Sofiyada Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, AMEA nəzdində Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə Sofiyada Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Səfirlikdən bildirilib ki, konfransda Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, Bolqarıstanın Baş müftisi Mustafa Hacı, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri, şair və yazıçılar iştirak ediblər. 

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Hüseyn Cavidin romantik-poetik dramaturgiyanın banisi kimi Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu deyib. N. Qurbanova ədibin dramaturgiyasının öz dövrünün universal sosial-siyasi və mədəni hadisələrini əhatə etdiyinibir çox dillərə tərcümə edilərək geniş oxucu kütləsi qazandığını bildirib.

Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov H. Cavidə həsr olunan bu tədbirin Azərbaycan və Bolqarıstan arasında mədəni və elmi sahədə əlaqələrin genişlənməsinə şərait yaratdığını qeyd edib. O, hər iki ölkənin elmlər akademiyalarının bu istiqamətdə fəal apardığını bildirib. O, “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və s. əsərləri ilə Hüseyn Cavidin adının  Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə daxil edildiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Bolqarıstanda H.Cavid yaradıcılığına həsr olunan bu tədbirin böyük mədəni hadisə və Avropada Cavid irsinə həsr olunan ilk konfrans olduğunu deyib.

BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova H. Cavidin 135 illik yubileyinə həsr olunan bu tədbirin “Şərqin Şekspiri” adlandırılan dramaturqun yaradıcılığının Bolqarıstanda öyrənilməsinə imkan yaratdığını bildirib.

Konfrans çərçivəsində dramaturqun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən bolqar dilinə tərcümə edilmişMaral” və “Şeyda” əsərlərinin təqdimatı keçirilib.

 

Nigar

Palitra 2017.- 1 noyabr.- S.7.