ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib

“Davamlı sülhün əldə edilməsi üçün Ermənistan ölkəmizə qarşı təcavüzkar siyasətindən əl çəkməlidir”

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun gələn həftə Cənubi Qafqaza edəcəyi səfəri fonunda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı məqalə ABŞ-da geniş oxucu kütləsinə malik, xüsusilə siyasi dairələrdə daim izlənilən “The Daily Caller” qəzetində dərc olunub.

Baş konsulluqdan bildiriblər ki, “Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?” başlıqlı məqalədə C.Boltonun gələn həftə Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə ediləcək əsas məsələlərdən biri olduğunu yazan baş konsul sözügedən münaqişənin regionda sülhə və sabitliyə əsas təhlükə olmaqda davam etdiyini vurğulayır.

N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləməyə dair konkret faktları diqqətə çatdırır və bu münaqişənin postsovet məkanında ən təhlükəli münaqişə olduğunu bildirir. Müqayisə üçün N.Ağayev qeyd edir ki, işğal olunmuş ərazilərimizin sahəsi Los-Anceles şəhərinin ərazisindən 13 dəfə böyükdür və ya ABŞ-ın Konnektikut ştatının ərazisinə bərabərdir.

Baş konsul bildirir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, həmçinin digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı hələ də davam edir. O, münaqişənin həllində ən əsas maneənin Ermənistanın işğal olunmuş ərazilərimizdən öz qoşunlarını çıxarmaqdan imtina etməsi və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına imkan verməməsi olduğunu vurğulayır.

N.Ağayev qeyd edir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils də bu yaxınlarda Ermənistan mətbuatına verdiyi müsahibəsində münaqişənin həlli üçün, ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmalı olduğunu bildirib.

 

BMT-nin statistikasına əsasən 2050-ci ilədək Ermənistanı daha 1 milyon insan tərk edəcək

Baş konsul daha sonra Ermənistanın demoqrafik böhran yaşadığını, on minlərlə erməni gəncinin ölkəni tərk edərək xarici ölkələrə mühacirət etdiyini, bu xüsusda 1991-ci ildən bəri təxminən 1,5 milyon insanın Ermənistanı tərk etdiyini vurğulayır. Ermənistanda yoxsulluq həddinin 30 faizə yaxınlaşdığını və bu göstəricinin Cənubi Qafqaz ölkələri arasında ən yüksək rəqəm olduğunu qeyd edən N.Ağayev BMT-nin statistikasına əsasən 2050-ci ilədək Ermənistanı daha 1 milyon insanın tərk edəcəyini bildirir.

N.Ağayev Ermənistandan fərqli olaraq, Azərbaycanın regionda ən güclü iqtisadiyyata sahib olduğunu, çoxlu sayda nəhəng enerji və qitələri birləşdirən nəqliyyat layihələrini gerçəkləşdirdiyini və qlobal enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyini yazır. Bundan başqa, o, ABŞ-ın regionda əsas strateji tərəfdaşı olan Azərbaycanın Birləşmiş Ştatların beynəlxalq terrorizmlə mübarizə və enerji mənbələrinin şaxələndirilməsi səylərinə güclü dəstək verdiyini qeyd edir. N.Ağayev, həmçinin ölkəmizdə müsəlman, xristian və yəhudilərin birgə sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını diqqətə çatdırır.

Diplomat davamlı sülhün əldə edilməsi üçün Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən əl çəkməli və konstruktiv şəkildə danışıqlarda iştirak etməli olduğunu bildirir.

Sonda Nəsimi Ağayev ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün və anlaşmanın əldə edilməsi istiqamətində səylərini artıracağına ümidvar olduğunu qeyd edir.

“Ermənistanda ziddiyyətlərin güclənməsi bizim xeyrimizədir”

Yeri gəlmişkən, politoloq Məhərrəm Zülfüqarlı SİA-ya açıqlamasında deyib ki, Ermənistan "forpost" ölkədir və Rusiyanın əlaltısıdır: “Rusiyanın hərbi bazaları orada yerləşir. Paşinyan istefa verib ki, yenidən hakimiyyətə gəlsin. O bununla bir manevr etmək istəyir”. Onun sözlərinə görə, Paşinyanı istəməyən, xüsusilə də Qərbə düşmən olan qüvvələr Rusiyadan kömək alaraq çalışacaqlar ki, revanş götürsünlər: “Yəni bütün hallarda Ermənistanda ziddiyyətlərin güclənməsi bizim xeyrimizədir. Təbii ki, bunlar dekabrda keçiriləcək seçkilərin nəticələrindən asılıdır. Mənə elə gəlir ki, bu proseslər Ermənistanı daha da zəiflədəcək və həmin ziddiyyətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində atılan addımların daha da güclənməsinə kömək edəcək. Rusiyanın Müdafiə Nazirliyin baş Qərargah rəisi dedi ki, bizim Ermənistanla bağladığımız müdafiə müqaviləsi Ermənistana aiddir, Qarabağa aid deyil. Sabah biz öz torpaqlarımızı azad etmək istəsək və yaxud buna başlasaq artıq Ermənistana mesaj verdi ki, bu işə qarışmayacaq. Təbii ki, buna da arxayın olmaq olmaz. Ona görə də biz böyük dövlətlərlə siyasətimizi düzgün qurmalıyıq ki, sabah biz öz haqqımızı bərpa etmək istəyəndə bizə kənardan maneələr olmasın. Bütün bu proseslər 2016-cı ildə aprel döyüşlərindən sonra Azərbaycanın xeyrinə yüksələn xətt üzrə gedir. Arzu edək ki, bu proseslər davamlı olsun”.

“Virtualkarabakh.az” portalının yeni versiyası təqdim edilib

Ötən gün “Virtual Qarabağ” informasiya - kommunikasiya texnologiyaları gənclər ictimai birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “virtualkarabakh.az” portalının yeni versiyasını ictimaiyyətə təqdim edib. Tədbiri giriş sözü ilə açan “Virtual Qarabağ” informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd edib ki, 2013-cü ilin dekabrında mərkəz özünün ilk portalını təqdim edib.

N.Mehdiyev bildirib ki, bu illər ərzində birlik minlərlə insanın Qarabağ haqqında informasiya almasına xidmət edib: “Lakin keçən dövr ərzində informasiya resurslarına olan tələb dəyişib. “Virtual Qarabağ” İKT gənclər ictimai birliyi də yeni tələbləri nəzərə alaraq dizayn baxımından modern, istifadə baxımından funksional, daha çox vizual məhsulların öz əksini tapdığı yeni portalını qurdu və təqdim edir. Yaşadığımız qlobal informasiya cəmiyyətində ölkəmiz haqqında düzgün informasiyanın çatdırılması mühüm əhəmiyyət kəsb edir. Təqdim olunan “Virtual Qarabağ” İKT gənclər ictimai birliyinin "virtualkarabakh.az" portalının yeni versiyası bu tələblərə cavab verir və Qarabağ haqqında vahid informasiya platforması kimi çıxış edir. Portal müasir dövrün tələblərinə uyğun daha dinamik, müasir dizayn standartları ilə orijinal proqram üstündə yenidən qurulub. Portal dayanıqlıdır, qorunur və axtarış sistemlərinə uyğun köklənib. Bu isə müxtəlif beynəlxalq axtarış platformalarında portalın məlumatlarının daha tez tapılmasına kömək edəcək".

Birlik sədri qeyd edib ki, yeni portalda Qarabağın tarixi, mədəniyyəti, təbiəti, münaqişə haqqında informasiyalarla yanaşı, sənədli filmlər, elektron məhsullar, mobil tətbiqlər, yeniyetmə və gənclər üçün Qarabağ mövzusunda virtual oyunlar, qısa və məzmunlu məlumat verən infoqrafikalar, infovideolar, bir çox Qarabağ xanəndələrinin musiqilərinin, filmlərin səsləndirildiyi radio, müasir proqram təminatlı kitabxana, müasir proqram təminatlı xəritələr, interaktiv təklif bölməsi yerləşdirilib:

"Portalda Qarabağa dair çox sayda foto və videonun yerləşdiyi foto-video qalereya da istifadəçilərə təqdim olunur. Yeni portalda gənclərin foto-info metodu ilə məlumatlanması üçün ayrıca slayd fəaliyyətə başlamışdır. Portal həm bütövlükdə cəmiyyətimizin, həm də yeniyetmə və gənclərimizin məlumatlanmasına xidmət edəcək. Təqdim olunan yeni portal Qarabağla bağlı ümumiləşmiş informasiya resursudur. Yeni portalda cəmiyyətin bütün üzvləri - yeniyetmələr, gənclər, orta və yaşlı nəsil üçün Qarabağ və tarixi torpaqlarımız haqqında maraqlı materiallar tapmaq mümkündür".

Mərasimdə “Virtual Qarabağ” İKT gənclər ictimai birliyinin istehsal etdiyi Qarabağ mövzusunda qısa, lakin məzmunlu infovideolar və “İrəvan – Gizlədilmiş Həqiqətlər” sənədli filminin türk dilində versiyası da təqdim olunub.

Fuad Hüseynzadə

Palitra.-2 018.-20 oktyabr.-S.11.