“Şirkətimiz bu il yüzlərlə yeni və
daimi iş yeri yaradacaq”
İlham Məmmədov: “Bəzən
ictimaiyyətlə əlaqələri media
ilə əlaqələrlə məhdudlaşdırırıq
ki, bu da
düzgün yanaşma
deyil”
“Veysəloğlu
Şirkətlər Qrupunda
çalışan 10 mindən çox işçinin 80 faizi
yaşı 35-ə qədər olanlardır”
Müsahibimiz Veysəloğlu Şirkətlər
Qrupunun İctimaiyyətlə Əlaqələr
Şöbəsinin müdiri İlham Məmmədovdur.
-İlham
müəllim, sahibkarlığın inkişafı
bütövlükdə ölkə iqtisadiyyatının
inkişafı deməkdir. Son illərdə
ölkədə sahibkarlara yaradılan əlverişli
şərait, iqtisadi mühit
və dövlət dəstəyi sizi qane edirmi?
-Ölkədə biznes mühitinin daha da yaxşılaşması istiqamətində dövlət dəstəyinin artırılması, ölkə başçısı İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək sahibkarların fəaliyyəti üçün bir stimul verir. İş adamlarına göstərilən dövlət qayğısı, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif dövlət proqramları və tətbiq olunan güzəştlər özəl sektora ölkə rəhbərinin xüsusi diqqətindən xəbər verir. Prezidentin bu istiqamətdə 01 mart 2016-cı il tarixli “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı iş adamlarına da rəqabətqabliyyətli ixracyönümlü məhsul istehsalına daha da stimul yaradıb. Bunun isə yerli istehsalatın güclənməsinə, ixracatın artmasına bir təkan verəcəyi danılmazdır.
Ümumiyyətlə, respublikada qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən diqqətin olması, bu sahədə sahibkarlara olan müsbət münasibət, təbii ki, sahibkarlara da müsbət təsir edir. Bu günlərdə vergilər naziri Mikayıl Cabbarov “Vergilər, Şəffaflıq, İnkişaf” mövzusunda konfransda çıxışında bir daha dövlətin sahibkarların yanında olmasını və daim özəl sektorun inkişafına dəstək olaraq ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraitin təmin ediləcəyini vurğuladı.
- Veysəloğlu Şirkətlər Qrupu müasir ticarət holdinqinə çevrilib. Rəqabətə davam gətirmək asan olmaz.
-Bilirsiniz ki, 1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu Şirkətinin əsas fəaliyyəti ilk illərdə xarici ölkələrdən idxal edilərək gətirilən, o cümlədən yerli istehsal olan məhsulların ölkə bazarında mövcud olan bütün satış nöqtələrinə yüksəkkeyfiyyətli satış xidmətini göstərmək olub. İdxalını həyata keçirdiyimiz məhsulların istehsalçı tərəfindən verilmiş uyğunluq və keyfiyyət sertifikatları ilə yanaşı, həm də yerli müvafiq orqanlar tərəfindən yoxlanması həyata keçirilir. İdxal etdiyimiz məhsullar, o cümlədən qida məhsullarının təhlükəsiz və vaxtında mənzil başına çatdırılması işimizin əsas amillərindən biridir.
Ötən 24 il ərzində şirkətlər qrupumuz daha da inkişaf edərək özünün ən müasir avadanlıqlarla təmin olunmuş istehsalatçı qənnadı fabrikini, idxalatçı şirkətini və pərakəndəçi olaraq şəbəkə marketlərini qurub. 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki olaraq dünyanın 20-dən artıq ölkəsinə ixracatımız var və ümumi istehsalımızın təqribən 25 faizi xarici ölkələrə ixrac təşkil edir. Bu rəqəmi yaxın gələcəkdə 50 faizə çatdırmaq hədəfimiz var. Bu istiqamətdə yeni istehsal xətlərinin, çeşidlərin istehsalı nəzərdə tutulur ki, bu da yeni iş yerlərinin açılması deməkdir. Ölkədə hazırkı mövcud şəffaf iqtisadi mühit sağlam rəqabət üçün münbit şəraitdir.
-Veysəloğlunun
ötənilki fəaliyyətini uğurlu
saymaq olarmı? Sirr
deyilsə 2018-ci il üçün
nələri planlaşdırırsınız? Şirkətin
əhatə dairəsi, fəaliyyəti daha
da genişlənəcəkmi?
-Veysəloğlu Şirkətlər Qrupu istər idxal və dağıtımda, istərsə də özünün istehsal və pərakəndə ticarət sahələrində daim şəffaflıq, dürüstlük və ədalət prinsiplərindən, dəyərlərindən çıxış edərək fəaliyyətini qurub. Məhz bu prinsip və yanaşmalar şirkətimizin uğurunun başlanğıc sirridir. Biznesin uğurunun və davamlılığın sirri dürüstlük və ədalətli münasibətlərdən keçir. Şirkət rəhbəri yalnız sahib olduğu şirkətin idarəedicisi deyil, ən başlıcası o komandanın lideri olmalıdır. O zaman birlikdə çətinlikləri aşaraq uğurlara imza atmaq olar. Veysəloğlu da bu yolu birgə komanda olaraq keçib. Bir kiçik statistikanı deyim, bəlkə də Veysəloğlu bu göstəricilərinə görə ilin gənclər şirkətidir. Qrupumuzda çalışan 10 mindən çox işçinin 80 faizi yaşı 35-ə qədər olanlardı. Yaşı 29-a qədər olan işçilər isə 64 faiz təşkil edir. Bu, həqiqətən də, qürurverici amildir, deyilmi?
Şirkətlər qrupumuza daxil olan, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş “Ulduz” şokolad fabriki qida sektorunda hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi layiqincə təmsil edir.
Fabrikimiz 7 ildən artıqdır ki, İSO 9001:2008 (Keyfiyyət İdarəetmə Sistemi Standartı), BRC (British Retail Concertium, İngilis Pərakəndəçilər Birliyi Standartı), İFS (İnternational Food Standart-Beynəlxalq Qida Standartı), İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı) və HALAL sertifikatlarına da layiq görülüb. Qeyd etmək istərdim ki, “Ulduz” şokolad fabriki BRC, İFS standartlarını alan ilk Azərbaycan müəssisəsidir.
“Ulduz” şokolad fabriki Beynəlxalq Qida sərgilərində ölkəmizi “Made in Azerbaijan” brendi altında uğurla təmsil edərək keyfiyyətdə fərqlənmə mükafatlarına layiq görülüb.
2018-ci il üçün də Veysəloğlu Qrup həm dağıtımda, həm də istehsalat və pərakəndə sektorunda özünün yeni layihələrini həyata keçirməyi planlaşdırır. Bütün bu layihələr isə ölkə iqtisadiyyatının inkişafına və xalqın güzəranının yaxşılaşmasına xidmət edəcək. Veysəloğlu bir yerli xalq şirkətidir və daim özünün inkişafında xalqına, dövlətinə xidmət etməkdədir. Həyata keçirəcəyimiz layihələr və görüləcək işlər barəsində öncədən danışmaq istəməzdim. Onu deyə bilərəm ki, 2018-ci ildə yüzlərlə yeni daimi iş yerləri yaradılacaq.
-Şirkətiniz
son bir neçə
ildə ölkədə geniş ticarət
şəbəkəsi qurmaqla öz adından söz
açdıra bildi. Bu
mənada ötən il Cocuq
Mərcanlını da unutmadınız. Daha bir qürur
yerimiz olan Cocuq Mərcanlıda olduğu
kimi, digər cəbhəyanı bölgələrə
də diqqət ayırırsınızmı?
-Bəli, öncə qeyd etdiyim kimi, ölkədə iş adamlarına göstərilən dövlət qayğısı, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif dövlət proqramları və tətbiq olunan güzəştlər, ümumilikdə münbit iqtisadi mühit özəl sektorun bütün sahələrinə özünün müsbət təsirini göstərməkdədir. Şirkətlər qrupumuz da qeyd olunanları nəzərə alaraq idxal, istehsal və pərakəndə ticarət sektorunda özünün inkişaf mərhələsindədir. Artıq ötən ildən başlayaraq “Topdansatış qiymətinə pərakəndə satış” şüarı ilə Hard Discount olan “OBA” marketlər şəbəkəsi ilə regionlarda da sürətlə açılmağa başladıq. Vətənimizin bir parçası olan, işğaldan azad olunan Cocuq Mərcanlıda da “OBA” marketin açılması hamı kimi bizi də qürurlandırdı. Ölkəmizin digər rayonları, o cümlədən cəbhəyanı bölgələr də daim diqqətimizdədir.
-Şirkətin
İctimaiyyətlə Əlaqələr Departamentinin
rəhbərisiniz. Həm məsuliyyətli, həm də
çətin işdir. Hansı çətinliklər
olur və bu sahədə
təcrübəsi olan biri
kimi həmkarlarınıza hansı məsləhətlər
verərdiniz?
-Bir şirkətlər qrupunun ictimaiyyətlə əlaqələrinə məsul olan bir struktur bölməyə rəhbərlik etmək olduqca məsuliyyətli bir işdir. Bu vəzifədə olunca anlayırsan və məsuliyyətini başa düşürsən ki, şirkətin ictimaiyyət ilə arasında olan münasibətlərinə, PR və kommunikasiyasına cavabdehsən. Şirkətin sözçüsü, şirkət rəhbərliyinin danışmanı və PR strategiyasının cavabdehi kimi işinin peşəkarı olmadıqca bu işi yaxşı qura bilməzsən. Bu işin qurulması isə tamam başqa bir prosesdir. Şirkətin PR işlərinə məsul şəxs şirkətini yaxşı tanımadıqca, onun fəaliyyətini yaxından izləmədikcə bu işini uğurla qura bilməz. Hesab edirəm ki, qısa müddətdə bu işi uğurla icra edə bilmişik. İşimizin tam uğurlu olması üçün isə fəaliyyətimizi genişləndirərək daha da səy ilə çalışırıq.
İctimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərən həmkarlarımız ilə mütəmadi sıx əlaqəmiz var, daim bir-birimizlə fikir və təcrübələrimizi bölüşürük. Bilirsiniz, hər fəaliyyət sahəsinin özünün spesifik xüsusiyyətləri və yanaşmaları var. Bu səbəbdən də ictimaiyyətlə əlaqələr mütəxəssislərinin də fəaliyyətini eyniləşdirmək olmaz. Lakin bu fəaliyyətin baza hissəsi var ki, bu qaçılmazdır. Daim həmkarlarımızla söhbətlərdə istədiyimiz və tövsiyə etdiyimiz onların işlərini dərindən bilməsi, təmsil etdikləri təşkilat haqqında maksimum bilgili olması olub. İş prosesi və hər hansı bir hadisə barəsində mediaya, ictimaiyyətə düzgün məlumat verməlisən. Əks təqdirdə sənə və təmsil etdiyin təşkilata inamı itirəcəksən. Sonda isə bu sənin təmsil etdiyin qurumun korporativ imicinin zədələnməsinə səbəb olacaq. Bir sözlə, ictimaiyyətlə əlaqələrdə daim ayıq, fəaliyyətində dürüst və aktiv olmalısan.
-Siz
həm də Azərbaycan “İctimaiyyətlə Əlaqələr
Mütəxəssisləri Assosiasiyası”nın (APRA) sədrisiniz.
APRA-nın fəaliyyəti haqqında da məlumat
verərdiniz.
-Bəli, ölkədə dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilatların ictimaiyyətlə əlaqələrinə məsul şəxsləri, PR mütəxəssisləri və PR xidmətləri göstərən şəxslər ilə birləşərək “Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyini (APRA) təsis etdik. Əminik ki, ictimaiyyətlə əlaqələr sahəsinin mütəxəssislərini, PR-menecerləri, PR-agentliyi və biznesin PR-strukturunu peşəkar səviyyədə birləşdirə, inkişaf etdirə biləcək assosiasiyanın yaradılması ölkəmizdə bu sahənin inkişafına dəstək olacaq. Eyni zamanda assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcək, ictimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün şərait yaradacaq. Hazırda təşkilatın sənədləri dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Ümid edirik ki, yaxın günlərdə təşkilatımız dövlət qeydiyyatına alınacaqdır.
-Bu günlərdə APRA-nın tədbirində
qeyd etdiniz ki, ictimaiyyətlə əlaqələr sahəsində akademik təhsil
mövcud deyil. Bununla bağlı hansı təklifləriniz
var?
-Ölkəmiz müstəqillik
qazandıqdan sonra İctimaiyyətlə
Əlaqələr (Public Relations-PR)
termini leksikonumuzla
yanaşı, fəaliyyətimizin də bir
hissəsinə çevrildi. İlk olaraq beynəlxalq xarici və transmilli
şirkətlərdə, təşkilatlarda yaranan
PR strukturu qısa bir zamanda bir sıra dövlət
qurumlarında da yaradılmağa
başladı. Artıq ölkəmizdə, demək olar ki, bütün
dövlət və özəl sahənin təşkilatlarında
PR fəaliyyəti ilə məşğul olan
struktur bölmə var.
Buna nə dərəcədə və necə
riayət olunması isə tam başqa bir mövzudur. Bəzən ictimaiyyətlə əlaqələri
media ilə əlaqələr ilə məhdudlaşdırırıq
ki, bu da
düzgün yanaşma
deyil. Media ictimaiyyətlə
əlaqələrin qurulmasında əsas bir
alət olaraq yer tutur. Bu da
çox önəmli bir
faktordur. Bəli, bu gün ölkəmizdə PR fəaliyyəti
ilə məşğul olan, işini bilən və sevən insanlar var. Lakin
bu sahənin akademik tədrisi,
demək olar ki, yoxdur. Bu sahəyə maraq göstərən gənclərimiz, bu sahədə bilik və
təcrübəsini artırmaq istəyən insanlar
ölkə xaricində gedib tədris
alıb gəlirlər. Bu isə PR sahəsinin
inkişafına yetərli deyil. Düşünürəm ki, Azərbaycanda
da ali təhsil müəssisələrində
geniş şəkildə bu
sahənin akademik tədrisinin həyata
keçirilməsi lazımdır və vacibdir.
Ümid edirəm və əminəm ki, yaxın gələcəkdə ölkənin
aparıcı ali təhsil müəssisələrində
PR və Kommunikasiya ilə
bağlı akademik tədris həyata
keçiriləcək.
Tural Tağıyev
Palitra.-2018.-16 fevral.-S.7.