Professor Cəlal Qasımovun “Vəli Xuluflu” monoqrafiyası haqqında...

Vəli Xuluflu 1894-cü il mayın 26-da Şəmkir rayonunun Xuluflu qəsəbəsində doğulub. İbtidai təhsilini mollaxanada alaraq 1912-ci ildə “Mədrəseyi-Ruhaniyyə”ni bitirib. Sonralar Bakıda ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. 1924-cü ildən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işlərində fəal çalışmışdır. “Koroğlu” (1927), “İmla lüğəti” (1929), “Din və qadın” (1930), “Din və mədəni inqilab” (1930), “El aşıqları” (1927) kimi kitabların müəllifidir. 1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur.

Vəli Xuluflunun “Koroğlu”, “El aşıqları” kitablarını maraqla oxumuşam. Alimin yaradıcılığı haqqında az da olsa, bu kitablar mənə bilik qazandırdı. Ancaq onun həyat və yaradıcılığı haqqında dolğun bilikləri professor Cəlal Qasımovun “Vəli Xuluflu” monoqrafiyasından əldə etdim.

Professor Cəlal Qasımovun “Vəli Xuluflu” monoqrafiyası Azərbaycan tarixinin ən keşməkeşli dövrlərindən birini əhatə edən, ötən əsrin əvvəllərində qurulan Azərbaycan Sovet hökumətinin tanınmış alimi Xuluflu Vəli Məmmədhüseyn oğlunun (Vəli Xuluflunun) həyat və yaradıcılığına həsr olunan və alimin fəaliyyətinə bu günün real həqiqətləri ilə yanaşan elmi-nəzəri tədqiqat əsəridir. Müəllif haqlı olaraq yazır: “...repressiya qurbanlarına bolşevik müstəntiqi (tənqidçisi) mövqeyindən deyil, milli ziyalı mövqeyindən yanaşaraq qiymət verməyə çalışmışıq”. Həqiqətən, Cəlal müəllim professor Vəli Xuluflunun fəaliyyətinə obyektiv yanaşaraq sovet dövründə alimin itmiş haqqını bu monoqrafiyası ilə qaytarmağa çalışıb. Professor Cəlal Qasımov sovet dönəmində əldə olunan nailiyyətlərə də obyektiv yanaşaraq nəsillər arasında olan varislik ənənəsini qoruyub saxlayıb. Ümumiyyətlə, repressiya maşınının xalqımızın başına gətirdiyi müsibətlər baxımından “Vəli Xuluflu” kitabını maraqla oxudum və Cəlal müəllimin həmin dövrün digər mütəfəkkirlərinə həsr olunan əsərləri ilə tanış olduqca bir oxucu və tədqiqatçı kimi çox sevindim ki, haqları itmiş insanların müqəddəs ruhları bu cür kitabların ərsəyə gəlməsinə görə şaddırlar.

Azərbaycan folklor nümunələrinin toplanmasında, nəşrində və tədqiqində, Azərbaycan sovet ədəbiyyatının ilkin tədqiqatçılarından biri kimi Vəli Xuluflunun həyatı çox ağır, əzablı günlərlə keçib. Əsas olaraq qeyd etmək istərdim ki, onun folklor və ədəbiyyatımıza bağlılığı elə milli-mənəvi dəyərlərimizi həmin dövrdə qorumaqdan ibarət olub. Bu istiqamətdə V.Xuluflunun gördüyü işlər təqdirəlayiq addımdır. Monoqrafiyada professor Cəlal Qasımov Vəli Xuluflunun həyatı və təhsili haqqında dolğun və müfəssəl məlumatlar verir. Bu biliklərlə tanış olduqca professor Vəli Xuluflunun təhsilə olan bağlılığı diqqətimdən kənarda qalmadı. Belə ki, yaşadığı dövr tarixin ən ağır dövrlərindən biri olmasına baxmayaraq, hər zaman V.Xuluflu təhsilini davam etdirərək elmi biliklər qazanmaqdan əl çəkməmişdir. O, qazandığı bilikləri kitablara köçürərək bu gün bizlərə həmin əsərləri ən əziz xatirə kimi miras qoyub. Bununla bir daha şahidi oluruq ki, bədii əsərlərə köçən qəhrəmanlar və elmi əsərlər yaradan alimlər tarix səhifələrində tez-tez xatırlanırlar.

“Vəli Xuluflu” monoqrafiyasında alimin Sovet hökuməti tərəfindən əsassız ittiham olunması, onun ailəsinin məşəqqətli günlərin yaşanmasına sövq edilməsi və bütövlükdə dövrün ziyalılarına qarşı sovetlərin düşmənçiliyi arxiv materialları ilə sübut olunur. Bu öz növbəsində fədakar alim C.Qasımovun ağır əməyinin, yorulmaz tədqiqatının nəticəsi olmaqla yanaşı, ümumilikdə, həmin dövr ziyalılarının ruhuna olan bir ehtiramdır. Axı dövrün ağır şərtlərində xalq üçün fəaliyyət göstərən bu azman qələm sahiblərini unutmaq qeyri-mümkündür.

Monoqrafiya ilə yaxından tanış olduqca Vəli Xuluflunun ailəsinin aqibəti, həyat yoldaşı Fatma xanımın başına gətirilən müsibətlər məni çox narahat etdi. “Vəli Xuluflu” monoqrafiyasının üstün cəhətlərindən biri kimi qeyd edə bilərəm ki, kitabda yer alan arxiv materialları və alimin ailə üzvlərinin hökumətə yazdıqları ərizələr tək Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları üçün yox, bütün ictimaiyyət üçün çox mühüm əhəmiyyətə malikdir. Arxiv materiallar folklorçu və ədəbiyyatçı alimlər üçün də əhəmiyyətlidir. Ötən əsrin 30-cu illərində qələm sahiblərinə qarşı yönəlmiş terrorun öyrənilməsi yönümündə professor Cəlal Qasımovun bu səpgidə elmi axtarışları əvəzsizdir.

Hər zaman bir alim kimi Vəli Xuluflu yaradıcılığı dövründə Azərbaycan dili haqqında düşünmüş və bu sahədə cidd-cəhdlə çalışıb. Elə bu istiqamətdə alimin bir neçə əsəri çap olunub. Cəlal Qasımov kitabda Vəli Xuluflunun bu sahədəki fəaliyyəti üzərində geniş dayanmış və monoqrafiyanın ikinci fəslini buna həsr etmişdir. Vəli Xuluflu dil məsələlərində dövrün çətinliklərinə görə müəyyən qədər sovet ideologiyası çərçivəsindən yanaşmasına baxmayaraq, yazılarında sətiraltı etirazlarını bildirmişdir. Monoqrafiyada mükəmməl şəkildə bu məsələlər qabardılmış və Vəli Xuluflunun Azərbaycan dili haqqında narahatlığı Cəlal müəllimin təhlili ilə oxuculara çatdırılmışdır.

Monoqrafiyanın üstün cəhətlərindən biri kimi Cəlal müəllim Vəli Xuluflunun bütün yaradıcılığını dərindən tədqiq etmiş, alimin folklor sahəsindəki fəaliyyəti geniş şəkildə mənimsənilmişdir. Cəlal Qasımov kitabda alimin əsərlərində ən incə nüanslara toxunmuş, real həqiqətləri olduğu kimi təhlil etmiş və Azərbaycan folklorunda Vəli Xuluflu fenomenini yüksək qiymətləndirmişdir.

Ümumilikdə, Cəlal müəllimin bu istiqamətdə çox şaxəli fəaliyyəti mövcuddur ki, buda gələcək nəsillər üçün mötəbər kitabların yazılmasına səbəb olmuşdur. Alim haqqında professor Mahmud Allahmanlı yazır: “...istedadlı alimimizin hansı əsərini qaldırsaq, problematikasına diqqət yetirsək, bir sistem olaraq milli mənsubluğa bağlandığının, enerji qaynağını xalqa, millətə sevgi təşkil etdiyinin şahidi oluruq. Məhz bu sonsuz vurğunluğun, bəlkə də baş verənlərin sonsuz acısının nəticəsidir ki, istedadlı alimimiz bu olanların bir bütöv olaraq xalqa çatdırılması düşüncəsinə köklənmişdir. Mən burada fikrimi bəlkə ilə dedim. Ancaq sözün həqiqi mənasında professor C. Qasımov bütün varlığı ilə buna köklənmişdir”.

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra  2018.- 2 noyabr.- S.15.