Ağasəf İmran

Son görüşlər

Ona demişdilər ki, boğazında xərçəng xəstəliyi var. Amma bunu ailəsindən gizlədirdi. O özünə yer tapmırdı, darıxırdı və vurnuxurdu. Bəlkə də buna əcəl vurnuxması demək olardı. Onu tək qoymaq olmazdı...

Axşamüstü idi, işdən evə təzəcə qayıtmışdım. Mənə zəng vurdu:

- Salam, müəllim - dedi, vaxtın varsa, gəl bir nərd oynayaq.

- Gəlirəm, - dedim.

Evdən çıxanda mətbəxə göz gəzdirdim və əlimə bir banka albalı mürəbbəsi keçdi. Onu özümlə götürdüm.

Həyətdə məni qarşıladı.

- Dedim ki, bir balaca ayaqlarım açılsın. Həm də dükandan bir-iki şey almalıyam,-deyərək salamlaşdı.

Dükana dəyib evə qalxdıq. Əvvəlcə məni eyvana dəvət elədi. Buradakı şkafda müxtəlif mürəbbə bankaları yan-yana düzülmüşdü.

- Görürsən, qoz mürəbbəsindən qarpız mürəbbəsinə qədər nə desən var. Amma sənin gətirdiyin albalı mürəbbəsini stola qoyacağam. Atalar deyib ki, dost payı şirin olar,-deyə, zarafata başladı.

İkimiz birlikdə çay hazırladıq, dəm hazır olanda limon və stəkanları gətirdi:

- Çaysız nə nərd? Çayımızı içə-içə nərdimizi oynayaq, sonra yemək işinə baxarıq.

- Hə... keçən dəfə, o biri evinizdə, eyvanın altında saldığın bağçada məni yaman uddun. Bəlkə, bu dəfə mən o məğlubiyyətin əvəzini çıxdım, - deyərək, zarafatla nərd oynamağa başladıq.

Söhbətlərimizə zarafatlar da qatıb 3 tas nərd oynadıq. Deyib güldük. O durub televizoru açdı: - yaxın yola yük daşımaq vaxtıdır, - dedi. O, yalnız mənimlə söhbətlərində bu ifadəni işlədərdi. Çünki bu söhbəti ilk dəfə mən ona danışmışdım. Belə ki, sürücü olan qohumlarımdan biri demişdi ki, şoferlərin jarqon ifadələrində yaxın yola yük daşımaq - yemək deməkdir. Axşamdan başlanan söhbətlərimiz, oyunlarımız və yeyib-içməyimiz gecə saat birə işləmiş tamamlandı. Mən onunla sağollaşdım və evə qayıtdım. Təzə evində, onunla çox yaxın olmasa da, qonşu idik.

Bir həftə keçmişdi. Şənbə günü iş günü olmadığından, həyətimizdəki ağacların arasında gəzişirdim. Mobil telefonuma zəng gəldi. O idi:

- Müəllim, gəlsənə şəhərdən çıxaq.

- Paltarımı dəyişib yola çıxıram, - deyib razılıq verdim.

Magistral yola yenicə çıxmışdım ki, maşın qarşımda dayandı. Tək deyildi. Qardaşı yanında idi. Sükan arxasında özü oturmuşdu. Salamlaşdıq. Maşına oturanda soruşdum:

- Hara gedirik?

- Sumqayıta...Deyirlər, orada bir yerdə yaxşı yeməklər verirlər. Həm də mənim bir işçim gələcək.

- Bəlkə, bizim müəllim dostumuzu da dəvət edək. O da Sumqayıtda yaşayır,- dedim.

Mənim mobil telefonumu alıb özü danışdı və hara, necə gəlmək lazım olduğunu izah etdi.

Biz artıq kafeyə çatmışdıq. Onun işçisi kafenin həyətində bizi qarşıladı. Oturduq. Sifarişimizi verdik. Yeyib-içməyimiz gəldi. Söhbət edə-edə yeməyə başlamışdıq ki, müəllim dostumuz da gəlib çıxdı. Xeyli söhbətləşdik, yeyib-içdik, deyib-güldük və həqiqətən, vaxtın necə keçdiyini bilmədik. Ona da bu lazım idi. Vaxtı keçirmək və xəstəlik barədə düşünməmək! Axşam düşəndən sonra evə qayıtdıq. Mən magistral yolda düşdüm ki, maşın bizim qazılmış yolda palçığa batıb qalmasın.

Çiskin yağış var idi.

- Qoy səni aparım evə qədər, maşın batsa da, qoyaram qalar orada, özümüz qısa yolla piyada gedərik evə,-deyə israr etdi.

- Yox! Ən yaxşısı, mən özüm piyada gedərəm və arxayın olaram ki, siz də rahat evə çatdınız,- deyə etiraz etdim və xudahafizləşib ayrıldıq.

*

Novruz bayramının günü idi. Günorta çağı ondan zəng gəldi:

- Müəllim, evdəsənsə gəlim, şəhərdən çıxaq.

- Gəl, - dedim, - amma magistralda gözlə. Bilirsən ki, bizim yol xarabdır.

Razılaşdıq. Mən magistrala çıxanda o məni maşınında gözləyirdi. Bu dəfə tək idi. Salamlaşdıq.

- Haraya gedirik? deyə soruşdum.

- Hələ gedək, yolda baxarıq. Münasib yerdə düşərik.

Şamaxıya çatdıq. Bir azdan Ağsu aşırımını da ötdük. İsmayıllı meşələrinə yaxınlaşdıq. Söhbətimiz şirin idi deyə, məsafəni və vaxtı hiss etmədik. Bir istirahət guşəsinə çatanda maşını həyətə sürdü və gecə qalmaq üçün imkan olub-olmadığını soruşdu. Var,-dedilər və xidmətçilər bizi kotteclərdən birinə apardılar. Bura iki otaqlı, bütün rahatlığı təmin edən kottec idi. Xidmətçi cavan oğlan açarı bizə verəndə - nə vaxt getmək istəsəniz bağlayıb gedə bilərsiniz,-dedi.

- Burada nərd oynamağın öz ləzzəti var,- dedim.

- Zəng vur, qoy nərdi gətirsinlər,-dedi.

Sonra gedib maşının qapısını açdı və musiqi ətrafa yayıldı. Bu, mənə hədiyyə edilmiş, mənim sözlərimə yazılmış mahnılar və şeirlərin disketi idi. Aşıq və xanəndə mənim Türk oğlu türkəm şeirimə yazılmış mahnını oxuyurdu.

- Bilirsən,- dedi,-lap uşaqlıqdan, bəlkə də ömrüm boyu nə isə axtarırdım, amma tapa bilmirdim. Sən demə, sənin yazdığın bu şeiri və bu mahnını axtarırmışam.

Həmişə qəlbimdə Basarkeçər nisgili olub. Bu sözlər və bu mahnı qəlbimi elə doldurub ki, sanki o nisgili unutmuşam. Sənə minnətdarlıq etmək istəyirəm. Sən qəlbimin səsinə səs veribsən. Bilmirəm öz fikrimi necə çatdırım?!

Onun gözləri dolmuşdu. Mən də kövrəldim...

- Mən bunu öz qəlbimin səsi ilə yazmışam. Sənin də xoşun gəlirsə, demək, qəlbimizdə yaxınlıq var.

Biz qucaqlaşdıq. Bu, qarşılıqlı təşəkkür idi.

- Deyəsən, daha heç bir qorxum yoxdur... Gəl qayıdaq geriyə. Evdə nigarançılıq olmasın, - dedi.

Maşına oturub geriyə döndük. Yolda söhbət eləmirdik. Mənim şeirlərim və bu şeirlərə yazılmış mahnılar səslənirdi. Hər ikimiz qulaq asırdıq. Gəlib çatdıq. Düşdüm. O maşını tərpətdi, bir-birimizə əl etdik. Bilmirəm nə səbəbdən, onun arxasınca xeyli baxdım. Maşın gözdən itdi...Mən isə hələ də baxırdım...

O, artıq həyatda deyil...

Ağasəf İmran

Palitra  2018.- 5 oktyabr.- S.15.