“Mənim tanıdığım adam” adlı kitab işıq üzü görüb

Aşıq poeziyası xalq ruhunu oxşayan, xalqın daha çox müraciət etdiyi şeir şəkillərindən biri kimi qədim tarixi köklərə malikdir. Bir çox məhəbbət, qəhrəmanlıq dastanları məhz şeirin bu şəkillərində yaranaraq tarixin ən qədim qatlarından uğurla keçərək günümüzə gəlib çatıb. Qoşmalar, gəraylılar və digər aşıq şeiri biçimlərində aşıq və şairlərimiz gözəl poetik nümunələr yaradıblar. Belə ki, həmin aşıqlar xalq arasında ustad aşıqlar, şairlər isə el şairləri kimi yaddaşımıza hopub.

Azərbaycan Respublikasının Tovuz rayonun Bozalqanlı kəndi isə ustad aşıq və el şairlərinin qədim yurdlarından biridir. Burada Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əkbər Cəfərov kimi ustad aşıqlarla yanaşı, Xəyyat Mirzə, Şair Vəli Bozalqanlı kimi el şairləri də yetişib. Hazırda Bozalqanlı kəndində bir sıra el şairləri yaşayır ki, bunlardan biriŞair Mikayıl Bozalqanlıdır. Mikayıl Bozalqanlı aşıq poeziyası biçimində şeir nümunələri yaradan bir el şairi kimi qısa zaman kəsiyində tanınaraq sevilib. Şairin bu yaxınlarda 60 illik yubileyi qeyd edilibbu münasibətlə “Mənim tanıdığım adam” adlı kitab işıq üzü görüb. Kitabda şairin yubileyi haqqında təbriklərlə yanaşı, son dövrlərdə qələmə aldığı şeirləri də toplanıb. Kitabın redaktorları Ayaz Arabaçı, Ehtiram İlham, rəyçilər Məmməd İsmayıl, filologiya elmləri doktoru, professor Nəsir Əhmədlidir.

Mahmud Əyyublu

Azərbaycan Aşıqlar Birliyinin üzvü

Palitra.-2018.-18 dekabr.-S.15.