Araz Yaquboğlu: “Aşıq Alı ilə şair Məmmədhüseyn Aşığın yanına gedər, şeirlərini oxuyar, bir-birlərinin yaradıcılığı barədə fikir söyləyərdilər”

Araz Yaquboğlu 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1990-cı ildə orta məktəbi, 1996-cı ildə isə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. 2013-cü ilin sentyabrından Azərbaycan dilli vikipediyada idarəçidir.

Araz Yaquboğlunu çoxları vikipediyaçı kimi tanısa da, o həm də Göyçə aşıq və şairlərinin tədqiqatçısı kimi də tanınmaqdadır. Bu sahədə onlarla elmi məqalənin müəllifi, bir neçə kitabın tərtibçisidir.

İndi isə tədqiqatçı-jurnalist Araz Yaquboğlu ilə olan müsahibəni təqdim edirik:

- Araz müəllim, maraqlıdır ki, göyçəlilər saza-sözə çox bağlıdır. Göyçədə yaşayan insanların əksəriyyətinin ədəbiyyata, xüsusilə də poeziyaya, aşıq sənətinə böyük məhəbbəti var. Göyçə torpağı aşıq sənətində və poeziyasında böyük şəxsiyyətlər yetirib. Maraqlıdır ki, niyə göyçəlilər saza-sözə belə bağlı olurlar?

- Göyçənin adı gələndə öncə saz, söz yada düşür. Bəzi şəxslər deyirlər ki, Göyçə artıq yoxdur və Göyçə doğumluların da sayı azalmaqdadır. Yəni bir müddətdən sonra nə Göyçənin sazı, nə də sözü olacaq. Amma mən belə düşünmürəm. Elə özümü misal çəkim: – Mənim atam, anam Göyçə mahalının Daşkənd kəndində anadan olublar və 1953-cü ildə Bərdə rayonuna köçürülüblər. Mən 1973-cü ildə Yeni Daşkənd kəndində doğulmuşam və Göyçədə cəmi üç dəfə 1984, 1986 və 1987-ci illərdə qonaq olmuşam. Amma Göyçə mahalı haqqında kifayət qədər məlumatlıyam və özümü Göyçəyə çox bağlı biri hesab edirəm. Buna görə də, bəzən mənim Bərdədə doğulmağıma inanmırlar. Göyçəlilərdə saz-sözə bağlılıq tükənməyib və heç vaxt da tükənməyəcək. Doğma Göyçə mahalımızdan uzaq düşsək də, hər zaman göyçəlilərdə saz-söz olacaqbunu yaşadacaqlar. Onun klassikləri və müasirləri bizimlə yaşayacaqlar. Çünki göyçəlilərin, ən azı, saza-sözə mənəvi ehtiyacları var.

Göyçədə yeddi ay sərt qış olurdu və belə günlərdə insanlar, ən azı, üç gün çölə çıxa bilmirdilər. İndiki kimi yadımdadır, Göyçədə “öy (ev) damı”, “təndir damı”, “içəri otaq” deyirdilər və bunların hər biri qapalı bir yerdə ev idi. Hətta bu evlərdə “soyuqluq” deyilən otaq vardı ki, orada pendir, yağ, süd, un, əriştə saxlayırdılar. Həqiqətən, bu otaq elə soyuq olurdu ki, insan orada, az qala, donurdu. Divarlarının qalınlığı bir metr, üstü isə qalın tökmə torpaq ilə örtülü idi.

Göyçə kimi füsunkar bir diyarda günün çox hissəsini, sadəcə, saz və sözlə keçirmək olardı. Babamın qardaşı, məşhur el şairi Həsən Xəyallı “Abbas və Gülgəz” dastanının Göyçə variantını uzun qış gecələrində üç günə danışıb bitirirdi.

Göyçəlilər danışanda sözləri, söhbətləri də qafiyələnir. İnsanların peşəsindən asılı olmayaraq, hamısı sazla-sözlə yaşayırdı. Hamı, demək olar ki, ən azı, 5-6 şeir bilirdi. Evlərin çoxunda saz vardı.

- Bu gün Göyçə dedikdə biz böyük ustadları xatırlayırıq. Miskin Abdal, Aşıq, Aşıq Alı, Aşıq Ələsgər və digər ustadlar gözlərimiz önünə gəlir. Göyçə gənclərinin aşıq sənətinə, poeziyasına olan marağından söhbət açardıq. Maraqlıdır ki, ustadlara olan əvvəlki məhəbbət bu günqorunub saxlanılırmı?

- İnanıram ki, bütün Göyçə ailələrində Miskin Abdal, Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, şair Məmmədhüseyn də daxil olmaqla digər tanınmış saz-söz sahibləri haqqında maraqlı söhbətlər olur. Heç şübhəsiz ki, bu sənətkarlar haqqında məlumatları ata və babalarımızdan eşidə-eşidə gəlirik. Artıq bunlar haqqında dolğun əsərlər yazıldıqca və dərs vəsaitlərində yer aldıqca onları hər kəs tanıyır. Mən bu gün inanmıram elə bir gənc ola ki, ustadlar haqqında soruşasanonlar nəsə bilməsinlər. Yəni, az da olsa, gənclərimiz bu ustadlar haqqında informasiyaya malikdirlər. Əslində, biz hər kəsdən aşıqlar haqqında mükəmməl bilik də tələb edə bilmərik. Bu da indiki gənclərin daha çox müasir musiqiləri sevməsi ilə bağlıdır. Ustad aşıqların müasirləri haqqında, yəqin ki, gənclərin məlumatları az olar. Amma Miskin Abdal, Aşıq, şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər haqqında mütləq, az da olsa, bilərlər.

- Göyçənin tarixi çox qədimdir. Bu baxımdan, Göyçədə çoxlu söz sahibləri yetişib. Belə insanlardan biri də tanınmış şair Məmmədhüseyndir. Onun haqqında söhbətimizi davam etdirərdik...

- Dediyiniz kimi, Göyçənin tarixi çox qədimdir. Hətta Daşkənddə qazıntı aparılanda elə alətlər tapılırmış ki, tarixçilərin dediyinə görə, bizim eradan əvvəl IV əsrə təsadüf edib. Kəndimizdə XII-XIII əsrə aid Alban abidələri və qəbiristanlığı vardı. Kənd sakinləri buna “köhnə qəbiristanlıq”, “alban abidələri” deyərdilər. Hətta kəndimizdə 18-ə qədər irili-xırdalı zağa vardı ki, onun ancaq 4-5-inin içərisinə girmək olurdu. Bu zağaların elələri də vardı ki, onun içərisində bir fermanın 700-800 xırdabuynuzlu heyvanını yerləşdirmək olardı. Eləsi də vardı ki, ta qonşu kəndlərəcən uzanırdı.

Şair Məmmədhüseyn təxminən 1800-cü ildə anadan olub, 1880-ci ildə vəfat edib. XIX əsrin tanınmış şairlərindən olub. Kifayət qədər zəngin yaradıcılığı var. Hələ sovetlər vaxtı bir çox kitablarda şeirləri çap olunub. İndinin özündə də orta məktəb dərsliklərində adı çəkilir.

- Bu yaxınlarda Nazir Əhmədlinin Göyçə mahalı ilə bağlı kameral siyahıları bir kitab şəklində çap olundu. Maraqlıdır, biz bu siyahılarda şair Məmmədhüseynin adına rast gəlirikmi?

- Əlbəttə, rast gəlirik. Nazir Əhmədli kameral siyahıları əsas göstərərək qeyd edir ki, şair Məmmədhüseyn 1816-cı ildə anadan olub. Bu gün internet dövrü olmasına, elm-texnikanın inkişaf etməsinə baxmayaraq, hazırda son 100 ilin şəxslərinin doğum tarixlərində ciddi yanlışlıqlar var. Bu baxımdan, 200 il öncə, yəni XIX əsrdə yaşayan şəxslərin doğum tarixlərində yanlışlıqların olması danılmaz həqiqətdir. Özübu sənədlərin əlyazma şəklində və qeydiyyatçıların da qeyri millətdən olması dediklərimizi daha da inandırıcı edir. Bu cür halların olması təbiidir. Mən Nazir Əhmədlinin Aşıq, Aşıq Alı, Aşıq Ələsgər haqqında olan araşdırmalarına nə etiraz, nə də ciddi qəbul etmirəm, neytral mövqedəyəm. Ancaq Nazir Əhmədlinin şair Məmmədhüseynlə bağlı apardığı araşdırmanı qəbul edirəm. Çünki həqiqətə daha çox uyğundur. Hətta onun yazdığı elmi məqaləni də kitaba salmışam. Şairin doğumölüm tarixləri haqqında digər tədqiqatçılar da müxtəlif rəqəmlər yazıblar ki, biz bunlara da toxunmadan, gələcək tədqiqatçı və alimlərin işini asanlaşdırmaq üçün olduğu kimi kitaba saldıq.

- Bu yaxınlarda şair Məmmədhüseynin yaradıcılığı ilə bağlı nəfis şəkildə çap olunanNur çeşməsi” kitabı işıq üzü görüb. Oxucularımıza bu haqda məlumat verməyinizi xahiş edirəm.

- Kitab üzərində 5 il çalışmışam. İndiyə kimi şair Məmmədhüseyn haqqında çap olunan kitabların ən mükəmməlidir. Kitabda şair Məmmədhüseynin 24 gəraylısı, 102 qoşması, 42 təcnisi (bunlardan 7-si cığalı təcnisdir), 15 divanisi, 4 müxəmməsi, 2 deyişməsi olmaqla, cəmi 189 şeiri toplanıb. Həmçinin kitabda xalq şeiri¬nin tanınmış simalarından sayılan şair Məmmədhüseyn haqqında indiyə qədər ayrı-ayrı qəzet, jurnalkitablarda nəşr olunan 9 nəzirə və 26 məqalə də öz əksini tapıb. Bütün bu materialların toplanılmasında 50 mənbədən istifadə edilib. Şairin müəyyən şeirləri var ki, onlar dildən-dilə gəlib bizlərə çatıb. Bunu da qeyd edim ki, şair Məmmədhüseynin nəslində xeyli aşıq yetişib. Aşıq Əli Şairov olub ki, müharibəyə gedib, qayıtmayıb. Bu aşıq şeirləri əzbərdən bildiyindən öz dəftərinə şeirin ancaq birinci sətrini yazırdı və buna baxan kimi ardını dərhal deyərdi. Aşıq Əli Şairov Miskin Abdaldan, Dirili Qurbanidən, Tufarqanlı Abbasdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən, Aşıq Hüseyn Şəmkirlidən, Aşıq Hüseyn Bozalqanlıdan çoxlu şeir bilirdi. Aşıq Əlinin həmin şeir dəftəri öz qohumlarında durur və hələ ki, onu əldə edə bilməmişəm. Çox güman ki, həmin dəftəri nə vaxtsa əldə edəcəm. Aşıq Abbasəli və Aşıq Novruz qardaşları da şair Məmmədhüseynin nəticələridir.

Ümumiyyətlə, bizim kəndimiz saza-sözə çox bağlı kənddir. Rəhmətlik Xasay Zeynalov həmişə deyərdi ki, folklorşünaslar, çox təəssüf ki, Göyçə mahalında, demək olar ki, təkcə Ağkilsəyə gələr, məlumat toplayar, geri qayıdardılar. Onlar Ağkilsədən kənara çıxsaydılar görərdilər ki, Göyçədə ikinci Ağkilsə də var, bu Daşkənddir. 1936-cı ildə Xasay müəllimi babası məcbur edir ki, mən şair Məmmədhüseynin şeirlərini deyəcəm, sən də yaz. Beləcə, şairin 33 şeiri təfsilatı ilə dəftərə köçürülür.

- Şair Məmmədhüseyn yaşayan dövrdə Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi mütəfəkkir sənət sahibləri yaşayıb və bunlarla görüşü haqqında şifahi dildə və ya yazılı ədəbiyyatda nələrəsə rast gəlibsinizmi?

- Şair Məmmədhüseynin aşıq və şairlərlə görüşü haqqında bir neçə qeydlər var. Belə ki, şair Məmmədhüseyn Aşıq, Aşıq Alı ilə görüşüb. Aşıq Alı ilə şair Məmmədhüseyn Aşığın yanında, bugünkü dillə desək, ədəbi məclis qurublar. Amma mən bunu tam rəsmiləşdirmirəm ki, Aşığın yanında bir ədəbi məclis olub. Ancaq Aşıq Alı ilə şair Məmmədhüseyn Aşığın yanına gedər, şeirlərini oxuyar, bir-birlərinin yaradıcılığı barədə fikir söyləyərdilər. Azad Ozan Kərimlinin “Musiqi dünyası” jurnalındakı “Göyçə aşıq məktəbi” məqaləsində qeyd olunur ki, Aşıqla şair Məmmədhüseyn görüşüblər. Şair Məmmədhüseyn İrəvan şəhərində keşişlə də görüşüb. Onunla çox şeirləşmədən sonra şair bədahətən “Göyçə ellidi” adlı qıfılbəndi deyərək keşişi bağlayıb.

Aşıq Ələsgər özü Aşıq Alıdan dərs aldığı kimi, şair Məmmədhüseyndən də kifayət qədər yararlanıb. Heç də təsadüfi deyil ki, hələ 1930-cu ildə Hümmət Əlizadə şair Məmmədhüseyn haqqında yazırdı: “Şair Məhəmmədhüseyn ...say¬sız-hesabsız şeirlər söyləmiş, bir çox mühüm aşıqlara tə¬sirdə bulunmuşdur.”

Xələfləri onun şeirlərinə nəzirə yazıb. Onlardan Aşıq Nəcəf Əlimərdanlının, Hüseyn Sanının, Qəmgin Fəzinin, Muxayıl Göyçəlinin adlarını çəkə bilərəm. Bu bənzətmələr daha çox onun “Yatıb oyanmaz, oyanmaz” gəraylısına yazılmış şeirlərdir.

- Göyçə mahalı aşıq və şairlərin yurdu olması ilə bərabər, bu torpaqda çoxlu övliya və seyidlər də olub. Bu gün də bunların qohum-əqrəbaları yaşayır. Bu baxımdan, şair Məmmədhüseyn yaradıcılığında ürfan şeirləri özünü büruzə verirmi?

- Çox böyük bir şəkildə büruzə verir. Folklor İnstitutunun elmi işçisi Arzu Fikrətqızının şair Məmmədhüseyn haqqında yazdığı monoqrafiya da bu günlərdə çap olunub. Burada da şairin ürfan şeirlərinin təhlili öz əksini tapıb. Sadəcə, şair Məmmədhüseynin çox tanınmamağının bircə səbəbi var ki, o da onun aşıq olmamağıdır. Axı saz təbliğat deməkdir. Aşığın üstünlüklərindən biri odur ki, məclisdə aşıq öz şeirlərindən oxuyur. Ancaq şairlərin şeirlərini hansısa aşıq çox az halda oxuyur. Bu da şairin yaradıcılığının aşığın yaradıcılığına nisbətən az yayılmasına səbəb olur.

- Şair Məmmədhüseyn yaradıcılığında mübahisəli şeirlər də varmı? Yəni səhvən şairin şeiri başqa bir aşıq və ya şairin adına hallanıbmı? Axı poeziyamızda bu cür hallara çox rast gəlirik.

- Dediyiniz problem aşıq və şairlərin yaradıcılığında çoxdur. Xüsusən də klassiklərin yaradıcılığında buna daha çox rast gəlirik. Aşıq Ələsgərlə şair Məmmədhüseynin iki şeiri mübahisəlidir. Belə ki, bu şeirlər həm Ələsgərin, həm də Məmmədhüseynin kitablarında çap olunub. “Haqdan Peyğəmbərə salam”, “Qabaqdadır” şeirləri aşıq və şair arasında mübahisəli şeirlərdir. Qeyd edim ki, Xasay Zeynalovun 1936-cı ilə aid əlyazmasında “Haqdan Peyğəmbərə salam” və “Qabaqdadır” şeirləri şair Məmmədhüseynin adından verilib. Əvvəllər Folklor İnstitutuna tez-tez gedirdim. İndi çap etdirdiyim kitabı mən çoxdandır hazırlayırdım və İslam müəllim də o zaman yaşayırdı. Görüşümüzdə İslam Ələsgər mənə dedi ki, şair Məmmədhüseynin kitablarında Aşıq Ələsgərin 2-3 şeiri səhvən verilib. Bununla bağlı institutun ozamankı direktoru Hüseyn İsmayılovla görüşdümdedim ki, şair Məmmədhüseynin yaradıcılığında olan mübahisəli şeirlərlə bağlı sizlə məsləhətləşmək istəyirəm. Qeyd edim ki, Aşıq Ələsgərlə bərabər, Aşıq Alı ilə də şair Məmmədhüseynin mübahisəli şeiri var. Bu “Qırmızı” rədifli divanidir. Hüseyn müəllimə dedim ki, məndə 1936-cı ilin əlyazması varburada həmin şeirlər Məmmədhüseynin adına verilib və dəftəri də sizə göstərə bilərəm. Hüseyn müəllim dedi: “Araz, Göyçə mühitində yetişən aşıq və şairlərin dil üslubu bir-birlərinə o qədər yaxındır ki, onları fərqləndirmək, ayırd etmək çox çətindir. Bunun üçün ayrıca bir komissiya yaradıb alimləri, tədqiqatçıları, aşıq və şairlərin bilicilərini dəvət edib qərar vermək lazımdır ki, bu şeirlər kimindir”.

- Bu mübahisələrlə bağlı siz Aşıq Ələsgərin ilk tədqiqatçısı Hümmət Əlizadənin tərtib etdiyi “Aşıq Ələsgər” kitablarını oxuyubsunuzmu?

- Mən Hümmət Əlizadənin “Aşıq Ələsgər” kitabları ilə tanış deyiləm. Sadəcə, araşdırmalarıma uyğun olaraq Hümmət Əlizadənin “Azərbaycan aşıqları” kitabının II cildinə baxmışam. Burada Hümmət Əlizadə şair Məmmədhüseynin “Tərsinə gedər” rədifli cığalı təcnisini və kiçikolsa, tərcümeyi-halını çap edib. Bu şeir hələ ki, bizə məlum olan şair Məmmədhüseynin həyat və yaradıcılığı haqqında olan ilk çapdır.

- Şair Məmmədhüseynin portreti yaradılıb və kitabın üz qabığında şəkili çap edilib. Söhbətimizi bu haqda davam etdirərdik...

- Şairin ilk portretini mənim sifarişim əsasında rəssam İttifaq Zeynalov hələ 2010-cu ildə çəkib. Elə həmin vaxtdan mən şair Məmmədhüseyn haqqında araşdırmalar aparır, “Nur çeşməsi” adlı kitabını çapa hazırlayırdım. Bir neçə ay öncə şairin daha yaxşı bir portretinin işlənməsi fikrinə düşdüm. Fikirləşdim ki, elə kitabın cildinə də onu salaram. Bununla bağlı Sankt-Peterburqdakı Repin adına Rəssamlıq Akademiyasının məzunu, tanınmış Azərbaycan rəssamı Vaqif Ucatayla görüşdüm. Fikir mübadiləsi edib məsləhətləşdikdən sonra şairin gördüyünüz portreti ərsəyə gəldi. Portret geniş ictimaiyyət tərəfindən alqışla qarşılandı.

- Şair Məmmədhüseynin təhsili olubmuşair saz ifaçılığını bacarıbmı? Bəzən şairin saz ifaçılığı mübahisə doğurur.

- Şair Məmmədhüseynin təhsili və saz ifa etməsi mübahisəlidir, dəqiq bilgimiz yoxdur. Güman olunur ki, dini dərslər alıb və saz da çala bilib. Amma aşıqlıq etməyib. Ancaq onun şeirlərində aşıq yaradıcılığı hiss olunur. Məmmədhüseynin ən məşhur şeiri “Yatıb oyanmaz, oyanmaz” gəraylısıdır. Bunu İranda, Türkiyədə, Borçalıda və ölkəmizdə bütün aşıqlar oxuyur. Bu şeir şairin pasportudur desək, yanılmarıq. Şeir zil səslə oxunan “Heydəri” havasına tam uyğun gəldiyindən bütün aşıqlar həmin havaya şair Məmmədhüseynin şeirini oxuyublar. Ona görə də hamı bu havaya “Məmmədhüseyni” deyir.

- İndi isə şair Məmmədhüseynin ailəsi və nəsil-şəcərəsi haqqında oxucularımıza məlumat verərdiniz.

- Şair Məmmədhüseynin atasının adı Həsən, babasının adı isə Əli olub. Həsənin Məmmədhüseyn və Əli adlı iki oğlunun olması da bizə məlumdur. Şairin yoldaşının adı isə Fatma olub. Məmmədhüseynin 5 oğlu olub. Əvvəlcədən qeyd edim ki, şair Məmmədhüseyn oğlu ilə birlikdə Kərbəlada ziyarətdə olub. Şairin oğlanları Kərbəlayı Məhəmməd, Kərbəlayı Əsəd, Əbülfət, Əli, Xəlil olub. Bəzi tədqiqatçılar şair Məmmədhüseynin “Yatıb oyanmaz, oyanmaz” gəraylısının oğlu Əliyə, bəziləri isə qardaşı Əliyə həsr olunduğunu yazırlar. Hər iki Əli cavan vəfat edib. Belə ki, dağın döşündə qəbiristanlıq olubonun, ya oğlu, ya da qardaşı cavankən burada dəfn edilibşeir onlardan birinə həsr olunub. Bu şeirlə bağlı başqa bir versiya da var. Bunu iranlı aşıqlar daha çox danışır. Bu, bir sevgi əhvalatıdır. 1976-cı ildə bu barədə Sədnik Paşayev “Yaralı maral” adlı əfsanəni çap etdirib. Həmin şeiri oxuculara təqdim edək:

 

Yatıb oyanmaz, oyanmaz

 

Yönü bəri baxan dağlar,

Yatıb oyanmaz, oyanmaz.

Üstündəki ağır ellər,

Yatıb oyanmaz, oyanmaz.

 

Girdim yarın xanəsinə,

Laçın qonmaz binəsinə.

Əlim qoydum sinəsinə,

Yatıb oyanmaz, oyanmaz.

 

Qurbanam qələm qaşına,

Gör nələr gəldi başına.

Səs verrəm dostum guşuna,

Yatıb oyanmaz, oyanmaz.

 

Yarım yaman yatmış idi,

Ürbəndini atmış idi,

Müşk-ənbərə batmış idi,

Yatıb oyanmaz, oyanmaz.

 

İgidin dönməsin əhdi,

Yana çevrilməsin təxti.

Məmmədhüseynin qara bəxti,

Yatıb oyanmaz, oyanmaz.

Şairin nəvə-nəticələri bu gün də yaşayır. Onların nəsillərinə “Şairlilər” deyirlər və soyadları daŞairovgedir. Şübhəsiz ki, nəslə bu ad təsadüfən verilməyib. Bu adları, adətən, el-oba verir. Elə buradan da Məmmədhüseynin eldə-mahalda tanınmış şair olduğu məlum olur.

- Sonda oxucularımıza sözünüz...

- Sonda sizə minnətdaram ki, şair Məmmədhüseynin həyat və yaradıcılığı ilə maraqlanıb mənimlə görüşdünüz. Bu özü də şairə böyük dəyərin bir təzahürüdür. Kitabı isə oxuyandan sonra oxucular dediklərimizlə daha geniş tanış olacaqlar.

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu,

Azərbaycan Aşıqlar Birliyinin üzvü

Palitra 2018.- 6 noyabr.- S.13.