Azərbaycan Xalq Cümhuriyyətinin milli iqtisadi modeli

 

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyətdə olduğu 23 aylıq dövrdə mükəmməl iqtisadi siyasət həyata keçirilib və çoxşaxəli xarici-ticarət əlaqələri qurulub. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti sahib olduğu iqtisadi imkanlara görə az müddətdə çevik islahatlar aparıb. Həmin illərdə qısa müddətdə Azərbaycan iqtisadiyyatını idarə edən strukturlar tam formalaşdırılıb. 23 ay ərzində hökumətdə bu şəxslər təmsil olunub: iqtisadiyyat nazirləri arasında Nəsib bəy Yusifbəyli, R.Kaplanov, Əbdüləli bəy Əmircanov, İ.Protasov, Ə.Həsənov (maliyyə və xalq maarifi naziri), Məmməd Yusif Cəfərov, A.Əminov (ticarət və sənaye naziri), Əkbər ağa Şeyxülislamov, Xosrov bəy Sultanov, A.Qardaşov, Əhmədbəy Pepinov (əkinçilik, əmlak və əmək naziri), Xudadat bəy Məlikaslanov, Cəmobəy Hacinski (yollar, poçt və teleqraf naziri), Cəmobəy Hacinski, Məmməd Həsən Hacınski, Nərimanbəy Nərimanbəyli, Heybətqulu bəy Məmmədbəyov (dövlət müfəttişi), A.Aşurov, Mirzə Əsədullayev (ticarət və sənaye naziri), G.Lizqarın (ərzaq naziri).

1918-1920-ci illərdə AXC hökuməti tərəfindən iqtisadiyyatın bərpası üçün xeyli iş görülüb. Ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edilib, maliyyə işi qaydaya salınıb. Bunlardan başqa, Bakı-Batum neft kəməri bərpa olunub, Bakı-Culfa dəmir yolunun çəkilişi işi sürətləndirilib.

 

Cümhuriyyət dövründə Azərbaycan iqtisadiyyatında neft sektoru aparıcı mövqeyə sahib olub

 

Cümhuriyyət hökumətinin Azərbaycanda həyata keçirdiyi iqtisadi fəaliyyət, əsasən, 1919-cu ildə daha əhəmiyyətli olub. Həm bu ilin bütünlüklə cümhuriyyət dövrünə daxil olması, həm də hökumətin strukturlarının tam formalaşdırılması bir sıra islahatların həyata keçirilməsinə imkan yaradıb. 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manata bərabər olub. Bunun böyük hissəsini neft satışından əldə edilən gəlirlər və tutulan mənfəət vergisindən daxil olmalar təşkil etmişdir. Büdcəni formalaşdırmaq üçün əsas mənbə gəlir vergisi idi. 1919-cu ildə ölkədə mənfəət vergisinin dərəcəsi 30 faizə bərabər olub. Büdcə daxilolmalarında ikinci mühüm mənbə şərab, tütün və xüsusən, neft məhsullarından alınan aksiz vergisindən ibarət idi. Bunlarla bərabər, büdcənin 100 milyon manatlıq hissəsini gömrükdən, 15 milyon manatını isə azad ticarət, yük, sərnişin daşınmasından toplanan rüsum təşkil edib. Məhdud imkanları olan büdcənin çox hissəsi əməkhaqlarının verilməsinə yönəldilib. Hökumət, az da olsa, büdcədən təhsil üçün 30 milyon, hərbi xərclər üçün 80 milyon manat vəsait ayıra bilmişdi. AXC qurulana qədər baş verən münaqişələr səbəbindən çoxlu yaşayış məntəqələri dağıdılmışdı. Büdcədən təxminən 130 milyon manat məhz bu çatışmazlıqların aradan qaldırılması üçün istifadə edilib.

Cümhuriyyət dövründə Azərbaycan iqtisadiyyatında neft sektoru aparıcı mövqeyə sahib olub. Cümhuriyyət illərində Azərbaycanda 1918-ci ildə 3287 quyudan 185, 6 milyon pud (2,96 milyon ton), 1919-cu ildə 2066 quyudan 225,1 milyon pud (3,6 milyon ton), 1920-ci ildə 2037 quyudan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.

Azərbaycan neftinin əsas alıcısı ilk vaxtlar Rusiya, daha sonra isə görülən tədbirlər nəticəsində Avropa ölkələri olub. Rusiyada inqilabla əlaqədar Azərbaycandan neftin ixracı 1919-cu ildə ciddi dərəcədə azalıb. Bu amil Azərbaycan iqtisadiyyatında ciddi böhranın yaranmasına səbəb olub. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə respublikada hasil olunan 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilib.

Avropaya neft ixracı 1919-cu ilin mart ayında uzunluğu 500 km, nəql etmək gücü 3 milyon ton olan Bakı-Batumi neft kəməri bərpa edildikdən sonra mümkün olub. Neft ixracının güclənməsi ölkəmizin bütün istehsal sahələrinin inkişafına təkan verib. Həmin dövrdə elektrik stansiyalarının gücü 63,7 min kVt-a çatdı ki, bunun da 56 min kVt-ı “Ağ şəhər” və “Bibiheybət” stansiyalarının payına düşüb.

 

“AXC-nin aqrar siyasətinin əsas məzmunu əkinçiliklə məşğul olan əhali kütləsinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması olub”

 

Neft sənayesi nəzərə alınmasa, 1918-1920-ci illərdə Azərbaycan daha çox aqrar ölkə olub. Azərbaycanda həmin dövrdə iribuynuzlu mal-qaranın sayı 1 milyon baş, atların sayı 150 min baş, camışların sayı 300 min baş, dəvələrin sayı 12 min baş, qoyun və keçilərin sayı 1,5 milyon başa çatıb. İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, İqtisad üzrə fəlsəfə doktoru Seyfəddin Səməndərov bizimlə söhbətində dedi ki, cəmi 23 ay mövcud olmuş AXC hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsas mahiyyəti və hədəfləri xalqın rifah halının yaxşılaşdırılması olub: “Xüsusən, aqrar islahatlar, torpaqların kəndlilərə verilməsi, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması istiqamətində əhatəli addımlar atılıb. 1919-cu il fev¬ralın 4-də parlamentdə aqrar islahat komissiyası yara-dıl¬ıb və 1920-ci il aprelin 21-dək fəaliyyətini davam etdirən komis¬siyanın 25 dəfə iclası olub. Əkinçilik Nazirliyində hazırlanmış və Nazirlər Şurasına təqdim edilmiş aqrar islahat layihəsinin əsas müddəalarına (1919-cu il iyul-avqust) görə, hüquqi və fiziki şəxslərə saxlanacaq torpaq norması kənd yerlərində 100-150, şəhər yerlərində 5-7 desyatin həddində müəyyənləşdirilmişdi. Az torpaqlı və torpaqsız əhalinin torpaqla təmin olunması üçün onlara ayrılacaq torpaqlar bağçılıq və qiymətli əkinçilik mədəniyyətinin inkişaf etdiyi rayonlarda 1,5 desyatin, dənli bitkilərin becərildiyi ərazilərdə 3 desyatin, heyvandarlıqla məşğul olan əhali üçün 8 desyatin həcmində müəyyənləşdirilmişdi. Onu da deyim ki, Müsavat fraksiyasının aqrar islahat layihəsini təqdim etmişdi. Bu Qanun layihəsində hüquqi və fiziki şəxslər üçün torpaq normasının saxlanılması nəzərdə tutulur və normadan artıq torpaqlar dövlət torpaq fonduna daxil edilirdi”.

Seyfəddin Səməndərovun fikrincə, aqrar islahatla bağlı formalaşmış əsas mövqelər belə olub: “Müsavat”, “İttihad” və “Əhrar” kimi sağ təmayüllü partiyaların mövqeyinə görə aqrar məsələnin həllində əsas ideya mülkiyyət plüralizmi, mülkiyyət normasının bütün cəmiyyət üzvləri üçün məqbul sayılacaq hədlərin müəyyənləşdirilməsi fikri idi. Sol təmayüllü partiyaların mövqeyi özünü “eserlərin” və “bolşeviklərin” tələb və qərarlarında büruzə verirdi. “Üçüncü istiqamət isə “sosializm” ideyalarına meyilli siyasi partiyaların bir qrup nümayəndələri kimi təqdim olunurdu və burada əsas ideya fərdi mülkiyyət və fərdin mülkiyyətsizləşməsi arasında münasib balansın axtarılması fikri idi”.

Seyfəddin Səməndərovun sözlərinə görə, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasətinin əsas məzmunu əkinçiliklə məşğul olan əhali kütləsinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması olub: “Həmçinin torpaq icarəsi münasibətləri tənzimlənib. Proqramların reallaşması üçün komissiyaların yaradılması və s. kimi sistemli tədbirlər də görülüb”.

 

AXC-nin milli iqtisadi modeli gələcəkdə daha geniş islahatların aparılması üçün geniş imkanlar yaradırdı...

 

Hər bir dövlətin əsas iqtisadi atributlarından biri, təbii ki, onun milli valyutasıdır. Azərbaycanın milli valyutası olan manat məhz 1919-cu ilin əvvəllərində tədavülə buraxılıb. İlk əsginaslar 25, 50, 100 və 250 manatlıq olub. Bir qədər sonra manatın daha böyük 500-lük əsginası emissiya edilib. Azərbaycan birjalarında pulların məzənnələrinə diqqət yetirdikdə görünür ki, manatın kursu aparıcı valyutalara nisbətən çox aşağı olub. Məsələn, 1919-cu ildə 100 rublluq “Romanovlar” 350 manat, 1 ingilis funt-sterlinqi 315 manat, 1 Amerika dolları 280 manat, Fransa frankı 10 manat, İtaliya lirəsi 7 manat, İran tüməni 125-230 manat, rus onluq qızıl valyutası 420 rubl manat və s. təşkil edib.

Maliyyə-pul siyasətini daha da gücləndirmək üçün 1919-cu il sentyabr ayının 30-da Bakıda Azərbaycan Dövlət Bankı təsis olunub. 1919-cu il oktyabrın 25-də kredit bankları və şəhərlərdə əmanət kassaları fəaliyyətə başlayıb.

Azərbaycan həmin illərdə aqrar ölkə olsa da, strateji məhsulların çox hissəsini idxal hesabına təmin edib. Taxıla olan ehtiyacını qarşılamaq üçün xaricdən 7 milyon pud (112 min ton) buğda alıb. Təxminən 16 min ton şəkər idxal edib.

AXC xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrində barter üsulundan geniş istifadə edirdi, alınan malların və təbii sərvətlərin müqabilində daha çox neft verilib. Azərbaycan Amerikadan, Fransadan, İtaliyadan və digər xarici ölkələrdən gətirdiyi hərbi sursatın, telefon aparatlarının, minik avtomobillərinin, yüz ədəd parovozun, iki min sisternin, beş yüz bağlı vaqonun, ərzaq məhsullarının dəyərini, əsasən, neft, pambıq, yun, ipək, gön və dəri ilə ödəyib.

Azərbaycanda həmin illərdə iqtisadi əlaqələri qaydaya salmaq üçün gömrük xidməti də yaradılıb, Bakı-Batum neft kəməri bərpa edilib, Kür çayı üzərində körpü tikilib, Bakı-Ceyhan dəmir yolu inşa edilib, Xəzər dəniz gəmiçiliyi yenidən qurulub.

Görülən bu işlər sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti az bir müddətdə öz iqtisadiyyatını da milliləşdirə bilmişdi. Bu milli iqtisadi model gələcəkdə daha geniş islahatların aparılması üçün geniş imkanlar yaradırdı. Bolşevik istilası buna imkan verməsə də, 70 il sonra Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra milli sərvətləri əsasında özünün iqtisadi çiçəklənməsinə nail ola bildi.

 

Fuad Hüseynzadə

 

Palitra.-2018.-23 may.-S.10.