Tarixi şans və tarixi şəxsiyyət

 

Müstəqillik heç də bütün millətlərə nəsib olmamışdır. Ona görə də bizim üçün Azərbaycanın dövlət müstəqilliyi ən əziz, ən qiymətli hadisədir və bununla bərabər, tarixi hadisədir. Çünki XX əsrdə Azərbaycan artıq ikinci dəfədir ki, müstəqillik qazanır. Əsrin əvvəlində 1918-1920-si illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə və əsrin sonunda 1991-ci ildən Müstəqil Azərbaycan Respublikası dövrü.

Müstəqilliyə çıxmaq üçün iki şərt lazımdır: tarixi şans və tarixi şəxsiyyət.

Azərbaycan xalqı üçün tarixi şans 90-cı illərin əvvəllərində - SSRİ-nin dağılma ərəfəsində yarandı. 1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı “Viskuli” mehmanxanasında SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoyulduğu elan olundu. Dekabrın 25-də M.S.Qorbaçov SSRİ prezidenti vəzifəsindən istefa verdi və beləliklə də, hüquqi cəhətdən SSRİ-nin varlığına son qoyuldu və bu hadisə Azərbaycanın müstəqilləşmə siyasətinə təkan verdi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə ölkə “Azərbaycan Respublikası adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edildi. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasının qərarı ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyənnamə” qəbul edildi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında referendum keçirildi. Referendumda bir məsələ qoyulmuşdu: “Siz Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Lakin müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Bu çətin və şərəfli iş ancaq böyük tarixi şəxsiyyətin, müdrik dövlət xadiminin ardıcıl və məqsədyönlü səyləri nəticəsində uğurla həyata keçirilə bilərdi. Taleyin qismətindən belə tarixi sınaq məqamında Azərbaycana böyük öndər Heydər Əliyev rəhbərlik etdi. Heydər Əliyevə çox kitablar həsr olunmuşdur:

- “Heydər Əliyev və siyasət”,

- “Heydər Əliyev və Azərbaycanda iqtisadi dirçəliş”,

- “Heydər Əliyev və ədəbiyyat”,

- “Heydər Əliyev və incəsənət”,

- “Heydər Əliyev və Azərbaycan elmi” ,

- “Heydər Əliyev və Azərbaycan tarixi” və s.

Lakin bunun üçün Heydər Əliyevin həyat və fəaliyyətini, sadəcə, təsvir etmək, şəkilli kitablar, albomlar çap etdirmək və ya çıxışlarını bu və ya digər tematik istiqamətlərdə toplamaq kifayət deyil. Həm də onun ideyalarının ana xəttini öyrənməklə, bütün konkret məsələlərdə bu xətti tətbiq etməyi öyrənmək lazımdır. Çünki müasir dövlətçilik mərhələsinin tarixi istər-istəməz həm də Heydər Əliyevin əməli fəaliyyətinin tarixidir.

Heydər Əlirza oğlu Əliyev XX əsrin ən böyük liderlərindəndir. Məşhur dirijor Mstislav Rostropoviçin sözləri ilə desək: ”Ulu Tanrı Azərbaycan xalqının taleyinə çətin və əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan böyük şəxsiyyət qismət edib”. Görkəmli diplomat Ziqmund Bjezinskinin etirafında qeyd edilir ki, “Bu gün Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir”. Türk dünyasının yazıçısı Çingiz Aytmatov “O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”-deyib. Amma hörmətli Süleyman Dəmirəlin fikri bu silsilə fikirlərin nəticəsi kimi göstərir ki, “ Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələ sabitlikdir”.

Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidmət göstərdiyi vaxt yaradılmışdır. Azərbaycanın sovet dövründən keçdiyi mərhələləri sıra ilə düzsək, təxminən belə bir ardıcıllıq alınar:

- Tərəqqi (1969-1982)

- Durğunluq (1983-1988)

- Mənəvi deqradasiya (1989-1992)

- Dövlətsizləşmə və dağılma (1992-1993)

- Böhran (vətəndaş müharibəsi) (4-15 iyun 1993)

- Qurtuluş məqamı (15 iyun 1993)

- Sabitləşmə (1993-1996)

- Yeni dirçəliş üçün potensial toplanması (1996).

Hadisələrin məntiqi gedişi göstərir ki, 70-ci və 80-ci illərdəki tərəqqi dövrü Heydər Əliyevin Azərbaycana sovet dövründə rəhbərlik etdiyi dövrdür və 90-cı illərin sabitləşmə və dirçəliş dövrü isə Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdür. Bu inkişafın ən bariz nəticəsi odur ki, indi biz yeni tərəqqi dövrünün astanasındayıq. Amma bu tərəqqi SSRİ dövründəkindən fərqli olaraq müstəqil Azərbaycanın tərəqqisi olacaqdır.

Bununla belə, 70-ci və 80-ci illərdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır. Çünki o vaxt bizim tarixi şəxsiyyətimiz var idi. Heydər Əliyevin o vaxt gördüyü işləri təhlil etdikdə, elə bil ki, hər şey məhz bu məqsədlə yaradılırdı. Azərbaycanın iqtisadiyyatı inkişaf etdi. Azərbaycanda iqtisadi, sənaye potensialı yarandı. Azərbaycanda yeni şəhərlər yaranmış, kəndlər, qəsəbələr abadlaşmış, insanların rifah halı xeyli yaxşılaşmışdı. Ulu öndərimiz Heydər Əliyev dəfələrlə öz çıxışlarında qeyd edirdi ki, mən o vaxt Azərbaycanın gələcəyi üçün düşünürdüm.

Bu çətin və şərəfli iş ancaq böyük tarixi şəxsiyyətin, müdrik dövlət xadiminin ardıcıl və məqsədyönlü səyləri nəticəsində uğurla həyata keçirilə bilərdi. Heydər Əliyevin fəaliyyətinin və bilik dairəsinin genişliyi onun dünyasının ayrı-ayrı rakurslardan qiymətləndirilməsinə böyük imkanlar açdığına görə, onlarca əsərlər ortaya çıxır. Bu istiqamətdə görülən işlərin böyük əksəriyyəti Heydər Əliyevin ictimai həyatımızın bu və ya digər sahəsi ilə bağlı çıxışlarının toplanıb kitab halında çap etdirilməsindən ibarətdir.

Heydər Əliyevin nəzəri irsi elə böyük bir xəzinədir ki, onu təhlil etməklə qurtaran deyil. Əsas məqsəd Heydər Əliyevin həm çıxışlarının, həm də quruculuq fəaliyyətinin əsasında dayanan başlıca prinsipləri aşkar etmək, onun fəlsəfi qayəsini, mahiyyətini üzə çıxarmaqdır.

Heydər Əliyevin fikirləri, çıxışlarındakı elmi-nəzəri müddəalar yeni bütöv bir təlimin yaradılması üçün kifayətdir. Burada söhbət təsvirə və təbliğə yox, tədqiqata və mahiyyətlərin üzə çıxarılmasına əsaslanan yeni bir təlimin yaradılmasından gedir.

- Bu təlim sosialist ictimai-iqtisadi sistemindən xüsusi mülkiyyətə əsaslanan cəmiyyətə keçidin elmi-nəzəri əsaslarından ibarət olmalıdır.

- Bu təlim imperiya buxovlarından azad olmuş, müstəqillik yolu tutmuş, lakin qloballaşma dalğaları ilə üzləşmiş bir dövlətin fəaliyyət strategiyası olmalıdır.

- Bu təlim neçə əsrlər ərzində öz milli-mənəvi köklərindən ayrı salınmış bir xalqın özünə qayıdış və özünüdərk fəlsəfəsi olmalıdır.

Bu baxımdan professor S.Xəlilovun “Lider, dövlət, cəmiyyət” adlı kitabı müstəqilliyin təminatçısı Heydər Əliyevə ithaf olunan böyük tədqiqatdır.

Heydər Əliyev irsi təkcə bu gün üçün yox, həm də gələcək üçün lazımdır. Müasir Azərbaycan dövlətçiliyinin təməl daşını qoymuş və möhkəm özülünü yaratmış bu böyük şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna gələcəkdə də işıq salacaq.

 

 

Elmira Məmmədova

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Azərbaycan tarixi

kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

 

Palitra.- 2018.- 3 may.- S.6.