siyasət nəticəsində artıq beynəlxalq aləm Qarabağ probleminin haradan başladığını, Ermənistanın və bütövlükdə ədalətsizliyin güclü havadarlarının nəinki kim olduğunu, habelə onların ədalətsiz “motivasiyalarını” da anlamağa başlamışlar. Təkcə Xocalı qətliamının bir sıra dövlətlərin parlamentləri, rəsmi qurumları tərəfindən soyqırımı kimi tanınması dediyimizin tutarlı sübutudur. Əlbəttə, Qarabağ probleminin, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və azərbaycanlılara qarşı tarixən apardığı çirkin siyasətin beynəlxalq aləmdə başa düşülməsi və bir çox hallarda etiraf edilməsi işində dövlət rəsmilərinin, tarixçilərimizin, bütövlükdə ziyalılarımızın əməyi böyükdür(AZƏRTAC).

Filologiya elmləri doktoru, akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin məqaləsində bildrilir ki, bu baxımdan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun xidmətləri xüsusi qeyd edilməlidir. Məqalədə qeyd edilir ki, dövlət xadimi və məhsuldar elm adamı Əli Həsənov indiyədək nəşr olunmuş çoxsaylı kitablarında, monoqrafiya və dərsliklərində problemin tarixi köklərini göstərib, Azərbaycanın sülhsevər dövlət siyasətinin mahiyyətini açıb, beynəlxalq dünyaya Azərbaycanın haqq səsini çatdırmağı qarşısına məqsəd qoyub. Müəlliflər yazır: Professor Ə.Həsənov sadaladığımız və adlarını çəkmədiyimiz 30-dan artıq fundamental kitabının bir çoxunu həm də dünyanın beynəlxalq aləmdə işlək olan dillərində nəşr etdirmişdir. Çünki Qarabağ probleminə bağlı əsərləri yalnız Azərbaycan dilində nəşr etdirmək, xalq dilində desək, “özü deyib, özü eşitmək”dən başqa heç bir səmərə verməzdi. Məhz bunu nəzərə alan müəllif bu yaxınlarda nəşr etdirdiyi iki fundamental kitabını - “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” və “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” əsərlərini səkkiz dildə nəşr etdirmişdir”. Məqalədə vurğulanır ki, bu kitabların Azərbaycan dilindən əlavə, dünyanın ən işlək - türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr edilməsi həmin dillərdə danışan insanların, tədqiqat aparan tarixçilərin, siyasilərin, diplomatların, politoloqların, sosioloqların gərəyi olacaq: “Professor Əli Həsənovun haqqında bəhs etdiyimiz kitablarında, məsələn, mətnin elə rus dilində də olması əsər barədə beynəlxalq aləmin dərhal reaksiyasına səbəb oldu. Mətbuatdan da xəbər tutduğumuz kimi, aprelin 26-da Rusiyanın nüfuzlupravda.ruinternet portalında alimin bu yeni kitabları haqqında geniş məqalə dərc edilmişdir. Sayılıb-seçilən bu xəbər portalı kitabların səkkiz dildə olmağını xüsusi qeyd etməklə, dünyanın digər dillərində fəaliyyət göstərən internet portallarına da bir mesaj göndərir. Rusiya internet-portalı professor Əli Həsənovun kitablarına dair xüsusi məqaləsini belə adlandırıb: “Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru”. Bu sərlövhə özü Rusiya jurnalistikasının problemə yeni münasibətinin göstəricisidir. Həqiqətən də professor Əli Həsənovun Ermənistanın Azərbaycana təcavüzü, eləcə də ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərini obyektiv təhlil süzgəcindən keçirməsi və Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması ilə bağlı apardığı lakonikçox müfəssəl tədqiqatları dünyanın diqqətini problemin ədalətli həllinə yönəltmək məqsədi daşıyır. Biz “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlanan əsəri digər kitaba - “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması”na əsas verən tədqiqat kimi birinci sırada görürük. Doğrudan da, ermənilərin Azərbaycana qarşı çirkin əməllərinin, təcavüz, soyqırımı proseslərinin tarixi mərhələləri var ki, bu mərhələlər XX əsrin sonunda bəzi böyük güclərin dəstəyi ilə özünün epogeyinə çatdı. Bu təcavüzün mərhələləri ilə bağlı fikirlərini kitabın giriş sözündə müəllif özü qısa şəkildə belə izah edir: “Səkkiz dildə oxuculara təqdim edilən kitabın əsas məqsədi son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti, eləcə də bu millətçi-şovinist siyasətin əsas mahiyyətinin öyrənilməsidir. Həmçinin XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə, dövlət terrorizmi və soyqırımı siyasətinin sistemli şəkildə tədqiq edilərək ictimaiyyətə çatdırılmasıdır”. Məqalədə daha sonra qeyd edilir: “Haqqında bəhs etdiyimiz kitabların ikincisi - “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabı birincinin məntiqi davamı və məntiqi sonluğudur. Çünki müəllifin birinci kitabda təqdim etdiyi azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı mərhələləri məntiqi olaraq Xocalı qətliamına gətirib çıxarmışdır. Ermənistanın bütün məqamlarda törətdiyi cinayətlərə görə nəinki cəzasız qalması, həm də yeri gəldikcə bəzi dövlətlərdən cinayətə dəstək alması tarixdə görünməmiş bir faciənin - soyqırımının baş verməsi ilə nəticələndi. Bununla yanaşı, kitabda soyqırımına gedən yolun da mərhələləri qısa və aydın şəkildə təqdim olunur. Müəllif, ilk növbədə XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin genezisini, daha sonra indiki nəslə çox yaxın bir tarixin - XX əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının real faktlarını xüsusi tədqiqatla açıb göstərir.

Əsərin çox maraqlı bölmələrindən biri “Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması” adlanır. Bu bölmə lap ilk sətirlərdən belə bir həqiqəti xatırladır ki, “bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir”. Müəllif Heydər Əliyevin 2002-ci il fevralın 25-də Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindəki qəti bir fikrini misal gətirir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Professor Ə.Həsənovun bu gün 8 dildə dünyaya təqdim etdiyi iki kitabdan birinin “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlandırılması Heydər Əliyevin bu fikrini elmi tezis kimi əsas götürmüş və Xocalı soyqırımını məhz bu istiqamətdən təhlil etmişdir.

Müəllif Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının möhtəşəm mahiyyətini izah edərək göstərir ki, kampaniyanın əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Daha sonra əsərin müəllifi Xocalı soyqırımının dünyanın beynəlxalq təşkilatlarının tanıması və tanıtması ilə bağlı fəaliyyətinin aydın xronikasını oxucuya təqdim edir. Bütün bunlardan oxucu belə bir təsəlli tapır ki, Azərbaycan bu faciəni dünyaya tanıtmaq istiqamətində bir sıra yeni formatların səmərəli fəaliyyətinə nail olmuşdur. Xocalı faciəsi beynəlxalq aləmdə soyqırımı kimi daha geniş necə tanıdılır? Kitab bu suala çox maraqlı faktlarla cavab verir.

Professor Ə.Həsənov bu tanıtımın davam edəcəyinə və onun bugünkü, sabahkı nəticələrinə inamı Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımının 20-ci ildönümü haqqında imzaladığı Sərəncamdan gətirdiyi bir sitatla sübuta yetirir: “Azərbaycanlılara qarşı erməni millətçi-şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

Bu, beynəlxalq aləmə təqdim olunan kitabın mətn hissəsinin son cümləsidir. Bu son cümlə bizdə belə bir qəti inam yaradır ki, Azərbaycan dövləti lap yaxın gələcəkdə özünün ədalət haqqına mütləq qovuşacaq.

Amma kitab bununla bitmir. Əsasə, beynəlxalq aləmdə tədqiqat aparan, hadisələri obyektiv qiymətləndirmək gücündə olanlara ünvanlanan bu kitabda Qarabağ problemi və xüsusilə Xocalı hadisəsi ilə bağlı dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində əksini tapmış jurnalist yazılarının mənbələri təqdim olunmuşdur. Hər iki kitabın anonslarında da deyildiyi kimi, burada “Azərbaycan xalqının müxtəlif dövrlərinə dair sənədlər və xəritələr, yeni münaqişənin nizama salınmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da verilmişdir”. Eyni zamanda, Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər də müxtəlif dillərdə təqdim olunmuşdur.

Tədqiqatçıların bu mənbələrə nəzər salması kifayətdir ki, həqiqətin bir üzü olduğu bilinsin. Kitabda müxtəlif dillərdə izahını tapan çoxsaylı sənədlərin orijinal surətləri Xocalı həqiqətinin dünyaya tanıdılması, Ermənistanın dövlət səviyyəsində terrorçuluq siyasətinin ifşası, Xocalı soyqırımının bir sıra xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə tanınması kimi vacib faktları geniş oxucuya təqdim edir.

Dövlət xadimi, yorulmaz tədqiqatçı, professor Əli Həsənovun bu kitabları Ermənistanın Azərbaycana qarşı terrorçuluq və işğalçılıq siyasətini bir daha dünya ictimaiyyətinə çatdırmaq işində çox mühüm addım kimi maraq doğurur. Kitabların maraqlı bir formatda nəşr olunmasına Azərbaycan Dövlət İnformasiya Agentliyinin Baş direktoru Aslan Aslanovun buraxılışa məsul bir şəxs kimi, siyasi elmlər doktoru, professor Elçin Əhmədovun elmi redaktor kimi zəhmətlərini ayrıca qeyd etmək istərdik. Dünyanın səkkiz beynəlxalq işlək dilində nəşr olunan bu iki fundamental kitab Ermənistanın Azərbaycana qarşı iki əsr boyu törətdiyi çoxsaylı cinayətlərin yeni formatda tanıdılması sahəsində hadisə kimi qiymətləndirilməlidir”.

 

Palitra.-2017.-24 may.-S.5.