Ustad aşıqların irsinin qorunması sonrakı nəsillərin mənəvi borcudur

 

Əzəl bir adamla dostluq eyləsən,

Onu çəksən imtahana yaxşıdır.

Baxdın gördün ilqarına kəc oldu,

Ona tapsan bir bahana yaxşıdır.

(Aşıq Hüseyn Bozalqanlı)

 

Aşıq Hüseyn Bozalqanlının cavanlıq və orta yaş dövrü çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti illərini əhatə edirsə, ahıl yaşı sovet Rusiyasının dövrünə təsadüf edir. Görürük ki, aşığın yaşadığı dövr üç dövlətin zamanına düşür və çar Rusiyasının devrilməsi, AXC-nin yaranması və sonra onun süqutu ilə sovet dövlətinin qurulması kimi ciddi hadisələr tariximizdə köklü dəyişikliklərə səbəb oldu. Öz növbəsində bu hadisələr ədəbiyyatımızın inkişafında müəyyən əngəllər yaratmış və həmin məşəqqətli hadisələr xalq poeziyasına köçmüşdür. Çox təəssüf ki, bu gün də həmin təsirlərin acısı, hələ də aydın hiss olunur. Belə ki, günümüzdə klassikləşən qələm və sənət adamlarının yaradıcılığının bir çoxu yazılı ədəbiyyata köçürülməmiş və folklor hadisəsi kimi dildən-dilə keçərək yaşamışdır. Aşıq sənətinin klassiklərindən biri Aşıq Hüseyn Bozalqanlının yaradıcılığı həmin illərdə (xüsusilə çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti illərində) yazılı ədəbiyyata köçürülməmiş və nəticədə aşığın zəngin irsinin böyük bir hissəsi it-bata düşmüş və ya unudulmuşdur. Ancaq sovet Rusiyası dövründə aşığın yaradıcılığına maraq olmuş və Aşıq Hüseyn Bozalqanlının şeirləri çap məhsullarında yer almağa başlamışdır. Aşıq Hüseyn Tovuz rayonunun Bozalqanlı kəndində yaşamasına baxmayaraq, dövrün ziyalıları (V.Xuluflu, S.Mümtaz, H.Əlizadə, S.Vurğun, C.Xəndan, M.Rahim, M.İbrahimov və b.) onunla sıx əlaqələr saxlayırdılar. Ədəbiyyatın dərin bilicisi və bir ustad aşıq kimi Hüseyn Bozalqanlıya böyük məhəbbət olmuşdur. Biz bunu həmin alimlərin əsərlərində və ələlxüsus Ədəbiyyat və İncəsənət qəzetinin səhifələrində müfəssəl şəkildə görə bilərik.

Xəstə Qasım, Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər kimi klassik aşıqlarla bir sırada dayanan azman el sənətkarı Aşıq Hüseyn Bozalqanlının sovet hökuməti qurulduqdan sonra yaradıcılığı zəhmətsevər folklorçu alimlərimiz tərəfindən yazılı ədəbiyyata köçürülməyə başlandı. Sözün həqiqi mənasında bu el sənətkarının yaradıcılığına böyük diqqət yaranaraq şeirləri və aşıq sənəti ilə bağlı bilikləri kitablarda, qəzetlərdə və jurnallarda yer aldı. Həmin dövrdə aşığın yaradıcılığına diqqət olmasaydı, bu gün Hüseyn Bozalqanlı irsinin tədqiqatçıları ciddi problemlərlə üzləşəcəkdi. Bu yazımızda Aşıq Hüseyn Bozalqanlı ilə Aşıq Ələsgərin görüşü, dostluğu və onların ədəblə şeirləşmələri (daha doğrusu, üz-üzə oxumaları) mənbələr üzrə diqqətlə araşdırılacaqdır.

Cəmiyyətdə, bəzən oxucular, tədqiqatçılar, sənətsevərlər və hətta alimlərdə iki dahi aşığı (Aşıq Ələsgər və Aşıq Hüseyn Bozalqanlı) bir-biri ilə üz-üzə qoyurlar. Mən kəskin şəkildə bunun əleyhinəyəm. Çalışıb qızılı qızılın yanına qoymaq lazımdır. Bu zaman gözəl füzulişünas alim Sabir Əliyevin bir rübaisini xatırlamaq yerinə düşər.

 

Bir sual eşitdim ömrüm uzunu,

Nizami böyükdür yoxsa Fızılı.

Ariflər ayırmaz biri-birindən,

Qızılın yanına qoyar qızılı.

 

Şeirdə Fızılı adı Füzuli deməkdir. Sabir müəllim adı bu cür verməklə qeyd edir ki, Dahi Füzulini oxumayanlar, şairin yaradıcılığını dərindən bilməyənlər və onun adını düzgün deyə bilməyənlər iki dahi şəxsiyyətin müqayisəsini aparmamalıdır. O cümlədən Aşıq Ələsgər və Hüseyn Bozalqanlı kimi dahi sənətkarların yaradıcılığını və sənət fəaliyyətlərini dərindən mənimsəməyənlər də dahi sənətkarlar haqqında fikir bildirməməlidirlər.

Mütəfəkkir aşıqlar bizim ədəbiyyatımızın, aşıq sənətimizin onurğa sütunlarını təşkil edirlər və onların yaradıcılığının müqayisəli təhlilini qərəzli, tarixi ədalətsizliklə vermək düzgün deyil. Çünki aşıq poeziyası xalq poeziyasının əsasını təşkil edir və bir çox gözəl poetik nümunələr aşıq şeiri şəkillərində yaranıb. Bu baxımdan Aşıq Ələsgər və Hüseyn Bozalqanlının ədəbi fəaliyyəti, bir sənətkar kimi aşıq sənəti qarşısında gördüyü işlər təqdirəlayiqdir. Hər iki dahi sənətkarın aşıq sənəti və poeziyası qarşısında misilsiz xidmətləri var və onların bu nəcib işləri bu gün də, gələcəkdə də müzakirə obyekti olacaqdır. Aşıq Ələsgər və Hüseyn Bozalqanlının hər biri sənətsevərlər üçün əzizdir. Ancaq bəzi ağzıgöyçəklər iki dahi sənətkarı üz-üzə gətirərək lazımsız söz-söhbətlər edirlər. Bunu unutmaq lazım deyil. Tarixi saxtalaşdırmağı tarix bağışlamaz və çalışıb hər iki el sənətkarına layiqli qiymət vermək lazımdır.

Aşıq Ələsgər şirin, dilə yatan, oxunaqlı aşıq şeirinin müxtəlif şəkillərində yazdığı mükəmməl şeirləri ilə məşhurdur. Elə bu xüsusiyyətlərə görədir ki, o, aşıq sənətində ən çox oxunan aşıqlardan biridir. Onun dilində olan sadəlik, gözəllik şeirlərində müfəssəl hiss edilir və xalq ruhuna yatan yaradıcılığı ilə ölməzlik qazanıb. Aşıq Hüseyn Bozalqanlıda Azərbaycan aşıq sənətində tanınan, oxunan ciddi yaradıcılıq və fəaliyyətlə məşğul olan ustad sənətkarlardan biridir. Onun şeir və dastanları da dillər əzbərinə çevrilmiş, aşıqlar arasında sürətlə yayılaraq xalq məhəbbəti qazanmışdır. Aydındır ki, hər bir aşığın yaradıcılığı xalqımız üçün əziz və dəyərlidir. Bu baxımdan da sənətkarların yaradıcılığı haqqında fikir bildirdikdə ən azından onların ədəbi fəaliyyəti, aşıq sənətini dirçəltmək üçün gördüyü işləri dəqiq mənimsəyərək elmi faktlarla öyrənmək lazımdır. Bu informasiyaları əldə etdikdən sonra hər hansı aşıq haqqında fikir bildirmək olar. Şübhəsiz ki, yenə fikir söyləyərkən ədaləti pozmaq olmaz.

Aşıq Hüseyn və Aşıq Ələsgər eyni dövrdə yaşamış və aşıq sənətinə xidmət edərək el-oba arasında sənətin yaşamasına xidmət etmişlər. Hər iki sənətkar aşıq sənətinin yaşadılması üçün çoxlu şəyirdlər yetirmiş, aşıq poeziyasının müxtəlif şəkillərində şeirlər yazmış və adlarını ədəbiyyat və aşıq sənəti tarixinə qızıl həriflərlə yazmışlar. Bu dahi şəxsiyyətlər yaşadıqları dövrlərdə bir-birləri ilə əlaqə saxlamış və görüşmüşlər. Aşıqların yaşadığı dövrün çətinlikləri onların bir-birləri ilə sıx əlaqə saxlamalarına imkan verməmişdir. Həmçinin hər iki aşığın tarixi görüşü çox təəssüf ki, həmin zamanlar yazılı ədəbiyyata köçməmiş, dildən-dilə keçərək yaşamışdır. Dildə yaşanılan tarix bir çox zaman təhrifə məruz qalır ki, biz bunu artıq hiss edirik. Elə bu səbəbdən də bu məqaləni yazmağı qərara aldıq. Sevindirici haldır ki, sonradan bu dahi sənətkarların görüşləri və ədəb-ərkanla deyişmələri tədqiqatçı alimlərin diqqətini cəlb etmiş və yazılı ədəbiyyata köçürülmüşdür. Bu istiqamətdə, ilk növbədə Hümmət Əlizadənin misilsiz xidmətləri olub. Ötən əsr aşıq sənəti ilə bağlı mötəbər mənbələr Hümmət Əlizadənin tərtib etdiyi kitablardır ki, bu gün də həmin əsərləri tədqiqatçılar əsas götürür.

Aşıq Ələsgər və Hüseyn Bozalqanlının deyişmələrini toplayan və kitablarında dərc edən Hümmət Əlizadənin 1929-cu ildə nəşr etdirdiyi Azərbaycan aşıqları I cild kitabının 14 və 15-ci səhifələrində deyişmənin bir hissəsi verilmişdir. Aşıq Hüseyn Bozalqanlının adı kitabda Aşıq Söyün kimi verilir və 14-cü səhifənin aşağısında belə bir qeyd var: Aşıq Hüseyn Qazax mahalında ən məşhur şairlərdəndir. Fəqət tərcümeyi-halı Koroğlu kitabında çap olunduğu üçün təkrara lüzum görmədik. Bu şairin adı Aşıq Hüseyndir. Lakin xalq arasında Aşıq Söyün deyə tanındığından bizdə elə yazdıq. H. Əlizadə. Maraqlıdır ki, kitab çap olunarkən Aşıq Hüseyn Bozalqanlı yaşayırdı, Aşıq Ələsgər isə haqq dünyasına qovuşmuşdu. Həmçinin Hümmət Əlizadə Aşıq Hüseynlə əlaqələr saxlayır, Göyçə mahalına səfərlər edir və aşıq sənəti ilə bağlı ciddi materiallar toplayırdı.

Aşıq sənətinin unudulmaz sənətkarı Aşıq Ələsgərin ilk kitabını Hümmət Əlizadə 1934-cü ildə Azərnəşr nəşriyyatında çap edir. Aşıq Ələsgər irsinin toplanıb saxlanması baxımından H.Əlizadənin bu kitabı və digər nəşrləri təqdirəlayiqdir. Hümmət Əlizadə kitabın Aşıq Ələsgərin tərcümeyi-halı bölməsində yazır: Ələsgər ilə həməsr olan ustad aşıq və şairlər: Göyçəli Aşıq Musa, Aşıq Alı, Aşıq Məmməd, Dərələyəzli Aşıq Qəhrəman, Alçalı Aşıq Məhərrəm, Cilli Şair Aydın, Molla Tağıoğlu şair Məhəmməd və Tavuz (Tovuz) rayonundan Bozalqanlı Aşıq Hüseyn, Yekallarlı şair Nağıdır. Bunlardan Aşıq Qəhrəman, Aşıq Alı, şair Nağı və Aşıq Hüseyn Ələsgərlə deyişmişlər". Bu kitabda da deyişmənin bir hissəsi verilib və adını Söyün yazıblar. Həmin kitabın 163-cü səhifəsində deyişmənin altında qeyd kimi yazılıb: Söyün Hüseyn deməkdir. Fəqət xalq içində aşıq Söyün kimi tanındığından biz də elə yazdıq. Aşıq Hüseyn Tavuz (Tovuz) və Qazaq (Qazax) mahallarında ən məşhur aşıqlardandır. Geniş tərcümeyi-halı Koroğlu kitabında çap olunmuşdur. H.Ə.. Həmin kitabın 163, 164, 165, 166-cı səhifələrində deyişmələr verilib.

Hümmət Əlizadə 1935-ci ildə Azərnəşr nəşriyyatında çap etdiyi Aşıqlar kitabında Aşıq Hüseyn Bozalqanlının bir neçə şeirini vermiş və onun haqqında qısa məlumat dərc etmişdir. Həmin qısa məlumat kitabın 291-ci səhifəsində dərc olunmuş və orada yazılır:

Aşıq Hüseyn Tavuz (Tovuz) rayonun Aşağı Bozalqanlı kəndindəndir. Təvəllüd tarixi məlum deyil: özünün söylədiyinə görə 55-60 yaşlarındadır.

Aşıq Hüseyn çox usta və aşıqlarla qabaqlaşmış, çox mollalar məclisinə düşmüş, heç bir kəs onun qabağında dura bilməmiş. O cümlədən məşhur ustad Göyçəli Aşıq Ələsgər ilə də deyişmişdir, fəqət heç biri üstün gələ bilməmişdir.

Aşıq Hüseyn Koroğlu (Kor oqlu) dastanının üç böyük qolunu bilir.

Ən çox mürəbbə gözəlləmələri və həcvlərilə məşhurdur. Aşıq Hüseyn lirik şeirlər ilə bərabər ictimai xarakter daşıyan şeirlər də söyləmişdir. Baxın, Çəkməsin, Geri dur, Varmış, Olubdur şeirləri bu qəbildəndir.

Məşhur folklorşünas alim Hümmət Əlizadənin Aşıqlar kitabı II cildi Azərnəşrdə 1936-cı ildə işıq üzü görür. Bu kitabda da Aşıq Hüseynin bir neçə şeiri çap olunur. Aşıq Hüseyn Bozalqanlının şeirləri kitabın 259, 260, 261, 262, 263, 264 və 265-ci səhifələrində verilib.

Dəyərli alim Hümmət Əlizadənin Aşıq Ələsgər haqqında növbəti kitabı 1937-ci ildə Azərnəşr nəşriyyatında işıq üzü görür. Həmin nəşrin 245, 246, 247, 248, 249 və 250-ci səhifələrində Aşıq Ələsgərlə Aşıq Hüseynin deyişməsi başlığında deyişmənin III hissəsi verilmişdir. Burada bir məqam diqqəti cəlb edir. Belə ki, deyişmələr Hümmət Əlizadə tərəfindən bir neçə kitabda çap olunub. Bu zaman Aşıq Hüseyn Bozalqanlı və deyişmənin şahidi olan əksər insanlar yaşayırdılar. Onların heç biri bunu inkar etməyib. Ancaq bu insanlar dünyasını dəyişdikdən sonra gələcək tədqiqatçılar bilərək və ya bilməyərək deyişmənin olmadığını yazmışlar və deyişmənin Hüseyn Bozalqanlı yox, Aşıq Hüseyn Şəmkirli olduğu vurğulamışlar.

Hətta Aşıq Ələsgərlə Aşıq Hüseynin görüşü haqqında olan dastan və rəvayət sonralar kitablara da salınıb. Ancaq buradakı səhvlər və təhriflər hiss olunur və əlimizdə olan materiallar bunu deməyə əsas verir. Hazırda Aşıq Ələsgərlə Aşıq Hüseyn Şəmkirlinin adına verilən deyişmələr Aşıq Hüseyn Bozalqanlı ilə Aşıq Ələsgərin deyişmələridir. Ehtimal olunur ki, ötən əsrdə kitabxana və internet resurslarının zəif olması bu sahənin tədqiqatçılarının sanballı mənbələrə çatmasına və beləcə, ciddi tədqiqatlar aparmasına imkan verməmişdir. Məhz bu və digər səbəblərdən qaynaqlanaraq deyə bilərik ki, deyişmənin Hüseyn Şəmkirlinin adına çıxarılması informasiya qıtlığından baş vermişdir. Hazırda əlimizdə olan deyişmə Aşıq Hüseyn Bozalqanlı ilə olan deyişmədir.

Aşıq Ələsgərin 1972-ci ildə Elm nəşriyyatında Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun qərarı ilə çap olunan Aşıq Ələsgər ikicildlik kitabında Aşıq Hüseyn Bozalqanlı ilə Aşıq Ələsgərin görüşü əhvalat kimi verilmişdir. Kitabın toplayıcısı İslam Ələsgər, tərtib edənlər Əhliman Axundov, Məhəmməd Hüseyn Təhmasib və redaktoru isə Həmid Araslıdır. Həmin kitabın 259-cu səhifəsindən 274-cü səhifəsinə kimi Aşıq Ələsgərlə Aşıq Hüseyn haqqında rəvayət başlıqlı deyişmə çap olunub. Bu kitabda çox ciddi səhvlər getmişdir. Belə ki, kitabın 92-dən 96-ya kimi olan səhifəsində verilən deyişmə Aşıq Ələsgərlə Aşıq Hüseyn Şəmkirlinin adına verilmişdir. Bu kitabın 324-cü səhifəsində izahatla Aşıq Hüseyn Şəmkirlinin olduğu vurğulanmışdır. Bu isə ciddi tarixi səhvdir. Çünki həmin deyişmə Hümmət Əlizadənin kitablarında Aşıq Hüseyn Bozalqanlı ilə olduğu vurğulanır və Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının deyişməsi kimi verilmişdir. 1972-ci ildə çap olunan Aşıq Ələsgərin Aşıq Hüseyn Şəmkirli ilə deyişməsi səhvən çap olunmuşdur. Bunun haqqında ikinci dəlilimiz Ədəbiyyat və İncəsənət qəzetinin 1941-ci il noyabrın 20-də səhifə 4-də Aşıq Hüseyn Bozalqanlının vəfatilə bağlı Əhməd Cəmilin imzaladığı nekroloqda həmin deyişmədən bir bənd şeir verilmişdir. Bu da bir daha sübut edir ki, deyişmə Aşıq Hüseyn Bozalqanlıya aiddir.

Çox maraqlıdır ki, bu tarixi səhv sonrakı kitabların birində də təkrar olunur. Aşıq Hüseyn Şəmkirlinin 1991-ci ildə Bakı yazıçı nəşriyyatında (toplayıb, nəşr edən və ön sözün müəllifi professor Rüstəm Rüstəmzadə və redaktoru İslam Turkay) çap olunan kitabın 51-ci səhifəsində deyişmə Aşıq Hüseyn Şəmkirlinin adından verilmişdir. Böyük ehtimalla buradakı səhv informasiya Aşıq Ələsgərin 1972-ci ildə çap olunan Aşıq Ələsgər ikcildlik kitabından götürülmüşdür. Maraqlıdır ki, Aşıq Hüseyn Şəmkirlinin həmin kitabında Aşıq Ələsgərlə verilmiş bu deyişmənin tutarlı mötəbər istinad mənbəyi yoxdur.

Aşıq Ələsgərin nəvəsi, ələsgərşünas alim İslam Ələsgər 1999-cu ildə Maarif nəşriyyatında çap etdirdiyi Haqq aşığı Ələsgər kitabında yazır: Hamıya məlumdur ki, Bozalqanlı Aşıq Hüseyn Aşıq Ələsgərlə deyişməmişdir. Ələsgər kimi bir ustadın özündən 50 yaş kiçik olan bir cavanla deyişməsinə inanmaq çətindir. Bundan əlavə, Bozalqanlı Aşıq Hüseyn Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Qurbanla siğə qardaş imişlər. Ələsgəri öz atası kimi əziz tutan Hüseynin onunla qarşılaşması yenə də heç cür ağlabatan deyildi.

Bozalqanlı Aşıq Hüseyn Aşıq Ələsgərin bəzi şeirlərinə bənzətmələr yazmışdır ki, aşıqlar bunları deyişmə şəklində oxusalar da, bu deyişmə deyildir. Deyişmə məsələsi Aşıq Hüseynlədir ki, bu barədə mətbuatda çıxış edilmişdir, hətta kitabların özlərində də qeydlər vardır.

İslam Ələsgərin bu yanaşmasını düzgün hesab etmək olmaz. Ən azından ona görə ki, Aşıq Hüseyn Bozalqanlı öz sağlığında olmayan bir deyişməni Hümmət Əlizadənin kitablarında çap olunmasına icazə verməzdi. Həmçinin Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının görüşləri olmuş, onlar şeirləşib oxumuşlar. Bu görüşün iştirakçıları olub və el-oba arasında bu əhvalat sürətlə yayılmışdır.

Aşıq Ələsgərin 1999-cu ildə Şərq-Qərb nəşriyyatında 578 səhifəlik Aşıq Ələsgər (Əsərləri, dastan-rəvayətlər, xatirələr...) kitabında (toplayıb tərtib edən, ön sözün və qeydlərin müəllifi İslam Ələsgər, redaktor, filologiya elmləri doktoru Məhərrəm Qasımlı) Aşıq Hüseyn Bozalqanlının Aşıq Ələsgərlə görüşündə dediyi Düşmüşəm qoşması çap olunub. Kitabın 537-ci səhifəsində Düşmüşəm şeiri verilib və guya, Aşıq Hüseyn Bozalqanlı Aşıq Ələsgərə nəzirə olaraq yazmışdır. Aşıq Ələsgərin bu kitabında şeirin Hüseyn Bozalqanlı adına verilməsi təqdirəlayiq addımdır. 1972-ci ildəki nəşrində verilən səhv burada düzəldilmiş, amma deyişmənin olduğu danılaraq bənzətmə kimi verilmişdir. Həmçinin Düşmüşəm qoşmasının bu kitabda çap olunması bir daha sübut edir ki, Aşıq Hüseyn Şəmkirlinin 1991-ci ildə çap olunan kitabında verilən informasiyada səhvdir. Bu faktlar bir daha şeirin Aşıq Hüseyn Şəmkirlinin yox, Aşıq Hüseyn Bozalqanlının şeiri olduğunu sübut edir.

Çox maraqlıdır ki, Aşıq Ələsgərin 2004-cü ildə Şərq-Qərb nəşriyyatında çap olunan 400 səhifəlik kitabında 1972-ci ildə səhvən çap olunmuş Aşıq Ələsgər və Aşıq Hüseyn Şəmkirlinin deyişməsi verilməmişdir. Bu, bir daha həmin deyişmənin Aşıq Hüseyn Şəmkirli ilə yox, Aşıq Hüseyn Bozalqanlı ilə olduğunu göstərir. Bu nəşrdə 228-ci səhifədən 242-ci səhifəyə kimi Aşıq Ələsgərlə Aşıq Hüseyn Şəmkirlinin görüşü verilmiş və 1972-ci ildəki səhvən verilən Aşıq Ələsgər və Aşıq Hüseyn Şəmkirlinin deyişməsində işlənən şeirlərindən istifadə olunmamışdır.

Azərbaycan aşıq şeirindən seçmələr (iki cilddə, I cild, Şərq-Qərb, 2005, 376 səh.) kitabında (tərtibçilər Əhliman Axundov, İsrafil Abbaslı, Hüseyn İsmayılov) da deyişmə Aşıq Hüseyn Şəmkirlinin adına səhv olaraq verilmişdir. Kitabın 351-ci səhifəsində deyişmə verilmişdir. Bir daha bu səhv informasiyaların kitablarda verilməsi tədqiqatçı alimlərin diqqətsizliyindən, arxiv materiallarını tədqiq etməməkdən irəli gəlir.

Aşıq Ələsgər və Aşıq Hüseyn Bozalqanlı arasında olan görüşdə Hüseyn Bozalqanlının səsləndirdiyi şeiri əziz oxuculara təqdim edirik:

 

Qırxlar piri özü verib dərsimi,

Şair cərgəsində sana düşmüşəm.

Arif məclisində, alim yanında,

Neçə dəfə imtahana düşmüşəm.

 

Bir zaman əlimdə zil bəm saz oldu,

Gözəllər mənimlə üzbəüz oldu.

Suyum artıq gəldi, tozhatoz oldu,

İndi də yumşalıb una dönmüşəm.

 

Özüm aşiq olub gəzirəm eldə,

Qaldı həsrət gözüm əbrişim teldə,

Ələsgər danışan təşbeh misalda,

Hüseyn deyər, həmən günə düşmüşəm.

 

Aşıq ədəbiyyatının tədqiqatçılarından biri Nazir Əhmədlinin Haqq-nahaq seçilər haqq divanında (Elm və təhsil, 2017, 340 səh.) kitabında da Aşıq Ələsgər və Aşıq Hüseyn Bozalqanlı görüşünə toxunulmuşdur. Kitabın 186-cı səhifəsində yazılır: Bəzən Ələsgərlə deyişən adamın Aşıq Hüseyn Şəmkirli deyil, Aşıq Hüseyn Bozalqanlı olduğunu söyləyənlər də var. Görkəmli söz ustası olan H. Bozalqanlının deyişmə ehtimalını nəzərdən keçirərkən, ilk növbədə onun yaşına baxmalıyıq. Aşığın 1937-ci ildə yazdığı tərcümeyi-halında 1863-cü ildə doğulduğu aydın olur.

Bu baxımdan, onun Aşıq Ələsgərdən 11 yaş balaca olduğu üzə çıxır. Ehtimal baxımından onların arasında deyişmə olduğunu inkar etmək olmaz, amma son dövrlərdə qəbul olunmuş ictimai fikrə görə Aşıq Ələsgərlə deyişən Şəmkirli Aşıq Söyün olmuşdur.

Nazir Əhmədlinin bu yanaşması göstərir ki, tədqiqatında deyişmənin olub-olmadığını sübut edəcək tutarlı mötəbər mənbələr olmamışdır. Nazir müəllim son olaraq ictimai fikri əsas götürmüşdür. Nazir Əhmədli ilə görüşlərimizin birində bu məsələni xatırlatdım və Nazir müəllim mənə Hümmət Əlizadənin kitablarının və digər mənbələrin onda olmadığını vurğuladı. Kitabın gələcək nəşrlərində bu səhvin aradan qaldırılacağını dedi.

Ümumilikdə ustad aşıqların ədəbi fəaliyyəti hər birimizin milli sərvətimizin ayrılmaz tərkib hissəsidir. Aşıqlar xalq yaradıcılığının mühüm qolu olaraq əvəzsiz ədəbiyyat nümunələri yaratmışlar. Şifahi xalq ədəbiyyatına daha çox yaxın olan aşıq ədəbiyyatı zaman-zaman tarixi dəqiqliyini dildən-dilə keçərək itirmişdir. Şübhəsiz ki, bunu da təbii qarşılamaq lazımdır. Ancaq ustad aşıqların irsinin qorunması, tarixi ədalətin bərpası sonrakı nəsillərin mənəvi borcudur. Bu baxımdan, aşıq sənətində və ədəbiyyatında göründüyü kimi, bu gün də ciddi tədqiqatların aparılmasına böyük ehtiyac var. Hər birimiz çalışıb azman sənətkarlarımızın ədəbi irsinə sahib çıxıb, onu əsrlərdən-əsrlərə daşımalıyıq. Bu araşdırma yazımızdan sonra ümidvarıq ki, bu sahənin mütəxəssisləri Aşıq Ələsgər və Aşıq Hüseyn Bozalqanlı arasında olan deyişməni kitablarda yenidən nəşr edəcəklər.

 

Mahmud Əyyublu,

 

AAB-nin üzvü

 

Palitra.- 2018.- 2 avqust.- S. 13.