Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər
keçirilib
Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Rusiyadakı diaspor təşkilatları da qoşulublar. Artıq may ayının birinci yarısında Krasnoyarsk diyarı azərbaycanlılarının milli-mədəni muxtariyyatı, “Odlar yurdu” Xalq mahnı və rəqs ansamblı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Krasnoyarsk diyarı üzrə bölməsi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriblər.
Açılış “Odlar yurdu” rəqs ansamblının konsert proqramı ilə başlayıb. Konsertdə Krasnoyarsk diyarının dövlət və hökumət rəsmiləri, şəhər administrasiyasının rəhbərliyi və təmsilçiləri, eləcə də qırğız, özbək, tacik, yəhudi və digər xalqların milli-mədəni birliklərinin nümayəndələri də iştirak ediblər.
Öncə səhnədə Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədri Taleh Mahmudovun adından onun müavini Xalid Hacıyev, “Odlar yurdu” rəqs ansamblının direktoru Səadət Qarayeva, ansamblın bədii rəhbəri Aqil Cəfərov çıxış ediblər. Çıxışçılar Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladığını və bütün dünya azərbaycanlılarının bu yubileyi qeyd etdiklərini bildiriblər. Həmçinin Krasnoyarskdakı soydaşlarımız AXC ilə bağlı keçirilən silsilə tədbirlərdə aktiv olmağa dəvət edilib.
Daha sonra min nəfərlik zalda Azərbaycanın “Qarabağ”, “Zorxana”, “İgidlər”, “Tərəkəmə”, “Köçəri”, “Qarabağ çobanlar” və s. milli rəqsləri nümayiş etdirilib. Fəal iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.
Krasnoyarskda AXC ilə bağlı növbəti olaraq dəyirmi masa təşkil edilib. Tədbirə Sibir Federal Universitetinin professor-müəllim heyəti, tələbələr və digər xalqların milli-mədəni birliklərinin üzvləri qatılıblar. Dəyirmi masada AXC-nin Azərbaycan tarixində rolu, Rusiya-Azərbaycan münasibətlərindən danışılıb.
Krasnoyarskdakı soydaşlarımız dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız milli geyimlərdə əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər tutaraq Üzeyir Hacıbəylinin “Cəngi” kompozisiyasının sədaları altında fləşmob ediblər. Həmvətənlərimiz, eyni zamanda Krasnoyarskda yerli sakinlər arasında da AXC haqqında məlumatlandırma aparıblar.
Xatırladaq ki,
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları
Azərbaycan Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının üzvü
Nərgiz Xələf və Diaspor Fəaliyyətinə
Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad
Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların
Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək,
xaricdəki soydaşlarımızın həmrəyliyini
gücləndirməkdir. Kampaniyaya 11
ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa,
Türkiyə, Ukrayna və Kipr) diaspor təşkilatları
qoşulub. Ayrıca Azərbaycandakı
20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.
Əkbər
Palitra 2018.- 16 may.- S.7.