Dadlı ixrac məhsulu: Skandinaviya ölkələrinə də tanış olan Azərbaycan gilası

 

Ölkədə həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən də aqrar sektorda dayanıqlı inkişaf sabit xarakter alıb. Belə ki, ötən il aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında dönüş ili olub. Məhz bunun nəticəsində kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib ki, bu da ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.

Beləliklə, bu gün ölkədə bir çox məhsullar istehsal baxımından tələbatı tam ödəyir və ixraca ehtiyac qalmır. Nəticədə idxalın həcminin azaldılması üçün böyük imkanlar mövcuddur. Ümumilikdə, kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Ölkə başçısı bildirib ki, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir: “Qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. İxracyönümlü məhsulların həcmini artırmalıyıq”.

Bu gün dünya ölkələri bir çox kənd təsərrüfatı məhsullarının ixracından yüksək gəlir edirlər. Bir çox ölkədə gilas istehsalındakı artım və il ərzində yaxşı səmərə verməsi bu məhsulun ticarəti üçün potensial inkişafı da özü ilə bərabər gətirir. Gilasın istehsalının gəlirli olmasının səbəbi ixrac məhsulu olması ilə bağlıdır. İxrac məhsulu isə valyuta qazandırır. İxraç məhsulunun qiyməti daxili bazara nisbətən olduqca yüksəkdir. Bu gün dünyada gilasın ixrac potensialının yüksək olmasında, gilas ixracatı firmalarının təqdim etdikləri reklam və təqdimat kampaniyaları da əhəmiyyətli rol oynayır. Ümumilikdə isə meyvə istehsalını müəyyən edən əsas faktor tələbdir. Bununla yanaşı, təzə meyvə istehsalında, ekoloji faktorlar, meyvə növünün dadı əhəmiyyətli təsirə malikdir. Dünyada gilas əkini sahələri və istehsal miqdarları həril artım göstərir. 2013-cü ilə qədər istehsal sahələrindəki və istehsal miqdarındakı inkişafları araşdırıldıqda, gilas istehsal sahələri təxminən 3,7 dəfə artımla 109.865 ha-dan 405.129 ha-ya, istehsal isə 1,8 dəfə artım ilə 1.312.898 tondan 2.294.455 tona çatıb. Dünya gilas istehsalının təxminən yarısını dörd ölkə həyata keçirir. Dünya gilas ixracatı da illik inkişaf göstərməkdədir.

2013-cü ildə dünyada gilas istehsalı 2 milyon 405 min hektar sahədə 2 milyon 295 min ton olaraq reallaşıb. Bu istehsalın əhəmiyyətli bir hissəsi Türkiyə, İran ABŞ tərəfindən reallaşıb. Türkiyədə 2014-cü ildə 446 min ton, 2015-ci ildə 531 min ton gilas istehsal edilib. Beləliklə, dünya gilas istehsalının 20 faizini Türkiyə həyata keçirib. Gilas ixracını isə ən çox 17 min ton (67 milyon dollar) ilə Almaniya edib, bu ölkəni 13 milyon dollar (10 min ton) ilə Rusiya, 13 milyon dollar (6 min ton) ilə Bolqarıstan, 2 milyon dollar (3 min ton) ilə İraq 10 milyon dollar (2 min ton) ilə Hollandiya təqib edir.

2014-cü ildən etibarən dünya gilas ixracatının ümumi dəyəri 1 911 284 min dollar olub, Çili 659 676 min dollar ilə ümumi ixrac dəyərinin 34.51 faizini reallaşdırıb. Bunu 24.85 faiz ilə ABŞ 7.59 faiz ilə Türkiyə təqib etməkdədir.

Ötən il dünyada ən çox gilas istehsal edən ölkələrə gəldikdə isə ilk sırada 494,325 tonla Türkiyə gəlir. İkinci sırada isə 301,205 tonla ABŞ, 200,000 tonla İran, 131,175 tonla İtaliya nəhayət, 5-ci sırada 100 min tonla Özbəkistan yer alır.

Bir çox kənd təsərrüfatı məhsullarında olduğu kimi, Türkiyə gilas ixracına da böyük önəm verir Ege Yaş Tərəvəz Meyvə İxracatçıları Birliyi qarşıdakı dövrdə ixracı 200 milyon dollara çatdırmağa qərar veriblər. İxracatda isə yeni hədəf Çindir.

Dünyada gilasın 1500 sortu məlumdur. MDB məkanında isə gilasın 75 rayonlaşdırılmış sortu var. İqtisadi cəhətdən əhəmiyyətli Çelan, Tieton, Raynier, Binq, Lapins, Skina, Stella, Summit s. sortları məlumdur. Respublikamızda, əsasən, rayonlaşdırılmış Biqarro Qrol, Ramon Oliva, Tezyetişən Kassin, Sarı Droqana, Frans İosif, Kəlürəyi sortları becərilir. Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz iqtisadi zonası gilas istehsalının 45 faizini təşkil edir. Yeni gilas bağının salınması üçün 7x5 m sxemi üzrə 4800 manata qədər vəsait tələb olunur. Gilasın 1 hektarından 100-110 sentner məhsul alınarsa, həmin sahədən 3500-4000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 71-75 faiz təşkil edir. Azərbaycanın xaricə ixrac etdiyi kənd təsərrüfatı məhsulları sırasında gilas önəmli yer tutur. Hazırda bu meyvənin ixrac olunduğu əsas ölkə qonşu Rusiya Federasiyasıdır. Hələ sovet dövründə respublikamızda yetişdirilən gilas bütün ittifaq respublikalarına ixrac olunurdu. Ölkəmizin müstəqilliyinin ilk illərində Xaçmazda yetişdirilən gilas, hətta Skandinaviya ölkələrinə ixrac edilib. Ötən il isə ölkəmizdə 14,993 min ton ixrac reallaşıb. İyun ayı gilas yığımının ən qızğın çağıdır. Bir sıra kənd təsərrüfatı məhsulları kimi, bu mövsümdən faydalanmaqla gilas ixracını artırmalıyıq.

 

Nigar Abdullayeva

Palitra.-2017.-24 may.-S.2.