“Həmişə inləyib qəmli nəğməsi...”

Aşıq poeziyasının zənginləşməsində, yeni-yeni poeziya incilərinin yaranmasında, aşıqlar arasında biliklərin sınanmasında, sənət sahiblərinin bir-birlərilə olan əlaqələrinin inkişafında aşıq deyişmələrinin rolu böyükdür. Aşıq deyişmələri bütövlükdə poeziyanın inkişafına, zənginləşməsinə və şairlərin elmi gücünün təkmilləşməsinə xidmət edir. Biz daha çox deyişmələrə aşıqlar arasında rast gəlirik. Ustad aşıqlardan Xəstə Qasımla Ləzgi Əhmədin, Aşıq Alı ilə Aşıq Ələsgərin, Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının, Hüseyn Şəmkirli ilə Aşıq Ələsgərin deyişmələri ilə yanaşı, Vaqif və Vidadi kimi mütəfəkkir şairlərin də deyişmələri xalq poeziyasının inkişafına səbəb olmuşdur. Şübhəsiz ki, bu insanların deyişmələri bədahətən söylənmiş və elə buna görə də tarixdə yaşamışlar. Bu gün də deyişmələr mövcuddur, ancaq başqa forma almışdır. Daha doğrusu, bu deyişmələrdə bədahətən deyilmə qabiliyyəti çox zaman pozulur. Ancaq buna baxmayaraq, eyni şeir formasında və qafiyədə deyişmələr mövcuddur. Göründüyü kimi, deyişmələr ədəbiyyatımızda çox mühüm rol oynayır və bunların öyrənilməsi çox vacibdir. Təəssüf ki, deyişmələr haqqında sanballı tədqiqatlar aparılaraq elmi-nəzəri əsərlər istənilən səviyyədə yazılmamışdır. Bu yaxınlarda aşıq sənəti və poeziyasının görkəmli tədqiqatçılarından biri, dəyərli ziyalı, mərhum alimimiz Tofiq Hüseynzadənin III cildlik nəfs şəkildə çap olunan əsərləri və bir də “Aşıq deyişmələrinin poetikası” kitabı kitabxanamı yenidən zənginləşdirdi. Artıq alim haqqında gözəl bir tədqiqat aparmağıma imkan yarandı.

Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər (1969-cu ildən Vardenis) rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulub. Tarixdə Miskin Abdal kimi tanınmış, Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli ideoloqu, dövlət xadimi və böyük Övliyası, hərbi sərkərdə, sufi şair, mütəfəkkir (filosof), ozandan aşığa (Haqq Aşiqliyinə), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi" və sair çoxsaylı sufi-təsəvvüf musiqi bəstələrinin - aşıq havalarının müəllifi, müqəddəs Ocaq-Pir sahibi Seyid Hüseyn Məhəmməd oğlunun (1430-1535) oğlu Şadmanın nəslindəndir. Sovet Hakimiyyəti illərində Ermənistanda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və fəaliyyətini burada davam etdirmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya üzrə ali təhsil almışdır (1965-1971). Daha sonralar təhsilini AMEA-nın Folklor İnstitutu nəzdində davam etdirmişdir.

Tofiq Hüseynzadənin III cildlik və “Aşıq deyişmələrinin poetikası” kitabları tədqiqatçılar üçün çox mühüm əsərlərdir. Xüsusilə “Aşıq deyişmələrinin poetikası” kitabı tədqiqat sahəsində ilk olan nümunəvi əsərlərdən biridir. Əsərdə ilk dəfə olaraq mərhum alim aşıq deyişmələri də daxil olmaqla ədəbiyyatımızda yer alan deyişmələri nəzəri cəhətdən təhlil etmişdir. Kitab uzun illərin ağır əməyi olduğu üçün mükəmməl bir tədqiqat əsəridir. Kitaba “Ön söz” yazan professor Mahmud Allahmanlı: “...Tofiq Hüseynzadə kimi ciddi üslubu, zəngin təcrübəsi olan bir ziyalımızın bu problemə maraq göstərməsi təsadüfi deyildir. Yaxından tanıdığım üçün belə düşünürdüm... Yadımdadır, mənbələrdə, ayrı-ayrı kitablarda verilən fikir və mülahizələri Tofiq müəllim nə qədər böyük sevgi və maraqla izləyirdi. Hətta tez-tez zəngləşib görüşlərimiz, diskussiyalarımız da olurdu. Onun elmimizə, xalq ədəbiyyatımıza bələdliyinə, bir ziyalı kimi vətəndaşlıq mövqeyinə həmişə rəğbətlə yanaşmış və sevinmişdim”. Bəli, professor Mahmud Allahmanlının qeyd etdiyi kimi Tofiq müəllim bu əsərin üzərində böyük həvəs və maraqla işləmişdir. Bu gün də onu tanıyanlar alim haqqında çox müsbət fikirlər səsləndirirlər.

Xüsusilə qeyd etmək istərdim ki, Tofiq Hüseynzadə böyük bir nəslin layiqli davamçısıdır. Belə ki, o, Miskin Abdal kimi tanınmış bir mütəfəkkirin soyundandır. Bəlkə də alimin bu cür ağır elmi araşdırmaları irsi xarakter daşıyır. Axı Miskin Abdal da dövrünün tanınmış dövlət xadimi, mütəfəkkir şəxsiyyəti, aşıq poeziyasının əvəzsiz nümayəndəsi və ən əsası isə ozandan aşıqlıq sənətinə keçidin banisidir.

Tofiq Hüseynzadənin Miskin Abdal irsinin tədqiqi ilə bağlı çox ciddi araşdırma və tədqiqatları var. Bu əsərlərlə tanış olan oxucuların Tofiq müəllimi Miskinşünas adlandırmalarına haqları var. Alimin “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” elmi-tədqiqat əsəri elm sahibləro ilə yanaşı, geniş ictimaiyyətin də ciddi marağına səbəb olmuşdur. Tofiq Hüseynzadə əsərində Miskin Abdalla bağlı çox ciddi materiallar ortaya qoyaraq Miskin Abdal irsinin gələcək nəsillərə təbliğində əvəzsiz missiya nümayiş etdirir. Tofiq müəllim Miskin Abdalla bağlı tədqiqatları ilə yanaşı, onun şeirlərini də toplayıb çap etdirmişdir. Bu addım Miskin Abdal irsini it-bata düşmək təhlükəsindən qorumuşdur. Tofiq Hüseynzadə bu günün və gələcəyin tədqiqatçıları, daha doğrusu, bizdən sonrakı Miskinşünaslar üçün yeni bir yol açmışdır.

Yorulmaz tədqiqatçı Tofiq Hüseynzadə, həmçinin gözəl şairdir. Onun şeirlərini oxuduqca şairin duyğularını, hislərini rahat anlamaq və başa düşmək olur. Şairin şeirlərində Vətən sevgisi hiss olunur. Ən əsas da ailə dəyərlərinə bağlılıq şairin şeirlərində müfəssəl təsvir olunub. Yüksək bədii duyumu, bədii təsvir və ifadə vasitələrinin zənginliyi baxımından “Anamın səsi” şeiri əvəzsizdir. Şeir o qədər duyğulu, hiss və həyəcanla yazılıb ki, oxucunu kövrəldir.

Özü müqəddəsdir, adı əzizdir,

Ömrünü, gününü bizə bağlayıb.

Eşqi də qəlbi tək tərdir, təmizdir,

Vaxt olub ah çəkib, səssiz ağlayıb.

Yerləri yandırıb odlu nəfəsi,

Çatmayıb göylərə anamın səsi.

Şair ana sevgisini o qədər yüksək səviyyədə, poetik şəkildə yerli-yataqlı işlədərək, hiss və həyəcanlarını poeziyanın gücü ilə təqdim etmişdir.

Bizə lay-lay deyib uzun gecələr,

Doğub çox səhərlə, yanıb şam kimi...

Deyiblər, həqiqət sınmaz, incələr.

O günlər ötüşüb bir axşam kimi,

Həmişə inləyib qəmli nəğməsi,

Dağ çəkib illərə anamın səsi.

Əziz oxucu, məni şairin bu şeirinin üzərində dayanmışam deyə, qınamayın. Şeir məni elə sehrləyib ki, bu sehrdən çıxa bilmirəm. Tofiq müəllimin məhəbbət, vətən, ailə, təbiət, tərbiyə və s. mövzularda olduqca zəngin şeirləri var. Həmçinin şairin yaradıcılığında müfəssəl ictimai məfkurə kəsb edən şeirləri də diqqətimdən kənarda qalmır.

Keçmişə min nifrət, alqış sabaha,

Zəncirlər, buxovlar parçalanıbdır.

Daha inanmırıq biz mövhumata,

Anam ki nahaqdan, qəsdən yanıbdır.

Kimə qurban gedib eşqi, həvəsi?!,

Tarixdən soruşur anamın səsi.

Çox maraqlıdır ki, bizdə elə bir şair tapılmaz ki, onun yaradıcılığında ana və ata (daha doğrusu, valideynlərə həsr olunan şeir) haqqında və onların müqəddəsliyinə həsr olunan poetik incilər işlənməsin. Bu xalqımızın valideynə olan sevginin təcəssümüdür.

İndi dünya bizim, şadlıq bizimdir,

O qara günlərdən aralanmışıq.

Anam ürəyimdir, iki gözümdür,

Onu ömrümüzə illah sanmışıq.

Bu gün könlümüzün olub müjdəsi,

Aparır ağ günə anamın səsi.

Bir xalq kimi ədəbiyyata çox bağlıyıq. Həyatımızda, dünyagörüşümüzdə, inkişafımızda ədəbiyyatın misilsiz xidmətləri var. Şeir isə ən mühüm hadisə kimi əsrlərlə təlim-tərbiyəmizdə mühüm rol oynayıb. Bu baxımdan, gözəl tədqiqatçı və şair Tofiq Hüseynzadənin irsi zaman-zaman öyrəniləcək. Həmçinin onun şeirləri də xalq arasında yayılaraq alimə bir şair kimi şöhrət gətirəcəkdir. Tofiq Hüseynzadə 2006-cı ilin noyabr ayının 13-də vəfat etmişdir. Allah rəhmət eləsin!

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra.-2018.-23 oktyabr.-S.15.