Firdovsiyyə Əhmədova: “Nərimanov Bakını kütləvi qırğına etiraz olaraq tərk etdi

 

(əvvəli ötən sayımızda)

 

Odessada müsəlman gənclərin bir araya yığılmasında, tələbələrdən ibarət teatr səhnələrinin təşkil edilməsində müstəsna xidmət göstərir. Bir qrup tələbə ilə Baxçasaraya gedərək, orada teatr tamaşaları vermiş, İsmayıl bəy Qaspralı ilə görüşmüşdü. Görüş haqqında yazırdı ki, “bir-birimizin dərdindən və məqsədindən xəbərdar olduq”. Bu dərdlər, şübhəsiz ki, ictimai mövzulu söhbətlər idi.

1905-ci ildə Rusiyada baş verən hadisələr Nərimanovun siyasi baxışına ciddi təsir göstərdi. Biz artıq onu tələbələrin mitinqlərində mütləqiyyət qarşısında tələblər qoyan bir gənc kimi görürükinqilabi çıxışlarına şahid oluruq. 1905-ci ildə respublika quruluşunun konstitusiya-monarxiya quruluşundan üstün olması haqqında məzmunlu mühazirə ilə çıxış edir.

-Bir müddətdən sonra təhsilini yarımçıq qoyan Nərimanov Bakıya qayıtmağa məcbur olur. Onun yenidən Bakı həyatı başlayır və biz yenə Nərimanovun sıx fəaliyyətini görürük...

- Bəli, inqilabi hadisələrin təsiri ilə Novorossiya Universiteti müvəqqəti bağlanır və Nərimanov yenidən Bakıya qayıdır, sosial-demokrat “Hümmət” təşkilatına daxil olur. Bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlayır. 1906-cı ilin avqustunda Qafqaz müsəlman müəllimlərinin I qurultayı Bakıda keçirilirdi. Nərimanov qurultayın təsis komissiyasına sədrlik etmişdir. Həsən bəy Zərdabi ilə həmin qurultayın keçirilməsinə də sədrlik edir. Şübhəsiz ki, bu, Nərimanovun Cənubi Qafqaz müsəlmanları arasında böyük nüfuza sahib olduğunu göstərirdi. Qurultayda siyasi məzmunlu çıxışlara sədrlik Nərimanova tapşırılır. Burada artıq biz Nərimanovun cəsarətli, müstəqil düşüncəli gənc obrazını görə bilərik.

Həmin qurultayda Nərimanovla Tağıyev arasında diskussiya yaranır. Maddi yardıma hədsiz ehtiyacı olduğu halda, qüdrətli H.Z.Tağıyevin maddi köməyindən imtina edərək mənəvi azadlığını mənfəət imkanından üstün tutmuşdur. Nərimanov sonralar ziyalılara müraciət edərək deyirdi ki, ziyalı olan bir şəxs öz müstəqil düşüncəli fikirlərini hər hansı bir altuna, qızıla, maddi vəziyyətinə görə satmaz. Daha sonralar Nərimanov yazırdı ki, Hacı ilə aramda olan münaqişə şəxsi zəminli yox, ictimai məzmunlu münaqişə olmuşdur. Sənədlər də göstərir ki, Nərimanov və Hacı arasında olan səmimi münasibət hər ikisinin həyatının sonuna kimi davam etmişdir.

-Tibbi təhsilini yarımçıq qoyan Nəriman Nərimanov artıq yenidən Odessaya qayıdır və ali təhsilini başa çatdırır. Bundan sonra Nərimanovun həyatında nələr baş verir? Xüsusilə də onun həbs edilməsi və Həştərxan dövründən danışardınız.

- 1906-cı ilin dekabrında Nərimanov yenidən Odessaya gedərək təhsilini başa vurur və 1908-ci ildə həkim diplomuna nail olaraq Bakıya qayıdır. Bu dövrdə İran milli demokratik hərəkatına kömək etmək üçün təcili Tiflisə göndərilir. İran inqilabına yardım göstərməkdə ittiham olunan Nərimanov 1909-cu ildə həbs edilir. Nərimanovun müdafiəsi üçün ziyalıların müraciəti faydasız olur. Həbs hökmü qüvvədə qalır, Nərimanov 7 ay Metex qalasında saxlanılır. Daha sonra iki il müddətinə Həştərxana sürgün olunur. Nərimanov Həştərxanda geniş ədəbi-bədii və elmi fəaliyyət göstərir. Həştərxan Xalq Universitetinin sədri, Həştərxan Şəhər Dumasının üzvü seçilmiş, orada yaşayan türk əsirlərinin birinci qurultayını keçirmişdi. Onun Həştərxanda maarifçilik, həkimlik, teatr fəaliyyəti geniş rezonans doğurur. Hətta bununla bağlı “Paris” qəzetində məlumatda deyilirdi: “Həştərxan, KazanUfa şəhərlərində mətbuat vasitəsilə müsəlman millətçiliyi qızğın təbliğ edilir. Bu işdə Xalq Universitetləri Cəmiyyətinin sədri N.Nərimanov görkəmli rol oynayır. Həştərxan quberniyasında yaşayan müsəlman əhalisi arasında onun təbliğatı böyük uğur qazanmışdır”. Nərimanovun sürgün müddəti bitdikdən sonra bir neçə ay Həştərxanda qalır. Onun Bakıya qayıdışına dərhal icazə verilmir və nəhayət, bir müddətdən sonra Nərimanov 1913-cü ilin iyulunda Bakıya qayıdır.

-Nəriman Nərimanov sürgün həyatı başa çatdıqdan sonra yenidən Bakıya qayıdır. Artıq Birinci Dünya müharibəsi Nərimanovun fəaliyyətində ciddi dəyişikliklərə səbəb olur. Bu haqda söhbət açardınız.

- Nərimanovun xatirələrində yer alır ki, Birinci Dünya müharibəsi onun siyasi baxışlarına ciddi təsir göstərir. Müharibəyə qədərki ictimai-siyasi fəaliyyətini özünün həqiqi elmi nəzəriyyə axtarışı dövrü kimi xarakterizə etmişdir. Müharibə dövründə Nərimanov Lenin məramnaməsini qəbul edir. Nərimanovun özü bolşeviklərin məramnaməsini Birinci Dünya müharibəsi dövründə qəbul etdiyini yazıb. Səbəb kimi elmi-mədəni tərəqqiyə çatmış Avropa ölkələrinin belə bir qanlı müharibədə təşəbbüskar və iştirakçı olmalarını göstərirdi.

Nərimanov məramnaməsini belə açıqlayırdı: “Mən insanın insan tərəfindən istismarına qarşıyam”. Lenin məramnaməsində də xalqların öz müqəddəratını sərbəst təyinetmə hüququ deyilən şuarı uzun müddət cəlbedici olmuşdur. Bütün bunlar Nərimanın siyasi baxışlarına ciddi təsir göstərmişdir.

-Nərimanovun fəaliyyətində 1917-ci ildə və ondan sonra hansı dönüşlər baş verir?

- 1917-ci ilə kimi, çar hakimiyyəti devrilənə qədər Nərimanovun fəaliyyəti həkimliklə yanaşı, ictimai-siyasi publisistik fəaliyyətlə müşahidə olunur. Müxtəlif dövri mətbuatda fərqli imzalarla çıxış edir. 1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında Rəsulzadə, Topçubaşov və digər şəxslərlə birlikdə Nərimanov da yer alır, qurultayın rəyasət heyətinə seçilir. 1917-ci il iyul ayının 3-də artıq Nərimanov “Hümmət” qəzetini çap etdirironun redaktoru olur. Həmçinin bolşevik “Hümmət” təşkilatına rəhbərlik edirdi. 1918-ci ilin iyul ayının 30-na qədər “Hümmət” qəzetinin 113 nömrəsi çap olunmuşdu. “Hümmət” qəzeti bir sosial-demokrat müsəlman təşkilatının platforması, siyasi tribunası idi.

Ümumiyyətlə, bu dövr siyasi proseslərin çox mürəkkəb dövrüdür. Siyasi baxımdan diferensiallaşmış təşkilatların tam olaraq yollarının ayrıldığı dövrdür. Buna qədər hədəf mütləqiyyətin devrilməsi idi. Mütləqiyyətin devrilməsindən sonra azərbaycanlıların hansı yolla irəliləməsi, arzuolunan mütərəqqi cəmiyyətə hansı proqramlarla çatılması qətiləşdi. Siyasi qüvvələr öz hədəflərinə çatmaq üçün proqramları uğrunda mübarizəyə başlamışdılar. İlk mərhələdə isə hədəf Ümumrusiya Müəssislər məclisinin qəbul edəcəyi qərarlara bağlı idi.

Bolşeviklərin 1917-ci ilin oktyabrında hakimiyyəti ələ alması yeni situasiya yaratdı. Nərimanov o dönəmdə sırf fəhlə-kəndli inqilabının nəticələrinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq olunması üçün mübarizəyə başlayır. Burada Nərimanovun beynəlmiləlçi, sosial-demokrat kursu yeritdiyini görürük.

-Nəriman Nərimanovun Nargin adasında olan türk əsirlərinin xilas edilməsi, onlara yardımları ilə bağlı fəaliyyəti olub. Türk əsirlərinə hər cür yardımın göstərilməsi üçün Nərimanov böyük səylər göstərir. Bu barədə ətraflı məlumat verərdiniz.

- Nərimanov 1917-ci ilin oktyabrında Bakı şəhər Dumasının üzvü seçilmişdir. 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində Nərimanovun fəaliyyətində Nargin adasında olan türk əsirlərinin müdafiəsi üçün göstərdiyi təşəbbüsü xüsusi olaraq qeyd etmək lazımdır. 1917-ci ilin dekabrında Nərimanov hərbi əsirlərə yardım göstərilməsi üzrə xüsusi komitənin sədri təyin edilmişdir. Türk əsirlərinə böyük qayğı göstərmişdir. Bunlar həmin əsirlərin aqibətinə Nəriman Nərimanovun son dərəcə həssas yanaşdığını göstərir. O, Nargin adasını bir ölüm cəzirəsi adlandırırdı. Nərimanov Nargin adasında olan türk əsirlərinin vəziyyətinin yaxşılaşdırılması üçün bir haray çəkirdi.

-Ümumiyyətlə, erməni və bolşevik birləşmələrinin xalqımıza qarşı törətdiyi milli qırğınlarda Nəriman Nərimanovun qəti, sərt mövqeyi yazılarında, tarixi sənədlərdə göstərilir. Bu dövrdə Nərimanovun fəaliyyəti bizim üçün maraqlıdır...

- 1918-ci ilin əvvəlindən başlayaraq Azərbaycanın milli qüvvələri, konkret olaraq Müsavat partiyası ilə Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin münasibətlərinin kəskinləşdiyi dövrdür. Nərimanov həmin dövrdə milli zəmində qarşıdurmanın baş verməməsinə maksimum dərəcədə səy göstərirdi. 1918-ci ilin yanvar ayında müsəlman diviziyasının başçısı general Talışinski həbs edilmişdi. Onun həbsdən azad olunmasında Nərimanov təşəbbüs göstərir və buna nail olur. Nərimanov ŞaumyanÇaparidzeni xəbərdar edirdi ki, heç cür silahlı qarşıdurmaya yol vermək olmaz, bu, milli qırğınla nəticələnəcəkdir. Bu da 1918-ci ilin mart qırğınlarında öz təsdiqini tapdı.

Təzəpir məscidinin həyəti o dövr üçün siyasi tribuna məkanına çevrilmişdi. Bəzən Nərimanovu Şərq dünyasında məscid tribunasının yaradıcısı kimi dəyərləndirirlər. Çünki onun məscid həyətində siyasi məzmunlu çıxışlarla xalqı maarifləndirməyə çalışan çoxsaylı nitqləri olub. Təzəpir məscidi, İsmailiyyə binası, “Kaspi”, “Açıq söz” redaksiyaları milli düşüncəni formalaşdıran ocaqlar olub. Təsadüfi deyildi ki, 1918-ci ildə bu binalar təcavüzə məruz qalmışdı.

Nərimanov xalqı maarifləndirərək çalışırdı ki, heç bir təxribat törədəcək hadisə olmasın. 1918-ci ilin martında Evelina gəmisi tərk-silah olunanda Nərimanov səy göstərdi ki, silahlar “Hümmət” təşkilatı vasitəsilə geri qaytarılsın. Amma Şaumyan başda olmaqla bolşeviklər daşnaklarla birliyinə daxil olaraq Azərbaycan muxtariyyətinin qarşısının alınmasında mövqelərini konkretləşdirmişdilər. Buna görə də onlar ilk bəhanədən istifadə edib kütləvi qırğınlar törətdilər. Bəzən Nərimanovu qınayırlar ki, qırğınlardan sonra niyə Şaumyan və Bakı bolşevikləri ilə əməkdaşlığı davam etdirir və Bakı Xalq Komissarları Sovetinin tərkibində yer alır. 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti təşkil olunanda Nərimanov sovetdə şəhər təsərrüfatı üzrə komissar vəzifəsini tutur.

Nərimanov sosializm ideyalarına inananda və məramnaməsini qəbul edəndə onu hər hansı konkret şəxslər üzündən qəbul etməyib. Şaumyan və qırğını törədənlər Nərimanovun ideyalarının gerçəkləşməsində onun zəmanəti deyildilər. Qırğınlarla bağlı Nərimanovun 1918-ci il aprelin 1-də “Hümmət” qəzetində Şaumyana, Caparidzeyə ünvanladığı müraciətlər var ki, o, qırğınları kəskin olaraq ittiham edir. Nəriman Nərimanov bu qırğınları 1918-ci ildə Bakıdakı sovet hakimiyyəti üçün qara bir ləkə adlandırırdı. O, erməni silahlı birliklərinin buraxılmasını və şəhəri tərk etmələrini tələb edirdi. Təbii ki, bu hadisələr onun səhhətində ciddi problemlərlə nəticələndi. 1918-ci ilin iyununda xərəkdə onu Bakı limanından Həştərxana yola salırlar. Nərimanovun Stalinə “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məktubu var, bir neçə nüsxəsi arxivdə saxlanılır. Həmin məktubların birində belə bir cümlə yer alıb: “Mən Bakını kütləvi qırğınlara etiraz olaraq tərk etdim”. Nərimanovun Həştərxana getməyi Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinə bir etiraz kimi, məktubların birində yer almışdı. Onun Qafqazla bağlı baxışları bir proqram şəklində 1919-cu ilin fevralında “Qafqazın fəthinə baxış” adlı məruzəsində əksini tapmışdır. Bu artıq Nərimanovun siyasi bioqrafiyasının növbəti bir mərhələsidir.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

 

Palitra.-2018.-9 may.-S.7.