Nizami Xəlilov: “Saz havaları toylarımıza, şənliklərimizə bir gözəllik verir

“Dədə Qorqud” dastanında işlənmiş şeir formaları ilə aşıq sənətində mövcud olan şeir şəkilləri bir-birinə oxşayır”

Nizami Qasım oğlu Xəlilov 1949-cu il fevralın 10-da Qərbi Azərbaycanın Sisian rayonunun Qızılcıq kəndində anadan olub. 1956-1964-cü illərdə Ağcabədi rayonu Poladlı kənd orta məktəbində təhsil alıb. Nizami Xəlilov 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1973-cü ildən Bakı Dövlət Universitetində çalışır. Bir çox elmi əsərlər və məqalələrin müəllifidir.

Müsahibimiz Bakı Dövlət Universitetinin professoru Nizami Qasım oğlu Xəlilovdur. Müsahibəni təqdim edirik:

- Bu gün xalq arasında aşıq şeir üslubunun çoxluq təşkil etdiyini görürük. Məhz həmin üslubda yazılmış poetik nümunələr daha çox sevilir. Apardığımız müşahidələr nəticəsində görürük ki, insanlar qoşma, gəraylı, divani, təcnis və s. aşıq şeir şəkillərində yazan şairlərin yaradıcılığına daha çox müraciət edirlər. Bu nə ilə bağlıdır? Fikrinizi bu istiqamətdə bilmək istərdim.

- Əvvəla, onu qeyd edək ki, heca vəzni bizim ana vəznimizdir. Aşıqlarımız da çox qədimdən bu vəzndə çalıb-çağırıblar. Bunun ilkin nümunələrinə “Dədə Qorqud” kitabında, M.Kaşğarinin “Divanü-lüğət-it türk” və başqa əsərlərdə rast gəlmək olur. Lakin yazılı ədəbiyyatımıza nəzər saldıqda görürük ki, qədim dövr şairlərimizin, demək olar ki, əksəriyyəti şeirlərini əruz vəznində yazıblar. Yəqin ki, bu da dövrün, zamanın tələblərindən irəli gəlirdi. Onu da qeyd etmək lazımdır ki, hətta əruzda yazan şairlərimizin yaradıcılığına nəzər saldıqda heca vəzninin – aşıq şeirinin təsiri duyulur. Bu istər Həsənoğlunun, istər Q.Bürhanəddinin və istərsə də Nəsiminin yaradıcılığında açıq-aydın özünü göstərir. Məsələn, Məhəmməd Füzulinin “Məni candan usandırdı, cəfadan yar usanmazmı” qəzəlinə nəzər salsaq və hər misranı iki yerə bölsək gəraylı şeir şəkli alınar. XVI əsrdə Şah İsmayıl Xətai heca vəznində yazılmış gözəl nümunələr yaradıb. Şairin yaradıcılığında gəraylı, qoşmas. geniş yer tutur. Yəqin ki, aşıqlar həmin nümunələri məclislərdə oxuyublar.

XVIII əsrdə M.P.Vaqifin, M.V.Vidadinin yaradıcılığında bu ənənə daha da güclənib. Xüsusilə Vaqif poeziyada bir dönüş yaratdı. Həm klassik ədəbiyyatdan, həm də Qurbani, Abbas Tufarqanlı yaradıcılığından bəhrələnən Vaqif, yazılı ədəbiyyatda qoşma, gəraylı şeir formalarını daha da cilaladı, hətta ədəbiyyata yeni formalar da gətirdi. Vaqifdən əvvəl müxəmməs şeir şəkli olsa da, bu şeir forması Vaqifin yaradıcılığında təsadüf edilir. Bəzən Füzulinin beşlikləri ilə müxəmməs şeir şəklini qarışdırırlar. Ancaq müxəmməsin mükəmməl nümunəsinə ilk dəfə Vaqif yaradıcılığında rast gəlirik.

Daha sonralar aşıq şeirinin şəkilləri XIX əsrdə Q.Zakirin, S.Ə.Nəbatinin yaradıcılığında da qabarıq şəkildə görünür. Q.Zakirin yaradıcılığında qoşma, gəraylı, təcnis, bayatı və s. şeir formalarının kamil nümunələrinə rast gəlmək olur. Bu şeir formaları müasir dövrümüzə qədər inkişaf etmişdir və müəyyən məqamlarda, hətta əruz şeir formasını üstələmişdir.

Bir az əvvəl siz Şah İsmayıl Xətainin adını çəkdiniz. Deyilənə görə, Miskin Abdal Şah İsmayılın dövründə yaşayıb və aşıq şeirinin bir çox şəkillərində şeirlər yazıb. Bu barədə nə deyə bilərsiniz?

-              Düzdür, Qurbani də, Miskin Abdal da Şah İsmayılın dövründə yaşayıblar. Bəzi tədqiqatçılar Qurbaninin Xətainin sarayında yaşadığını, bəziləri isə göstərirlər ki, Qurbani Türkiyədən əsirlikdən gələndə artıq Şah İsmayıl ölübdür, Qurbani sarayda yaşamayıb. Şah İsmayılın ölümünü eşidən Qurbani:

 

Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,

Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.

Getmiş idim mürşidimə dərdimə dəva qıla,

Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola – bəndi ilə başlayan şeirini yazıb.

Qaldı Miskin Abdala, prof. H.İsmayılov onun bir sıra qoşma, gəraylı, təcnis, deyişmə və dastanlarını toplayıb çap etdirib. Tədqiqatçının söylədiyinə görə Miskin Abdal Şah İsmayılın sarayında yaşayıb və hətta onun vəziri olub. Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm.

- Aşıq şeir şəkillərinin, bəzən farslarla yaxınlığının olduğunu deyənlər var. Bu sahənin bir mütəxəssisi kimi fikirləriniz bizim üçün mühümdür...

- Bu tamamilə yanlış fikirdir. Fars şeiri ilə bizim heca vəznli şeirlərimiz fərqlidir. Farslarda poeziya əruz vəznindədir. Ermənilərlə farsların şeir forması bir-birinə daha çox yaxındır. Mən əvvəldə də qeyd etdim ki, heca vəzni və ozan sənəti “Dədə Qorquddan üzü bəri məlumdur. “Dədə Qorqud” dastanında işlənmiş şeir formaları ilə aşıq sənətində mövcud olan şeir şəkilləri bir-birinə oxşayır. Bu şeir formaları, adətən, sərbəst formada olub, sonrakı aşıq şeir formalarının yaranmasına təkan verib. Qoşma haqqında məlumata biz M.Kaşğarlının “Divanı”nda da rast gəlirik. “Gəraylı” Gəray qəbiləsinin, “bayatı” Boyat qəbiləsinin, “varsağı” Varsaq qəbiləsinin adı ilə bağlıdır, bu qəbilələrin də tarixi çox qədimlərə gedib çıxır, bunların da hər biri türk (Azərbaycan) qəbilələridir. Farslarla ermənilər aşıqlarını “qusan” adlandırırlar, onlar da şeirləri, əsasən, azərbaycanca oxumuşlar.

- Çar Rusiyasının Qafqaza gəlişi və bu zaman aşıq sənətində baş verən hadisələrə nəzər yetirsək maraqlı olardı. Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı və Molla Cuma kimi ustad aşıqların irsindən danışardıq.

- Çar Rusiyasının işğalından əvvəl də, çar hökuməti dövründə də yüzlərlə, minlərlə aşığımız olub. Lakin onların içərisində adını çəkdiyiniz ustad aşıqlar daha çox fərqlənib və bizə gəlib çatıb. Aşıq Alı da, Aşıq Ələsgər də, Şəmkirli Aşıq Hüseyn də, Hüseyn Bozalqanlı da, Molla Cuma da çoxlu sayda qoşma, gəraylı, divani, təcnis, müxəmməs və s. söyləyiblər. Düzdür, onların hamısı bizə gəlib çatmayıb. Hətta onların şeirlərinin bəziləri başqa şairlərin, aşıqların adına verilib. Lakin bizə gəlib çatan nümunələr də həmin aşıqların sənətkarlığı haqqında çox şey deyir.

- Sovet dövründə aşıq sənətinin və poeziyasının inkişafından danışardıq. Bu dövrdə xeyli nailiyyətlər əldə edilib. Belə ki, aşıqların qurultayları keçirildi, aşıqlar təşkilatlandılar, kitabları çap olundu, lent yazıları yazıldı və s.

- Sovet dövrünə qədər aşıq yaradıcılığı çap olunmayıb. Doğrudur ki, sovet dövründə aşıq şeirinin şəkilləri toplanıb, çap olunub. Hətta el şair və aşıqları ilə bağlı bir neçə kitab da çap olundu. 1928-ci ildən başlayaraq aşıqların qurultayları keçirilməyə başlanıb. Bir çox tədqiqatlar aparılıb. Bunlar çox yaxşı cəhətlər idi. Bütünlükdə götürdükdə sovet dövründə aşıqların yaradıcılığı xalqa daha ətraflı çatdırılıb.

- Sizin “Aşıq yaradıcılığı və yazılı poeziya” əsəriniz çap olunub və ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu əsəriniz haqqında oxucularımıza məlumat verərdiniz.

- Mənim “Aşıq yaradıcılığı və yazılı poeziyamonoqrafiyam xalq şeirinin, aşıq poeziyasının klassik yazılı ədəbiyyata təsiri məsələlərinə həsr olunub. İstər folklorşünaslıqda və istərsə də ədəbiyyatşünaslıqda çox az toxunulmuş olan bu problem haqqında görkəmli Azərbaycan şairlərinin yaradıcılığı əsasında müqayisəli şəkildə tədqiqatlar aparılıb.

Burada, həmçinin xalq dastanları əsasında yaranmış poemalar da tədqiqata cəlb olunub. Xüsusilə müəllifi məlum olmayan “Dastani-Əhməd Hərami”, “Mehri və Vəfa”, Əlinin “Qisseyi-Yusif”, Suli Fəqihin “YusifZüleyxa”, Məhəmmədin “Şəhriyar” və s. poemaları aşıq poeziyası ilə müqayisəli şəkildə təhlil edilib.

Monoqrafiyada o nəticəyə gəlinir ki, aşıq poeziyası yazılı ədəbiyyata təsir etdiyi kimi, yazılı poeziya da aşıq yaradıcılığını zənginləşdirib. Bu cəhətdən M.P.Vaqifin, Q.Zakirin, Ə.Nəbatinin yaradıcılığı, xüsusilə seçilir.

- Heç şübhəsiz ki, “Heca vəzni və aşıq sənətinin yaranma tarixi” adlı əsəriniz də aşıq sənətinin tədqiqi üçün mühüm əhəmiyyətə malikdir. Bu əsəriniz haqqında da oxucularımıza məlumat verərdiniz.

- Vaxtilə (1927) S.MümtazMolla Qasım Şirvani” adlı bir el şair-aşığı haqqında məlumat verirqeyd edir ki, o, Yunis Əmrənin müasiri olub. Hətta S.Mümtaz həm Molla Qasımdan, həm də Yunis Əmrədən nümunələr gətirib, onların birinin digərinə nəzirə yazdığını qeyd edir. Sonralar professor M.H.Təhmasib də S.Mümtaza istinad edərək yazır ki, “Əgər S.Mümtaz düz deyirsə, yəni Şirvanlı Qasım, doğrudan da Yunis Əmrə ilə, Həsənoğlu ilə müasir olmuşsa, biz el tərzində yazılan şeirimizin, xüsusilə yüksək sənətkarlıqla yazılmış təcnislərimizin də tarixini çox qədimlərdə axtarmalıyıq”.

Şübhəsiz ki, Şirvanlı Qasım nə qədər müdrik və istedadlı sənətkar olsa da, bu dili birya bir neçə ildə təkbaşına yarada bilməzdi.

Göründüyü kimi, M.H.Təhmasib də aşıq şeiri üslubunda yazılmış şeirləri XIII-XIV əsrlərdən əvvəllərə aparıb çıxarır.

Məlumdur ki, aşıq yaradıcılığının tarixini bir müddət XVIII əsrdən, M.P.Vaqifin yaradıcılığından götürürdülər. Sonralar bu tarixi XVI əsrdən - Şah İsmayıl Xətai dövründən götürüblər. Nümunə kimi Qurbanini göstərirlər. Lakin Qurbani birdən-birə yazdığı şeirləri o şəkildə yaza bilməzdi. Yəni Qurbaniyə qədər aşıq sənətimiz olmasaydı, o, heç vaxt bu cür gözəl şeirlər yarada bilməzdi. Əslində, aşıq poeziyası Qurbanidə yüksək zirvəyə çatıb. Aşıq sənəti yazılı ədəbiyyatdan da əvvəldir, lakin nümunələr bizə gəlib çatmayıb. Mənə elə gəlir ki, hətta Molla Qasım da olmasaydı belə, aşıq sənətinin tarixi XIII əsrə gedib çıxır. Əgər yazılı ədəbiyyatımız Həsənoğlundan başlayırsa, deməli, heca vəznli şeirimizin tarixi çox-çox əvvəllərə gedib çıxır. Həsənoğlunun, Qazi Bürhanəddinin yaradıcılığında aşıq şeirinin təsiri açıq şəkildə görünür.

Yaxud XIV-XV yüzilliklərdə yaşamış və şeirlərini, əsasən, farsca yazan və Azərbaycan dilində də şeirləri bizə gəlib çatan Şah Qasım Ənvarın yaradıcılığında biz gəraylı-varsağıya nəzər salaq:

 

Sabahın olsun mübarək,

Çələbi, bizi unutma.

Salam ilə can verdin,

Çələbi, bizi unutma.

 

Aşiq olduğumu bilirsən,

Canıma cəfa qılırsan.

Hali-zarimi sevirsən,

Çələbi, bizi unutma.

 

Belə nümunələrə Nəsiminin yaradıcılığında da rast gəlirik:

 

Yüz min cəfa qılsan mənə,

Mən səndən üz döndərmənəm.

Canım ola qurban sənə,

Mən səndən üz döndərmənəm s.

 

M.FüzulininMəni candan usandırdı, cəfadan yar usanmazmımisrası ilə başlayan qəzəlinin hər misrasını iki yerə bölsək gəraylı şeir şəkli alınar s.

Adıçəkilən kitabımda bütün bunlar daha çoxu tədqiqata cəlb olunur.

- Bu gün aşıq sənətinin vəziyyəti haqqında danışardınız. Aşıqların, bəzən dövranı sona yetdi deyirlər. Siz bunla razılaşırsınızmı?

- Yox, deməzdim aşıqlar tamam aradan çıxacaq. Çünki aşıqların da öz dinləyiciləri var. Bu yaxınlarda aşıqların VI qurultayı keçirildi, hazırda Aşıqlar Birliyi fəaliyyət göstərir, aşıqlar, hətta tədqiqatçı kimi çıxış edirlər. Sona yetibfikri ilə razı deyiləm. Hətta saz havaları toylarımıza, şənliklərimizə bir gözəllik verir, bu da yaxşı qarşılanır.

- Sonda oxucularımıza sözünüz...

- Hamıya cansağlığı arzulayıram.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra  2018.- 28 noyabr.- S. 13