Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır

 

Rusiyalı ekspert: “Ermənistan hakimiyyəti öz qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirir”

 

Bu gün Ermənistan yalnız işğalçı kimi deyil, eyni zamanda daxilində hərc-mərcliklər, münaqişələr yaşayan bir dövlət olaraq tanınır. Hakimiyyətdə baş verən dəyişikliklər bu prosesləri nəinki dayandırıb, hətta yerli əhalinin narazılıqları getdikcə artır.

 

Hərbi xidmətdən imtina edən ermənistanlı gənc intihar edib

 

Bu günlərdə Ermənistanda baş verən intihar hadisəsi ictimaiyyət arasında böyük rezonans doğurub. İşğalçı orduda baş alıb gedən özbaşınalıq və qanunsuzluqlar səbəbindən xidmətdən imtina etmək üçün ermənistanlı gənclər hər yola əl atırlar. Ermənistan KİV-ləri xəbər verir ki, işğal altında olan Dağlıq Qarabağda yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxs isə çıxış yolunu intiharda görüb. Məlumatda bildirilir ki, 28 yaşlı Arman.T Artaşat magistralı yaxınlığında özünü ağacdan asaraq həyatına son qoyub. Xəbərdə özünü öldürən Armanın cibindən məktub tapıldığı və orada intihara təşəbbüsün hərbi xidmətə Qarabağa göndərilməsinin səbəb olduğunun yazıldığı da bildirilir. Ölüm faktı ilə bağlı araşdırmalar davam edir. İşğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində daha bir insident baş verib. Trendin erməni mətbuatına istinadən yaydığı məlumata görə, 15-ci bölükdə xidmət edən Tigran Avetisyan adlı hərbi qulluqçu kiçik komandirin qeyri-qanuni əmrini icra etməkdən imtina etdiyinə görə gecə saatlarında hərbçilər tərəfindən döyülüb. Təhqirlərə məruz qalaraq vəhşicəsinə döyülən hərbi qulluqçu T. Avetisyan aldığı xəsarətlər səbəbindən tibb məntəqəsinə yerləşdirilib. Hadisə ilə bağlı hərbi polisdə cinayət işi açılıb. Fakt ictimaiyyətdən gizlədilsə də, istintaq aparılır.

 

Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

 

Ermənistanda yaşayan əhalinin böyük əksəriyyəti İrəvanda keçiriləcək bələdiyyə seçkiləri ilə yanaşı, son günlər Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrlə də yaxından maraqlanır. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, Azərbaycan tərəfi cəbhədəki vəziyyəti daha da gərginləşdirmək üçün müntəzəm olaraq atəş açır. O, münaqişənin sülh yolu ilə həll olunmasından başqa, alternativ yolun olmadığını qeyd edib.

Analitik Ehtiram Aşırlı Ermənistanda gedən son prosesləri AZƏRTAC-a şərh edərkən deyib: “Göründüyü kimi, Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması erməni cəmiyyətində böyük narahatlığa səbəb olub. Beləliklə, erməni ictimaiyyətinin bütün diqqəti Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimlərə yönəlib.

Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları ilə hökumət nümayəndələrinin açıqlamaları ikitirəlik təşkil edir. Belə ki, Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirən Paşinyandan fərqli olaraq Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi daha yumşaq bəyanatlar verir. Görünür, Ermənistan Xarici İşlər Nazirliyi Paşinyanın qərəzli, sərt və ziyanlı açıqlamalarını ört-basdır etməyə, bacarmayanda isə qismən yumşaltmağa çalışır. Çünki Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistan hökumətində də narahatlığa və qorxuya səbəb olub”.

Ehtiram Aşırlı qeyd edib ki, Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıdırsa, ilk növbədə, T.Balayan bununla bağlı N.Paşinyana müraciət etməlidir ki, bəyanatlarında təhdid dolu fikirlər səsləndirməsin və danışıqlar masası arxasına keçsin. Yoxsa, bu cür gedişat Ermənistan hökumətində və cəmiyyətində növbəti bir xaosa səbəb ola bilər. Çünki erməni cəmiyyəti Paşinyanın Azərbaycana qarşı belə təhdid dolu bəyanatlar səsləndirməsinə görə narahatdır. Böyük ehtimal var ki, hökumət dairələri və ictimaiyyət Paşinyanı Azərbaycanla danışıqlar masası arxasına keçmədiyi üçün tənqid etməyə başlayacaq. Xüsusilə əsgər analarının narahatlığı və növbəti dəfə Aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı etirazların baş verməsinə səbəb ola bilər. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan Ordusunun qüdrətinə yaxından bələddir. Erməni ictimaiyyəti çox gözəl bilir ki, Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması bir növ Paşinyanın təhdid dolu bəyanatlarına cavabdır. Lakin növbəti belə təhdidlərə Azərbaycan Ordusu bu dəfə təlimlə deyil, birbaşa döyüş meydanında cavab verəcək. Bu da, öz növbəsində Paşinyanı təhdid dolu bəyanatlar əvəzinə, daha yumşaq bəyanatlar səsləndirməyə vadar edəcək.

 

Yevgeni Mixaylov: “Bu, Paşinyanın böyük səhvidir”

 

“Ermənistan hakimiyyəti öz qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirir.” Bunu “Trend”ə müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

Ekspert qeyd edib ki, Nikol Paşinyanın Dağlıq Qarabağın gələcəkdə Ermənistanın tərkibinə qatılacağı barədə Moskvadakı açıqlamaları populist və əsassız fikirlərdir və müasir siyasi reallığa əsaslanmır:

Bundan başqa, fikrimcə, bu cür bəyanatlar Moskvanın münaqişəni dinc yolla həll etmək səyləri fonunda təxribatçı görünür. N.Paşinyan Ermənistanın Azərbaycanla müharibəyə can atan qüvvələrinin xoşuna gəlməyə çalışır. Onun Rusiya ilə strateji ittifaqı davam etdirmək istədiyini nəzərə alsaq, bu, baş nazirin böyük səhvidir”.

Y.Mixaylov qeyd edib ki, Ermənistandakı siyasi dəyişikliklərdən, xüsusilə də indiki hakimiyyətin tamamilə qeyri-konstruktiv davranışından asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, ilk növbədə regionda sülhün və təhlükəsizliyin təminatçısı olmaq istəyən Rusiya üçün vacibdir:

“N.Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı vəziyyəti qavramasının adekvatlığı barədə suala cavab verməkdə çətinlik çəkirəm. Ermənistanın indiki hökuməti qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirməkdən başqa, heçetmir. Bəzən isə çoxəsrlik dostluğu rəhbər tutaraq Moskva ilə dialoqu yoluna qoymağa çalışır, amma, fikrimcə, Yerevan bu amillə oyun oynayır”.

 

Rumıniyanın “AGERPRES” agentliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyi barədə yazır

Yeri gəlmişkən qeyd edək ki, Rumıniyanın milli xəbər agentliyi “AGERPRES” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə Türkiyənin sadiq qalması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı ilə bağlı bəyanatı barədə yazır.

Agentliyin yaydığı məqalədə qeyd edilir ki, bu bəyanatı Türkiyə Prezidenti Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda səsləndirib.

Bildirilir ki, Türkiyə 1993-cü ildə Azərbaycanla həmrəy olaraq Ermənistanla sərhədini bağlayıb. Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır. Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasına əngəl olan iki məsələ vardır. Onlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ikincisi isə Ermənistanın “erməni soyqırımı” iddialarıdır.

 

Deputat rumıniyalı qonağa Dağlıq Qarabağ həqiqətlərindən danışıb

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Milli Məclisdə ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatası Xarici işlər komitəsinin sədri xanım Rozaliya İboyya ilə görüş keçirib. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsindən SİA-ya verilən məlumata görə, görüşdə ikitərəfli parlamentlərarası əlaqələrin inkişafından danışılıb, beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.

Aqiyə Naxçıvanlı qonağa komitənin fəaliyyəti və parlamentdə qəbul olunan ailə qanunvericiliyi haqqında məlumat verib, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız, Dağlıq Qarabağ problemi ilə əlaqədar onun ölkəsinin də Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalarda dəstəkləməsinə dəvət edib.

Xanım Rozaliya İboyya öz növbəsində səmimi qəbuldan razı qaldığını, eyni zamanda Azərbaycanda aparılan gender siyasətindən və bu sahədə qəbul olunan qanunlardan məmnun olduğunu bildirib. Qonaq öz nüfuzundan istifadə edərək, Azərbaycan maraqlarının təmin olmasında ölkəsinin fəal olacağını ifadə edib.

 

Nigar Abdullayeva

 

Palitra 2018.- 14 sentyabr.- S. 11.