Camal Kamalın 80 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələrinin Azərbaycan Respublikasına yaradıcılıq səfəri nəzərdə tutulub.

Azərbaycanın paytaxtı Bakı şəhərində Özbəkistanın Xalq Şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçiriləcəkdir.

Bununla əlaqədar olaraq, cari il 29 may tarixində yubilyarın – xalq şairi Camal Kamalın, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri – Roza NiyozmetovaGülbahor Aşurovanın Bakıya səfəri başlayır.

Azərbaycana səfərin məqsədi ölkələrimiz arasında mövcud olan ədəbi əlaqələrin dərinləşdirilməsi, mübadiləsi və Azərbaycanda Özbəkistan ədəbiyyatının nümayəndələrinin irsi və yaradıcılığının təbliğidir. Səfər zamanı Azərbaycanın bir sıra müəssisələrində bədii görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bakıda 31 may tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda Özbəkistanın xalq şairi, Azərbaycan ədəbiyyatının yaxın dostu olan Camal Kamalın 80 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimi, filoloq Gülbahor Aşurova bildirib ki, Camal Kamal yubiley mərasiminə əliboş gəlməyəcəkdir. O, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə etdiyi və Daşkənddə yenicə çapdan çıxmış Leyli və Məcnun əsərini Azərbaycan oxucularına təqdim edəcəkdir.

Qeyd edək ki, 2015-ci ildə Camal Kamal və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemaların özbək dilinə tərcümə edilməsi barədə müqavilə imzalanmışdır. Artıq alim tərcüməçi Camal Kamal Nizami Gəncəvinin iki əsərini “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” əsərlərini özbək dilinə tərcümə etmiş və sözügedən əsərlər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap edilib. Hazırda şair, tərcüməçi Nizami Gəncəvinin “İskəndərnamə” əsərini özbəkcəyə tərcüməsi üzərində işləyir.

Müqavilənin imzalanması mərasimində Samir Abbasov qeyd etmişdir ki, bu, sadəcə müqavilə deyil, bu sənədin əsasında ədəbiyyat tariximizdə əbədi abidə ucaldıacaq və Azərbaycanın dahi söz ustadı Nizami Gəncəvinin bütün əsərləri Özbəkistan ədəbiyyatında işıq üzü görəcək və bütün məsələlər bütövlükdə həll olunacaq.

Səfər çərçivəsində özbək ədəbiyyatının nümayəndələri şərqin nüfuzlu və qədim ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin ədəbiyyatşünas-alimləri görüşləri planlaşdırılır.

Bu səfər iki qardaş ölkənin ədəbiyyatşünasları arasında yaradıcılıq və dost mühiti yaradacaq. Səfər çərçivəsində özbək ədəbiyyatçıları Azərbaycanın görkəmli şair və yazıçılarının dəfn olunduğu Fəxri Xiyabanı ziyarət edəcəklər.

Qeyd edək ki, Camal Kamalın yaradıcılığında Azərbaycan ədəbiyyatı xüsusi yer tutur. Camal Kamal Azərbaycan şairləri Bəxtiyar Vahabzadənin Məhəmməd Füzuli barədə yazdığı “Şəbi-Hicran” (Ayrılıq gecəsi) və Xəlil Rza Ulutürkün Nəsimiyə ithaf etdiyi “Fəryad” poeması və bir sıra şeirləri özbək dilinə tərcümə edib. Onu Azərbaycan şair və ədəbiyyatşünasları ilə dostluq əlaqələri bağlayır. O, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə sıx dostluq əlaqələri olub.

Camal Kamal 40-dan çox əsəri rus, fars, ingilis dillərindən özbək dilinə tərcümə edib. Onların əksəriyyəti dünya klassikasının şedevrləri hesab olunurŞekspirin on iki dramı, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalar.

Qeyd edək ki, Azərbaycanda Camal Kamalın əməyi yüksək qiymətləndirilir və tədbirə ciddi hazırlıq işləri görülür.

 

Tural Tağıyev

Palitra.-2017.-26 may.-S.13.