“Aşıq Pəri inciləri” şeir antalogiyası

 

 

Aşıq sənəti qədimliyi ilə yanaşı, geniş bir tarixi-coğrafiyanı özündə ehtiva edir. Milli kimliyimizin təsdiqi olan aşıq sənəti ulu babaların bizlərə bəxş etdiyi ən böyük ərməğanlardan biridir. Harada türk etnosu, kimliyi varsa, orada da aşıq sənəti mövcuddur. Aşıq sənətinin ululuğu yaşının əsrlərlə ölçülməsindən irəli gəlir. Biz tarixə nəzər yetirsək görərik ki, hər əsrdə neçə-neçə ustad ulu ozanlar yetişib. Aşıq sənəti zamanla inkişaf edərək Anadolu, Naxçıvan, Göyçə, Borçalı, Qarabağ, Dərbənd, Təbriz, Gəncəbasar və s. aşıq mühitləri yaranıb. Bu mühitlərin hər birinin özünün tarixi inkişaf mərhələsi var.

Aşıq sənətini xalqımız dilində, hafizəsində yaşadaraq, qoruyub saxlamış və günümüzə ötürmüşdür. Həmçinin iftixarla vurğulaya bilərik ki, aşıqların yaratdıqları dastanlar, ələlxüsus şeirlər bu sənətin tarixini öyrənməyə geniş şəkildə imkan verir. Zamanın periodik inkişaf mərhələsində aşıq sənətinin bir elm kimi tədqiqi şəraiti formalaşıb. Sənət xalqın hafizəsinə hopduğu üçün tədqiqatın ən mühüm amili xalq yaddaşıdır. Bu gün isə aşıq sənəti yazılı ədəbiyyata köçürülərək daha da zənginləşdirilir. Yazılı ədəbiyyat aşıq sənətinin qədimliyini qoruyaraq gələcək nəsillərə ötürür. Bu baxımdan, aşıq sənəti ilə bağlı çap olunan əsərlər diqqəti cəlb edir. Aşıq sənətində qadın aşıq və şairələr yetişmişbu sənətə öz töhfələrini vermişlər. Bu ənənə günümüzdə də davam edir.

Qadın şairələr digər şairlərdən bir çox əlamətlərlə köklü surətdə fərqlənir. Bu fərqliliyin bəzi səbəbləri var. Həmin qadınların şeirləri ana ürəyinin məhsuludur. Bu ürəkdən gələn sözlər daha incə və sevilən olur. Bu baxımdan, Azərbaycan ədəbiyyatında qadın şairələrin yetişməsi tarixi bir nailiyyətdir. Ədəbiyyatımıza qədimdən günümüzə kimi tanınmış qadın şairələr əvəzsiz incilər bəxş ediblər. Təəssüflə qeyd etmək istərdim ki, bəzən bu gəliş bir çox zaman xoş qarşılanmayıb. Son nəticə olaraq dumduru bulaq suyuna bənzəyən və ana ürəyindən kağız üzərinə tökülən bu şeirlər dövrümüzə gəlib çatmayıb. Qadın şairələrin tez-tez yaradıcılıqlarının işıqlandırılması təqdirəlayiq addımdır.

Bu yaxınlarda “Aşıq Pəri Məclisi”nin rəhbəri, şairə Pərvanə Zəngəzurlu, məclisin üzvü şairə Güllü Tomarlının tərtibatında işıq üzü görən “Aşıq Pəri İnciləri” şeir antalogiyası mükəmməl bir redaksiya heyəti (ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman) ədəbi aləmdə tarixi bir hadisəyə imza atdı.

Təsadüfi deyil ki, ədəbi aləmdə belə bir şeir antologiyası öncə də çap olunub. “Azərbaycanın aşıq və şair qadınları” antologiyası mərhum professor Əzizə Cəfərzadənin tərtibatı ilə ayrı-ayrı illərdə çap olunub. Amma bu antologiyanın məhz “Aşıq Pəri Məclisi”nin adı ilə bağlı olması təqdirəlayiq bir hadisədir. Kitabın ən üstün cəhətləri müasir dövrdə yazıb-yaradan qadın şairələrin tanıdılması, onların yaradıcılığının üzə çıxarılması və həvəsləndirilməsidir. “Aşıq Pəri inciləri” şeir antalogiyası bu istiqamətdə atılan addımların təsdiqidir. Kitabı vərəqləyərkən bölgədə yaşayan şairələrin yaradıcılığı ilə tanışlıq oxucuda bambaşqa bir zövq yaradır. Həm də bu kitab paytaxt, regionlartürk dünyası arasında ədəbi əlaqələrin sıx inkişafına təkan verir. Region ədəbiyyatında şairələrin yaradıcılığının üzə çıxarılmasında və onların şeirlərinin təhlili baxımından antalogiyanın rolu danılmazdır.

“Aşıq Pəri inciləri” şeir antalogiyası bir çox üstün cəhətindən birikitabda aşıq qadınların yer almasıdır. Bu, öz növbəsində oxucu üçün yeni bir biliyin mənbəyi rolunu oynayır. Aşıq sənətində ən çox kişi aşıqların adını eşitmişdiksə, bu kitabda biz qadın aşıqlarla da ətraflı tanış oluruq. Xüsusilə onların şeirləri diqqətdən kənarda qalmır.

Kitabda toplanan qadın şairlərin şeirlərində poetik gözəllik, nəzəri biliklərin qorunması və fəlsəfi fikirlərin zənginliyi kitabın oxunaqlığını artırır. Antalogiyada şairə qadınlar haqqında məlumatların verilməsi, şəkil və şeirlərinin əks olunması oxucularla yanaşı, tədqiqatçılar üçün də əvəzsiz bir mənbədir. Həqiqətən, kitabda yer alan hər bir şeir düşündürücüdür. Bu da qadın ürəyinin aliliyinin göstəricisidir. İndi isə bəzi şairə qadınların yaradıcılıq nümunələrini oxuculara təqdim edək.

Azərbaycan aşıq sənətinin ən parlaq simalarından biri, sağlığında klassikləşən, el-oba məhəbbəti qazanan qocaman ozanımız Mikayıl Azaflının ocağında Dilarə Azaflı , Gülarə Azaflı və Minayə Azaflı kimi tanınan sənət insanları yetişib. Dilarə Azaflı nakam ömür yaşasa da, yaradıcılığı onu hər zaman bizlərlə yaşadır.

Dilarə Azaflı yazır:

Hayıf, ömrüm-günüm keçdi

Əzabların qucağında.

Şaxta döydü, tufan əzdi

Öz evimdə, ocağımda.

Gülarə Azaflı yazır:

Əcəl can evimdən vurarsa bir gün,

Onda deyin məni ellər ağlasın.

Qohumlar, qardaşlar, yarı-yoldaşlar,

Ən əziz, ən şirin dillər ağlasın.

Aşıq Pəri Məclisi”nin rəhbəri bu gözəl, nəcib antalogiyanın idea müəllifi olan tanınmış şairə Pərvanə Zəngəzurlu yazır:

Deyirəm dönəydi o bahar yenə,

Dumanda itdiyim günlər olaydı.

Qonşu qızlarıyla evcik quranda,

Cığallıq etdiyim günlər olaydı.

“Lap uşaq vaxtlarından bağlanmışamAşıq Pəri Məclisi”nə”,-deyən puplisist, şairə Güllü Eldar TomarlınınAşıq Pəri incilərişeir antalogiyasında verilən şeirləri incə qəlbin ən ali hisləridir.

Güllü Eldar Tomarlı yazır:

Məndən inciməsin qoy İncə dərəm,

Dərdimin dərmanı Borçalıdadı.

Atalı günlərim – o xoş mənzərəm,

Ömrün gül zamanı Borçalıdadı.

Tanınmış aşıq, “Aşıq Pəri Məclisi”nin ən fəal üzvü, aşıq sənətinin dərin bilicisi Aşıq Ulduz Sönməzin yaradıcılığı isə xüsusi diqqət cəlb edir. Aşıq şairə yazır:

Tərlan könlüm etibara bağlanıb,

Adım, sanım namus, ara bağlanıb,

Aşıq adım bu diyara bağlanıb,

Bu torpağam, mən bu daşam sazımla.

Aşıq Zeynəb “Demə sən” qoşmasında yazır:

Dəli könül, məndən sənə əmanət,

Sınamamış, yadasirdaş” demə sən.

Dar günündə gedib dursa kənarda,

Gen günündə onaqardaşdemə sən.

Tanınmış gənc şairə, inci sözləri ilə qəlblərə yol tapan Arzu Nehrəmlinin yaradıcılığı isə xüsusilə təqdirəlayiqdir. Gənc şairə yazır:

Elədən beləyə dərdə yol açdın,

Üstü ələk-vələk, yağır ürəyim.

bir üsyan etdin, ki, çaşdın,

Sındın, əyilmədin məğrur ürəyim.

 

Hər gələn varsa, çəkdin üstünə,

Buna tab gətirməz köks, sinə.

Axı sən ürəksən, səs ver səsimə,

Bir dillən, bir danış, bağır, ürəyim.

Bunlarla yanaşı, atalogiyada şeirləri yer alan Səadət Buta, Pərvanə Məmmədli, Aşıq Zülfiyə digər şairələrin şeirləri diqqət cəlb edir.

XXI əsr internet erası olsa belə, kitab üzərində tam qələbə çala bilmir. Kitab insanın ən etibarlı bilik əldə etdiyi mənbədir. Kitab tarixdir. Yazılanlar isə tarixdə unudulmur. İnsan durduqca söz yaşayacaq. Bunun üçün hikmətlə yazmaq gələcək nəsillərə əvəzsiz incilər miras qoymaq lazımdır. Günümüzdə bu ənənə davam edir. Bunun davamlı olacağına səmimi-qəlbdən inanırıq.

 

Mahmud Əyyub

Palitra  2017.- 31 oktyabr.- S.13.