Günay Reyhan: “Şeir mənim ruhumun səsidir və ruhu dindirən də Tanrıdır”

 

İbrahimli Günay Məharət qızı 1995-ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. 2012-ci ildə Firdovsi Əliyev adına Çobankənd kənd orta məktəbinin məzunu olub. 2012-2015-ci illərdə Qazax Dövlət Sosial-İqtisad kollecində təhsil alıb. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Hazırda universitetin III kurs tələbəsidir. Universitetdaxili keçirilən “Nə, harada, nə zamanbilik yarışında fəal iştirakına görə diplomla, ”Mədəniyyət və İncəsənət Təşkilatlarında İKT-dən istifadənin aktuallığı” və “İnternet əsrində elektron nəşrlər və elektron kitabxanalar” mövzusularında tələbə elmi-praktiki konfranslarında məruzəsinə görə sertifikatla təltif olunub. Yaradıcılığa məktəb illərindən başlayıb. Günay Reyhan imzası ilə şeirlər yazır.

- Günay xanım, öncə ədəbiyyata gəlişinizdən söhbət açardınız. Ədəbiyyat bu yaşda sizə nələr bəxş edib?

- Ədəbiyyat mənə milli ruha bağlılığı, vətəni sevməyi, ən əsası, sözün qüdrətini aşılayıb. Həmçinin çiynimə çox böyük mənəvi yük qoyub. Çünki şifahi xalq ədəbiyyatı nümunələrini, N.Gəncəvini, M.Füzulini, M.P.Vaqifi, S.Vurğunu, B.Vahabzadəni və digər klassik şairlərin yaradıcılığını, eləcə də müasir dövrdə cəmiyyətin tanıdığı şairlərin əsərlərini oxumalıyam. Və bu şairlərin dediklərindən sonra yeni söz demək, həqiqətən, çətindir. Ədəbiyyata gəlmişəm demək böyüklük olardı. Sadəcə, bir ədəbi yolun yolçusuyam. İlk şeirimi hələ orta məktəb illərində yazmışam. Yaradıcılıq İlahinin sevdiyi insanlara verdiyi nidasıdır. Təbii ki, bu Allah payıdır. Şair, bəlkə də, Tanrının insana demək istədiklərini çatdıran müqəddəs vasitədir.

- Şair olan insanlar mütaliə ilə necə məşğul olmalıdırlar? Yoxsa onlar ilhamına söykənərək yaradıcılıq nümayiş etdirməlidirlər.

- Şairlər mütaliə ilə məşğul olmalıdırlar. Amma hər mütaliə edən şair ola bilməz. Ona görə də ədəbiyyat nəzəriyyəsini bilərək mütaliə etməyi daha məqsədəuyğun hesab edirəm.

- Bu gün bir gənc kimi ədəbiyyatımıza qədəm qoyan gənclərdən söhbət açardınız. Hazırda gənclərin ədəbiyyata axınını necə qiymətləndirirsiz?

- Etiraf edim ki, bugünkü gənclərin yaradıcılığını davamlı olaraq izləmirəm. Ona görə ki, mən ya oxuyuram, ya da oxumuram. Yəni tənqidçi kimi yanaşıram. Gənclər də tənqidi qəbul etmirlər. Onu da qeyd edim ki, sanki yaşlı nəslin ədəbiyyata axını daha çoxdur. Bu məqamda F.Sultanın şeirindən bir hissəni xatırladım:

Xoşbəxt o xalqdır, yoxdur şairi,

Dərdi böyük xalqın çoxdur şairi.

Sanki bu gün yazarlar öz dərdlərini sərgiləyirlər. Ona görə də axın, təbii ki, qəbul edilməzdir.

- Bizə şeirlərinizdən söhbət açardınız və bir şeirinizi oxucularımız üçün paylaşardınız.

- Şeir mənim ruhumun səsidir və ruhu dindirən də Tanrıdır. Ona görə də elə vaxt olur ki, heçyaza bilmirəm. Bəzən də bir gündə beş şeir yazıram. Bəllidir ki, hər bir şairin ilham mənbəyi fərqli olur. O da müxtəlif səbəblərlə bağlıdır. Buna ən başlıca səbəb mühiti misal göstərərdim.

Mənim ilham mənbəyim: təbiət, dağlar, bulaqlar, çöl, çəməndir. Çünki mən dağlar qoynunda böyümüşəm.

Adım Günay Reyhan, dağlar qızıyam,

Bir elin adına möhür, yazıyam.

Təbiətin əsrarəngiz gözəlliyi bir an olsun məni tək qoymayıb. Bizim kənd Göyçə mahalı ilə yaxın olduğundan elindən, obasından ayrı düşən insanların vətən nisgilini, torpaq həsrətini ürəkdən duymuşam.

Dağlarınrədifli şeirimi oxucularınız üçün paylaşmaq istəyirəm.

Bulaq deyil, göz yaşıdı durulan,

Yaralıdı, zədəsi var dağların.

Düşmən gülləsiylə qəfil vurulan,

Qan ağlayan didəsi var dağların.

 

Pərvanə sevməsə, şama qalanmaz,

Keçilər olmasa, sular bulanmaz,

Namərd çox olsa da, yenə talanmaz,

Ürəyində Göyçəsi var dağların.

 

Xoşbəxt fidanlardı, ömrü bəyazdı,

Günay Reyhan, dövran şaxta, ayazdı.

Ondan sonra yazsan da dayazdı,

Ələsgər tək dədəsi var dağların.

- Mən bilən, siz hazırda ikinci təhsil alırsınız. Bu haqda da bir az söhbət edərdiniz.

- Bəli, 2012-2015-ci illərdə Qazax Dövlət Sosial-İqtisadi kollecində təhsil almışam. Tələbəlik illərində ali təhsil almağı qəti olaraq qarşıma məqsəd qoymuşdum. Qazaxda keçən illər mənim üçün həyati bir məktəb oldu. Çünki Qazaxın sözün beşiyi olduğu danılmazdı. Ən əsası, mən orada təhsilə qədər önəm verildiyini gördüm. qarşıma çıxan yaxşı insanların, müəllimlərimin sayəsində ali təhsil arzumu reallaşdıra bildim. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə qəbul oldum. Universitet mühiti yaradıcılığıma təsirsiz ötüşmür. Sanki vahid bir yol cızılıb mənim üçün: Gədəbəydə başlayıb, Qazaxdan keçən, İncəsənətdə davam edən...

- Yaradıcı insanların təbiəti, xasiyyəti istəklərindən söhbət açardınız. Şübhəsiz ki, bu timsalda özünüzü təsvir edərdiniz.

- Təbiət, xasiyyət istək zəncirvarı olan psixi amillər... Yaradıcı insanlar mülayim təbiətli, çətin xasiyyətli olurlar. mənada çətin ... yəni hər kəs anlaya bilməz. Hərdən eşidirdim ki, şairlərədəlideyirlər. Zənnimcə, şairin dəliliyi hamı kimi düşünməməyidir.

Şairin istəyi ola bilər ki, məncə, onun yaradıcılığına real qiymət verilməsi... Şair o vaxt xoşbəxt olar ki, oxucu onun şeirində özünü tapa bilsin.

- Şeirlərinizi hansı janrda yazırsınız? Bu baxımdan, yaradıcılığınızda janr məhdudiyyəti varmı?

- Mənim üslubum aşıq şeir üslubudur. Ona görə qoşma, gəraylı bayatı yazıram. Janr deməzdim, söz məhdudiyyəti var. mənada... Belə bir ifadə var: “Müəllif, sözünü düşünə bilməyən, ya da düşünmək istəməyən oxucuya ünvanlamır”. Dediyim söz məhdudiyyətini özüm müəyyən etmişəm. Zamanından tez nəyisə demək doğru olmaz. Bu gün qoşma, gəraylı, bayatı yazıramsa, o demək deyil ki, belə davam edəcək. Bəlkə , zamanla digər janrlara da müraciət edəcəm. O da Allahın verdiyi ilhama, təbə bağlıdır.

- Günay xanım, sizin aşıq Altay Məmmədovla deyişməniz var. Bu deyişmə oxucularımız üçün maraqlı olardı. Deyişmənin yaranmasından söhbət açardınız həmin deyişməni bizimlə bölüşərdiniz.

- Bəli, Aşıq Altay Məmmədov sözünü demiş, sevilən sənətkarımızdır. Bilirsiz ki, qədim dövrdən bu günə kimi aşıq sənətində deyişmələr olub. Aşıqlar həmişə gözəllik vurğunu olublar. Onu da qeyd edim ki, deyişmə o qədər asan deyil həmin məqamda sözün uyğunluğu mütləqdir. Aşıqla deyişmək üçün gərək aşıq sənətini gücün çatan qədər öyrənməyə çalışasan. Ən əsası, sevib duya biləsən. İndi isə deyişməni təqdim edirəm:

Altay:

O qara gözlərin ağlımı başdan,

Neylim ilk baxışdan aldı, qadası.

Doymaq olmaz çöhrəndəki naxışdan,

Ləblərin şəkərdi, baldı, qadası.

 

Günay:

Aşiqlik sevənin köksünün üstə,

Sağalmaz yaradı, xaldı, qadası.

Gözlər süzüləndə dayanar qəsdə,

Varlığın önündə laldı, qadası.

 

Altay:

İnan asimana yetişibdi ün,

Rəsminə baxıram gileyli, küskün.

Qəlbimdə telini oxşaram hər gün,

Dilim qulluğunda laldı, qadası.

 

Günay:

Mən sevinc payıyam yarandığımdan,

Küskün dayanaram yar andığımdan.

Dağların suyunda darandığımdan,

Yanağım lalədi, laldı, qadası.

 

Altay:

İstərəm ki, görəm, görə bilmərəm,

Siyah tellərini hörə bilmərəm.

Sən növrəstə gözəl, dərə bilmərəm,

Bu düşdüyüm qilü-qaldı, qadası.

 

Günay:

Tanrı nişanısan cahanda haqsan,

Dəli bir şimşəksən ömrümə çaxsan.

Aynanın önündə gözucu baxsan,

Tellərin ağarıb çaldı, qadası.

 

- Oxucularımıza son olaraq demək istərdiniz?

 

- Mənim özüm oxucu olduğuma görə onu deyə bilərəm ki, kəmiyyətə deyil, keyfiyyətə önəm vermək lazımdır. Hər bir xalqın özünəməxsus maddi mədəniyyət nümunələri olduğu kimi, bizim ədəbiyyatımızın özünəməxsusluğu var. Ona görə öz ədəbiyyatımızı, şairlərimizi, yazıçılarımızı düşünərək oxumağı tövsiyə edirəm.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra  2018.- 24 may.- S.13.