İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir

 

İlham Əhmədov: “Müasir müəllim, xüsusən də informatika müəllimi məktəbdə pedaqoji fəaliyyətlə yanaşı, həm də İT üzrə menecer olmalıdır”

 

Son illərdə ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılıb. Bu istiqamətdə təhsil sistemində çoxsaylı proqram və layihələr icra olunub. Görülən işlər artıq öz effektini verməkdədir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “İKT Mərkəzi”nin direktoru İlham Əhmədov bu mövzuda öz fikirlərini bildirib. Qeyd edək ki, İlham Əhmədov 1956-cı il iyunun 28-də Bakı şəhərində anadan olub. 1973-cü ildə Abşeron rayonu Xırdalan qəsəbə 2-li məktəbi, 1977-ci ildə ADPU-nun Riyaziyyat fakültəsini bitirib. 1986-cı ildə APİ-də “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturanı bitirib, həmin il Kiyev şəhərində namizədlik dissertasiyası müdafiə edib. Təhsilin informatlaşması, təhsil innovasiyalarının yaradılması, təhsildə innovasiyaların idarəedilməsi, ali təhsilin inkişaf problemlərinə dair 100-dən artıq elmi-metodik məqaləsi respublikada və xaricdə (Türkiyə və MDB-də) dərc edilib. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Qazaxıstan, Moldova, Gürcüstan və Özbəkistanda beynəlxalq konfranslarda məruzə edib. YUNESKO-nun Təhsildə İKT İnstitutunun milli ekspertidir. 5 dəfə YUNESKO-nun təşkil etdiyi beynəlxalq konfranslarda məruzə edib. 2016-cı ildən ADPU “İKT Mərkəzi”nin direktorudur.

-İnformasiya cəmiyyətinin inkişafı təhsil sisteminə nə kimi təsir edir?

-İnformasiya cəmiyyətinin inkişafı təhsil sisteminə ciddi təsir göstərir. Bu səbəbdən informasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir. Bu proses təhsilin informatlaşması istiqamətində silsilə layihələrin reallaşmasını tələb edir. Bu tip layihələrin səmərəli icrası üçün "təhsilin informatlaşması nədir", "təhsilin informatlaşması ilə hansı elm sahəsi məşğul olmalıdır" kimi suallara konkret cavab verilməlidir. Bu məsələlərin təhlili göstərir ki, təhsilin informatlaşması pedaqoji elmin yeni sahəsi olub, pedaqoji innovasiyaların nüvəsini təşkil edir. Təhsilin informatlaşması prosesi ilə peşəkar pedaqoji kadrlar məşğul olmalıdırlar, onlar bu prosesin konseptual, stratejitaktiki məsələlərini hazırlamalı, konkret layihələr və icra proqramları formasına salmalı, bu layihələrə rəhbərlik etməlidirlər.

Son 20 ildə bir çox sahələrdə dünyada tarixən analoqu olmayan intensiv inkişaf gedir, xüsusilə informasiya resursları və informasiya industriyası silsilə ilə inkişaf edir. Bu intensiv inkişaf bir çox sahələrə, ilk növbədə isə təhsilə ciddi təsir edir. Deməli, təhsilin daxili inkişaf dinamikası dünyanın ümumi inkişaf dinamikasından sürətli olmalıdır. İnformasiya cəmiyyətinin texnologiyaları, o cümlədən internetin daim artan resurs imkanları təhsilin məzmunu və təşkili formalarına ciddi dəyişikliklər, korreksiyalar edir. Bu günün təhsili - "İnformasiya-Təhsil məkanı" mühitində reallaşır. Müasir müəllim belə bir informativ mühitdə özünü sərbəst hiss etməli, qoyulmuş konkret pedaqoji məqsədlərə müasir informasiya texnologiyaları vasitəsilə asanlıqla nail olmalıdır. Bu vəziyyət müəllimin peşə hazırlığına, onun metodik ustalığına yeni bir komponenti - "informasiya mədəniyyəti" komponentini əlavə edir. Müasir müəllim öz fənnini tədris etməklə yanaşı, həm də təhsil müəssisəsinin mühüm fəaliyyət istiqamətlərində İKT-nin tətbiqi üzrə praktiki işləri təşkil etməli, onları əlaqələndirməli və səmərəli idarə etməlidir. Başqa sözlə, müasir müəllim, xüsusən də informatika müəllimi məktəbdə pedaqoji fəaliyyətlə yanaşı, həm də İT üzrə menecer (İT üzrə inzibatçı) olmalıdır.

-Təhsilin informatlaşmasının ənənəvi təhsildən fərqi nədir?

-Təhsilin informatlaşması ənənəvi təhsili yeni çalarlarla zənginləşdirir. Ənənəvi təlimdə əks-əlaqənin həyata keçirilməsi baxımından informasiya-qarşılıqlı əlaqə yaradılmasında 2 fəal tərəf var: öyrədən və öyrənən. İKT əsaslı təlim prosesində isə operativ əks-əlaqə baxımından öyrədən və öyrənənin yeni interaktiv tərəfdaşı meydana gəlir. Artıq müəllim şagird üçün informasiya mənbəyi deyil. Müəllimin əks-əlaqə yaratmaq, şagirdin biliyini qiymətləndirmək imkanı tədricən məhdudlaşır, bu imkanların bir qismi (bəzən hamısı) İKT vasitələrinə transfer olunur. Bu zaman öyrədən daha çox məsləhətçi-tyutor funksiyası daşıyır. Müəllim şagirdlərinə informasiya ötürülməsinə vaxt sərf etmir. Tədris materialının şagirdlərə nəql edilməsi, fərdi qaydada mənimsənilmiş tədris materiallarının onlardan qəbul edilməsi (tapşırıqların yoxlanılması, dərsin sorğusus.) kimi mərhələlərə vaxt itirilmir. Qazanılan əlavə vaxt ərzində şagirdlər digər yaradıcı məsələlərin həllinə imkan qazanırlar. Beləliklə, tədris-informativ qarşılıqlı əlaqənin strukturu tədricən dəyişir, informasiya - təhsil mühiti formalaşdıqca öyrədən, öyrənən və İKT vasitələri arasında yeni səviyyəli informasiya mübadiləsi imkanları yaranır.

-İnformasiya cəmiyyətinin müəllimi necə olmalıdır?

- Pedaqoji prosesdə hansı vasitələrdən, texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq insan amili, müəllim şəxsiyyəti həlledici rola malikdir. Heç bir texnologiya canlı müəllimi tam əvəz edə bilməz. Bununla belə, "klassik hazırlıqlı müəllim" bu gün virtual mühitdə işləyə bilmirsə, o, zamanın inkişafından və öz şagirdlərindən geri qalacaq, tədricən nüfuz və peşəkarlığını itirəcəkdir. Bu səbəbdən müəllim daim inkişafda, real həyatın tələblərinə cavab verməyə hazır olmalıdır. Bu mənada müəllim hazırlığı dəyişən zamanın, informasiya cəmiyyətinin sürətlə dəyişən tələblərinə uyğunlaşmalıdır. Pedaqoji təhsil müəssisələri bu gün yeni formatlı müəllim- informasiya cəmiyyətinin müəllimini hazırlamalıdır. Bunun üçün isə pedaqoji təhsil müəssisələrində universitetdaxili informasiya təhsil məkanı, bu məkanda yüksək peşəkarlıqla işləyə bilən professor-müəllim heyəti formalaşmalıdır. Buna isə on illərlə vaxtmilyonlarla maliyyə vəsaiti lazımdır.

- Bu baxımdan pedaqoji kadrlar necə hazırlanmalıdır?

-Bu gün pedaqoji kadrların informasiya təhsil məkanında, təhsilin informatlaşması şəraitində səmərəli işləyə bilməsi üçün onlar sistemli şəkildə, kompleks hazırlanmalıdır. Müasir müəllim hazırlığının məzmun və forması informasiya texnologiyalarının sürətli inkişafı ilə uzlaşmalıdır. Nəzərə alsaq ki, ümumiyyətlə, təhsil sistemi real praktikanı qabaqlamalıdır, onda müəllim hazırlığının məzmunu bu günə yox, sabaha yönəlməli, bu sahənin inkişaf perspektivlərini nəzərə almalıdır. Yeni formatlı, innovativ inkişafa istiqamətlənmiş müəllim kadrlarının hazırlanması müvafiq elmi tədqiqatlar, futuroloji proqnozlaşdırma tələb edir. Belə pedaqoji proqnoztika vermək asan məsələ deyil. Belə şəraitdə təhsilin informatlaşması kimi qlobal problemin həlli hər bir milli təhsil sistemi üçün çox ciddi sınaq, bəlkə də tarixi imtahan sayıla bilər. Bu imtahandan çıxa bilməyən milli təhsil sistemlərinin gələcəyi yoxdur, çünki sənaye dövrünün təhsil sistemi artıq informasiya cəmiyyətində işləyə bilməz, bu sürətli dəyişikliyi görmək və ona adekvat reaksiya vermək zəruridir. Təhsilin informatlaşması problemini həll edə bilməyən ölkələrin milli iqtisadiyyatı, xüsusən də informasiya cəmiyyətinin tələb etdiyi innovasiyayönümlü, elmtutumlu, biliklərə əsaslanan müasir iqtisadiyyatı, peşəkar, yüksəkixtisaslı kadrları, müasir tələblərə cavab verən insan kapitalı olmayacaq. Bu gün hər bir milli təhsil sisteminin gələcəyi onun informatlaşma səviyyəsindən asılıdır. Ona görə də, inkişaf etmiş ölkələrdə təhsilin informatlaşması təhsilin prioritet məsələsi kimi qiymətləndirilir.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-12 yanvar.-S.11.