Maqsud Şeyxzadə iki qardaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olub

Dekabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illik yubileyinə həsr olunan tədbir keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Azərbaycanın “Kaspi” qəzeti və eyni adlı Təhsil Şirkətinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə ssenari müəllifi və rejissoru Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədov olanİki xalqın iftixarı” adlı sənədli film nümayiş etdirilib.

Tədbiri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq Maqsud Şeyxzadənin ömür yolundan, zəngin yaradıcılığından, ana vətəni Azərbaycana bağlılığından danışıb. Bildirib ki, 1908-ci ildə Ağdaşda anadan olan Maqsud Şeyxzadə orta təhsilini bitirdikdən sonra Bakıda ali təhsil alıb. İlk şeirləri hələ 13 yaşında ikən “Kommunist” qəzetində dərc edilən şair 1928-ci ildən o dövrkü rejimin təzyiqi ilə Azərbaycandan sürgün olunub və həmin vaxtdan Özbəkistanı özünə ikinci Vətən seçən M.Şeyxzadə ömrünün sonunadək özbək ədəbiyyatını və elmini dərin məzmunlu əsərləri ilə zənginləşdirib.

Sonra AMM-in direktoru Samir Abbasov Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manquberdi, hökmdar Mirzə Uluqbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib. O, ədibin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” poemalarının oxucular tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.

Tədbirdə AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev özbək ədəbiyyatının “Şekspiri” adlandırılan Maqsud Şeyxzadənin qardaş xalqın ədəbiyyatının və ədəbiyyatşünaslığının inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Əlişir Nəvai haqqında ilk elmi məqalənin müəllifi olan Maqsud Şeyxzadənin bədii tərcümə işinin də yüksək bilicisi olduğunu deyən K.Əliyev onun yaradıcılığında Avropadünya klassiklərinin, eləcə də Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərlərinin özbək dilinə tərcümə edildiyini qeyd edib: Maqsud Şeyxzadə elə bir həyat, elə bir ömür yaşayıb ki, bu tale iki qardaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olub”. Özbəkistan Yazıçılar İttifaqının üzvü, şair, tərcüməçi Babaxan Şərifov öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan dahi dramaturq Maqsud Şeyxzadə yaradıcılığına nəzər salıb, onun dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin əsas tədqiqatçısı olduğunu qeyd edib.

Sonda bir qrup şəxsə hər iki xalqın ədəbiyyatına verdiyi töhfələrə görə Mətbuat Şurasının diplomları təqdim edilib.

Cavidan

Palitra  2018.- 21 dekabr.- S.6.