Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilən 120 yaşlı kinomuz

 

Həmidə Ömərova: “Azərbaycan kinosunun gələcəyi əmin əllərdədir”

 

Hər bir xalqın kino sənəti onun mənəvi zənginliyini, bədii, intellektual yaradıcılıq imkanlarını cəmləşdirərək mədəniyyət hadisəsi kimi meydana çıxır. Bu gün Azərbaycan da digər ölkələr kimi zəngin mədəniyyəti və kino tarixi ilə öyünə bilər. Belə ki, Azərbaycanda kino sənəti 120 il əvvəl mühüm mədəniyyət hadisəsi kimi meydana çıxdı. Bu il yubileyini qeyd edən Azərbaycan kinosunun özünəməxsus tarixi tapıntıları və nailiyyətləri ilə dünya kinematoqrafiya sistemində öz yeri var. Bizim milli kinomuz da digər ölkələrin kinoları kimi “səssiz” formadan “səsli” filmlərə, ağ-qara təsvirdən rəngli kinoya, ailə-məişət süjetlərindən böyük həyat materiallarına doğru zəngin inkişaf yolu keçib və bu gün Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib. 1898-ci ildə Mişonun lentə aldığı xronika süjetlər ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetlə “İlişdin!”-lə başlayan kinomuz daha sonra sovet dövründə və müstəqillik illərində də uğurla davam etdirilib.

 

Kino tariximizin gizli qəhrəmanı

 

Kino tariximizə nəzər salanda bir sıra oxucularımıza məlum olmayan film adları, kinoda iz qoymuş bəzi digər sahənin məşhurlarını da görmək olar. Buna misal olaraq dahi Cəfər Cabbarlını göstərmək olar. Bu bir reallıqdır ki, hər kəs C.Cabbarlını ədəbiyyat sahəsi ilə bağlı tarixi şəxsiyyət kimi tanıyır. Amma onun milli kinomuzun inkişafında da rolu olub.

Yəni dərindən araşdırdıqda, həqiqətən də, musiqinin, rəngin, sözün milli kinomuzda payı çox olub. Azərbaycan kinosunun möhtəşəm sarayı ədəbiyyat adamlarının, rəssam və bəstəkarlarımızın, bütün kino işçilərinin, hər şeydən əvvəl, kinematoqrafçıların qabaqcıl dəstəsinin birgə səyi, alın təri ilə yoğrulmuş möhkəm kərpiclərdən ucaldılıb. Bu saraya kərpic yerləşdirənlərdən biri olan Cəfər Cabbarlı təkcə teatrın, dramaturgiyanın inkişafı üçün yox, həm də Azərbaycan kinematoqrafiyasının inkişafı üçün də əlindən gələni edib. O, təzəcə addımlarını atan kinematoqrafiyamıza, sadəcə, həvəs göstərməyib, kinoya ciddi münasibət bəsləyib, onun böyük gələcəyinə inanıb. Məlum olduğu kimi, 20-ci əsrin ilk illərində əhalinin cahil hissəsi kinonu şeytan əməli sayırdı, görünən adamları isə “şeytan balaları” adlandırırdılar. Belə bir dövrdə C.Cabbarlı 1925-ci ildə lentə alınan “Bismillah” filmində öz körpəsini - balaca Aydını təzə doğulmuş uşaq rolunda çəkdirdi. O “Azərkino”da qısa müddətdə işləsə də, kino sahəsində bir sıra mühüm addımlar atdı, kinodramaturq kimi kinolarımıza ssenarilər yazmaqla kifayətlənməyib, milli kadrların yetişməsində də xeyli işlər görüb. Böyük və nəcib insan C.Cabbarlı təkcə dost-tanışları, əzizlərini deyil, hətta tanımadığı adamları belə, kino işinə cəlb edib, milli kadrların yetişməsi üçün əlindən gələni əsirgəməyib. Hətta Azərbaycan kinosunun yaradıcılarından biri olan kinorejissor Mikayıl Mikayılovun da kinoya gəlişinə səbəb məhz C.Cabbarlı olub. Qeyd edək ki, C.Cabbarlının ssenariləri üzrə 3 bədii film çəkilib. Bunlar - “Hacı Qara” 1928, “Sevil” 1929, “Almaz” 1936-cı illərdə çəkilmiş filmlərdir. Maraq üçün bildirim ki, o özünü aktyor kimi də sınayıb və “Balıqçılar” (1926-cı il) filmində çəkilib.

Bütün dövrlərdə əhəmiyyətli filmlər istehsal olunub.

Ümumiyyətlə, 120 illik tarixi olan milli kino səmamızda sayrışan belə gizli qəhrəmanlardan-ulduzlar haqqında çox danışmaq olar. Amma mürəkkəb, siyasi quruluşların tez-tez dəyişdiyi bir şəraitdə təməli qoyulmuş kinomuz dövrün tələblərinə uyğun formalaşsa da, inkişaf prosesi ilk illərdə çox ləng gedib. Qısaca, statistikaya nəzər saldıqda deyə bilərik ki, hər dövrdə mühüm əhəmiyyətə malik filmlər istehsal olunub. Səssiz kino dövründən danışarkən (1898-1935) respublikamızda 30-dan çox bədii, 130-a qədər sənədli və elmi-kütləvi, bir cizgi filmi istehsal olunduğunu xatırlatmaq olar. Kino sənətinin yüksəlişi isə ötən əsrin 60-cı illərinə təsadüf edir. 70-80-ci illərdə Azərbaycan kinosu artıq özünün intibah dövrünü yaşadı. Həmin illərdə milli kinematoqrafiya yetkinləşmiş, möhkəmlənmiş və peşəkar təcrübə toplamışdı. Bu illərdə – xüsusilə altıncı onilliyin ikinci yarısında öz dəst-xətti ilə seçilən, müəlliflərin həyat mövqeyini üzə çıxaran, yaradıcılıq və mövzu baxımından diqqəti cəlb edən əhəmiyyətli filmlər istehsal olunub. Təkcə 60-cı illərdə yuxarıda haqqında söz açdığımız C.Cabbarlının adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında 40-a qədər bədii film çəkilib. Onların arasında qəhrəmanlıq və məhəbbət mövzularında – “Koroğlu” və “Leyli və Məcnun”, tarixi-inqilabi mövzuda – “Səhər” və “Yenilməz batalyon” filmləri var. Filmlərin çoxu müasir mövzu ilə bağlı olub. Məsələn, “Telefonçu qız”, “Möcüzələr adası”, “Əhməd haradadır?”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində”, “Uşaqlığın son gecəsi”, “İstintaq davam edir”, “Qanun naminə” və s. Daha sonrakı illərdə uğurlu filmlərimizdən danışarkən böyük problemlərin qabardıldığı “Dəli Kür”, “Şərikli çörək”, “Yeddi oğul istərəm” kimi kinoları qeyd etmək olar. Bu filmlərin hamısında ciddi, ürəklə deyilən mətləblər var. Məşhur “İstintaq” filmini də unutmaq olmaz. Film 1980-ci ildə Düşənbədə keçirilən Ümumittifaq kino festivalında ən yaxşı filmə görə baş mükafat alıb, 1981-ci ildə isə yaradıcı qrup SSRİ Dövlət mükafatına layiq görülüb. Azərbaycanda yalnız iki film bu yüksək mükafata layiq görülüb - “Arşın mal alan” və “İstintaq”. Milli kino sənətimizin tarixindən, uğurlarından estetik problemlərindən çox danışmaq olar.

 

“Gənc, perspektivli və ixtisaslı kadrlarımız yetişir”

 

Bəs bu gün necə? Azərbaycan kinosu gələcəkdə daha da inkişaf etməsi üçün perspektivlər vəd edirmi? Sovetlər zamanında olduğu kimi, yenə də çəkilən kinolarımızın sayı çoxalacaqmı?

Bu gün Azərbaycan kinosunu yaşadanlardan, yaratdığı obrazlarla qəlbləri fəth edən sənətkarlarımızdan biri olan Həmidə Ömərova ilə milli kinomuz haqqında söhbətimizdə o, buna ümidvar olduğunu söylədi. Uzun illər kino sənətimizin inkişafına xidmət etmiş, canlandırdığı qəhrəmanlarla kinosevərlərin idealına çevrilən aktrisa deyir ki, Azərbaycan filmləri daim zənginliyi, fərqliliyi ilə digər ölkələrin kinolarından seçilib. O, Azərbaycan kinosunun gələcəyinin də əmin əllərdə olduğunu söylədi: “Mən bu mövzu ilə bağlı pozitiv düşünürəm. Yəni Azərbaycan kinosunun gələcəyinə ümidlə yanaşıram. Çünki hazırda gənc, perspektivli və ixtisaslı kadrlarımız yetişir. Bu istedadlı gənclərimiz milli kinomuzu inkişaf etdirəcəklər. Fikirləşirəm ki, hər bir yeniliyi yaradanda, loru dildə desək, köhnəliyə arxa çevirməməliyik, avanqard yaratmaq üçün köhnələri unutmamalıyıq. Gənclərimiz də yeniliyə can atanda köhnə ənənələrdən bəhrələnməlidirlər. Gənc kadrlar keçmiş filmlərimizi unutmamalı, tariximizi, milli adət-ənənələri qətiyyən arxa plana atmamalıdırlar. Qısası, kinomuzun gələcəkdə daha da inkişaf edəcəyinə inanıram”.

Aktrisa deyir ki, kinomuzun bugünkü durumu əvvəlki illərlə müqayisədə qənaətbəxş sayıla bilər: “On beş il əvvəl ilə müqayisədə indi filmlərimiz daha çox çəkilir, gənc aktyorlar ən azından özlərini müxtəlif seriallarda sınayırlar. Yeni baxımlı filmlər çəkilir, milli kinomuza dəyərli töhfələr verilir. Amma məsələnin mənfi tərəfi odur ki, “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlər çox vaxt geniş tamaşaçı auditoriyası üçün naməlum qalır. Yəni bizim tamaşaçılar, əsasən, kommersiya filmlərinə baxırlar. Kinostudiyamızın istehsal etdiyi filmlərin əksəriyyətindən tamaşaçıların xəbəri olmur. Düzdür, bu sahədə indi müəyyən işlər görülür. Məsələn, ARB kanalında kinomuzun 120 illiyi münasibətilə bir veriliş açılıb və orada son illərdə çəkilən filmlər haqqında məlumatlar verilir, filmlərin yaradıcı heyəti ilə görüş keçirilir və film bu telekanalda göstərilir. Hazırda həmin verilişin aparıcısı mənəm. Yeni çəkilən filmlərimizi geniş kütləyə yaxından tanış edən bu verilişimiz ayda bir dəfə olur və bu layihəyə yeni başlamışıq. Yəni veriliş milli kinomuzun yeni xüsusiyyətlərini açıqlayan bir layihədir. Buna ehtiyac yaranmışdı”.

Müsahibim onu da dedi ki, bundan sonra da milli kinomuz üçün var gücü ilə çalışacaq: “Hər bir sənətkar öz fəaliyyətindən tam razı olmamalıdır. Çünki razılıq o deməkdir ki, sənət bitibdir, artıq nə lazımdırsa onu etmisən, irəliyə bir perspektiv yoxdur. Amma mən əksinə olaraq həmişə hesab etmişəm ki, bacardığımdan da az etmişəm. İmkanlarım çoxdur. Kinomuzun zəngin tarixindən danışarkən bəzi təəssüf doğuran məqamları da qeyd etmək istərdim. Heyif ki, müstəqilliyin ilk illərində, on ilə yaxın müddətdə zamanımız səmərəsiz keçdi. Bu da 90-cı illərin əvvəllərindəki iqtisadi-siyasi böhranla bağlı idi. Bütün bunlar milli kinomuza da mənfi təsir göstərdi. Bu on il ərzində biz aktyorlar, əsasən, başqa ölkələrdə filmlərə çəkilirdik. Bu da hər kəsə nəsib olmurdu, kimi dəvət edirdilərsə, o bu imkandan yararlanıb özünü daha da inkişaf etdirirdi. Bu mənada həmin illərdə milli kinomuz bir qədər ləng inkişaf etdi. Bax həmin dövrü biz kino xadimləri yaradıcılığının on ilə yaxın müddətini itirilmiş sayırıq. Şükürlər olsun ki, ölkəmiz gücləndikcə sonradan kino sahəmiz də dirçəlməyə, inkişafa başladı, amma yenə də istənilən səviyyəyə qalxmayıb. Yəni kinolarımızın çəkiliş sayı və keyfiyyəti bizim arzuladığımız səviyyədə olmadı. Çox istərdim ki, dövlət tərəfindən büdcələşdirilən filmlərimizin sayı çox olsun. Kommersiya filmləri birillik filmlərdir, onlara bir dəfə baxırlar. Amma dövlət tərəfindən maliyyələşdirilən filmlərimiz daha məsuliyyətli və keyfiyyətli çəkilir. Kommersiya xarakterli filmlərlə bağlı daha böyük fəallıq var. Hazırda daha çox bu sahədə kinolar çəkilir. Bu da rəqabətlə bağlıdır. Rəqabət olduğu üçün istər-istəməz bu sektorda inkişaf daha çox qabarıq görünür. “Azərbaycanfilm” kinostudiyasında az-az filmlər çəkilsə də, onları dəyərli filmlərimizdən sayıram, ayrı-ayrı festivallarda, hətta uğur qazanan filmlərimiz də çoxalıb. Belə filmlərimizin dünya festivallarında Azərbaycan kinosunu təmsil edərək xeyli mükafatlar qazanması isə sevindirici haldır. İstərdim ki, bu cür filmlərimizin sayı çox olsun. Milli kinomuzu inkişaf etdirən, sənət baxımından dəyərli ekran əsərləri daha çox olsun ki, ümumilikdə Azərbaycan kinosu yenidən yüksək səviyyədə inkişaf etsin”.

Bu gün, doğrudan da, Sovet dönəmində lentə alınmış və sevilərək izlənilən dəyərli kino incilərimiz çoxdur. Amma çalışmalıyıq ki, kinomuz yenidən inkişaf edib həmin dövrdə çəkilən baxımlı filmlərimizlə eyni səviyyədə olsun. Dəyərli sənətkarımız Həmidə Ömərovanın da qeyd etdiyi kimi, biz də gənc, perspektivli kadrlarımızın sayəsində milli kinomuzun gələcəkdə daha da yüksək zirvələrə ucalacağına inanırıq.

 

 

Tural Tağıyev

 

Palitra.- 2018.- 21 iyun.- S.12.