Professor Qəzənfər Paşayev: Uşaq olarkən hətta qış aylarında belə, mağarın arxasında dayanıb aşıqlara qulaq asırdım

 

Tovuz ədəbi mühitinin yetirdiyi görkəmli ədəbiyyat nümayəndəsi, ömrünün yarıdan çoxunu Kərkük ədəbiyyatına həsr edən və "Nəsimi" yaradıcılığında yeni bir istiqamət açan professor Qəzənfər Paşayevin ədəbi fəaliyyəti gələcək nəsillər üçün qiymətli bir sərvətdir. Professor Qəzənfər Paşayevin yaradıcılığı haqqında fikir söyləməzdən əvvəl dəyərli alimin Tovuz ədəbi mühitinin inkişafı üçün gördüyü misilsiz işlərdən söhbət açmaq istərdim. Qəzənfər müəllimin ədəbi fəaliyyətində Tovuz ədəbi mühitində yaradıcılıqla məşğul olan şairlərin əsərlərinin çap edilməsi kimi mühüm fəaliyyət dayanır. Professorun bu istiqamətdə gördüyü işlər qürurvericidir. Bu sahədə dəyərli professora kömək edən, Tovuzda doğulmuş sənət sahiblərinin yaradıcılığını yazılı ədəbiyyata köçürərək bir-birindən maraqlı ədəbiyyat incilərini nəşr etdirən dəyərli millət vəkilimiz Qənirə xanım Paşayevanın da rolu böyükdür.

Professor Qəzənfər Paşayevin bu fədakar işi hər bir gənclə yanaşı, ziyalılarımız üçün də bir örnəkdir. Vaxtilə Tovuzda yaşayıb-yaradan aşıqların və aşıq poeziyasında yaradıcılıq nümayiş etdirən şairlərin irsinin qorunmasında, gələcək nəsillərə çatdırılmasında, bu insanların xalq arasında daha da əbədiləşdirilməsində Qəzənfər müəllimin əməyi təqdirəlayiq bir addımdır. Hələ həmin qələm sahibləri öz sağlıqlarında yaradıcılıqlarını kitab şəklində tam şəkildə çap etdirə bilmirdilər və buna görə də onların irsinin it-bata düşməsi qorxusu hər gün daha da artırdı. Bu ədəbiyyat nümunələrinin toplanıb çap etdirilməsi bütövlükdə ədəbiyyatımızın inkişafına təkan verdi və həmin qələm sahibləri ədəbiyyatımızda özlərinə layiqli yer tutdular. El şairlərinin yaradıcılığının toplanması el ədəbiyyatının inkişafında mühüm rola malikdir və tarix də bizə sübut edir ki, əsrlər keçdikdən sonra el ədəbiyyatı xalq yaradıcılığına çevrilmiş və ya ümumxalq məhəbbəti qazanmışdır. Hadisəyə bu kontekstdən yanaşdıqda Qənirə Paşayeva, Qəzənfər Paşayev və Məhərrəm Qasımlının həyata keçirdikləri bu addımlar el ədəbiyyatımıza dəyərli bir töhfədir. Tovuz ədəbi mütininin nümayəndələrindən Aşıq Hüseyn Bozalqanlının, Həsən Mülklünün, Mikayıl Azaflının, Aydın Çobanoğlunun, Əziz Məftunun, Səlim Sinədəftərin, Rasim Kərimlinin, İsa Cavadoğlunun və digər qələm sahiblərinin irsi toplu halında çap olunaraq ictimaiyyətə və ədəbiyyatsevərlərə təqdim olundu. Xüsusilə qeyd edim ki, professor Qəzənfər Paşayevin ədəbi fəaliyyətində xüsusi yer tutan Tovuz el şairlərinin əsərlərinin çapı tədqiqat üçün ayrıca bir kitabın materialıdır.

Bir ziyalının yaradıcılığı qədər onun şəxsiyyəti də mühüm amildir. Yaradıcılıqdan danışarkən mütləq şəxsiyyət xatırlanır. Müdriklər haqlı olaraq sənətdə şəxsiyyət böyük amildir demişlər. Professor Qəzənfər Paşayevin yaradıcılığı qədər şəxsiyyəti də zəngin və tükənməzdir. Yazıçının əsərlərini oxuyarkən onun şəxsiyyət və xarakteri haqqında insanda istər-istəməz müəyyən məlumatlar formalaşır. Qəzənfər müəllim, öz əsərləri ilə əziz oxucularına müsbət enerji bəxş edən, şəxsiyyətin böyüklüyünü göstərən bir alim kimi yaddaşlarımıza həkk olub. Azərbaycan ədəbiyyatında Qəzənfər Paşayev özünəməxsus bir yol açıb və özündən sonra da yaddaşlardan silinməz bir iz buraxır. Alimin yaradıcılığı dedikdə Azərbaycan oxucusunun gözləri önünə öncə Kərkük ədəbiyyatı gəlir. Axı ədəbiyyatımıza kərküklü qardaşlarımızın ruhunu gətirərək bu istiqamətdə ağır əməyə qatlaşaraq fədakarlıq nümayiş etdirmişdir. Heç şübhəsiz ki, indiyə kimi professor Qəzənfər müəllimin bu ədəbi fəaliyyəti haqqında saysız-hesabsız sözlər söylənmiş, yazılmışdır ki, bu bundan sonra da artan istiqamət üzrə davam edəcək.

İndi isə əziz oxuculara AMEA-nın Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin professoru Qəzənfər Paşayevlə olan müsahibəni təqdim edirik:

- Bir ədəbiyyatçının ədəbiyyata sevgisi onun yaradıcılığı qədər mühüm əhəmiyyət kəsb edir. Bu sevgi olmasa, şübhəsiz ki, yaradıcılıq da olmazdı. Bizə ədəbiyyata gəlişinizdən, ona olan sevginizdən söhbət açardınız.

- Ədəbiyyata sevgim orta məktəbdən başladı. Vurğun Əyyubun atası Əliş Əyyubov mənim ədəbiyyat müəllimin olub. Bu baxımdan, bəxtim gətirdi. Əliş müəllim BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. O, Səməd Vurğunu, Nizamini əzbər bilirdi. Oğluna ad qoyması elə buradan gəlir. Məndə ədəbiyyata həvəsi o yaradıb və Altı il Dəclə, Fərat sahillərində kitabımda onun haqqında yazmışam. Müəllimin şagirdə təsiri böyük olur. İnstituta qəbul olduqdan sonra rus, ingilis ədəbiyyatına məndə çox böyük maraq oldu. Mən Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişəm. Böyük əsərlər oxuduqdan sonra çağdaş ədəbiyyatımıza olan münasibətim dəyişdi. Gənclikdə ən çox sevdiyim roman Abşeron romanı olub. Məni Bakıya bu roman gətirdi. Bu romana çox böyük məhəbbətim oldu. Yəni ədəbiyyat gətirdi məni Bakıya. Sonra İsmayıl Şıxlının Ayrılan yollarını oxudum və bu məni başqa cür oyatdı. Salam Qədirzadənin Qış gecəsi romanını oxudum. Bu romana da üsyan elədim. Romanda prokuror atasını ticarətdə əl əyriliyi elədiyi üçün tutur. Bu bizim mentalitetə uyğun deyil və buna etiraz elədim. Gərək o atasına görə prokurorluqdan əl çəkəydi. Sonra da Şəfəq romanını oxudum. Roman kənd haqqında yazılmışdı, amma kənddən heç nə yox idi deyə, I kursda oxuyan vaxtı 12 vərəqli bir dəftərdə iradlarımı yazıb Gənclər qəzetinə getdim. Bir bəstəboy adam mənə dedi ki, sözün nədir? Ona dedim ki, roman kənd həyatından yazılıb və amma kənddən heç nə yoxdur. Mənə dedi ki, hamısı tənqiddirmi? Dedim bəli, tənqiddir. Gülərək mənə dedi ki, bir az da tərif öyrən gəl. Məlum oldu ki, bu şəxs gələcəyin böyük alimi Bəkir Nəbiyevdir və sonralar onunla dost oldum.

- Sizin folklora bağlılığınız da oxucularımız üçün maraqlıdır.

- Mənim böyüdüyüm mühitin özü folklor idi. Sizin özünüz iqtisadçısınız, amma görün necə də folklora, aşıq sənətinə və yaradıcılığına bağlısınız. Bu təbiidir. Ancaq siz bir az tamam başqa mühitdə böyüyübsünüz. Yəni indi televiziya, radio var və toylara müğənnilər dəvət olunur. Amma bizim vaxtımızda bunlar tam olaraq yox idi. 1955-ci ilə qədər elektrik enerjisi nədir bilməzdik. Aşıqdan başqa, heç nə görməmişdik. Yəqin bunu mühit ilə, ədəbiyyata olan sevgi ilə əlaqələndirmək olar.

- Tovuz rayonu söz-sənət diyarlarımızdan biridir. Ötən əsrdə rayonumuzda bir sıra tanınmış aşıq və şair yetişdi. Onların yaradıcılığı xalq tərəfindən sevilərək sürətlə el-oba arasında yayılmağa başlandı. Həmin söz sərraflarının yaradıcılığı toplu halında çap olunmadığı üçün it-bata düşmək təhlükəsi vardı. Ancaq siz və Qənirə xanımın böyük fədakarlığı nəticəsində həmin insanların əsərləri kitablar şəklində çap olundu və təqdimatları keçirildi

- Mən sazla-sözlə böyümüşəm. Televiziya Azərbaycanda 1956-cı ildə yaranıb. Uşaqlıq illərimi çox yaxşı xatırlayıram. 1955-ci ilə kimi Düz Qırıqlı kəndində işıq olmayıb. Şübhəsiz ki, işıq olmayanda radio da olmazdı. O dövrdə biz sazla-sözlə böyüyürdük. Uşaq olarkən hətta qış aylarında belə, mağarın arxasında dayanıb aşıqlara qulaq asırdım. Yaxşı yadımdadır, kəndimizdə Nağılar deyilən nəsildə Qara kişinin övladının toyu idi. Toy vaxtı qar da yağmışdı və mən gedib o soyuq havada aşığa qulaq asırdım. Bir nəfər qolumdan tutub məni içəri apardı və bir küncdə oturdular ki, qulaq asım. Sevincimin həddi-hüdudu yox idi. Aşıq özünü qəribə aparırdı. İllər keçəndən sonra başa düşdüm ki, aşıq müğənnidir, bəstəkardır, rəqqasdır, aktyordur, bədii qiraət ustasıdır və çalğıçıdır. Toylara o zaman uşaqlar getməzdi ki, ayıbdır. Qeyd edim ki, Tovuzda insanların əksəriyyəti sazla-sözlə böyüyüb. Siz də görürsünüz ki, bizdə aşıq poeziyasının janrları daha çox yayılıb. Bizdə heç qəzəl yazan olmayıb. Aşıq yaradıcılığı insanlara çox ciddi təsir edib. Tovuza qonaq gələndə onu aşıq qarşılayar və aşıq yola salardı. Şeirə baxın:

 

Tovuzda torpaq da, dağ da, çəmən də,

Sazın havasını yaman götürür.

Burda hər qonağı, hər müsafiri,

Aşıq qarşılayır, aşıq ötürür.

 

Xalq şairimiz Zəlimxan Yaqubun da belə bir şeiri var:

 

Qonaq oldum Tovuz adlı mahala,

Hәr sinәdә min bayatı varıymış.

İndi bildim, bu torpaqda ellәrin

Nә dövranı, nә hәyatı varıymış.

 

Görürsünüz də, bunların hər biri aşıq yaradıcılığının təsiridir. El şairləri də Tovuzda aşıq sənətinin və yaradıcılığının təsiri ilə yaradıcılıq nümayiş etdiriblər. Aşıq sənətinin və musiqisinin xüsusi havacatı var. Qeyd edim ki, hər şeir aşıq musiqisinə yatmır. El şairlərinin şeirləri, bu baxımdan, böyük əhəmiyyət kəsb edir.

Mikayıl Azaflının Qoca Azaflıyam kitabını nəşrə hazırladım. Həmçinin Aydın Çobanoğlunun Ömrün etməyəcək vəfa dedilər adlandırdığım kitabını hazırladım və çap etdik. Aydın Çobanoğlu sazı Bakıya gətirən adam idi. Və qeyd edim ki, Aydın Çobanoğlu bizdə ilk filoloji təhsil alan bir sənətkar olub. Hətta o diplom işini Aşıq Nəcəf Əlimərdanlı haqqında yazıb. Bəxtiyar Vahabzadə deyirdi ki, bu diplom işinə yüngül əl gəzdirib müdafiə etmək olar. Aşıq Əkbər Cəfərovun kitabını çap elədik və onun yubileyini həm Bakıda, həm də Tovuzda təşkil etdik. Fəxrəddin və Ələddin Quliyev qardaşları aşıq sənətimizin görkəmli nümayəndəsi Aşıq Hüseyn Bozalqanlının ikicildik kitabını çap etdirdilər. Aşıq İmran Həsənovun şeirlərini isə Aşıq Məhərrəm Hüseynli çapa hazırladı. Aşıq sənəti elə bir sənət aləmidir ki, hamı bir yerdə çalışanda yaxşı nəticələr əldə etmək olur. Aşıq Nəcəf Əlimərdanlının kitabını nəşr etdirdik və yubileyini keçirdik. Bu sırada Xəyyat Mirzəni də qeyd edə bilərəm. Xəyyat Mirzənin də həm kitabını nəşr etdirdik, həm də yubileyini keçirdik. Həsən Mülklünün, Əziz Məftunun əsərlərini çap elədik. El şairlərindən İsa Cavadoğlunun Ya qismət və Rasim Kərimlinin Dözmək olmur ayrılığa adlı şeir kitablarını çap etdik. Həmçinin Səlim Sinədəftərin kitabı işıq üzü gördü. Bunların hamısında Qənirə xanımın böyük rolu oldu. Kitablar çap olunduqdan sonra onların təqdimetmə mərasimlərini sazla-sözlə keçirirdik. Bu təqdimetmə İçərişəhərdə Karvansaray restoranında keçirilirdi. Biz bunu bir ənənəyə çevirdik. Bütün sazlı-sözlü təqdimatları İTV böyük məmnuniyyətlə göstərirdi. Burada İTV-nin nümayəndəsi Göyərçin xanımın əməyini xüsusi qeyd etməliyəm. Bu yaxınlarda Nəsiminin İraq divan nüsxəsini Qənirə xanım yenidən çap etdirdi. Bu kitabın təqdimetmə mərasimi Muğam Mərkəzində böyük təntənə ilə keçirildi. Belə tədbirlərin özü ədəbiyyatın təbliğində böyük addımlardır. Bu, ciddi bir addımdır. Yəni ədəbiyyat təbliğ olunur və ona məhəbbət artır.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra.- 2018.- 10 oktyabr.- S. 13.