Sayalı Sadıqova: “Yeni sözlər cəmiyyətin müzakirəsindən sonra qəbul ediləcək”

 

Müsahibimiz Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır.

 

- Öncə Azərbaycan dilinin müasir vəziyyəti haqqında söhbət açardız. Bir əsr sonra Azərbaycan dilinin inkişafını necə şərh edərdiz?

- Bildiyimiz kimi, Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Azərbaycan dilinin inkişafı dövlət səviyyəsində həyata keçirilir. Yəni dövlətçiliyin əsas atributlarından biri kimi Azərbaycan dilinin qorunması təmin olunur. Bu baxımdan, müstəqillik illərində Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində bir sıra sərəncamlar verilib, Dövlət proqramları qəbul edilib. Həmin Dövlət proqramlarından irəli gələn məsələlərdən biri də Azərbaycan dilinin dövlət dili kimi inkişafını qorumaq və saflığını təmin etməkdir. Bu istiqamətdə həm nəzəri, həm də praktiki işlər görülür. Azərbaycan dilinin hal-hazırda saflığının qorunması üçün 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən “Qloballaşma şəraitində zamanın tələblərinə uyğun olaraq Azərbaycan dilinindilçiliyinin inkişafı” haqqında sərəncam imzalanıb. Sərəncamda, xüsusilə qeyd edilib ki, ölkədə termin yaradıcılığı prosesinin təmin edilməsi və koordinasiyası üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılsın. Müasir dövrdə Terminologiya Komissiyasının əsas vəzifəsi Azərbaycan dilini inkişaf etdirməkdir. Bildiyimiz kimi, elmi, publisistik və digər üslublar inkişaf edir. Terminologiya Komissiyasının əsas məqsədi elmi üslubun inkişaf etdirilməsindən ibarətdir. Bu gün fizika, riyaziyyat, kimyas. elm sahələrinin təsiri ilə dilimizə çoxlu alınmalar daxil olur. Alınmaların qarşılığını yaradaraq dilin inkişaf qanunlarını qorumaq çox mühüm istiqamətlərdən biridir. Bu məqsədlə Terminologiya Komissiyasının nəzdində müxtəlif şöbə və bölmələr fəaliyyət göstərir. Bu şöbə və bölmələrin əsas məqsədi terminoloji lüğətləri müzakirə edərək alınmaların qarşılığını ifadə etməkdir.

Günümüzdə alınmaların qarşısını alaraq Azərbaycan dilinin elmi dil səviyyəsini inkişaf etdirmək lazımdır. Bununla bağlı müstəqillik illərində 115 terminoloji lüğət nəşr olunub. Bizim elmi üslubumuzda hal-hazırda problemlər davamlı olaraq mövcuddur. Buna səbəb elmin, texnikanın inkişafı ilə bağlı olaraq yeni-yeni sözlərin yaranmasıdır. Bu, həmişə inkişaf edən və yüksək səviyyədə idarə olunan bir prosesdir. Müxtəlif elm sahələrində çalışan ziyalılar bu gün söz qıtlığından şikayət etmirlər. Dilimiz ən mürəkkəb və çətin fikirləri ifadə etməyə qadir olan dildir. Təbii ki, dilin inkişafını mütəmadi tənzimləmək lazımdır. Bugünkü dilimizi qənaətbəxş hesab etmək olar. Dilin inkişafını təmin etmək üzərimizə düşən ən mühüm vəzifədir. Bu baxımdan, Azərbaycan dilinin qorunması, inkişafının təmin edilməsi dövlət səviyyəsində həyata keçirilir. Müxtəlif komissiyalarda, təşkilatlarda dilin saflığını qorumaq mühüm vəzifədir. Oktyabrın 6-da BMM-də “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolumövzusunda konfrans keçirildi. Bu konfransda KİV-lərin üzərinə çox mühüm vəzifələr qoyuldu. Xüsusi şəkildə qeyd edildi ki, alınmalar dilimizdə daha çox işlədilir və bunların qarşılığı yaradılmalıdır.

- Bu yaxınlarda Terminologiya Komissiyası alınmaları əvəzləyən sözləri ictimaiyyətə təqdim etdi. Bəzi insanlar bu əvəzləyici sözləri qəbul etsə də, bəziləri həmin sözlərlə razılaşmırlar. Elə alınmalar var ki, cəmiyyətin özü bunu yeniləri ilə əvəzləmək istəyir. Bu baxımdan, cəmiyyət üzvlərinin təkliflərinə baxılası bir struktur Terminologiya Komissiyasının nəzdində yaradılıbmı?

- Əlbəttə. Terminologiya Komissiyası nəzdində “www.terminologiya.org” saytımız var. Cəmiyyət üzvləri təkliflərini həmin ünvana göndərə bilərlər. Mətbuata verdiyimiz sözlər qəbul olunan sözlər yox, təklif edilən sözlərdir. Bir sözlə, bu, müzakirə xarakterli təklifdir. Burada hər kəsin fikirləri nəzərə alınacaq. Həmin sözlər mətbuatda daha çox işlənən sözlərdir. Təklif olunan sözlərin bəzilərinin qarşılığı 5-6 ildir alınma ilə yanaşı işlənir. Məsələn, “mesaj-ismarıc”, “kserokopiya-surətçıxarma, üzçıxarma”. Bu sözlərin dildə işlək vəziyyətə düşməsi üçün müəyyən bir proses gedir. Prosesi dilin özü tənzimləyir. Məhz bu sözlər paralel işlənir. Söz yaradıcılığı həmişə davam edən prosesdir. Təklif olunan sözlərdən “proqnozsözünün qarşılığı olan “öncəgörmə” şəxsən məni də qane etmir. Fikrimcə, proqnoz daha geniş məzmunludur. Bu, təklif olaraq verilib. Həmin təklifi də saytda müzakirə olunsun deyə, vermişik. Müzakirədən sonra daha çox qəbul olunan sözlər toplanaraq saytda yenidən veriləcək və lüğətlərdə dərc olunacaq. Əvəzləyici sözləri Komissiya birdən-birə qəbul edə bilməz. Komissiya, sadəcə, təklif edir.

- Müasir dövrdə Azərbaycan mətbuatında dilin normaları hansı səviyyədə qorunur?

- Bu gün bizi qane etməyən məsələlərdən biridilin leksikasının alınmalar hesabına ağırlaşmasıdır. Dilimizin daxili imkanları çox zəngindir. Daxili imkanların hesabına çoxlu yeni sözlər yaradılmalıdır. Hər bir ziyalının özünün təfəkkür tərzi və hər bir mətbuatın öz ideyası var. Bu baxımdan, dilin qorunmasında onların da üzərinə məsuliyyət düşür. Hansı sözlərin daha çox işlək qazanması ədəbi dil normaları səviyyəsində həyata keçirilir. Mətbuat dil normalarını qoruyanda ədəbi dil normalarının səviyyələrini nəzərə almalıdır. KİV-lər xalqın maariflənməsinə xidmət edirbuna görə də yazılar aydın, səlis dildə yazılmalıdır. Ancaq təəssüflə qeyd etmək istəyirəm ki, mətbuatda, televiziyada, radioda bu normalar tam qorunmur. Bizi narahat edən bir məsələ də məişətdə də alınmaların çox işlənməsinin qarşısının alınmasıdır. Ancaq beynəlmiləl terminlər bir neçə dillərdə işlədilirsə, biz onları olduğu kimi qəbul edirik. Bu beynəlxalq səviyyədə dilin inkişafını təmin etmək üçün atılan mühüm bir addımdır. Biz beynəlxalq terminlərdən yox, məişətimizə daxil olan alınmalardan danışırıq.

- Uzun müddət Azərbaycan dili ərəb-fars mənşəli sözlərin təsiri altında olub. XIX-XX əsrlərdə isə dilimizə rus mənşəli sözlər daxil olmağa başlayıb. Bu gün isə ingilis dilinə məxsus sözlər Azərbaycan dilinə daxil olur. Azərbaycan dili tarixdə öz saflığını necə qoruyub?

- Bu təbii bir prosesdir. Dünyada olan dillər heç bir dildən ayrılıb inkişaf edə bilməz. İngilis dilinin tərkib hissəsinə baxanda onun 60%-i alınmalardan ibarətdir. Çünki dünyəvi elmlərin inkişafı, ictimai-siyasi həyat və diplomatik əlaqələr var. Buna görə də dilimizə müxtəlif mənşəli sözlər daxil olur. Bunun nizamlanması prosesimövcuddur. XX əsrin birinci rübünə kimi ərəb-fars mənşəli sözlər dilimizdə daha çox üstünlük təşkil edib. Həmin dövrün ziyalılarının ən böyük xidmətlərindən biri ondan ibarət olub ki, bu alınmaların dilimizdə qarşılığını yaratmağa başladılar. Əsrin ziyalılarının köməyi ilə ərəb-fars mənşəli sözlərə qarşı çox böyük mübarizə başladı. Ancaq bütün ərəb-fars mənşəli sözlər dildən çıxarılmadı. Həmin sözlər dilimizin qrammatikasına təsir edirdi. Birinci Türkoloji Qurultayda bunlar ciddi müzakirə olundu. Sonra rus mənşəli sözlər dilimizə daxil olmağa başladı. Vaxtilə məişətdə rus sözləri üstünlük təşkil edirdi. İndi isə ingilis sözləri bu üstünlüyü ələ alıb. Bu sözlər də Azərbaycan dilinə təsir edə bilməz. Çünki Azərbaycan dilinin çox möhkəm, sabit qrammatikası var. Bu, ancaq leksik səviyyədədir. Müəyyən sözlər var ki, bir müddət işlənəndən sonra dilimizdən çıxır. Dilin inkişafından danışanda, birinci növbədə onun leksikasını inkişaf etdirmək lazımdır. Alınmaların müəyyən hissəsi arxaikləşir, bir hissəsi dildən çıxır və ya bir qədəri isə dilin daxili hesabına əvəzlənir. Beləcə, dilin saflığı qorunur. Biz dilimizin məhv olmasından danışa bilmərik. Dilimiz çox sabit qrammatikaya qədim tarixə malik olan dildir. Sadəcə, dilin tənzimlənməsini gələcək inkişafını təmin etməliyik ki, gələcək nəsillərə saf şəkildə çata bilsin.

- Dil canlı bir orqanizmdir hər zaman inkişafdadır. Alınmaların təsiri ilə dilin ümumi qanunauyğunluğunda hansı yeniliklər var?

- Alınmalar dilimizə daxil olarkən orfoqrafiya qaydaları qorunur. Orfoqrafiya kitabının ilk səhifələrində sözlərin düzgün yazılışı qaydaları dərc olunub. Bütün alınmalar əvəzlənən sözlər həmin normalara uyğunlaşdırılır. Buna görə mənimsəmə prosesləri əsas götürülür. Dilimizdə orfoqrafiya qaydaları, əsasən, tələffüzə əsaslanır. Beləcə, alınmalar tələffüzə uyğunlaşdırılaraq orfoqrafiyası müəyyənləşir. Orfoqrafiya lüğətində fonetik, morfoloji tarixi ənənəvi prinsiplər əsas götürülüb.

- Yaşadığımız coğrafiyada qonşu xalqlarla sıx ünsiyyətdə olmuşuq. Maraqlıdır ki, dilimizdən qonşu dillərə sözlər keçib onlar bu gün elmi baxımdan tədqiq edilirmi?

- Bu sahədə çox mühüm işlər aparılır. Məsələn; “Rus dilində türkizmlər” mövzusunda namizədlik və doktorluq işləri müdafiə olunur. Həmçinin erməni, gürcü dillərində müasirtarixi istiqamətlərdə türkizmlər mövzusunda tədqiqatlar aparılır.

- Günümüzdə Azərbaycan dilitürk dilləri arasında olan bağlılıq hansı səviyyədədir?

- Artıq Astana şəhərində Türk Akademiyasında bu istiqamətdə işlər aparılır. Azərbaycan-qazax-özbək-türkmən dilləri ilə bağlı bizdə dörd dildə terminoloji lüğət hazırlanır. Bu lüğətlər dilləri olduqca yaxınlaşdırır. Bununla bağlı çox mühüm işlər görülməlidir.

Söhbəti qələmə aldı:

 

Mahmud Əyyub

Palitra.-2017.-3 noyabr.-S.7.