“Sent-Etiyen merinin imzaladığı sənədin hüquqi qüvvəsi yoxdur”

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransanın Sent-Etiyen şəhəri merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.

Bəyanatı AZƏRTAC -a şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov deyib: “Ermənistan kütləvi informasiya vasitələrində verilən məlumata görə, Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Sent-Etiyen şəhəri arasında dostluq haqqında bəyanat imzalanıb. Bu məqsədlə Fransanın Sent-Etiyen şəhərinin meri Qael Perdriau qərəzli və antiazərbaycan mövqeyi ilə tanınan və erməni lobbisinin təsiri altında olan Fransua Roşebluanın müşayiəti ilə qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etiyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanatın imzalanmasını kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik.

Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında mərkəzi qaydada imzalanmış təlimata baxmayaraq, Fransanın bəzi şəhərlərinin rəhbərləri Fransadakı erməni lobbisinin təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edir və hərbi işğal altında olan şəhərlərlə müxtəlif qeyri-qanuni sənədlər imzalayırlar. Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır.

Bu kimi qeyri-qanuni əməllərə əl atan Fransanın bəzi şəhərlərinin rəhbərləri, o cümlədən Sent-Etiyen şəhərinin meri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və ona bəraət qazandırır. Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb”.

O deyib ki, işğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər, Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və eləcə də rəmzi əhəmiyyətə malikdir: “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansara, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natəvanın evi və sair digər abidələr vardır. İnsan hüquqları universal və bərabərhüquqlu xarakter daşıyır. Hal-hazırda sayı 80 min nəfərdən artıq olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, o cümlədən sayı 33 mindən artıq olan Şuşa sakininin Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində fundamental hüquqlarının kobud şəkildə pozulması şəraitində Dağlıq Qarabağın yalnız erməni icmasının hüquqlarından danışmaq ədalətsizlik və insan hüquqlarına hörmətsizlikdir”.

“Fransa hökumətini digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməyə çağırırıq”

Elçin Əhmədov bildirib ki, Ermənistan tərəfinin atəşkəs rejiminin arxasında gizlənərək bu kimi riyakar və cılız addımlarla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməsi siyasəti heç zaman gözlənilən nəticəni verə bilməz: “Münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır.

Biz, Dağlıq Qarabağın erməni və Azərbaycan icmalarının Azərbaycanın sərhədləri və ərazi bütövlüyü çərçivəsində yenidən birlikdə sülh şəraitində yaşamasına inanırıq. Yalnız bu halda regionda dayanıqlı və ədalətli sülh təmin oluna bilər.

Fransa hökumətini isə, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin qarşısının alınması üçün təsirli addımlar atmağa, digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməyə çağırırıq”.

“Fransa özünün qəbul etdiyi qanunlara qarşı saymazyana münasibətini ortaya qoyur”

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova da AZƏRTAC -a açıqlamasında deyib ki, belə qanunsuz səfərlərin həyata keçirilməsi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir: “Bu səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan "bəyannamə" Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir. “Çünki Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci il mayın 24-də "Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi" haqqında imzalanmış təlimata əsasən yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etmək qadağandır. Deməli, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən "Dostluq haqqında Bəyannamə" heç bir hüquqi qüvvəyə malik deyil. Bu isə bir daha sözügedən bələdiyyə sədrlərinin Fransanın özünün qəbul etdiyi qanunlara qarşı saymazyana münasibətini ortaya qoyur. Paradoksal hal odur ki, Fransa hökuməti və müvafiq qurumlar bu qanunsuzluğun nəticələrinin aradan qaldırılması üçün lazımi qətiyyəti göstərmir".

S.Qafarova digər bir məqama diqqət çəkərək vurğulayıb ki, bu qanunsuz səfərdə iştirak edənlərdən biri olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşebluan həmişə erməni lobbisinin təsirində fəaliyyət göstərib, ermənilərdən daha artıq erməniliyi ilə seçilib: "Sirr deyil ki, Fransada erməni diasporunun təsiri altında fəaliyyət göstərən, erməni diasporunun maliyyələşdirdiyi bir qrup vardır. Bu qrup hər vəchlə Azərbaycan ilə Fransa arasında mövcud olan münasibətlərə xələl yetirməyə, bu əlaqələri pozmağa çalışır. Bu şəxslərdən biri də Fransua Roşebluandır. O, Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərdiyi dövrdə də daima ermənilərin maraqlarından çıxış edir, dünya erməniliyinin mənafeyini qorumaq üçün əlindən gələni edirdi. Hətta biz bircə dəfə belə onun Fransa ilə bağlı məsələlərdə, ya da ümumi Avropanı maraqlandıran problemlərin müzakirəsində iştirak edən görməmişik. Bunun əksinə, Ermənistanın işğalçılıq siyasəti, bu ölkədə mövcud olan problemlər AŞPA-da müzakirə olunarkən F.Roşebluan dərhal ortaya atılır, erməniləri ən qatı şəkildə müdafiə edirdi. O, həmçinin Azərbaycana qarşı radikal mövqedə dayanırdı. Ona görə də, bu gün Fransua Roşebluanın da bu səfərdə iştirakı çox aydın şəkildə səfərin sifarişlə icra edildiyini göstərir”.

Milli Məclisin deputatı qeyd edib ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə xələl yetirir. “Çünki işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun və Ermənistanın danışıqlardan yayınmaq üçün müraciət etdiyi manipulyasiyaların təşviqinə xidmət edən və təxribat xarakteri daşıyan bu səfər, həmçinin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı terrorçu qondarma “yerli hakimiyyətləri” ilə "bəyannamə" imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmələrin, soyqırımlarının nəticələri ilə razılaşmaq, Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə dəstək vermək anlamına gəlir. Şübhəsiz bu, ilk növbədə ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir”, - deyən deputat əlavə edib ki, bu, Fransanın vasitəçi kimi nüfuzuna ciddi zərər vurur, onun vasitəçiliyinə olan etimadı sarsıdır.

Fuad Hüseynzadə

Palitra.-2018.-25 oktyabr.-S.11.