Uşaq Avroviziya-2018“ müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı təqdimat keçirildi

 

Bu gün İctimai TeleviziyaRadio Yayımları Şirkətində "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı təqdimat mərasimi keçirildi.

Tədbirdə Şirkətin Mərkəzi aparatının rəhbəri Faiq Qürbətov, Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva, müsabiqədə Azərbaycanı təmsil edəcək ifaçı Fidan Hüseynova iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Leyla Quliyeva bildirdi ki, proma çarx İctimai Televiziyanın yaradıcı heyəti tərəfindən ekranlaşdırılıb: "Klipin texniki heyəti İctimai TV-nin bazasına məxsusdur. Səhnə əsəri bütünlüklə bizim öz işimizdir. Bunun maliyyə tərəfini işıqlandırmaq düşünürəm ki, məqsədə uyğun deyil. Bizə rəqib olacaq ölkəni indidən demək isə çox tezdir. Müsabiqənin şərtlərinə görə, mahnının böyük hissəsi ifaçının öz dilində olmalıdır. Buna görə də sözlərin 60 faizi Azərbaycan, 40 faizi isə ingilis dilindədir. Mahnıda Fidan öz arzularından və xəyali qəhrəmanından söz açır. O, ifası zamanı kimliyini açıqlamadığı qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımlamağından danışır. Qeyd edim ki, mahnının müəllifi bəstəkar İsa Məlikov və Fidan özüdür. Musiqinin sözləri isə Azərbaycan dilində Aytən İsmixanova, İngilis dilində isə Elvira Miçiyeva məxsusdur. Çarxın quruluşçu rejissoru Aleksey Krupina, operatoru İsmayıl Eyvazidir".

Diqqətə çatdırıldı ki, istedadlı ifaçı Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən Fidan hazırda Bakıdakı "Oksford" məktəbinin 6-cı sinif şagirdidir, həmçinin o, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır.

Fidanın uğurları haqqında danışan Leyla Quliyeva əlavə etdi k, o, 2017-ci ilin mart ayında İtaliyanın "Testene Art Baku" beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yerə layiq görülüb. Həmçinin "Sanremo Junior 2018" festivalında iştirak edərək üçüncü yeri tutub.

O, fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək hər kəsin rəğbətini qazanıb.

Bildirildi ki, Fidan Hüseynovanın adı 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qırmızı kitab"ına salınıb və Prezident təqaüdünə layiq görülüb

Tədbirdə F. Hüseynovanın "Uşaq Avroviziya-2018"də ifa edəcəyi "Sənin kimi olmaq" - "I wanna be like you" adlı mahnının təqdimat çarxı nümayiş etdirildi.

Xatırladaq ki, 25 noyabr 2018-ci il tarixində Belarusun paytaxtı Minskdə "Uşaq Avroviziya-2018" müsabiqəsi keçiriləcək. Müsabiqədə Azərbaycanla yanaşı, 20 ölkə birincilik uğrunda mübarizə aparacaq.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2018.- 18 oktyabr.- S. 13.