“Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda danışıqlar prosesinin davam etdirilməsi üçün siyasi iradə nümayiş etdirə biləcək”

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanması prosesinin başlaması məqsədilə substantiv danışıqları davam etdirməyə hazırdır. Bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib: “Əgər son zamanlarda danışıqların gedişatına fikir versəniz, görərsiniz ki, məhz Bakı Azərbaycan ərazilərinin işğalının dayandırılması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün şəraitin yaradılması, erməni və azərbaycanlı icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün geniş idarəetmə hüquqlarının təmin olunması kimi nəticələrə yönəlmiş məsuliyyətli dialoqun zəruriliyi barədə mövqe səsləndirir”.

E.Məmmədyarov əlavə edib ki, Düşənbədə MDB sammiti çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın hazırda baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutmuş söhbət Azərbaycanın hərtərəfli dialoqa hazır olduğunun bariz nümunəsidir:

“Təəssüf ki, hakimiyyət dəyişikliyi və Yerevanda bu günədək müşahidə olunan siyasi boşluq prosesi müəyyən mənada yavaşladıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi üçün siyasi iradə nümayiş etdirə biləcək”.

Fransa vətəndaşı Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək

Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Sent-Etyen şəhərinin meri Qael Perdrionun Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyib. XİN-in mətbuat xidmətindən bildirilir ki, Fransanın yerli özünüidarəetmə orqanının beynəlxalq hüququn norma və prinsiplərini və Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də Fransa milli qanunlarına zidd olaraq atdığı bu addım işğalçı Ermənistanın Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Bu qanunsuz səfərdə Sent-Etyen şəhərinin merini Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və Fransa erməni lobbisinin təsiri altında olan Fransua Roşbulan müşayiət edir.

“Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər nazirinin 2018-ci ilin 24 may tarixli yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə təmini sənədinə istinad edir və yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyin qadağan edildiyini xatırladırıq. Bu xüsusda vurğulayırıq ki, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən “Dostluq haqqında Bəyannamə” heç bir hüquqi qüvvəyə malik deyil.

Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə, həmçinin Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir. Fransa hökumətini öz yerli özünüidarəetmə qurumlarını ölkəmizin ərazilərinin işğalı nəticəsində yaranmış status-kvo vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən qanunsuz əməllərdən çəkindirəcək və öz qanunvericiliyinin qeyd-şərtsiz yerinə yetirilməsini təmin edəcək addımlar atmağa çağırırıq.

Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Fransa vətəndaşı Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək”.

Ermənistanın konslageri və ya "öz müqəddəratını təyin etmə hüququ"

“Baku Network”un rəhbəri Elxan Ələsgərov isə “Trend”də dərc olunan məqaləsində yazıb ki, hüquqi cəhətdən "konslager" məhkəmədən kənar qaydada mülki sakinlərin kütləvi həbs yeridir: “Adi azadlıqdan məhrumetmə yerlərindən fərqli olaraq "konslager" hərbi əməliyyatlar zamanı yaradılır və məhbusların islah olunması məqsədi daşımır. Bu düşərgələrin yaradılması məqsədləri fərqli ola bilər. Azərbaycanın işğal olunmuş əraziləri orada yaşayan sakinləri ilə birgə "konslager" anlayışına uyğun gəlir. Bunun əsas göstəriciləri statistika və xarici müşahidəçilərin məlumatlarıdır”.

Məqalədə bildirilir ki, əgər Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində mövcud olduğu müddətdə regionda 150 min erməni yaşayırdısa, işğaldan və azərbaycanlı əhalinin etnik təmizlənməsindən sonra orada 40-50 min erməni yaşayır: “Erməni terror təşkilatları və Ermənistan ordusu tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və kütləvi qırğın nəticəsində bir milyondan çox azərbaycanlı Ermənistandan və Qarabağdan qovulub. Bu günədək Qarabağın köklü əhalisi olan azərbaycanlıları xatırladan hər bir şey - məscidlər, evlər, qəbiristanlıqlar, yazılar planlı şəkildə məhv edilir.

Ağdam, Füzuli, Zəngilan, Şuşa, Xocalı və digər şəhərlərdə dağıntılara baxmaq kifayətdir ki, təcavüzkarın öz müqəddəratını həll etmək” məqsədi güdmədiyi aydın olsun. Reallıq onu göstərir ki, “Qarabağ xalqı” adı altında Yerevan yalnız etnik erməniləri nəzərdə tutur. Bu xalq isə ilk fürsətdəcə Ermənistan tərəfindən böyük konslagerə çevrilmiş işğal olunmuş ərazilərdən qaçmaqla “öz müqəddəratını həll edir”.

Ermənistan Qarabağda işğal olunmuş ərazilərin diaspor üzvləri, Suriya qaçqınları ilə məskunlaşdırılması proqramını həyata keçirir. Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanın sözlərinə görə, Yerevanın məsuliyyətsiz siyasəti Qarabağı Yaxın Şərqdən olan terrorçuların məskəninə çevirə bilər. Ölkədə yalan dövlət siyasəti səviyyəsinə yüksəldilib. Ədliyyə və polis orqanları açıq-aşkar qanunsuzluğun tərəfində dayanıb. Bunu Şuşa türməsində saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində uydurma cinayət işləri təsdiq edir.

Bütün nəqliyyat yolları və strateji istiqamətlər boyunca Ermənistan qoşunlarının hissələri yerləşdirilib, ön postlarda Ermənistandan olan çağırışçılar xidmət edir. Hətta Qarabağda polisin şəxsi heyəti də Ermənistandan göndərilir”.

“Ermənistan hakimiyyəti istənilən yollarla Azərbaycan ərazilərinin ilhaqını qanuniləşdirməyə çalışır”

Yazıda qeyd olunur ki, Ermənistan rəsmilərinin “Qarabağ xalqının özünü təyin hüququ” barədə gurultulu açıqlamaları dünya ictimai rəyinin aldadılması üçün istifadə olunan aşkar yalandır: “Həqiqətdə Ermənistan hakimiyyəti istənilən yollarla Azərbaycan ərazilərinin ilhaqını qanuniləşdirməyə çalışır. Bu barədə ABŞ Dövlət Departamentində də danışırlar. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz müsahibələrinin birində demişdi ki, “Mən birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar”.

Ermənistan status-kvonun gələcəkdə işğal olunmuş ərazilərin statusunun leqallaşdırılmasına gətirib çıxaracağı ümidi ilə və Qarabağ "konslageri"nin sakinlərini girova çevirməklə danışıqlar prosesini uzadır. Sual ondadır ki, Ermənistana “Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək” lazımdırmı?”.

Fuad Hüseynzadə

Palitra  2018.- 24 oktyabr.- S.11.