İsa Həbibbəyli: Heydər Əliyev Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli dövlət xadimi Heydər Əliyevin dünyamiqyaslı siyasi lider olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli bildirib: Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirib və inkişaf etdirib. Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli-mənəvi dəyərləri vəsf edib və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş verib. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırıb.

İndiyə qədər görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyata qayğısından çox yazılsa da bu mövzunun bitmədiyini bildirən akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən yenicə çap edilmiş Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala kitabında ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazının tədqiqata cəlb edilməsini xüsusi vurğulayıb.

Konfransda AMEA-nın müxbir üzvü Tehran Mustafayev Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı, filologiya elmləri doktoru Əlizadə Əsgərli Heydər Əliyevin obrazı ədəbi fikirdə, filologiya üzrə elmlər doktoru Elnarə Akimova Poeziyada Heydər Əliyevin ədəbi-filoloji portreti, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Uşaq ədəbiyyatında Heydər Əliyev obrazı və filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova Heydər Əliyevin bədii portreti bədii-sənədli janrda mövzularında məruzə ilə çıxış ediblər.

 

Nigar

Palitra.-2018.-9 may.-S.5.