Niftalı Göyçəli: Aşıq Hüseyn Bozalqanlı Aşıq Ələsgərdən sonra poeziyanın zirvəsində dayanan ustad sənətkar olub

 

Yusifov Niftalı Xanbuta oğlu (Niftalı Göyçəli) 1951-ci il Göyçə mahalı Babacan kəndində doğulub. ADU-nun (indiki BDU) Kitabxanaçılıq fakültəsini bitirib, AYB üzvü və şair publisistdir. Niftalı Göyçəli 3 epos, 4 poemanın müəllifidir.

 

- Niftalı müəllim, müsahibəmizə babanız Aşıq Əli haqqında qısa informasiya ilə başlayaq. Sizin əcdadlarınızda da sözə və sənətə bağlılıq olub.

- Bəli, ata-babalarım aşıq sənətinə və poeziyaya bağlı insanlar olublar. Bəlkə də mənim də aşıqlıq qabiliyyətim və şair olmağım irsi xarakter daşıyır. İfaçı aşıqlar sırasında zil səsi və geniş biliyi ilə seçilən babam Aşıq Əli Yusif oğlu 1890-cı illərdə (il dəqiq bilinmir) Göyçə mahalının Babacan kəndində anadan olub. Gilas nənəm Tovuz rayonunun Yanıqlı kəndindəndir və Hüseyn Bozalqanlı nəslinə qohumdur. Babam Aşıq Əli ilə Hüseyn Bozalqanlı arasında sənətlə əlaqədar dostluq münasibəti olmaqla Tovuz və Gədəbəy bölgəsində məclislər keçirmişlər. Aşıq Əli 50 yaşlarında dünyasını dəyişib.

- İndi isə atanız Aşıq Xanbutanın Aşıq Hüseyn Bozalqanlı ilə bağlı xatirələrini oxucularımızla bölüşərdiniz.

- Atam Aşıq Xanbuta xalq dastanlarını, eləcə də aşıq poeziyasının ustadı kimi Hüseyn Bozalqanlı yaradıcılığından əksər şeirlər bilirdi. Atam söyləyirdi: Mən 14-15 yaşımdan əlimə saz götürüb çalıb-oxumağı bacaran vaxtlarda Göyçədən Yanıqlı kəndinə Qərib (anamın qardaşıdır) dayımgilə qonaq getmişdim. Kənddə toy vardı və Hüseyn Bozalqanlı həmin toya bir şəyirdi ilə aşıq kimi dəvət olunmuşdu. Mən toy məclisində fikirləşdim ki, ustada yaxınlaşıb tanışlıq verim, bəlkə, məni də şəyirdliyə götürə. Yaxınlaşıb ona salam verən zaman gözaltı aşıq formamı süzüb sual verdi:

- Oğul, kimlərdənsən?

- Göyçəli Aşıq Əlinin oğluyam.

- Allah rəhmət eləsin! Atan yaxşı sənətkar, gözəl insan idi. Geyimindən görünür, sən də bu sənəti seçmisən. Gəl bu sazı götür, bir-iki ağız oxu, görək ləmsin, səsin necədir.

Qorxa-qorxa sazı sinəmə alıb, Misiri havasına nizamlayıb oxumağa başladım, amma özümdən asılı olmayaraq dizlərim əsirdi. O zaman səsi-sorağı Moskvadan, böyük dövlət tədbirlərindən, Qafqaz ellərindən gələn ustad sənətkarın, incəsənət xadiminin qarşısında saz tutub, söz söyləmək asan iş deyildi. Hüseyn Bozalqanlının baxışı, zəhmi ağır olsa da, müraciəti, sözü adama çox doğma təsir bağışlayırdı. Mənim saz çalmağımda, oxumağımda həyəcan görüb vəziyyətimi anlayan ustad yumşaq bir səslə dedi:

- A bala, özünü itirmə, sərbəst ol, oxuyanda da tələsmə. Deyəsən, bu Misiri havası Göyçədə çox dəbə düşüb?

Dedim:

- Bəli...

Otuzuncu illərdə Koroğlu dastanı el arasında çox sevgi ilə qarşılanırdı, paşalara, xanlara olan xalq nifrəti dastanın şeirlərində əks olunduğundan o dövrün dəbində idi.

Xülasə, çətinlik olsa da, havanı oxuyub sazı yerinə qoyan zaman Aşıq Hüseyn məni məclisdən bir az kənara çəkərək:

- Gəl təzədən görüşək, - deyib məni bağrına basdı, bir Stalin beşliyi də cibimə basıb soruşdu:

- Tovuza, yəqin ki, Qərib dayıngilə gəlmisən?

Dedim:

- Bəli, indi Göyçəni qar basıb (noyabr), evdən bayıra çıxmaq olmur, yenə buralarda qış olsa da, havalar çölə-bayıra çıxmağa imkan verir...

Ustad azca fikrə gedib dedi:

- Səsin yaxşıdı, amma havacatı yaxşı tuta bilmirsən. Amma çalışıb, hər şeyə diqqət eləsən, zəhmət çəksən, püxtələşərsən... Qısa söhbətdən sonra o, məclisə qayıtdı. Mən isə sevincdən sanki qol-qanad açıb pərvaz eləyirdim. Bu əhvalat 1939-cu ildə olmuşdu və həmin tarixdən ustad aşığın bir kəlmə xeyir-duası ilə çox sürətlə sənəti lazımi səviyyədə öyrənməyə başladım. Hansı məclisə gedirdimsə, dinləyənlərin xoş rəğbətini qazanırdım, bu Hüseyn Bozalqanlının üzünün nurundan, onun haqq vergisindən irəli gəlmişdi... Allah o dahi ustada qəni-qəni rəhmət eləsin!

- Maraqlıdır, deyirsiniz atam Aşıq Hüseynin xeyir-duası ilə aşıqlığa başlayıb. Bəs atanız Hüseyn Bozalqanlının hansı şeirlərindən daha çox oxuyardı?

- Qeyd edim ki, atam Hüseyn Bozalqanlıdan çox oxuyardı. Yaxşı yadımdadır, atam bu hadisəni danışandan sonra sazı sinəsinə basıb ustad sənətkar Hüseyn Bozalqanlının aşağıdakı qoşmasını oxudu.

 

DÜŞMÜŞƏM

 

Qırxlar piri özü verib dərsimi,

Şair cərgəsində sana düşmüşəm.

Arif məclisində, alim yanında

Neçə dəfə imtahana düşmüşəm.

 

Bir zaman əlimdə zil bəm saz oldu,

Gözəllər mənimlə üzbəüz oldu.

Suyum artıq gəldi, tozhatoz oldu,

İndi də yumşalıb una dönmüşəm.

 

Özüm aşiq olub gəzirəm eldə,

Qaldı həsrət gözüm əbrişim teldə,

Ələsgər danışan təşbeh misalda,

Hüseyn deyər, həmən günə düşmüşəm.

Aşıq Hüseyn Bozalqanlı tarix və yaş dövrünə görə Aşıq Ələsgərdən sonra poeziyanın zirvəsində dayanan ustad sənətkar olmuşdur. Ustadın şəyirdləri də saz-söz meydanlarında öz istedadları ilə el arasında ad-san qazanmışdılar. Otuzuncu illərdə Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Hüseyn Bozalqanlı Azərbaycan şifahi və yazılı poeziyasının, saz musiqisinin dərin bilicisi kimi, o dövr şairlərin, bəstəkarların ustad məsləhətçisi olmuşdur. Poeziya sahəsində görkəmli şairlər, bəstəkarlar öz xatirələrində Hüseyn Bozalqanlıdan dəyərli məsləhətlər aldıqlarını qeyd edirlər.

- Sovet dövləti qurulduqdan sonra aşıq sənətində müəyyən inkişaf başladı. Bu inkişafın nəticəsidir ki, Hüseyn Bozalqanlı yaradıcılığına böyük maraq yarandı...

- Aşıq Hüseyn Bozalqanlının 1920-ci ildən sonra ömrünün sonuna kimi (1941-ci il) ünlü yaradıcılıq dövrü olmuşdur. Bu dövr SSRİ məkanında olduğu kimi, Azərbaycan Sovet Sosialist Respublikasında da mətbuatın vüsət alması, qəzet və jurnalların nəşrlərinin mövzularında poeziyaya geniş yer verilməsi ustad sənətkar Hüseyn Bozalqanlının şeirlərinin ardıcıl olaraq mətbuat səhifələrində dərc olunmasına şərait yaratmışdır. Ruhani təhsili görmüş və ərəb əlifbasında, eyni zamanda yeni latın qrafikasında yazıb-oxumağı bilən ziyalılar həmin dövrdə barmaqla sayılırdı, onlardan ən ucada duran isə Aşıq Hüseyn Bozalqanlı idi. Ustad sənətkar bir şeirində də özü haqqında deyir:

 

QIRMIZI

 

Aşıqlıq elmindən xəbərdar olan

Gəl, dolanaq bu meydanı qırmızı.

Yaxşı düşün, sözlərimə cavab ver,

Kim seyr etdi ol rizvanı qırmızı?

 

De, necə qurulub dünya binası,

Aşıqlıq sözünün nədir mənası?

Tanı, mənəm aşıqların ustası,

Mən bilirəm yol-ərkanı qırmızı.

 

Aşıq Hüseyn, telli sazdır əlində,

Hər suala cavabı var dilində.

Adı bəlli Azərbaycan elində,

Dolanmışam hər obanı qırmızı.

 

- Aşıq Hüseyn irsi ilə bağlı dəyərli fikirlər səsləndirdiniz. Bəs Aşıq Hüseynin yaradıcılığı, sizcə, sonrakı dövrlərdə niyə geniş şəkildə tədqiqata cəlb edilməyib?

- Aşıq Hüseyn Bozalqanlının yaradıcılığında sovet quruluşu ilə bağlı şeirlərin olması 1953-cü ildən sonra Stalinin şəxsiyyətə pərəstiş məsələsi ilə əlaqədar dövlət səviyyəsində bir qədər nəzərdən yayınmışdır. İrəli sürdüyüm fikirlə əlaqədar qeyd edim ki, bütün dövrlərdə hakimiyyət pilləsinin yuxarısında dayanan hökmdarlar yaradıcı sənətkarlar tərəfindən qələmə alınmaqla onların şəxsində ədalətli hökmdar obrazları təbliğ olunmuşdur. Nizami Gəncəvinin təriflədiyi şah obrazları tarixən despot olsalar da, əsərdə ədalətli, elm-mədəniyyət, xalqsevər obrazı kimi verilmişdir. Dediyimiz hallar Ə. Firdovsidə, Qətran Təbrizidə, Məhəmməd Füzulidə və digər qələm sahiblərində də vardır...

Ustad sənətkar Hüseyn Bozalqanlının şeirləri sonralar, əsasən, el aşıqları tərəfindən məclislərdə oxunmaqla şifahi yaddaşda yer almışdır... 2018-ci ildə Fəxrəddin və Ələddin Quliyev qardaşları tərəfindən toplanıb iki cilddə tərtib olunan Seçilmiş əsərləriində ustad sənətkarın yaradıcılığı tam əks olunmuşdur.

- Dövri mətbuatda Aşıq Hüseyn Bozalqanlı və Aşıq Ələsgərlə bağlı yazılar çap olunur. İki ustadın görüşləri və ədəb-ərkanla qabaq-qabağa oxumaları haqqında mənim mətbuatda yazılarım da işıq üzü görüb. Aşıq sənətinin bu iki dahi şəxsiyyəti haqqında fikirlərinizi bilmək istərdik.

- Son zamanlar Aşıq Ələsgərlə Hüseyn Bozalqanlı arasında tarixi əlaqələr haqqında bəzi mübahisələr meydana çıxmış və bu məsələdə ədalətli və ya ədalətsiz fikirlər də söylənilir. Bir həqiqət var ki, Aşıq Hüseyn Bozalqanlının Göyçə mahalı ilə sıx əlaqəsi Aşıq Ələsgərin xanımı Anaxanın nənə ilə qohumluğu, Aşıq Nəcəflə kirvəliyi, Aşıq Qurbanla siğə qardaşlığı sayəsində yaranmışdır. Göyçə mahalından Qazax, Tovuz, Gəncə və aran ərazilərinə gələn aşıqlar Hüseyn Bozalqanlını görməmiş keçinməmişlər və toy məclislərinə dəvət olunan Hüseyn Bozalqanlı həmin aşıqları şəyirdlərinə qoşub məclislərə göndərmişdir. Ustad sənətkarın süfrəsi, evi həmişə Göyçə aşıqlarının üzünə açıq olmuşdur. O zaman yüksək bədii təfəkkürə, idraka malik Aşıq Hüseyn Bozalqanlının - Azərbaycan Yazıçılar İttifaqının üzvü, dövlət səviyyəsində ədəbi aləmdə yüksək hörmətə layiq bir şəxsiyyətin imkanları da geniş idi...

Tədqiqatçı alim, Aşıq Ələsgər irsini toplayıb xalqa təqdim edən İslam Ələsgər də bir neçə yazılarında Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının görüşdüyünü qeyd edir. Hüseyn Bozalqanlı da Aşıq Ələsgəri böyük ustad adlandırmaqla, ondan öyrəndiyini qeyd edir və Aşıq Ələsgərin dünyasını dəyişməsi xəbərindən sarsıntı keçirib, sazını sinəsinə basıb bir ağı şeir də demişdir. Bundan əlavə, el aşıqlarının dilində əzbər olan Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının məclisdə saz götürüb bədahətdən qafiyə və rədifli söz oxumalarını da çox eşitmişik.

Aşıq sənətində bir məqama aydınlıq gətirək. Aşıq Alıya on il şəyirdlik edən Aşıq Ələsgərin ustadının xeyli şeirlərinin rədifləri ilə şeirləri vardır. Bu şeirlər ustadla şəyirdin məclislərdə üz-üzə oxuduqları şeirlərdir. Buradakı şeirlər məzmunundan da göründüyü kimi, sualsız olmaqla deyişmə, bağlama məqsədli yox, məclisin marağına xidmət etmişdir. Müqəddəs saz alətinin sehri ilə təması nəzərə alsaq, eyni zamanda sonsuz söz mülkünün sahibləri Aşıq Alı ilə Aşıq Ələsgər qarşısında bədahətdən şeir demək adi bir hal olmuşdur. Həmin qabiliyyət Aşıq Hüseyn Bozalqanlıda da ilahi bir vergi idi. Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının məclisdə eyni rədifli şeir oxumaları deyişmə yox, məclisin marağı əsasında sual-cavabsızdır və suallar olsaydı, deyişmə kimi qəbul edilərdi.

Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının Gəda dodaqdəyməz divaniləri janr üzrə, yəni dodaqdəyməz divani olaraq şeiriyyətə iki ədəd daxil olmuşdur. Bu divanilər janr, məzmun tələbinə görə indiyə qədər üçüncü dəfə təkrar olunmamışdır:

 

(ixtisarla)

Aşıq Ələsgər:

 

Gizli sirrin nahaq yerə

Gizlətdin xannan, gəda!

Ah çəkər, nalə edərsən.

Can gedər cannan, gəda!

Etiqadla, sidqidillə

Çağır şahlar şahını;

Ah çəkər, nalə edərsən,

Can gedər candan, gəda!

 

Aşıq Hüseyn Bozalqanlı:

 

Aşığa nə layiqdi,

Deyə hədyannan, gəda!

Sən danış həqiqətdən,

Yeddi ərkandan, gəda!

Yeddi, yerdən, yeddi göydən,

Yeddi sirdən qan, gəda!

Yeddi dərdən dərsin alsın,

Şiri-yəzdannan gəda!

 

Bu şeirlərin eyni vaxtda deyilməsi elə şeirlərin deyilişindən və sözlərin semantikasından da görünməkdədir.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra 2018.- 29 avqust.- S.15.