Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir

 

Bütün tarixi həqiqətləri inkar edən ermənilər abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək, erməniləşdirirlər

 

Antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Qarabağ da daxil olmaqla Azərbaycan AlbaniyaAtropatena dövlətlərinin tərkib hissəsi olmuşdur (e.ə. IV - eramızın VII əsri). Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qəzetimizə verdiyi məlumata görə, məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf etmişdi: Alban dövrü memarlıq abidələrinin daşdivar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur.

 

Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı. Təsadüfi deyildir ki, əsrlərlə dinc yanaşı yaşayan albantürk tayfalarının öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ o dövrdən Azərbaycanda multikulturalizmin mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban-türk memarlıq abidələri kimiqeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur. Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə, Rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi Y.İ.Krupnov yazırdı: Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixitaleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar.

F. İsmayılovun sözlərinə görə, Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir: Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığaqədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.

Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cisimlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cisimlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir.

F.İsmayılov deyir ki, təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər xristianlıq amilindən istifadə edərək, bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək, bu abidələri erməniləşdirirlər. Abidələrin mənimsənilməsi zamanı ermənilər, bəzən abidənin bütün divarlarını yenidən tikir, genişləndirir və hündürləşdirirlər ki, bu da abidənin mövcud vəziyyətdə təmir edilməsi Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir. Buna misal olaraq Xocavənd rayonunun Dağyurd kəndindəki abidəni misal göstərmək olar.

Birliyin sədri onu da vurğulayır ki, Dağyurd Xocalı rayonunun ərazi vahidinə aid kənddir: Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Saruşen olmuşdur. Belə ki, XIX əsrin sonlarında İrandan Qarabağa köçürülən ermənilər kəndi Saruşen adlandırmışdılar. Kəndin əhalisi XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmiş erməni ailələrindən ibarətdir. Dağyurd kəndi Azərbaycanın qədim ərazilərindəndir. Oykonim "dağda salınmış yurd" yeri mənasını verir. Kənd 1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Abidənin ümumi görünüşütikinti quruluşu bu abidənin özünəməxsusluğunu göstərir. Abidədən Sovet dövründə anbar kimi istifadə edilmişdir. Lakin bu abidənin görünüşü erməniləri qane etmədiyindən onun formasını dəyişmək qərarına gəldilər. Beləliklə, onlar abidənin ümumi görünüşünü dəyişdirdilər. Təmirdən sonra abidənin üst hissəsi hündürləşdirildi. Çardağı dəmirlə bağlandı. Hələ üstəlik binanın üzərinə zəng qülləsi də əlavə edildi. Dağyurd kəndində Qafqaz Albaniyası dövrünə aid olan daha bir XII - XIII əsr abidəsi erməni vandalizminin qurbanı olub.

Abidə 1991-ci ildə erməni terrorçuları tərəfindən mişen kimi istifadə edilmiş abidəyə bir neçə dəfə uzaq məsafədən atəş açılmışdır. Ermənilər bu cinayətlərini gizlətmək üçün abidəni yenidən inşa etmək qərarına gəliblər. Belə ki, abidəni bərpa etmək bəhanəsi ilə onu əzəli görünüşündən məhrum etdilər. Təmir zamanı, abidənin sol tərəfinə 2 metr divar əlavə edildi. Bir o qədər də binanın ön tərəfi artırılıb. Binanın tavanı 50 sm-dən çox hündürləşdirilib. Beləliklə, abidə əzəli görkəmindən daha böyük görünür.

 

Nigar Abdullayeva

 

Palitra 2018.- 16 avqust.- S.11.