İnsanlar Qəbələ festivalına böyük maraq göstərir

 

Beynəlxalq Musiqi Festivalı turistlərin Qəbələyə marağını daha da artırıb

 

Qəbələ festivalına dəvət aldığıma görə təşkilatçılara minnətdarlığımı bildirirəm. İkinci gündür ki, bu gözəl şəhərdəyəm. İlk baxışdan da hiss olunur ki, festival çox yüksək səviyyədə təşkil olunub. İnsanlar festivala böyük maraq göstərir. Bura dünyanın hər yerindən insanlar gəlir. Festivalın proqramı çox zəngin və rəngarəngdir. Bildiyimə görə, festivalın əvvəlki günlərində burada tanınmış musiqi kollektivləri, ifaçılar çıxış ediblər, müxtəlif janrlı musiqilər ifa olunub. Şadam ki, dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin konsertlərindən birini idarə etmək dirijor kimi mənə həvalə edilib. Bu sözləri AZƏRTAC-a müsahibəsində X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, rusiyalı dirijor Mixail Xoxlov deyib. Festivalın yüksək səviyyədə keçməsində bu möhtəşəm musiqi layihəsinin təşkilatçısı olan Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayan rusiyalı dirijor mədəniyyətin qorunması və inkişafına, müxtəlif ölkələr, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə göstərdiyi dəstəyə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib. Qeyd edək ki, Qəbələyə gedən turistlər həm gözəl təbiət qoynunda dincəlir, həm də X Qəbələ Beynəlxalq Musiqi Festivalından böyük zövq alırlar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən ənənəvi beynəlxalq musiqi festivalına müxtəlif ölkələrdən məşhur kollektivlər və musiqiçilər, eləcə də Azərbaycanın tanınmış sənətçiləri qatılıblar. İsti yay günlərində keçirilən bu festival turistlər üçün gözəl fürsətdir. Festival musiqisevərlərlə yanaşı, turistlərin də zövqünü oxşayır. Onlar festival çərçivəsində təşkil olunan fan-zonalarda əylənir, zövqlü musiqiyə qulaq asırlar. Turistləri özünə cəlb edən Qəbələnin füsunkar təbiəti də göz oxşayır. Buraya gələnlər Tufandağa baş çəkməmiş ölkələrinə qayıtmırlar. Tufandağda kanata minən turistlər şəhərin gözəlliyinə valeh olduqlarını deyirlər. Ukraynalı turistlər Aleksandr MakarovYekaterina Korastya Qəbələyə elə Tufandağın sorağı ilə gəliblər. Hər ikisi yüksək dağlardan paraşütlə tullanmağı sevir və illərdir məşğul olduqları bu idman növünün peşəkarlarına çevriliblər. Tufandağda kanata minmək üçün növbədə dayanan xeyli sayda turist var. Dağlıq ərazidə istirahət üçün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə isə xizəklə sürüşməyi, bu idman növünün təlimi, xizəkçilik məktəbi, uşaqların istirahətinin təşkili və digər xidmətləri təklif edir. İl ərzində istirahət mərkəzlərinə və otellərə edilən sifarişlərin çoxluğu isə onu göstərir ki, turistlərin Qəbələyə böyük marağı var. X Qəbələ Beynəlxalq Musiqi Festivalı isə bu marağı daha da artırır. Bir sözlə, bu yay Qəbələyə gələn çoxsaylı turistlər təbiət qoynunda dincəlməklə yanaşı, həm də zövqlü musiqi dinləmək imkanı qazanıblar.

 

Cavidan

 

Palitra 2018.- 8 avqust.- S. 4.