Tofiq Hüseynzadənin şeirləri

Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulub. Tarixdə Miskin Abdal kimi tanınmış, Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli ideoloqu, dövlət xadimi və böyük övliyası, hərbi sərkərdə, sufi şair, mütəfəkkir (filosof), ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi" və sair çoxsaylı sufi-təsəvvüf musiqi bəstələrinin - aşıq havalarının müəllifi, müqəddəs ocaq-pir sahibi Seyid Hüseyn Məhəmməd oğlunun (Miskin Abdalın) (1430-1535) oğlu Şadmanın nəslindəndir. Sovet Hakimiyyəti illərində Ermənistanda müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb və fəaliyyətini burada davam etdirib. Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya üzrə ali təhsil alıb (1965-1971). Daha sonralar təhsilini AMEA-nın Folklor İnstitutu nəzdində davam etdirib.

İndi isə Tofiq müəllimin yaradıcılığından seçdiyimiz şeirləri təqdim edirik:

Yaxana

(təcnis)

Heç demirsən görüb, yanıb-yaxılar,

İnciləri nə düzübsən yaxana?

Baxışından neçə evlər yıxırsan,

Mən nə deyim məni oda yaxana?

 

İstəmirəm bu çoxluqdan azalım,

Yar payını az verirsə, az alım.

Sitəmləri nə çox etdin, a zalım,

Məni satdın ya sultana, ya xana.

 

Yaz gələndə qar əriyər, qopar tar,

Yaşıl budaq bülbüllərə olar tar.

Toy başlasın, dilə gəlsin kaman, tar,

Əllərinə xınaları yax, ana!

01.03.99

Qala

(təcnis)

Axı niyə heç bilmirəm sən məni

Düçar etdin bu qovğaya, bu qala?

Bu dünyada atmaz sevən sevəni,

Orda-burda ocaqları az qala.

 

Barmağında gəzdirəndə yara yar,

Neştər olub yarasını yara yar,

Sözə uyub yalan deməz yara yar,

Öz əhdini unutmuşdun, az qala.

 

Çıxdı yaddan həya anı, ar anı,

Heç bilmirəm kimlər qatdı aranı?

Dağa çıxdın tərk eləyib aranı,

Əhdim var ki, yar bu yerdə az qala.

 

Əğyar gəlib bağışlasa yara şar,

Bu barıdan kimsə aşmaz, yar aşar.

Sənin kimi bir gözələ yaraşar

Ucaltdığın bu imarət, bu qala.

28.02.99

İlk məhəbbət

Ömür kimi bircə dəfə

Dolar yaşa ilk məhəbbət.

Hara getsək, necə getsək,

Gedər qoşa ilk məhəbbət.

 

Yaralansa, ömrü yeyər,

Çatsa kama əlvan geyər.

Şəlalətək nəğmə deyər,

Daşa-daşa ilk məhəbbət.

 

Acı deyil, şirindir o,

Göylər kimi dərindir o.

Desəm, güllü çəməndir o,

Dönər quşa ilk məhəbbət.

 

Aşıb-daşar gur su kimi,

Qanadlanar arzu kimi.

Qalar mələr quzu kimi

Dəysə daşa ilk məhəbbət.

 

Nəğmə deyər ilk baharda,

Qıy qoparar boran-qarda.

Qartal kimi buludlarda

Aşa-aşa ilk məhəbbət.

 

Ömür boyu unudulmaz,

Bulansa da heç durulmaz.

Nə yıxılmaz, nə yorulmaz

Çatsa başa ilk məhəbbət.

 

Verməz cəfa dərd qananlar,

İşvə satar şux cananlar.

Vurulmayır çox zamanlar

Gözə-qaşa ilk məhəbbət.

 

Ayrılığa can verməsən,

Zülüm-zülüm hönkürməsən,

Əzabına sürünməsən

Gedər boşa ilk məhəbbət.

 

Qalsa andı quru yerdə,

Gedər canı dözməz dərdə,

Ayrı düşən könüllərdə

Dönər yaşa ilk məhəbbət.

 

Qardaş oldun al səhərlə,

Tanınmadın gümüş-zərlə,

Könlüm deyir: bu hünərlə

Yaşa, yaşa ilk məhəbbət!..

Olan oldu,

keçən keçdi

Ötən vaxtı salma yada,

Olan oldu, keçən keçdi.

Axırı puç, bu dünyada

Yeyən yedi, içən içdi.

 

Biri çəkdi qəm yükünü,

Biri əydi dəm yükünü.

Eyləməyib cəm yükünü

Əkən əkdi, biçən biçdi.

 

Döndü şahlıq səltənəti,

Baş qarışıq, tamah iti.

Xəyanətlə həqiqəti

Qatan qatdı, seçən seçdi.

 

Nə tükəndi, bitdi günlər,

Qayıtmadı, itdi günlər,

Ömürlərdən getdi günlər,

Gələn gəldi, keçən keçdi.

 

Əfsanədir var da, şan da,

Olum-ölüm haqda canda,

İblis donlu bu cahanda

Qalan qaldı, köçən köçdü.

Miskin Abdal

Haqsızlıqlar dünyasında

Həqiqətdir Miskin Abdal.

El toyunda, el yasında

Min hikmətdir Miskin Abdal.

 

Vurğun olub saza-sözə,

Söz də qoşub ala gözə,

Ömür sürüb gəzə-gəzə,

Şan-şöhrətdir Miskin Abdal.

 

Günəş dönüb xəyalında,

Qədim Göyçə mahalında,

Kişiliyin timsalında

Bir qiymətdir Miskin Abdal.

 

Özü gedib, sözü qalıb,

Əsrlərdə izi qalıb,

Göyçəmizdə gözü qalıb,

Bir həsrətdir Miskin Abdal.

 

İtirməyib hay-hayını,

Yaxşı bilib haqq-sayını,

Haqq göndərib haqq payını,

Bir nemətdir Miskin Abdal.

Mənim Göyçəm

Mən bu günün sazı-sözü,

Gələcəyin gur səsiyəm.

Həqiqətin, haqqın özü,

Koroğlunun nərəsiyəm.

 

Çarəsi yox olacağın,

Adı qaldı ötən çağın.

Hər bir evin, hər ocağın,

Zər naxışlı gəvəsiyəm.

 

Gül-çiçəkdi dağım, düzüm,

Hər ürəkdə təpər, dözüm.

İnsanlığın, budur sözüm,

Həyat verən nəfəsiyəm.

 

Eşidənlər, agah olun,

Qibləsi bir sağın, solun.

Sonsuzluğa gedən yolun

Ağır yüklü dəvəsiyəm.

 

Sözüm dildə, dodaqdadır,

Bülbül olub, budaqdadır.

Nəğməm şirin, şəkər dadır,

Könüllərin həvəsiyəm.

 

Belə ömür etdi karvanım,

Dürüstlük oldu ünvanım,

Vicdanımdır Haqq divanım,

Haqsızlığın qəfəsiyəm.

 

Hər naxışda dərin-dərin

Sıralanmış ilmələrin,

İlmə vuran cüt əllərin

Kirkidi və həvəsiyəm.

 

Bağlı qaldım oba-elə,

Gücüm döndü coşqun selə,

Ədaləti burda belə

Daha qaynar sevəsiyəm.

 

Od oğluyam, od doğuldum,

Təpə idim bir dağ oldum,

Əzəlimdən hür yoğruldum,

Azadlığın təşnəsiyəm.

 

Bağ salmışdıq gülü xonça,

Dərəmmədik qaldı qönçə,

Adım Tofiq, elim Göyçə,

Miskin Abdal nəvəsiyəm.

Bülbül

Bir gün yaşıl budaqdan

Qəfəsə düşdü bülbül.

Görən dedi: nahaqdan

Həvəsdən düşdü bülbül.

 

Oxudu bülbül yenə,

Sular kimi coşdu o.

Al güllərin eşqinə

Yeni nəğmə qoşdu o.

 

Oxudu qəmli-qəmli,

Sinəsi ahla doldu.

Bülbül həzin nəğməli,

Köksü sapsarı oldu.

 

Nəğmələr deyə-deyə

Dolandı qəfəsinə,

Özü bilmədi, niyə

Əsir düşüb səsinə?..

25.04.77

Azərbaycanın

Dünyanı elə bil təzələyibdir

Bugünkü şöhrəti Azərbaycanın.

Bir yüksək adını yüz eyləyibdir

Əlçatmaz hörməti Azərbaycanın.

 

Bir parça nur olub Yer kürəsində,

Nələr xəzinə var gen sinəsində.

Yaradan lütfüdür, hər nöqtəsində

Tükənməz sərvəti Azərbaycanın.

 

Cənnət qoxuludur aranı, dağı,

Gəzir dildən-dilə səsi, sorağı.

Qəlbində yaşadar qərib qonağı

Mehriban milləti Azərbaycanın.

 

Babəklər, Nəbilər, Mehdilər yana,

Nigarı, Həcəri doğan o, ana,

Əzəldən bəllidir bizim cahana

Koroğlu qeyrəti Azərbaycanın.

 

İri addımlarla gedir irəli,

Geridə qoyubdur maneələri.

Göylər fəth edəcək böyük hünəri

Sabahkı sürəti Azərbaycanın.

 

Torpağı müqəddəs, çörəyi boldur,

Getdiyi ən böyük işıqlı yoldur.

Duz-çörəyi ululardan uludur,

Bu halal neməti Azərbaycanın.

 

Qeyrətdə görmüşdür o, ölməzliyi,

Əxlaq üstündədir hər təzəliyi.

Olub qızlarının ilk gözəlliyi

Həyası, isməti Azərbaycanın.

 

Zirvələr fəth edib, heç gəlməz saya,

Şöhrəti yüksəlib Günəşə, Aya.

Ağ günə, şadlığa, düyünə, toya

Olubdur qisməti Azərbaycanın.

 

Durub haqsızlığa basılmaz qala,

Başını nə duman, nə çiskin ala.

Zülmə, əsarətə, çirkin amala

Kəsilməz nifrəti Azərbaycanın.

 

Tanrıya sevgisi Ц saf məhəbbətlə!

Dosta, yoldaşına Ц tək sədaqətlə!

Tarixə silinməz bir qızıl xətlə

Yazılıb bu əhdi Azərbaycanın.

 

Şahiddir aləmə onun hünəri,

Aslan vüqarlıdır qadını, əri.

Şərəflə yaşayır Məcnundan bəri

Leyli məhəbbəti Azərbaycanın.

 

Varmı Nizamitək şairlikdə kəs?

Doğmadı cahanda ona bir əvəz.

Dünyaya yenidən salıbdır bir səs,

Vurğun şeriyyəti Azərbaycanın.

19.03.80

Vurğunam

Yerdə azadlığa, göydə Günəşə,

Torpaqda al-yaşıl yaza vurğunam.

İnsan həyatında zəhmətə, işə,

Ceyran yerişində naza vurğunam.

 

Mən ki meyl etmədim şöhrətə, ada,

Bu yolda çox ömür gedibdir bada.

Çox yeyən azdan da olub dünyada,

Çoxu istəməyib, aza vurğunam.

 

Ay ilə yarışar ay üzü xallı,

Bir şəhla baxışlı, şirin xəyallı.

Eşqində vəfalı, Leyli misallı

Dilbər adlı gözəl qıza vurğunam.

 

Sözlər sehrlənib təzanəsində,

Bir diyar ucalıb onun səsində.

Nağıllı, nəğməli Yer kürəsində

Ələsgər çaldığı saza vurğunam.

 

Sənət aləmində Günəş kimi doğ,

Dünya dahiləri sevib daha çox.

İncilər, qumrular, yaqutlara yox,

Vurğun sənətində sözə vurğunam.

 

Yenə al çiçəklər torpağı yardı,

Hər yarpaq, hər nərgiz bir xoş bahardı.

Ətriniz ağlımı alıb apardı,

Ey çəmən, ey çiçək, sizə vurğunam.

 

Bu əsrdən o əsrə uçan bir quşam,

Azad günlər üçün mən doğulmuşam.

Oddan yaranmışam, mən od olmuşam,

O gündən atəşə, közə vurğunam.

 

 

 

 

Giley

O nədir?.. Sevgilim, çatılıb qaşın,

Təzə adətmidir, xasiyyətmidir?

Asta danışırsan, ağır dinirsən,

Yoxsa daha artıq əziyyətmidir?

 

Qoy ellər, obalar ayağa dursun,

Təqsirim var isə boynumu vursun.

Axı nə demişəm, dilim qurusun,

Yardan giley etmək cinayətmidir?

 

Qəlbimin səsindən dayanma uzaq,

Götür qələmini bu sətri yazaq,

Deməsək, gülməsək, oda yanmasaq,

Belə bir məhəbbət məhəbbətmidir?

 

Kim ki vəfalıdır sevər yarını,

Dağıdar bu yolda bütün varını,

Alıbsan Qəmlinin ixtiyarını,

Cana sahib olmaq bir adətmidir?

 

Toplayıb tərtib etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra.-2018.-24 noyabr.-S.15.