Xalq əmanəti” layihəsinin on yeddinci nəşri rəssam Ələkbər Rzaquliyevə həsr olunub

Xalq” Bankın 2010-cu ildən bəri həyata keçirdiyiXalq Əmanəti” layihəsi çərçivəsində Əməkdar rəssam Ələkbər Rzaquliyevin (1903-1974) həyat və yaradıcılığını əks etdirən “Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı keçirildi. Eyni zamanda Əməkdar rəssamın “Xalq” Bankın əsas binasında əsərlərindən ibarət sərgisinin açılışı oldu. Sərginin açılışında tanınmış sənət adamları, rəssamlar, ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbirdə “Xalq” Bankın “Xalq əmanəti” layihəsi barədə məlumat verildi, növbəti nəşrin özəlliklərindən, Ələkbər Rzaquliyevin həyatından və orijinal yaradıcılıq yolundan geniş söhbət açıldı. Bildirildi ki, ölkə ictimaiyyətinin böyük maraq və məmnunluqla qarşıladığı bu layihə ilə “XalqBank görkəmli fırça və söz ustalarımızın ən yaxşı əsərlərini xalqın milli dəyərlər əmanəti olaraq himayə edirbu zəngin mənəvi kapitalı geniş tirajlayaraq yenidən xalqa qaytarır.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov dedi ki, “Xalq” Bankın xalqımızın rəngkarlıq və qrafika klassikasına daxil olmuş fırça ustalarının irsini bu vaxtadək bənzəri olmamış ən yüksək tərtibatlı və nəfis albomlar şəklində nəşr edib yayması ölkəmizdə və ondan kənarda böyük maraq doğurub. O bildirdi ki, gənclik dövründən 25 illik ağır repressiyaya məruz qalmış, yaradıcılığı dərin milliliyinovatorluğu ilə seçilən Ələkbər Rzaquliyev Vətənə, xalqın mənəviyyatına möhkəm tellərlə bağlı olan nadir sənətkarlardan idi:Milli qrafika sənətinin formalaşmasında müstəsna rolu olan Ələkbər Rzaquliyev zəngin sənət yolu keçib. Albom bu dəyərli irslə geniş tanış olmağa imkan yaradır”.

Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam

Rəssam barədə elmi tədqiqatın müəllifi, fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, 1903-cü ildə İçərişəhərdə dünyaya göz açan, 71 il ömür sürən rəssam ilk bədii təhsilini Bakıda alıb, Moskvanın Ali Bədii-Texniki Emalatxanalarında davam etdirib: “Ələkbər Rzaquliyev Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam idi. O, öyrəndiklərini gənc həmvətənləri ilə bölüşür, sənətdə onlara dəstək olmağı özünə borc bilirdi. Bakıda yerli rəssamların sərgilərinin təşkilində fəal iştirak edir, öz işlərini də nümayiş etdirirdi. Təəssüf ki, rəssamın yaradıcılığının ilk dövründən cəmi iki əsəri – “Azərbaycanlı qadın” və “Pəhləvanlar” rəsmləri günümüzə çatıb, Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır. Bu iki rəsm və bir neçə akvareldən başqa, Ələkbər Rzaquliyevin bütün boyakarlıq işləri repressiya dövründə həmişəlik itirilmişdir”.

Mərasimdə digərləri də çıxış edərək Ələkbər Rzaquliyevin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər. Çıxış edənlər Azərbaycan milli qrafika sənətinin sütunlarından biri Ələkbər Rzaquliyevin keşməkeşli həyatından, qrafika sənətinə verdiyi töhfələrdən, yaratdığı çoxsaylı linoqravüra nümunələrindən danışdılar.

Qeyd edək ki, Ələkbər Rzaquliyevin yaradıcılığı da həyatı kimi ağ-qara zolaqlardan toxunmuşdu. Amma yaratdığı çoxsaylı linoqravüralardan fərqli olaraq onun həyatındakı qara zolaqlar zolaqlardan qat-qat çox idi. Əməkdar rəssam, görkəmli qrafik Ələkbər Rzaquliyevin həyat səhifələrini vərəqləyərkən heyrətlənməmək mümkün deyil. Amansız tale bir istedadlı gəncin qarşısında açılan üfüqləri necə bir anda tar-mar edib, onu bəlkə də heç bir bəşər övladının indiyədək yaşamadığı məşəqqətlərə məhkum edib.

Ələkbər Rzaquliyev amansız repressiya burulğanının ilk dalğasının qurbanı olur, o, 1928-ci ildə həbs olunur və güllələnməyə məhkum edilir. Sonradan ölüm hökmü səkkizillik sürgünlə əvəzlənir. O, ümumilikdə həyatının iyirmi beş ilini islah-əmək düşərgələrində keçirib. Üç sürgün arasında qısamüddətli fasilələr – valideynləri ilə görüşlər, ailə qurması, övladlarının dünyaya gəlməsi - sanki növbəti məhkumluğun acısını birə-beş artırmaq məqsədi daşıyırdı. Zalım fələk onu yenidən alışdığı həyat tərzindən, sevdiyi insanlardan, arzularından, sənətindən qoparıb ölüm saçan düşərgələrin qoynuna atacaq. Həyatında soyuq Arxangelsk, tayqanın donmuş torpaqları, qorxunc Solovki və amansız Altay bir-birini əvəz edəcək, amma sənətkar sınmayacaq, onun ümidi üzülməyəcək, həyat eşqi sönməyəcək. Düşərgənin tikanlı sədləri arasına iyirmi beş yaşlı gənc oğlan ikən girən rəssam orada həyatının böyük hissəsini, ömrünün ən gözəl çağlarını, sağlamlığını itirsə də, yaşayıb-yaratmaq eşqini itirməyib. Əlli üç yaşında azadlığa çıxıb yenidən doğulmuş uşaq kimi həyata baş vurub. O, hər zaman vaxt darlığını hiss edəcək və daim itirilmiş illərini, qaçırılmış məqamları geri döndərmək, illərlə düşündüyü planları həyata keçirmək, yaddaşının dərinliklərində qoruyub saxladığı təsvirlərin hamısını kağıza köçürmək üçün tələsəcək. Emalatxanasında 15-16 saat yorulmadan işləyən rəssam gördüklərini, yaşadıqlarını, həyatının müxtəlif mərhələlərinin ovqatını tamaşaçıya ötürmək, onunla bölüşmək istəyirdi.

Ələkbər Rzaquliyevin yaratdığı obraz və əsərlər Azərbaycan xalqının mədəniyyətini təcəssüm etdirən ən dəyərli nümunələrdir

Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev linoqravüra texnikasını dərindən mənimsəyib. Ömrünün qalan hissəsini bu texnikaya həsr edən sənətkar “Köhnə Bakı”, “Tələbəlik illəri”, “Azərbaycan balıqçıları” silsilələri, Solovki adalarına, doğma vətənin mənzərələrinə, müasirlərinə həsr olunmuş çoxsaylı əsərlər yaradıb. Onun “Köhnə Bakı” silsiləsi XX əsrin əvvəllərini, insanların yaşayış və məişətini əks etdirən ən müfəssəl panoramıdır. Bu silsilədən olan əsərlər böyük uğur qazanır. Bakı və Moskvada keçirilən fərdi sərgilərlə yanaşı, Rzaquliyevin linoqravürləri dünyanın bir çox ölkələrində təşkil olunan qrup sərgilərdə nümayiş etdirilib. Rəssamın sənəti bu gün də təkcə həmvətənləri tərəfindən yüksək qiymətləndirilmir, xaricdən gələn qonaqlar sənətkarın estamplarını həvəslə əldə edirlər. Onlar üçün rəssamın yaratdığı obraz və əsərlər Azərbaycan xalqının mədəniyyətini təcəssüm etdirən ən dəyərli nümunələrdir.

Xatırladaq ki, “Xalq əmanəti” layihəsi ASC “XalqBank tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin aliorta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görüb. Ələkbər Rzaquliyevin həyat və yaradıcılığına həsr olunmuş bədii albomXalq” Bankın “Xalq əmanəti” layihəsinin on yeddinci nəşridir.

Nəzərə çatdıraq ki, rəssamın əsərlərinin ekspozisiyası noyabr ayının 3-dən başlayaraqXalq” Bankın əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) keçirilir. Sərgini günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Fuad Hüseynzadə

Palitra 2018.- 6 noyabr.- S.12.