“1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”
Yaqub Mahmudov:
“Cümhuriyyət
dünyaya göstərdi ki,
biz humanist dövlətik”
“Həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”
“Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər”
“Xalq Cümhuriyyəti Azərbaycanın ilk müasir universitetini - Bakı Dövlət Universitetini təsis edib”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. Yaqub Mahmudov bildirib ki, Cümhuriyyət yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir: “Cümhuriyyət dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Biz bütün Şərq üçün nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradılıb. Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib”. “Biz hər zaman ermənilərə əl uzatmışıq. O əlin ən uzununu “Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq” deyərək Məhəmməd Əmin Rəsulzadə uzadıb. Xalq Cümhuriyyəti parlamentində erməni və “Daşnaksütyun” fraksiyaları var idi. Cümhuriyyət dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq, humanist dövlətik və xalqlara bir ovuc cəllada görə münasibət bəsləmirik. Amma ermənilər bizim əlimizi tutmadılar. Bolşevik Rusiyası sifarişlə Qarabağdakı separatçı erməniləri bizə qarşı qaldırdı. Xalq Cümhuriyyəti də öz ordusunu Qarabağa göndərməli oldu. 1988-ci ildə yenə həmin ssenarini həyata keçirdilər və Qarabağda Sərkisyan kimi başkəsənlər separatçı hərəkatın başında durdular. Ermənilər bütün dünyanın gözləri qarşısında Xocalı soyqırımını törətdilər. Yəni, tarix təkrar olundu”, - deyə akademik qeyd edib.
“Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü”
Yaqub Mahmudov deyib: “Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib. Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. Həmin öhdəliklər sırasında Ermənistan hökumətinin erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyi, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınların dayandırılması dururdu. Bundan başqa, Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü.
“Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir”
Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdu və işğalçılıq siyasətini davam etdirdilər. Bununla həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdi. Buna görə də Xalq Cümhuriyyəti Milli Şurasının qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”. Akademik bildirib ki, Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir: “Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl olunaraq nəşr edilmiş ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”.
“Bu il martın 31-də azərbaycanlıların soyqırımının da 100 ili tamam olur”
O qeyd edib
ki, Cümhuriyyətin bolşevik
Rusiyası ilə münasibətləri lazımınca və
olduğu kimi öyrənilməyib:
“Tarix İnstitutunun
Elmi Şurasının qərarına əsasən,
“Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli dövlət xadimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə
Şimali Qafqaz
dövlətləri” (rusca), “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi
Hindistan Milli Arxivinin sənədlərində” (rusca), “Şəki bölgəsi
(1917-1920-ci illər)”, “Azərbaycanın Zəngəzur
bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın
Naxçıvan bölgəsi regional hərbi-siyasi
proseslərdə (1917-1920)” və digər əsərlər çap olunacaq. Bu il martın 31-də azərbaycanlıların
soyqırımının da 100 ili tamam olur.
Tarix İnstitutu
Bakıda, Şamaxı və Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, İrəvan
quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya
bölgəsində erməni-daşnak quldurlarının
törətdiyi soyqırımlarıyla bağlı
ayrı-ayrılıqda kitablar çap etdirib. Bu il institut
“XX əsrdə türk-müsəlman xalqlarına
qarşı soyqırımları”, “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın
dövlətçilik tarixinin parlaq səhifəsi” və “Birinci
Dünya müharibəsi dövründə
Osmanlı dövləti-Azərbaycan əlaqələri və
Qafqaz İslam Ordusu” mövzularında beynəlxalq elmi konfranslar və “Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi” mövzusunda respublika elmi konfransı keçirəcək”.
A.Miriyev
Palitra 2018.- 20 mart.- S.13.