Xeyirxahlığından həzz alan insan

 

Elşad QOCA

 

Hər misrasında xalqını tərənnüm edən şair-publisist, polkovnik Ramiz Duyğun haqqında düşüncələr

 

Yaşım az deyil, min şükür Yaradanın böyüklüyünə. Hərdən keçdiyim həyat yolumu vərəqləyərkən rastlaşdığım, gördüyüm, bir kollektivdə iş­lədiyim, bəzən, sadəcə, münasibətim olan insanları xatırlayıram. Yaddaşımda bir-birindən xasiyyəti, xarakteri, savadı, təşkilatçılığı, xeyirxahlığı, bacarığı və sair cəhətləri ilə seçilən fərqli insanlar qalıb. Və Allahıma birona görə minnətdaram ki, yoluma bu insanların içində öz nüfuzu, ağsaqqallığı, dünyagörüşü, savadı, eyni zamanda yaxşılıq etməyi bacaranbundan qətiyyən peşman olmayan, əksinə, ləzzət alan insanlar rast gəlib. Həm də bu insanların qayğısı, himayəsi sayəsində onlarla gənc öz yolunu müəyyənləşdirib, zamanın məngənəsindən xilas ola bilib. Sadəcə desək, tapıblar, maaş alıblar, ailələrini dolandırıblar və həyatın minbir çətinliklərinə sinə gəriblər. Belə insanlar özlərini ona görə xoşbəxt sayıblar ki, tale onların üzünə gülüb, çünki hər adamın qarşısına belə sadə, xeyirxah insanlar çıxmır. Bunun bir adı var, qismət. Tale elə gətirib ki, belə şəxsiyyətlərdən bir neçəsi mənim qismətimə düşüb. Yeri gəldikcə onların bəziləri haqqında, o cümlədən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, “Günəş”, keçmişPioner” jurnalının baş redaktoru, tanınmış uşaq yazıçısı, Əməkdar mədəniyyət işçisi Nəriman Qoca bəy oğlu Süleymanov haqqında yazmışam. Sırada daha bir gözəl insan var, vətənsevər, hər misrasında xalqını, millətini tərənnüm edən, elini-obasını sevən, qosqoca bir türk, böyük vətəndaş şairimiz, publisist, hərbçi polkovnik RAMİZ DUYĞUN.

Qoy oxuyanlar elə bilməsin ki, yuxarıda qeyd etdiklərim sadəcə, gəlişigözəl sözlərdir. Xeyr, əsla elə deyil. Bu kəlmələr Ramiz müəllimin boyuna biçilib, ona yaraşır. Ramiz müəllimi daha əzəmətli, daha qüdrətli göstərir.

Uzaq 1992-ci il. O dövrü görənlər bilir ölkədə nələr baş verirdi. Cəbhədə gərginlik, şəhər və kəndlərimizdə narahatçılıq. Getsin o günlər bir də gəlməsin. Hərənin ağzından bir avaz gəlirdi. Onda “Səhər” qəzetində müxbir vəzifəsində işləyirdim. Həm də tələbə yoldaşlarım, istedadlı jurnalistlər Rauf Ağayev və rəhmətlik Məmməd Nazimoğlu ilə birlikdə Gənc Publisistlər və Poliqrafçılar Cəmiyyəti yaratmışdıq. Çalışırdıq. Sonra bu işlərimiz bir az səngidi. Dağılışdıq. Yeni yeri tapmaq məcburiyyətində qaldım. Bir təsadüfi görüş bu məsələni yoluna qoydu. Tanınmış şair-publisist, istedadlı tərcüməçi, qədim dostum Qardaşxan Əzizxanlı ilə keçmiş “Cənub” mehmanxanasının qarşısında rastlaşdıq. O, yeni fəaliyyətə başlamış Dövlət Sərhədini Mühafizə Komitəsinin “Sərhəd” qəzetinin hərbi müxbiri idi. Xeyli dərdləşdik, işlə bağlı dedi ki, Komitədə hərbi xidmət keçmiş zabitlər axtarırlar. Danışacaq, ya redaksiyaya, ya da Komitəyə lazım olsa, xəbər göndərəcək. Xəbər gəldi. Qardaşxan dedi ki, Ramiz müəllimlə danışmışam, gələndə hazır yazılardan gətirsən yaxşı olar. Onu da deyim ki, Ramiz Duyğunu mətbuatdan və efirdən kifayət qədər yaxşı tanısam da, şəxsi tanışlığımız yox idi. Bilirdim ki, peşəkar hərbçi polkovnik, tanınmış şairdir, uzun illər Azərbaycan dövlət televiziyasında hərbi verilişlər aparıb. Səlis nitq və təhlil qabiliyyəti vardır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin qurucusuilk rəisi olub.

Allahın işinə bir bax, elə səhəri gün tanınmış yazıçı Nəriman Əbdürrəhmanlının redaktorluq etdiyiSabah” qəzetində silsilə hekayələrim çap olunmuşdu. Qəzeti və digər yazılarımı götürüb getdim. Ramiz müəllim məni gülərüzlə qarşıladı. İş qaldı bir tərəfdə, nədən danışmadıq. Ədəbiyyatdan, incəsənətdən, mədəniyyətdən və sairdən geniş söhbət etdik. Yazılarımı vərəqlədi, sonrasabah tezdən gəl, söhbətimizi davam edək”, dedi. Düzünü deyəcəyəm, ürəyimdə bir arxayınçılıq vardı. Mənə elə gəldi ki, Ramiz müəllim mənimlə söhbətdən razı qaldı. Söhbətində bir istilik hiss etmişdim. Cəmisi bir gün gözləmək lazımdı. Bir sabahı açmağavar ki, özünurlu sabah ola.

Səhər tezdən “Sərhəd” qəzetinin dəniz kənarında yerləşən redaksiyasında idim. Redaksiya əməkdaşlarının çoxunu şəxsən tanıdığımdan başımız söhbətə qarışdı. Redaksiya və mətbuat xidməti üçün müvəqqəti olaraq 2 otaq ayırmışdılar. Otağın biri şöbənin rəisi üçün nəzərdə tutulmuşdu. Qəfildən rəisin, polkovnik Ramiz Duyğunun qapısı açıldı.

- Oğlum, gəl, niyə burda dayanmışsan,-dedi:

- Yazıların xoşuma gəldi, xüsusən də hekayələrin. Axarlı dilin var. Kitab çap etdirməmişsən?

- Xeyr,-dedim.

- Sağlıq olsun, olar, inşallah, çalış sənədlərini tez topla, vaxtında rəhbərliyə təqdim edək. Vaxtımız azdır, gərək qəzetin birinci nömrəsini hazırlayaq, ezamiyyətlərə çıxaq. İndi gərgin vaxtdır, bütün sərhəd bölgələrində təhvil-təslim gedir. Zabit heyəti az olduğundan biz həm işimizi görməli, həm bu tarixi proseslərdə iştirak etməliyik.

Özümü itirdim. Sözün düzü, işin belə tez qaydaya düşəcəyinə inanmırdım. Axı, adətən, bir müddət get-gəl başlayır, sonra xahiş-minnət və s. Ramiz müəllim qərarını tez və qəti vermişdi. Tələsik lazım olan sənədləri toplamağa başladım. 1992-ci ilin isti avqust ayı, bir günə sənədlərin doxsan faizini yığdım. Yalnız bir sənəd qalmışdı, hərbi komissarlıqdan şəxsi işimi götürməli idim. Sorğunu özüm apardım ki, işi sürətləndirim. Sən saydığını say, gör fələk nə sayır, deyiblər. Əvvəl qeydiyyatda olduğum rayonda çıxış var, qeydiyyata düşdüyüm rayonda isə giriş yoxdur, dedilər. İki rayonun arasında gözəl xanımların əlində qaldım. Şokolad-konfet almaqdan yoruldum. Get-gəl, dünyada nifrət elədiyim bir . Ancaq nə edəsən, çarəsizsən. Bir həftə ərzində nələr çəkdiyimi bir Allah bilir. Alınmır. Dünyanı dağıdası deyiləm ki? Qaldı Ramiz müəllimi məlumatlandırmaq, bəlkə, başqasını götürəcək. Səhər tezdən onun qapısının ağzını kəsdirdim.

- Gəl görək, igid, noldu? Vaxt gedir, qəzet çıxmalıdır axı! Bir həftədir haralarda itib-batmışsan?

Düzü, bilmədim necə başlayım, necə cavab verim. Komissarlıqda şəxsi işimin iki qurum arasında itdiyini, axtarışın heç bir nəticə vermədiyini bildirdim. Ramiz müəllim diqqətlə üzümə baxdı:

- Onda bəs neyniyək!

Mən çiyinlərimi çəkdim. O, stolun üstündən telefon kitabçasını götürüb baxdı, xeyli vərəqlədi harasa zəng etdi. Danışığından anladım ki, respublika hərbi komissarını soruşur. Bir neçə dəqiqədən sonra yaranmış vəziyyəti komissarla müzakirə etdi. Sondaəvvəlcədən təşəkkür edirəm”, dedi.

- Dayanma, təcili komissarlığa get, səni gözləyirlər. Maşallah, pəhləvan kimi oğlansan, hərəkət elə. Bu ştat sənindir, söz vermişəm, fikrimdə qalıram.

Sürətlə otaqdan çıxdım. Ramiz müəllimin xeyirxahlığının beynimdə müzakirəsini bir anlığa unutdum. özüm-özümə təsəlli verdim, bu barədə bir qədər sonra, hələlik sənəd işini başa çatdırmaq lazımdır. Az qala, 2-3 dəqiqə çəkdi respublika Hərbi Komissarlığına gəlişim. Girişdə növbətçi zabit məni qabaqladı, soyadımı soruşdu, “İsayevdeyən kimisizi gözləyirlər”, dedi. Katibə məndən heç soruşmamış komissarın yanına apardı. Vəziyyəti olduğu kimi danışdım. - İndi neyləyək, QUK (yəni keçmiş SSRİ Müdafiə Nazirliyinin kadrlar baş idarəsi nəzərdə tutulur) artıq bizə cavab vermir. Əlində sənədlərin vardır?

vardısa hamısını göstərdim. - Bunlar əla dokumentlərdir ki (açıq-aydın hiss olunurdu ki, Azərbaycan dilində çətinliklə danışır).

Sonra bir anlıq susdu qəfildən telefonu götürüb mənə problem yaradan rayonların hərbi komissarlarını növbə ilə yıxıb-sürüdü, (arada rus zabitlərinə məxsus çoxmərtəbəli söyüşlərdən geninə-boluna istifadə etdi, düzünə qalsa, söhbətin bu hissəsi mənə yamanca ləzzət elədi) məsələnin müəyyən vaxt ərzində həllini qəti şəkildə tapşırdı.

Deyəsən, Ramiz müəllimin zəngi komissarlıq işçilərini əməlli-başlı silkələmişdi. Rayon Hərbi Komissarlığında da münasibət yüksək səviyyədə oldu. Hətta indi yüksək vəzifə tutan birisiqardaş, bizi niyə söydürürsən, axı günahımız var, şəxsi işiniz iki rayonun arasında itib, düzəldəcəyik”, deyə mızıldandı. Məndə olan sənədlər əsasında şəxsi işim hazırlandı. İşi Dövlət Sərhədini Mühafizə Komitəsinə təqdim etməyi elə özümə tapşırdılar. Komitənin Kadrlar şöbəsində işlər sürətlə getdi hərbi müxbir kimi öz vəzifəmi yerinə yetirməyə başladım.

Mənim Ramiz Duyğunsevərləri, oxucuları yormaq fikrim yoxdur. Qoy kimsə elə düşünməsin ki, Elşad Qoca Ramiz Duyğun barədə, sadəcə, söz demək, səhifələri doldurmaq xətrinə olub-keçənləri kağıza köçürür. Xeyr, bu heç belə deyil. Təqdim elədiyim bu parçada Ramiz Duyğunun verdiyi sözü necə tutduğunu, sözü bütöv qayğıkeş insan olduğunu göstərmək istəyirəm. Məncə, yazıda hər şey aydındır. Görünən dağa bələdçi. Ancaq qoy oxucular tələsməsin, qarşıda hələ deyiləsi, haqlı xatırlanası anlar olacaq. Onlar Ramiz Duyğun ağsaqqallığını, mehribançılığını, sadəliyini, tabeçiliyində olanlara bütövlükdə ətrafında olanlara münasibətini daha çox yaxından hiss edəcəklər.

 

(ardı var)

Palitra  2017.- 22 noybar.- S.13.