Ermənistanın iflası və özünü təcridi daha da dərinləşəcək

Xəbər verildiyi kimi, Bakıda Fələstin dövlətinin Asiya qitəsindəki səfirlərinin konfransı keçirilib. “Trendin məlumatına görə, tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ məsələsinə də toxunub. O deyib ki, Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkir. Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilmir. E.Məmmədyarov bildirib ki, işğal olunmuş ərazilərdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar.

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki isə deyib ki, Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür. Nazir bildirib ki, Fələstin beynəlxalq qanunlara əməl olunmasının tərəfdarıdır: “Biz hesab edirik ki, beynəlxalq ictimaiyyətdən tam dəstək almağın ən yaxşı yolu beynəlxalq qanunlara əməl olunmasıdır və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsidir”.

Bu gün teatr xalqımızın başına gələn bəlalardan da kənarda qalmayıb”

V Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Azərbaycan dövləti daim teatr sənətinə böyük diqqət yetirib və yetirməkdə davam edir. Onun sözlərinə görə, artıq 147-ci ilini yaşayan Azərbaycan teatrı bu gün ölkəmizi xaricdə layiqincə təmsil edir: "Azərbaycan teatrının tarixi bu gün Dövlət İrəvan Teatrının 135 illik tarixindən kənarda düşünülə bilməz. Bu gün teatr xalqımızın başına gələn bəlalardan da kənarda qalmayıb. Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Bu torpaqlarda təkcə mədəni sərvətlərimiz, abidələrimiz dağıdılmayıb, oradakı teatr binalarına da ziyan dəyib. İrəvan, Ağdam, Füzuli, Şuşa teatrları bu gün Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində başqa yerlərdə yenə də öz yaradıcılıq fəaliyyətini dayandırmır. Bu fəaliyyət cəmiyyətə sübut edir ki, sənət ölməzdir, daimidir".

“Azərbaycanın torpaqları uzun illərdir ki, ermənilərin işğalına məruz qalıb”

Yeri gəlmişkən, millət vəkili Azər Badamov SİA -ya açıqlamasında deyib ki, Azərbaycanın torpaqları uzun illərdir ki, ermənilərin işğalına məruz qalıb: “Təəssüf ki, torpaqlarımızın 20 faizi işğal altında olaraq qalmaqdadır. Ermənilər bizə qarşı soyqırımları törədiblər. 1 milyon soydaşımız dünyaya gəldiyi, yaşadığı doğma torpaqlardan qaçqın və köçkün olub. Bütün bunlar böyük faciədir. Bizə qarşı baş vermiş bütün ədalətsizlikləri beynəlxalq səviyyəyə çıxarmaq, dünya auditoriyalarında gündəmə gətirmək və beynəlxalq ictimaiyyəti düzgün məlumatlandırmaq lazım idi. Bu işlərin həyata keçirilməsi üçün, birincisi, düşünülmüş siyasəti olan dövlət başçısı lazım idi, ikincisi isə dünya iqtisadiyyatına inteqrasiya oluna biləcək güclü iqtisadiyyata malik ölkə. Təbii ki, düzgün, düşünülmüş beynəlxalq siyasətimizin təməllərini ulu öndər qoydu”.

Onun sözlərinə görə, BMT-də Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması istiqamətində 4 qətnamə qəbul olundu: “Artıq Azərbaycanın işğala məruz qaldığını dünya ictimaiyyəti qəbul etdi. Bu gün isə Azərbaycan dünyada iqtisadi inkişafa, region və qitələrarası beynəlxalq əməkdaşlığa öz töhfələrini verən güclü ölkəyə çevrilib. Azərbaycanın təşkilatçılığı ilə bir çox regional iqtisadi layihələrə imzalar atılıb. Azərbaycan dünya ölkələri arasında tutduğu mövqeyiroluna görə seçilən ölkəyə çevrilib. Ölkə başçısının və siyasətçilərimizin dünya ölkələrinin rəhbərləri ilə görüşlərində və beynəlxalq auditoriyalarda Azərbaycana qarşı törədilmiş ədalətsizliklər diqqətlərinə çatdırılır. Artıq beynəlxalq ictimaiyyət və dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və işğala son qoydurmağın vaxtı çatdığını deyirlər. Bu, Azərbaycan diplomatiyasının gücünün qələbəsidir, həm də ədalətli mövqedə olan güclü Azərbaycanın iqtisadi müstəqilliyinin göstəricisidir”.

Politoloq Qabil Hüseynli isə SİA-ya açıqlamasında deyib ki, əgər Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara etinasız yanaşıb, həm də təcavüzkar ola-ola, yeni tələblər irəli sürəcəksə, bu həm beynəlxalq təşkilatları, xüsusilə də ATƏT-in Minsk qrupunu, həm də ayrı-ayrı dövlətləri xeyli əngələ salacaq: “Bəzən adama elə gəlir ki, bu adam ermənilərin o həyasız prinsipləri ilə yanaşı, həm də anormal meyillərə malikdir. Onun bəyanatları, çıxışları da hər kəsə məlumdur. Mən bu adamı danışıqlarda tərəf kimi görə bilmirəm. O son nəticədə bölgədə böyük bir müharibənin yaranmasına gətirib çıxara bilər.

Ermənistanın iddialarına baxmayaraq, Rusiya Paşinyan rejiminə inanmır və münasibətlərdə gərginlik və etimadsızlıq hökm sürür. Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmirdaha çox gözləmə mövqeyi tutmaqdadır. Ermənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda, Ermənistanın iflası və özünü təcridi daha da dərinləşəcək. Siyasi, iqtisadi, sosial, demoqrafikdiplomatik böhrandan çıxmağın yeganə yolu işğal siyasətinə son qoyması, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarması və qonşu dövlətlərlə sivil əsaslarla münasibət qurmasıdır”.

Erməni Milli Konqresi seçkilərdən imtina etdi

Bu arada Erməni Milli Konqresi partiyası dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bu barədə “Jamanak” qəzeti yazır.

Erməni nəşrinin qeyd etdiyinə görə, Erməni Milli Konqresi bir həftə öncə, parlament seçkilərində iştirak etmək haqda qərar qəbul etmişdi: Lakin partiyanın nümayəndələri deyirlər ki, bu qərarın verildiyi zaman onlar seçki kodeksinə ediləcək düzəlişlər paketinin qəbuluna, seçkilərin proporsional qaydada keçiriləcəyinə, eləcə də siyahıların reytinq üzrə hazırlanmayacağına ümidvar idilər”.

“Erməni Milli Konqresi 2017-ci ildə keçirilmiş seçkilərin təcrübəsindən belə nəticəyə gəlib ki, partiyanın reytinqli namizədləri və həmin namizədlərin səs qazanacaqlarına təminat yoxdur”,- deyə yazan adıçəkilən qəzet əlavə edib ki, partiya təmsilçiləri, eyni zamanda seçkiqabağı kampaniya üçün etibarlı maliyyə mənbəyi də tapa bilməyiblər ki, bu amil seçkilərdə iştirak üçün çox mühüm bir məsələdir.

Fuad Hüseynzadə

Palitra  2018.- 6 noyabr.- S.11.