Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir

Südabə İrəvanlı 1962-ci il yanvar ayının 7-də anadan olub. Aşıq Pəri məclisinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Taleh Cəfəroğlu 1979-cu il oktyabr ayının 10-da Kəlbəcər rayonunda anadan olub. Goranboy rayon Eldar Hümbətov adına 63 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir.

 

Deyişmə I

Südabə İrəvanlı

Dağlarda çiçəyəm, zirvədə qaram,

Uzatma əlini, çatan ha deyil.

Göz yaşım dəryadı, naləm fırtına,

Dalğası səngiyib yatan ha deyil.

 

Taleh Cəfəroğlu

Uzaq durma, ay elimin gözəli,

Hər gözəl könlümə yatan ha deyil.

Yüz gözəl bəzənə çıxa qarşıma,

İrəvan qızına çatan ha deyil.

 

Südabə İrəvanlı

Eşqim bir gəmidir açıq dənizdə,

Arzum gül açıbdı dərədə, düzdə.

Yusif-Züleyxatək istədik biz ,

Ürək sevdiyini atan ha deyil.

 

Taleh Cəfəroğlu

Ruhuma dolandın, aldın könlümü,

Birinci baxışdan çaldın könlümü.

Bircə sən kəməndə saldın könlümü,

Özgənin qoynunda yatan ha deyil.

 

Südabə İrəvanlı

Bir nurlu səhərdi, bir aylı gecə,

Poladdan möhkəmdi, şüşədən incə.

Südabə sözündən dönməz ölüncə,

Özgənin əlini tutan ha deyil.

 

Taleh Cəfəroğlu

Talehə ruh verir belə məhəbbət,

Sözündən dönənə min dəfə lənət.

Tikanlı çiçəksən, bilirəm əlbət,

Tikanın əlimə batan ha deyil.

 

Deyişmə II

Taleh Cəfəroğlu

Baxışların qiymətlidi canımdan.

Bax üzümə gül, məzəli-məzəli.

Kim əl çəkər sənin kimi gözəldən,

Dur yanıma gəl, məzəli-məzəli.

 

Südabə İrəvanlı

Kaş ki, yenə yar başıma dolana,

Baxa, vura göz, məzəli-məzəli.

Buz ürəyim küləş kimi od ala,

Alovlana köz, məzəli-məzəli.

 

Taleh Cəfəroğlu

Bir busə ver bal süzülən dodaqdan,

Həsrətinə gör dözürəm vaxtdan.

Eyvana çıx, qaş-göz oynat uzaqdan,

Eylə mənə əl, məzəli-məzəli.

 

Südabə İrəvanlı

Göydən yerə leysan belə ələsə,

Dayanmaya, görüşümə tələsə.

Sevincimdən dil tutula, əl əsə,

Gülümsünə üz, məzəli-məzəli.

 

Taleh Cəfəroğlu.

O camalın bu Talehlə tərsi ?

Qoy açılsın gözəl əndam, tər sinə.

Qıyqacı bax, canımı al tərsinə,

Qoy danışsın dil, məzəli-məzəli.

 

Südabə İrəvanlı

Südabənin hər nazını çəkə yar,

Göz yaşını dodağına bükə yar.

Deyəndə ki, dərdim dağdan yekə, yar.

Gülə deyə, döz, məzəli-məzəli.

 

Deyişmə III

Taleh Cəfəroğlu

Necə düşünürsən bu ayrılığa,

Yas tutub gizlicə ağlamışammı?

Hərdən xəyalının qonağı olub,

Açıb xatirəni bağlamışammı?

 

Südabə İrəvanlı

Səni düşünürəm hər saat, hər gün,

Olub keçənləri unutmaq çətin.

Elə bil yolları tilsimə düşüb,

Niyəsə bu eşqin, bu məhəbbətin.

 

Taleh Cəfəroğlu

Necə düşünürsən, səni unudub

Səni başqasına dəyişdimmi mən?

Sənin xəyalınla qol-boyun olub,

Sənin həsrətinlə döyüşdümmü mən?

 

Südabə İrəvanlı

Səni düşünürəm, səni hər gecə,

Gəzirəm göylərin yeddi qatında.

Sıxılıb qoynuna körpə uşaqtək,

Uçuram xəyalın qanadlarında.

 

Taleh Cəfəroğlu

Necə düşünürsən, yaz, mənə göndər.

arzu tutmusan bu gələn yaza?

Açıq qoy qəlbini, qoy alım xəbər,

arzu gətirim sevdiyim qıza?

 

Südabə İrəvanlı

Səni düşünürəm, dodaqlarımda

Bir həsrət nəğməsi inləyir hər gün.

Gözümün yaşını silir küləklər,

Dərdimi buludlar dinləyir hər gün.

 

Taleh Cəfəroğlu

Necə düşünürsən, mənim yoxluğum,

Səni məndən uzaq eyləmədi ki?

"O bir vəfasızdır, gəl unut" deyib,

Kimsə qulağına söyləmədi ki?..

 

İrəvanlı Südabə

Səni düşünürəm, tükənir dözüm,

Bəzən istəmirəm çıxam sabaha.

Sənsiz heç kim, heç gərəyim deyil,

qədər dözəcəm, bilmirəm daha.

 

Taleh Cəfəroğlu

Necə düşünürsən, necə, sən Allah,

Yamanca soyuğam, daş ürəyəmmi?

Zalım ayrılığın qəlbini qırıb,

Qayıdıb yanına gələcəyəmmi?

 

Südabə İrəvanlı

Səni düşünürəm, yatammıram ki...

Qalıram gümanın qaranlığında.

Bu mən deyiləm ki, itib qalmışam,

Sənli günlərimin dumanlığında.

 

Deyişmə IV

Taleh Cəfəroğlu

Gəlmişəm üzündən siləm kədəri,

Gəlmişəm könlünü alım mən sənin.

Gəlmişəm yanından qovum dərdləri.

Gəlmişəm yanında qalım mən sənin.

 

Südabə İrəvanlı

Bu eşqin nağıllı çağları kimi,

Gəl yenə oturaq qabaq-qabağa.

Sevginin müqəddəs ocağı kimi,

And içək, əl basaq yanan çırağa.

 

Taleh Cəfəroğlu

Gəlmişəm yapışam gül əllərindən,

Qoxlayım telini, qoxlayım, gülüm.

Gəlmişəm tanıyam səni dərindən.

Alım ürəyimdə saxlayım, gülüm.

 

Südabə İrəvanlı

Dolubdu gözlərim, bulud kimiyəm,

Yağmaq istəyirəm gedib təkliyə.

Elə narahatam, elə qəmliyəm,

Qorxuram mən səni itirəm deyə.

 

Taleh Cəfəroğlu

Gəlmişəm baharın nəfəsi kimi,

Yox edim soyuğu yanaqlarından.

Gəlmişəm ilk eşqin həvəsi kimi,

Sevgi payı alım dodaqlarından.

 

Südabə İrəvanlı

Bivəfa olubdu bəşər övladı,

Deyirəm, bəlkə , atarsan məni.

Güldürüb üstümə özgəni, yadı,

Gözümün yaşına qatarsan məni.

 

Taleh Cəfəroğlu

Gəlmişəm qapına ümidimlə mən,

Gəl məni qapından boş yola salma.

Gəlmişəm dünyaya tək sənə görə,

Gəl məni gözümdə yaş yola salma.

 

Südabə İrəvanlı

Olub keçənləri unutmaq çətin,

Daha həsrətinə dözmürəm fəqət.

Gəlməsən öldürər məni həsrətin,

Gəlməsən qəlbimi yandırar həsrət.

 

Taleh Cəfəroğlu

Gəl nazlı mələyim, anla dilimdən,

Götürək aradan küskünlüyümüzü.

Barış taleyinlə, yapış əlimdən,

Hamı qoşa görsün hər zaman bizi.

 

Südabə İrəvanlı

Südabən dözməyir ayrılığına,

Gəl çıx sınağımdan alnıaçıq sən!

Qıyma Südabənin kül olmağına,

Axı həsrətinə dözəmmirəm mən!

 

Deyişmə V

Südabə İrəvanlı

Damcı kimi qayalardan süzülən

Selimə aparır məni bu sevgi.

O məni istəyən, o məni sevən

Dəlimə aparır məni bu sevgi.

 

Taleh Cəfəroğlu

Həsrətinə dayanmadı, dözmədi,

Yenə görüşünə gəldi bu sevgi.

Yorulmadı, usanmadı, bezmədi,

Yenə görüşünə gəldi bu sevgi.

 

Südabə İrəvanlı

Bu qədər hicrana dözə bilmirəm,

Bağlandım alova, közə, bilmirəm.

Niyə bu sevdadan bezə bilmirəm,

Zülümə aparır məni bu sevgi.

 

Taleh Cəfəroğlu

Çöhrəsi kədərli, baxışı qəmli.

Qəlbi para-para, gözləri nəmli.

Dodağı nəğməli, əli qələmli,

Yenə görüşünə gəldi bu sevgi.

 

Südabə İrəvanlı

Daha qalmayıbdı bir sevinc, nəşə,

Eşqin sitəminə dözdüm həmişə.

Kababtək bağrımı çəkibdi şişə,

Külümə aparır məni bu sevgi.

 

Taleh Cəfəroğlu

Sadiq oldu, dəyişmədi yolunu,

Yerdə səni seçdi, göydə ulunu.

Acdı qucağını, açdı qolunu,

Yenə görüşünə gəldi bu sevgi.

 

Toplayıb tərtib etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra.-2018.-17 noyabr.-S.15.