Milli irsimizin yorulmaz tədqiqatçısı

 

Ziyadxan Əliyev – 70

 

Azərbaycan sənətşünaslığına dair əsərlərin ilk nümunələrinin yaranması XVI-XVII əsrlərə təsadüf edir. Lakin sonrakı dövrlərdə müxtəlif səbəblərdən bu sahədə yaddaqalan işlər görülməyib. Odur ki, onun, sözün əsl mənasında, inkişafının XX əsrdə - sovet dönəmində təşəkkül tapdığını söyləmək olar. Daha dəqiq desək, sənətşünaslığın Azərbaycanda müstəqil elm sahəsi kimi formalaşması, əsasən, 1950-1960-cı illərə təsadüf edir.

Ötən bu müddətdə Azərbaycan sənətşünaslığında təsviri sənətin müxtəlif sahələri tədqiq edilmiş və gələcək nəsillər üçün etibarlı miras sayıla biləcək əsərlər yazılmışdır. Həmin ənənə bu günuğurla davam etdirilməkdədir. Mərhum Adil Qazıyev, Kərim Kərimov, Nurəddin Həbibov, Mürsəl Nəcəfov, Paşa Hacıyev, Rasim Əfəndi, Natalya Miklaşevskaya, Cəmilə Novruzova və Lətif Kərimov, eləcə də müasirlərimiz olan Kübra Əliyeva, Cəmilə Həsənzadə, Sevil Sadıxova, Telman İbrahimov, Ziyadxan Əliyev və b. adlarını qeyd etmək olar.

Bu il anadan olmasının 70 illiyi tamam olan Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev müasir Azərbaycan sənətşünaslığında təsviri sənətin ən müxtəlif problemləri haqqında dolğun və ətraflı tədqiqat işi aparan, tədqiqatlarını çoxsaylı kitablar, məqalələr və kataloqlar şəklində ictimaiyyətə təqdim edən alim kimi tanınır.

Məlumat üçün bildirək ki, o, əvvəlcə 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Sənətşünaslıq fakültəsində (1976-1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür. O, eyni zamanda bu nüfuzlu qurumun “Tənqid və sənətşünaslıq” bölməsinin sədridir.

Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z.Əliyev, əvvəlcə elmi işçi, sonra isə “Qərbi Avroparus incəsənəti” elmi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünyamilli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərmişdir. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı Usta Qəmbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunmuşdur. Etiraf edək ki, bu cür uğurlu elmi atribusiyalar milli sənətşünaslığımızda və muzeyşünaslığımızda rast gəlinən nadir hadisələrdəndir.

Sənətşünas Ziyadxan Əliyev həm də təsviri sənətimizin müxtəlif sahələrinə aid çoxsaylı elmipublisistik məqalələrin müəllifidir. O, hələ təhsil illərində “Qobustan” jurnalında “Şamaxının qədim abidələri” adlı ilk məqaləsini çap etdirməklə sənətşünaslıq elminə qədəm qoyub. Bundan sonra onun yüzdən çox elmi məqasi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunmuşdur.

O, təsviri sənət sahəsində həm də bir çox elmi tapıntılara nail olmuş mütəxəssis kimi tanınır. Onun 1989-cu ildə nəşr olunmuş “Azərbaycan ekslibrisi” kitabı apardığı tədqiqatın nəticəsində işıq üzü görüb. Bu nəşrdə o, ilk ekslibrisin-kitab nişanının Avropadan da çox qabaq Şərqdə-Azərbaycanda yaradıldığını sübut etmişdir. Belə ki, uzun müddət idi ki, Avropa tədqiqatçıları bütün nəşrlərdə “kitab nişanı” mənasını verən ekslibris incilərinin Qərbdə yaranmasını (XVI əsrdə) iddia edirdilər. Sənətşünas Ziyadxan Əliyev isə gətirdiyi təkzibolunmaz dəlillərlə sübut etdi ki, qrafikanın bu janrı ilk dəfə məhz XIII ərdə Azərbaycanda mövcud olmuşdur. O, hətta “Mənafi əl-heyvan” (XIII əsr) kitabını bəzəyən nişanı da göstərmiş, onun bədii şərhini qeyd etmişdi (burada onun sifarişçisi Şəmsəddin ibn Ziyəddin Zuşəkinin adı yazılıb). Bunun özünü milli təsviri sənətimizin tarixinin zənginləşdirilməsi yönündə yeniçox qiymətli tapıntı saymaq olar.

Bu yaddaqalan işdən sonra Ziyadxan Əliyev XIX əsr Azərbaycan təsviri incəsənətində öz möhtəşəm yaradıcılıq irsi qoymuş Mir Mövsüm Nəvvabın yaradıcılığı haqqında kitab yazıb. “M.M.Nəvvabın rənglər aləmi” kitabında rəssamın təsviri sənət sahəsindəki bütün irsi ətraflı təhlil edilmişdir. Sənətşünas Mir Mövsüm Nəvvabın qohumları ilə görüşmüş, müxtəlif mənbələrdəki əsərləri ilə tanış olmuş və topladığı qiymətli informasiya əsasında bu kitabı yazmağa müvəffəq olmuşdur. Ümumiyyətlə, Ziyadxan Əliyev hər bir yeni işində axtarışlara meyilli olanfaktlara əsasən yeni söz deməyə meyil göstərən sənətşünasdır desək, həqiqəti ifadə etmiş olarıq. Bu mənada onun özünəməxsus elmi şərh manerasına malik olduğunu söyləməklə, bu üslubun tədqiqata elmi-bədii yanaşmadan ibarət olduğunu vurğulamaq lazımdır.

Sənətşünasın təşəbbüsü və axtarışları nəticəsində hələ sovet dönəmində - 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı...” adlı tarixi sərgi təşkil olunmuşdu.

O, 40 ildən çoxdur ki, təsviri sənətimizin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarlarını ardıcıl araşdırmaları ilə yerlixarici ölkələrin mətbuatında təbliğ etməkdədir. Bu mənada ABŞ, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə mətbuatında çap olunan elmi-publisistik məqalələri qeyd etmək olar.

Sənətşünas Ziyadxan Əliyev, həmçinin çoxsaylı kitabların və kataloq mətinlərinin müəllifidir. Müəllifin hər bir kitabı haqqında ayrıca danışmaq çox vaxt aparardı. Bu işlərə qısa nəzər salsaq, ilk növbədə onun 2009-cu ildə Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu” kitabını xüsusi qeyd etmək istərdik. Bu dövrə qədər Azərbaycan sənətşünaslığında bir rəssamın yaradıcılığı bu cür geniş tədqiq edilməklə, barəsində hərtərəfli və əhatəli kitab yazılmamışdı. Səttar Bəhlulzadə yaradıcılığının öyrənilməsinə ömrünün 30 ilini həsr edən sənətşünasın yazdığı bu kitab, doğrudan da, təqdirəlayiq tədqiqat əsəridir.

Sənətşünasın xalq rəssamı Cəmil Müfidzadəyə həsr olunmuş “Cizgilərə hopan ömür” kitabında da XX əsr Azərbaycan qrafika sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkarın həyat və yaradıcılığına əhatəli nəzər salınıb.

Sənətşünasın “Zakir Hüseynov. Tənha döyüşçü” kitabı cəmisi 49 il ömür sürmüş istedadlı rəngkar Zakir Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur. Qeyd edək ki, özünəməxsus yaradıcılıq potensialını cəmisi on ildə nümayiş etdirməyə nail olan bu rəssam, sonda Azərbaycan təsviri sənətində özünəməxsus və yaddaqalan bədii iz qoya bildi. Rəssamın yaradıcılığındakı bu evolyusiyanı öz kitabında şərh etməyi qarşısına məqsəd qoymuş sənətşünas məzmun və tutumca çox əhatəli bir tədqiqat ərsəyə gətirdiyini sərgiləmişdir.

Sənətşünasın “Azərbaycanın Xalq rəssamı Davud Kazımov” adlı kitabında da XX əsr Azərbaycan qrafika və rəngkarlıq sənətinin inkişafında müstəsna əməyi olan rəssamın həyat və yaradıcılığına əhatəli şəkildə nəzər salınmışdır.

Ziyadxan Əliyev bir çox kitablar yazmışdır. Bunlardan bizSabir təsviri sənətdə” (2012), “Sönmüş ocağın işıqları” (2013), “Fəxrəddin Seyfəddinoğlu (Məmmədvəliyev): çağdaş rəssamlığımızın fenomeni”, “Eldar Mikayılzadə: ilmələrin hikməti” (2013), “Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi” (2014), “Tamilla Seyidova: gerçəkliyin rəngi” (12014), “Arif Hüseynov. Cizgilərin hikməti” (2014), “Sənətkar ömrü: Azərbaycan Respublikasının Əməkdar rəssamı Şaiq Məmmədov” (2016), “Rafael Abasov” (2017), “Bəhruz bəy Kəngərli taleyi” (2017) və s. kitabları qeyd etmək olar.

Elmi-pedaqoji fəaliyyətini davam etdirən Ziyadxan Əliyev uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İncəsənət tarixi fənnindən dərs demişdir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirir. O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı və məruzəçisi olmuş, ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin təşkilində yaxından iştirak etmiş, onlarla tələbənin elmi işlərinə rəhbərlik etmişdir.Xalq rəssamı Səttar Bəhlulzadə yaradıcılığında romantizm” adlı elmi işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. Ziyadxan Əliyev 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Bu il o, maarifçilik fəaliyyətinə görə ənənəvi “Kaspi” mükafatına layiq görülmüşdür.

2008-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İncəsənət tarixi kafedrasının baş müəllimi kimi çalışan Ziyadxan Əliyev 2010-cu ilin fevralında İncəsənət tarixi kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Hazırda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev yeni-yeni mövzular üzərində işləyir. İnanmaq istərdik o, qədim milli-mənəvi dəyərlərimizin indiyə qədər qaranlıq qalan səhifələrinə işıq sala biləcək axtarışları və tapıntıları ilə sənətşünaslıq elminə layiqli töhfələr verə biləcəkdir.



Samir Sadıqov

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Palitra.-2018.-23 iyun.-S.10.