Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib

Misirdə keçirilən “Uptown Stars” musiqi müsabiqəsində ilk dəfə həmyerlimiz 508 iştirakçı arasından final mərhələsinə qədər yüksəlməyi bacarıb

Bu günlərdə Misirin paytaxtı Qahirə şəhərində "Uptown Stars" musiqi müsabiqəsi keçirilib. Bu müsabiqədə ilk dəfə həmyerlimiz Sandi ElNenay yüksək peşəkarlıqla pianoda ifa edərək 508 iştirakçı arasından final mərhələsinə qədər yüksəlməyi bacarıb. Sandi ElNenay öz sevincini özəl olaraq “Palitra” ilə bölüşdü. Qeyd edək ki, Sandi ElNenay 14 yaşındadır (30/04/2004), 9-cu sinifdə oxuyur və 6 dildə danışır (Azərbaycan, ingilis, türk, fransız, ərəb, rus). Hazırda Çin dilini öyrənir, ABRSM Musiqi Akademiyasını bitirib. Bununla yanaşı, bütün növlərdə rəsm çəkməyi sevir. Rəsm üzrə bir çox beynəlxalq müsabiqələrin qalibi olub. Eyni zamanda idmanla da məşğul olur. Üzgüçülük üzrə Qahirədə klublarda keçirilən müsabiqələrdə 1, 2, 3-cü yerlərə layiq görülüb. İki ildir squash idman növü ilə də məşğuldur.

2017-ci ildə Sandi tərəfindən fransız və ingilis dillərində yazılmış şeir “İlin ən yaxşı” şeiri müsabiqəsində qalib olub. O, həmçinin Misirdə e-kitablar, Misirdə ilk piano müsabiqələrində qalib olub. “İntel İsef” elmi dünya müsabiqəsində səmimilik mükafatına layiq görülüb. 2018-ci ildə "Gənc ixtiraçı" elmi müsabiqədə ikincilik qazanıb. Sandi fiziki qüsurlu insanlar üçün iki cihaz (robot maşın və Smart mute speaker device) ixtira edib. Bütün bunlara paralel olaraq yerli və xarici KİV-lərdə Sandi haqda dəfələrlə məqalə və reportajlar verilib. Sandinin çox arzuları var. Onun arzusu plastik cərrah olmaqdır. Sandi yer üzündə bütün insanları xoş, sağlam və gözəl görmək istəyir. Ən əsası Sandi diasporumuzun ən fəal nümayəndəsidir. O, bütün qələbələrində Azərbaycan bayrağını yüksəldir.

- Öncə adınızın mənasından başlayaq. Sandi ElNenay-bu sizin öz adınızdır, yoxsa təxəllüsünüzdür?

- Bəli, Sandi mənim adımdır. Bu adın bir neçə mənası var: səhra çiçəyi. Barbi gəlinciyinin adıdır, əsli isə Fransadan gəlib. Anam Barbi gəlinciklərini çox xoşlayır. Ona görə mənə bu adı veriblər.

-“Uptown Stars” musiqi müsabiqəsi nə məqsədlə keçirilir?

- “Uptown Stars” Misirdə ən böyük talant şou müsabiqəsi kimi bilinir və tələbələr arasında keçirilir.

- Müsabiqədə finala qədər yüksələcəyinizə əmin idinizmi?

- Bilirsiniz, indi danışmaq bir az asandır, amma orada, bir-bir turları keçəndə çox həyəcan keçirirsən. Mən pianoda klassik kompozisiyalarla, əvvəl Şopeni, sonra Bethoven və Şopeni ifa etdim. 75 faiz finala çıxacağıma əmin idim, çünki mən 3 yaşımdan piano çalıram.

- Münsiflər əsas hansı cəhətinizə görə sizə finala çıxmaq şansı verdilər?

- Jürilərin hamısı çox məmnun idilər və dedilər ki, mənimlə başqa ifaçıların arasında bir fərq var: “Sən musiqini not-not yaşadırsan”. Doğrudan da, musiqini hiss etməsən, sən musiqiçi ola bilməzsən.

-Ümumiyyətlə, Misirdə Azərbaycan musiqisinə nə dərəcədə maraq var?

- Maraqlı odur ki, Misirdə Azərbaycan mahnıları çox dinlənilir. Amma əfsuslar olsun ki, bizim Azərbaycan musiqimizi türk musiqisi kimi tanıyırlar. Mən öz dostlarıma başa salıram ki, Azərbaycan musiqisi daha zəngin və daha gözəldir. Həm də burdakı telekanallarda çıxış edəndə mən “Sarı gəlin” mahnısını həmişə oxuyuram.

- Sizin fiziki qüsurlu insanlar üçün ixtira etdiyiniz cihazların nə kimi özəllikləri var?

- Birinci layihəm gözdən əlil insanlar üçün nəzərdə tutulub. Bu cihaz robot maşındır. Distansion səsləndirmə ilə idarə etmək olar. Bu cihaz Misirdə keçirilən müsabiqədə 2-ci yerə layiq görülüb. Hazırda bu cihazla hərbi cihazlar istehsal edən bir şirkət maraqlanır.

İkinci layihəm isə nitq qabiliyyətini itirən insanlar üçündür. Proqramlaşdırılmış komandaları var. Məsələn, bir düyməyə toxunsanız, o, insanın istədiyi kəlməni səsləndirir. Bunu həm də gələcəkdə sağlam insanlar da tərcümə cihazı kimi istifadə edə bilərlər. Artıq xarici ölkəyə gedəndə dil çətinliyi çəkməyəcəksiniz. Hazırda bu cihaz seçilib və Misirdə nitq qüsurlu insanların mərkəzində təcrübədən keçirilir.

- Növbəti hansı müsabiqəyə hazırlaşırsınız?

- 10/12/2018 tarixində ingilis dilində şeir müsabiqəsi keçirildi. Orda idim, dekabrın 11-də isə fransız dilində şeir müsabiqəsi oldu, yenə də orda idim. Mən boş vaxtımda şeirlər yazıram və gələn həftə elm müsabiqəsi olacaq.

Sonda, izninizlə qarşıdan gələn Yeni ilimizi təbrik etmək istərdim. Mənim əziz həmvətənlərim, sizi qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Bu müsahibəni də ulu öndərimiz Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Fuad Hüseynzadə

Palitra.-2018.-14 dekabr.-S.10.