“Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır”

Dmitri Savelyev:

“Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların çatdırılması üçün Azərbaycan diasporunun media sahəsində intensiv fəaliyyətini artırması vacibdir”

Ötən gün VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən sessiya Dağlıq Qarabağ münaqişəsindən, erməni yalanlarından da danışılıb.

İki hissədən ibarət sessiyanın AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanovun və Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçən birinci hissəsində cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrlə bağlı məruzələr dinlənilib.

“Ermənistan münaqişənin mahiyyəti ilə bağlı dünya ictimaiyyətini çaşdıran məlumatlar tirajlayır”

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov qonaqları salamlayaraq bildirib ki, ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu ən aktual məsələlərin, bəşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu qlobal bir platformadır: “Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaranan Forum indi dünyanın hər yerindən alimlərin, ictimai xadimlərin, ekspertlərin, siyasətçilərin, iqtisadçıların, jurnalistlərin toplaşdığı bir məkandır. Forumun məqsədi texnoloji əsrdə bəşəriyyətin qarşısında duran qlobal məsələlərin müzakirə edilməsi üçün dünyanın parlaq beyinlərini bir araya toplayaraq nüfuzlu beynəlxalq platforma yaratmaq idi. Artıq altıncı Forumun baş tutması bu məqsədə uğurla nail olunduğunu deməyə əsas verir”.

Aslan Aslanov söyləyib ki, bəzən mənbə göstərilmədən auditoriyaya yalan məlumatlar sırınır: "Buna "fake news" deyilir. AZƏRTAC heç zaman mənbəsiz məlumatlar vermir. Ona görə də bizim informasiyalar təkzib olunmur. Sosial mediaya yalan xəbərlər mənfəət əldə etmək məqsədilə yayımlanır. Yalan, qeyri-düzgün informasiya qəsdən deyil, ehtiyatsızlıq üzündən gedir. Heç kim deyə bilməz ki, mən belə hallara yol verməmişəm. Təsir əks-təsirə bərabərdir. Yanlış məlumatlandırma siyasətinin qorxunc üzü var. İnsanları qarşı-qarşıya qoya, müharibələrə səbəb ola bilir".

Aslan Aslanov qeyd edib ki, müasir dövrdə yalan xəbərlər siyasi proseslərin gedişatını dəyişdirmək gücünə malikdir. Bununla bağlı kifayət qədər misallar çəkmək olar. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan ölkəmiz haqqında daim yalan xəbərlər yayır, münaqişənin mahiyyəti ilə bağlı dünya ictimaiyyətini çaşdıran məlumatlar tirajlayır. İşğal faktını ört-basdır etmək üçün erməni informasiya mənbələri buna azadlıq müharibəsi adı verirlər. Amma, sözsüz ki, onların bu cəhdləri heç bir fayda vermir. Çünki artıq bütün dünya həqiqəti çox yaxşı bilir.

İdarə Heyətinin sədri deyib ki, Türkiyədə "Zeytun budağı" əməliyyatı zamanı yalan məlumatlar yayılırdı: "Anadolu Agentliyi bu işin arxasınca getdi və gerçəkləri üzə çıxardı. Azərbaycanın da başına belə hallar çox gəlib. Ermənilər öldürdükləri azərbaycanlıların şəkillərini yayıb erməni genosidi kimi təqdim edirdilər. Ermənilər internetdən, sosial şəbəkələrdən yalanlarını yaymaq üçün istifadə edirlər. Düşünürəm ki, insanların çaşdırılmaması üçün onlara yalan informasiyaların yayılması barədə məlumat vermək lazımdır. Məsələn, məktəblərdə bu barədə seminar təşkil etmək olar".

“Jurnalistika indi çox mürəkkəb dəyişikliklərdən keçir”, deyən AZƏRTAC-ın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, hazırda jurnalistika qarşısında çeviklik və düşünülmüş addımlar tələb edən çağırışlar dayanır. “Əvvəllər də yalan informasiyalar var idi. Lakin indi onun formaları və yayılma sürəti elə dəyişib ki, hərdənbir media qurumu kimi, biz özümüzü də qorumalı oluruq. Sosial şəbəkələr informasiya məkanını çox dəyişdi. Bizə xəbərlərimizi auditoriyaya rahat və operativ çatdırmaqla yanaşı, bizi həm də yeni problemlərlə üz-üzə qoydu. Feyk xəbərlər problemi də onlardan biri və hətta daha təhlükəlisidir”, - deyə A.Aslanov bildirib.

“Aprel hadisələri zamanı erməni lobbisi Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırdı”

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev çıxışında bildirib ki, informasiya müharibəsinin məqsədi dünyanın mənzərəsini və təsir obyektinin məqsədlərini dəyişməkdir. Bu halda, kommunikasiya kanallarından istifadə edilməklə mənbə üçün zəruri ictimai rəy yaradan informasiya translyasiya edilir.

Rusiyalı deputat qeyd edib ki, tarixdə informasiya müharibələri aparılması nümunələri çoxdur. Bu nümunələri diqqətlə öyrənmək və onlardan dərs almaq lazımdır. Dmitri Savelyev deyib: “2016-cı ilin aprelində Qarabağ münaqişəsi kəskinləşən dövrdə buna bənzər vəziyyət yaranmışdı. O vaxt Ermənistan və Qarabağ separatçıları eynilə 2008-ci ildə Gürcüstanda separatçıların etdiyi kimi hərəkət edirdilər. Erməni lobbisi Qərb ölkələrinin isteblişmenti ilə fəal iş aparır, Ermənistanın xeyrinə təhrif olunmuş informasiya yayır və dövlət səviyyəsində bu cür fikir formalaşdırırdı”.

D.Savelyev vurğulayıb ki, o vaxt dünya KİV-ləri ilə fəal iş aparılırdı: “Qondarma “Qarabağ administrasiyası”nın nümayəndələri hər gün press-brifinqlər keçirir və jurnalistlərin suallarına cavab verirdi. Ermənistanın dövlət telekanalları peyklər vasitəsilə pulsuz efir vaxtı verirdi. Bundan əlavə, jurnalistlər mülki avtomobillərə minərək təmas xəttindən kənarda region boyunca sərbəst hərəkət edə bilirdilər. KİV işçiləri üçün hər səhər ön cəbhə xəttinə yaxın kəndlərə, o cümlədən Talış kəndi və Martuni (indki Xocavənd-F.H.) rayonuna səfərlər təşkil edilirdi”.

Rusiya Dövlət Dumasının deputatı qeyd edib ki, Azərbaycan da Qərb KİV-ləri ilə ciddi iş aparırdı. Bunun nəticəsində aparıcı beynəlxalq kütləvi informasiya vasitələrinin çoxunun redaksiya məqalələrində tədricən hadisələrə adekvat baxış üstünlük təşkil etməyə başladı. Vəziyyəti dəyişmək və dünya birliyinə obyektiv informasiyanı çatdırmaq üçün xeyli vaxt və qüvvə sərf etmək tələb olunurdu. Bu faktlar göstərir ki, “qaynar” münaqişələr informasiya hücumları ilə müşayiət olunanda kütləvi informasiya vasitələri ilə işin operativ təşkil edilməsi çox vacibdir”.

Dmitri Savelyev deyib ki, Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır. D.Saveyley bildirib ki, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların çatdırılması üçün Azərbaycan diasporunun media sahəsində intensiv fəaliyyətini artırması vacibdir.

“Ermənistanın problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir”

Rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko isə deyib ki, Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayanadək ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişaf olmayacaq. O qeyd edib ki, N.Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması vədlərini yerinə yetirə bilməyəcək.

Ekspertin sözlərinə görə, Ermənistanın problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir: "Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır. Paşinyanın vədlərinə baxmayaraq, ola bilər ki, Ermənistan getdikcə daha da çökəcək".

Qeyd edək ki, sessiyada Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, yerli və xarici KİV-lərin rəhbərləri, tədqiqatçılar, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ekspertlər iştirak edirlər. Sessiyanın işinə 21 ölkədən nümayəndə, 14 xarici media rəhbəri qatılıb.

Fuad Hüseynzadə

Palitra  2018.- 27 oktyabr.- S.11.