Rza Xəlilov: “Folklorşünaslarımızın fəaliyyət sahələrindən biri də şifahi xalq yaradıcılığımızın təbliği idi”

Rza Zeynal oğlu Xəlilov 11 noyabr 1944-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (S.M.Kirov ad. ADU) Şərqşünaslıq fakültəsinin Ərəb dili və ədəbiyyatı şöbəsinə daxil olub. 2001-ci ildən AMEA Folklor İnstitutunda böyük elmi işçi, 2005-ci ildən aparıcı elmi işçi vəzifəsində işləyib. 2013-cü ildən “Klassik folklor” şöbəsinin müdiridir.

- Rza müəllim, öncə Sovetlərin qurulması zamanı folklor materiallarının toplanması məsələsinə diqqət yetirək. Bu dövrdə, həqiqətən, ciddi folklor materialları toplanıb çap edilib. Bu zərurət haradan qaynaqlanırdı? Həmin dövrdən başlayaraq Salman Mümtaz, Hənəfi Zeynallı, Vəli Xuluflu, Hümmət Əlizadə və digər folklorçu alimlər, ziyalılar ciddi materiallar toplayaraq çap ediblər. Həmçinin oxucularımıza həmin alimlərin fəaliyyətindən də danışardınız.

- Sualınıza cavab olaraq onu demək istərdim ki, keçən əsrin 20-ci illərinin əvvəlində bolşevik-kommunist və digər qüvvələr respublikamızda Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdıqdan sonra hakimiyyətə gəldiklərində sırf iqtisadi məsələlərlə yanaşı, xalqımızın əsrlər boyunca yaratdığı maddi və qeyri-maddi mədəniyyətin öyrənilməsinə müəyyən dərəcədə diqqət göstərməyə başladılar. Folklorumuzun toplanması, nəşri və araşdırılması da mühüm, aktual bir məsələ olaraq qarşıda durmaqda idi. Böyük ehtimalla deyə bilərik ki, yeni hakimiyyətin bu qayğısının bir psixoloji tərəfi də vardı. Belə ki, bolşevik-kommunistlərin uzun illər ərzində tənqid etdikləri çar Rusiyası dövründə belə, Zaqafqaziyada, xüsusən də regionun mədəni mərkəzi durumunda olan Tiflisdə nəşr edilən rusdilli mətbuatda, o cümlədən Rusiyanın özündə nəşr edilən qəzet və jurnallarda Azərbaycan folklorundan örnəklərin şifahi xalq yaradıcılığımıza həsr edilmiş məqalələr çap edildiyini onlar bilirdilər. Yeri gəlmişkən qeyd etmək maraqlı olardı ki, Azərbaycan folklorşünaslığının patriarxı, professor Paşa Əfəndiyevin müxtəlif rus qaynaqlarına əsaslanaraq qeyd etdiyi kimi, folklorumuzun ilk nümunələri rus mətbuatında 1820-1830-cu illərdə görünməyə başlayır. Bir cəhəti də xüsusilə göstərmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, onun milli, türkçülük siyasəti, xalqımızın milli, mədəni mənafelərinin qorunmasına qayğı göstərməsi ona xalqımızın, ictimaiyyətin rəğbətini qazandırmışdı. Təbii ki, xalqımız AXC-nin bu siyasətini unutmamışdı.

Bütün bu amillər Azərbaycanda hələ öz mövqelərini möhkəmləndirə bilməmiş bolşevik-kommunist rejimini bu mədəni məsələlərə, folklorumuzun toplanması, nəşri məsələlərinə istər-istəməz qayğı göstərməyə vadar etmişdir. 1920-ci illərin əvvəllərində respublikada elmi-tədqiqatlar, əsasən, Azərbaycan Dövlət Universitetində mərkəzləşmişdi. 1920-1922-ci illərdə burada humanitar tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində 1919-cu ildə Azərbaycan Dövlət Universiteti nəzdində bir elmi qurum olaraq elmin müxtəlif sahələrini özündə birləşdirmiş bir cəmiyyət də yaradılmışdı. Ola bilsin ki, yuxarıda sözügedən cəmiyyət 1919-cu ildən yaradılan qurumun davamıdır. 1925-ci ildə elmi qurum Azərbaycan hökumətinin sərəncamına verildi.

- Folklor materiallarının toplanmasında, nəşrində və tədqiqində ATTC-nin mühüm rolu oldu. Cəmiyyət qısa zamanda bir çox lazımi əsərlər çap edərək ictimaiyyətə təqdim etdi. Söhbətimizi bu istiqamətdə davam etdirərdik...

- 2 noyabr 1923-cü ildə Azərbaycan Respublikasının iqtisadi potensialını və onun inkişaf perspektivlərini öyrənmək üçün “Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti” yaradıldı. Öz daxili quruluşuna görə böyük bir elmi-tədqiqat qurumunu xatırladan bu cəmiyyət əvvəlcə tarix və etnoqrafiya, təbiət və iqtisadiyyat olmaqla əvvəlcə üç şöbə ilə işə başladı. Cəmiyyətin Gəncədə, Şəkidə, Naxçıvanda, Dağlıq Qarabağ Muxtar Vilayətində filialları təşkil edildi.

Bir qədər sonra cəmiyyətin nəzdində elmin müxtəlif sahələri üzrə bölmə və komissiyalar yaradıldı. Belə komissiyalardan biri də folklor komissiyası idi. Komissiyaya görkəmli folklorşünas H.Zeynallı başçılıq edirdi. Komissiyanın tərkibində A. Baqri, V. Xuluflu, H.Əlizadə, A.Sübhanverdixanov, yazıçılardan C.Məmmədquluzadə, Ə.Haqverdiyev və başqaları üzv olmuşdular.

Cəmiyyətin “Xəbərlər” dərgisi 1925-ci ildən rus dilində, 1928-ci ildən isə Azərbaycan dilində nəşr edilməyə başlandı. “Xəbərlər”də Ə.Abidin, H.Zeynallının, V.Xuluflunun, R.Əfəndiyevin, Y.V.Çəmənzəminlinin, H.Əlizadənin və başqa görkəmli folklorşünaslarımızın məqalələri dərc edilirdi.

Cəmiyyətin fəaliyyət göstərdiyi 1923-1930-cu illərdə Azərbaycan folklorunun toplanılması, nəşri və tədqiqi çox mühüm yer tuturdu. Bu illərdə respublikanın Gəncə, Tovuz və Şəmkir kimi bir çox bölgələrinə folklor ekspedisiyaları təşkil edilmiş, külli miqdarda Azərbaycan folkloru örnəkləri toplanmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində yaşayan azsaylı xalqların folklor örnəklərində cəmiyyətin diqqətindən kənarda qalmayaraq onlar da toplanmaqda idi. Bu ekspedisiyaların nəticəsi olaraq sonralar Azərbaycan folklorunun müxtəlif istiqamətlərini əhatə edən kitablar nəşr edilmişdir.

H.Zeynallı “Azərbaycan atalar sözü və məsəlləri” (Bakı, 1926), Ə.Müznib “Mola Nəsrəddin lətifələri” (Bakı, 1927), Hənəfi Zeynallı “Azərbaycan tapmacaları” (Tapmacalar, bağlamalar və lüğətlər) (Bakı, 1928), V.Xuluflu “Koroğlu” (Bakı, 1927), V.Xuluflu “El aşıqları” (Bakı,1927), S.Mümtaz “Aşıq Abdulla” (Bakı, 1927), S.Mümtaz “El şairləri”, I cild (Bakı,1927), S.Mümtaz “El şairləri”, II cild (Bakı, 1928), S.Mümtaz “Sarı Aşıq” (Bakı, 1934), V.Xuluflu “Tapmacalar” (Bakı,1928), H.Əlizadə “Azərbaycan aşıqları”. (Bakı, 1929) və s. kitablar nəşr olundu.

Bununla yanaşı, bu müəlliflərdən bir çoxunun yerli qəzet və jurnallarda folklorşünaslığımızın bu və ya digər məsələləri ilə bağlı məqalələri də dərc edilirdi. Azərbaycan folklorşünaslığının elmi-nəzəri əsasları elə həmin dövrdə cəmiyyətin folklor komissiyasının sədri, elmi-nəzəri və təcrübi məqalələr müəllifi H.Zeynallı tərəfindən işlənib hazırlanmışdı.

Folklorşünaslarımızın fəaliyyət sahələrindən biri də şifahi xalq yaradıcılığımızın təbliği idi, bu məqsədlə onlar qəzet və jurnallarda külli miqdarda folklor örnəkləri nəşr etdirmişdirlər. “Maarif və mədəniyyət”, “Maarif işçisi”, “Dan ulduzu”, “Azərbaycan öyrənmə yolu”, “Yeni yol”, “Azərbaycan kolxozçusu”, “Kommunist” və s. bu kimi jurnal və qəzetlərdə tez-tez davamlı olaraq folklorumuzdan örnəklər çap edilirdi.

Bu gün 1920-1930-cu illər folklorşünaslarımızın fəaliyyəti, elmi yaradıcılıqları hər vaxt müasir folklorşünaslığımızın diqqət mərkəzində olmuş və olmaqdadır.

- Hal-hazırda Folklor İnstitutunda həmin dövr folklorşünaslarının əsərləri “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından latın əlifbası ilə təkrar nəşr edilir. Bu nəşrlər mütəxəssis alimlərlə yanaşı, ictimaiyyət tərəfindən də maraqla qarşılanır. Söhbətimizi bu istiqamətdə davam etdirərdik...

- Məlum olduğu kimi, folklorumuzun müxtəlif janrlarından olan örnəklər XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan folkloru məkanında çalışan ziyalı və müəllimlərimizin milli qeyrəti və səyi nəticəsində toplanıb ərəb qrafikasında, necə deyərlər, əski əlifbada yazıya alınmış və nəşr edilmişdir. Elə bu səbəbdən bu əsərlər on illərlə Azərbaycan folkloru məkanından, mühitindən təcrid edilmiş, folklorşünaslığımızın elmi-tədqiqatlarından kənarda qalmışdır. 2002-ci ildə “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasını yaradarkən bu bizim üçün əsas amillərdən biri olmuşdur. Digər bir mühüm amil bu nəşrlər vasitəsilə folklorumuzun bu örnəkləri həm də yenidən folklorumuza qazandırmaq və onları folklor məkanında yenidən dövriyyəyə buraxmaq idi. Bu işə başlayarkən hədəfimiz yalnız hər hansı bir əsəri latın əlifbasına köçürüb nəşr etmək olmamışdır. Bizim bu nəşrlər arasında rus əlifbasında yazılan, amma müxtəlif səbəblərdən nəşr edilməmiş əlyazma və kitablar da vardır. Məsələn, repressiya qurbanlarından H.Zeynallının “Azərbaycan türk mahnıları haqqında”, B.Bəhcətin “Sarı Aşığın bayatıları” və s. kitablar deyilənləri təsdiq edir.

Göründüyü kimi, bu seriyanı yaratmaqda məqsəd yalnız ərəb qrafikası ilə yazılmış, nəşr edilmiş folklor kitablarını latın əlifbasına köçürüb nəşr etməkdən ibarət olmamışdır. Bu seriyadan nəşr edilmiş ilk kitab olan “Məmmədvəli Qəmərlinin Atalar sözü”nə ön söz yazmış görkəmli folklorşünas, professor İsrafil Abbaslı burada seriyanın məramından geniş bəhs etmişdir.

Bu seriyadan nəşr edilmiş bir neçə kitabın adlarını çəkmək istərdim.

- Mirzə Abbas Abbaszadə. “Arvad ağısı”. (Bakı, “Səda”, 2004).

- Hənəfi Zeynallı. “Azərbaycan türk mahnıları haqqında”. (Bakı, “Səda”, 2004).

- Bəhlul Behcət. “Sarı aşığın bayatıları”. (Bakı, “Səda”, 2006). “Aşıq Qərib” dastanı (Bakı, “Səda”, 2006). Folklor çələngi (17-19-cu əsrlər əlyazmalarından seçmələr). (Bakı, “Nurlan”, 2008).

- H. Zeynallı. “Azərbaycan atalar sözü”. (Bakı, “Elm və təhsil”, 2012).

- H.Zeynallı. “Azərbaycan tapmacaları”. (Bakı, “Elm və təhsil”, 2013).

- H.Əlizadə. “Azərbaycan el ədəbiyyatı”. (Bakı, 2013).

Yeri gəlmişkən qeyd etmək istərdim ki, Əlabbas Müznibin “Molla Nəsrəddin məzhəkələri” kitabı da artıq nəşrə hazır vəziyyətdədir.

(ardı gələn saymızda)

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra.- 2018.- 19 oktyabr.-S.15.